Məhkəmə qərarları › İş №e-2-1(112)-2631/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2631/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2631/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********706000 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********706000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə İddiaçı QSC barəsində 2022-ci ilin mənfəət vergisi üzrə 103457,96 manat məbləğində hesablama aparılmışdır. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: “Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 517289,8 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.” Cavabdehin qeyd olunan məktubu müəssisə üçün anlaşılmaz olduğundan **********763200 nömrəli məktubla müraciət olunaraq riskli vergi ödəyicisi ilə bağlı məlumat təqdim olunması xahiş olunmuşdur. Həmin müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli **********703200 nömrəli məktuba siyahı əlavə olunmuş və 3 (üç) sayda vergi ödəyicisi ilə aparılan əməliyyatların riskli hesab olunduğu üçün xərclərin tam şəkildə nəzərə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı bildirilmişdir ki, iddiaçı tərəfindən 2022-ci ildə metal satışı ilə məşğul olan "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC ((VÖEN **********) və "xxxx" MMC ( VÖEN **********) ilə aparılan alqısatqı əməliyyatları tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında mallar qeyd olunan müəssisələrdən alınmış, satıcılar tərəfindən iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərclər bəyannamədən silinmişdir. Bununla bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki malların təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsləri riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab edilməsi isə tam qanunsuz haldır. Bir halı da xüsusilə qeyd edilmişdir ki, iddiaçının mal aldığı şəxslərin rəsmi alışında həmin malın görünməməsi əməliyyatın real olmadığı anlamına gəlmir. İddiaçının elə bir səlahiyyəti yoxdur ki, mal aldığı şəxslərin həqiqətən də həmin malı rəsmi aldığını müəyyən edə bilsin. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün operativ vergi nəzarəti və ya digər tədbirlə aparılan əməliyyatın mal (iş,xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Yalnız mal alınan şəxsin rəsmi mal alışının görünməməsinə istinad olunması əsassızdır. Həmçinin, xüsusilə diqqət olunmalı məqam bundan ibarətdir ki, əgər şəxsin real mal alışı yoxdursa, o zaman niyə vergi orqanı satışı qəbul edir? Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) da yoxdur. Məhz bu səbəbdən, Vergi Məcəlləsinin 109.9-cu maddəsində hətta əmtəəsiz əməliyyat aparılsa belə, gəlirdən çıxılmaların nəzərə alınması qeyd olunmuşdur. Lakin vergi orqanı əməliyyata əmtəəsiz kimi yanaşsa da həmin hala dair normanı belə düzgün tətbiq etməməklə xərcləri tam şəkildə nəzərə almamışdır. Əlavə olaraq bildirilmişdir ki, analoji mübahisələrə dəfələrlə məhkəmə müstəvisində baxılmış və kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1058/2023 saylı qərarları ilə riskli vergi ödəyicisi barədə qərarlar çıxarılandan əvvəlki dövrlərdə aparılan əməliyyatlara görə əvəzləşdirmələrin ləğv edilməsi, mənfəətdən xərclərin silinməsinin əsassız olması barədə mövqe formalaşmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 2022-ci il üçün mənfəət vergisi bəyənnaməsi üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 517289,8 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə uyğunsuzluq məktubu” mənfəət vergisi bəyənnaməsi üçün xx.xx.2023-cü il tarixli **********017900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 103457,96 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********706000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin iddiaçının **********763200 nömrəli müraciəti xx.xx.2023-cü il tarixli **********703200 nömrəli məktubla cavablandırılmış, siyahıya əlavə olunmuş vergi ödəyiciləri ilə aparılan əməliyyatların riskli hesab olunduğu üçün xərclərin tam şəkildə nəzərə alınmadığı bildirilmişdir. Bildirilmişdir ki, iddiaçı "xxxx" QSC "xxxx" MMC-dən (VÖEN **********)-xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində elektron-qaimə faktura əsasında 150914,4 manat, "ARON-B” MMC-dən (VÖEN **********) xx.xx.2022-xx.xx.2022ci il tarixlərində 173944 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2022xx.xx.2022-ci il tarixlərində 192431,4 manat dəyərində mal (iş, xidmət) almışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq iddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri olması barədə müvafiq qərarlar qəbul edilmişdir. Müvafiq qərarlarda riskli hesab edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında "Xəzər Polad” QSC-yə də mal (iş, xidmət) təqdim etmişdir. Bundan əlavə bildirilmişdir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir (qərar əlavə olunur). Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1- ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1.vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3.əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2- ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3- cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1- ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1- ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2- ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********706000 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən kameral yoxlama nəticəsində 103 475,96 manat əlavə vergi hesablanmışdır.

5. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

9. İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

11. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********706000 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən kameral yoxlama nəticəsində 103 475,96 manat vergi borcu olduğu qeyd edilmişdir.

13. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

14. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

15. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

17. İş materiallarından aydın olur ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli **********008000 nömrəli və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********028400 nömrəli, "ARON-B” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********019400 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı isə ondan əvvəl "xxxx" MMC ilə (VÖEN **********) xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli müqavilə, "xxxx" MMC ilə (VÖEN **********) xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli müqavilə, "ARON-B” MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı "xxxx" MMC, "ARON-B” MMC, "xxxx" MMC-dən metal qırıntısı əldə etmişdir.

18. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC, "ARON-B” MMC, "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

19. Məhkəmə eyni zamanda nəzərə alır ki, qeyd edilən əməliyyatlar üzrə əmtəələrin alışı iddiaçı vergi ödəyicisinin fəaliyyət istiqamətinə uyğun olmuş, iddiaçı "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) savayı, digər vergi ödəyicilərindən həmin dövrdə qeyd edilən əmtəələrin alışını həyata keçirmiş və buna dair məhkəməyə çoxsaylı elektron qaimələr ("xxxx" MTK, "xxxx" MMC, "xxxx" QSC, “X3” Qapalı Səhmdar Cəmiyyəti) təqdim edilmişdir.

20. Eyni zamanda iddiaçı tərəfindən həmin dövrə aid əmtəə dövriyyəsinə dair vergi orqan; tərəfindən tərtib edilən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə çoxsaylı aktlar təqdim edilmişdir, bu da ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair ehtimalları aradan qaldırır.

21. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

22. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

23. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

24. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********706000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar