Məhkəmə qərarları › İş №e-2-1(112)-2688/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2688/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2688/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsində işlədiyi illərin dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “ xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsində işlədiyi illərin dövlət qulluğu stajına daxil edilməklə ona dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cabadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1959-cu il təvəllüdlü İddiaçı əmək fəaliyyətinə xx.xx.1980-ci ildən başlamış, xx.xx.1989-cu ildən Bakı şəhər maliyyə şöbəsinin XTM şöbəsinə böyük iqtisadçı vəzifəsində (İ dərəcəli iqtisadçı), xx.xx.1990-cı ildən Bakı şəhər dövlət vergi müfəttişliyində xx.xx.1999-cu ildək vergi orqanlarında müxtəlif vəzifələrdə (böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi, İİİ dərəcəli böyük dövlət vergi xidməti müşaviri, rəis müavini, İİ dərəcəli böyük dövlət vergi xidməti müşaviri) dövlət qulluğunda işləmişdir. xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsində mütəxəssis vəfizəsində işləmişdir. Dövlət qulluqçusu kimi yaşa görə pensiyanın təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçının yalnız xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilədək işlədiyi dövrü nəzərə alaraq dövlət qulluqçusu kimi stajın çatmadığı əsası ilə pensiyanın təyin olunmasından imtina etmişdir. Hesab olunur ki, imtina qanunsuzdur. Belə ki, Bakı şəhər Ticarət və Xidmət Departamenti (əvvəlki Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamenti) Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 271 saylı sərəncamı ilə (Bakı şəhər Ticarət və İctimai İaşə İdarəsinin hüquqi varisi kimi) yaradılmışdır. Bakı Ticarət və Xidmət Departamenti və onun strukturuna daxil olan və ləğv edilmiş Mərkəz, Xidmət və Ekspertiza, Şimal, Şərq, Qərb və Cənub ərazi idarələri həmin tarixdən (xx.xx.1998-ci ildən) dövlət orqanı statusuna malikdirlər. Cavabdeh qeyd edilənləri yoxlamadan qanunsuz olaraq iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək iş illərini dövlət qulluğu stajına daxil etməməklə dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və dövlət qulluğu stajı qanunvericiliklə tələb edilən 15 ildən az olduğundan ona sabiq dövlət qulluqçusu kimi əmək pensiya təyinatı mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az - 9 il 6 ay 27 gün (xx.xx.1989 - xx.xx.1999-cu il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası X1 25 oktyabr 2024-cü il tarixli 9-3/2- 3347/2024 nömrəli məktbunda da qeyd edilmişdir ki, dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları" ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2010-cu il tarixli 24 nömrəli Qərarı ilə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adı sözügedən siyahıya əlavə edilərək həmin tarixdən dövlət orqanı kimi təsbit edilmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2004-xx.xx.2010-cu illər tarixi aralığında Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamenti dövlət orqanı statusuna malik olmamışdır və həmin dövrdə vətəndaşın çalışdığı mütəxəssis vəzifəsi dövlət qulluqçusu vəzifəsi hesab edilmir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3- 17-1/2-M-191268/2024 saylı məktubundan görünür ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçıxx.xx.1980xx.xx.1980-ci il tarixlərdə çilingər, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə çilingər, xx.xx.1981xx.xx.1981-ci il tarixlərdə şüşəci, xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə fəhlə, xx.xx.1988xx.xx.1989-cu il tarixlərdə Abşeron Rayonlararası tex istehsalat sahəsində böyük mühasib, xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə aparıcı mühasib işləmiş, xx.xx.1989-cu il tarixdə Bakı şəhər maliyyə şöbəsinin XTM Şöbəsinə böyük iqtisadçı qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsinə mütəxəssis vəzifəsinə qəbul edilmiş və xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad edilmiş, xx.xx.2010-cu il tarixdə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv qəbul edilmiş və xx.xx.2015-ci il tarixdə onun səlahiyyətlərinə xitam verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Bakı Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2010-cu il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. -Azərbaycan Respublikası X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli, 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2010-cu il tarixli 24 nömrəli Qərarı ilə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adı sözügedən siyahıya əlavə edilərək həmin tarixdən dövlət orqanı kimi təsbit edilmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2004 – xx.xx.2010 tarix aralığında Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamenti dövlət orqanı statusuna malik olmamışdır və həmin dövrdə vətəndaşın çalışdığı mütəxəssis vəzifəsi dövlət qulluqçusu vəzifəsi hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları, 2-ci bəndində 1991-ci il oktyabrın 18dən dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları qeyd olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsində işlədiyi illərin dövlət qulluğu stajına daxil edilməklə ona dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsinə yönəlmuşdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya dövlət qulluğu stajı kimi 9 il 06 ay 27 gün, yəni xx.xx.1989xx.xx.1999-cu illərdəki əmək fəaliyyəti dövrünü hesablamışdır. Cavabdehin imtina dəlili belədir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2010cu il tarixədək işlədiyi Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsi dövlət orqanı olmadığından, onun həmin müəssisədə işlədiyi mütəxəssis vəzifəsi dövlət qulluğu stajına daxil edilə bilməz. Məhkəmə, cavabdehin əsasları ilə razılaşır və hesab edir ki, cavabdeh düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan dövlət qulluğu haqqında qanunveriliyin tələblərindən göründüyü kimi, şəxsin dövlət qulluqçusu hesab olunması üçün o: -Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; -Dövlət orqanında – yəni, Konstitusiya və qanunlarla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən, dövlətin funksiyalarını həyata keçirən, dövlət büdcəsindən maliyyələşən və qanunvericiliyə uyğun struktur quruluşuna malik olan təsisatda – işləməli; -İnzibati və ya yardımçı vəzifə tutmalı, -Dövlət orqanından rəsmi məvacib almalı, -İnzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən and içmiş olmalı, -Vəzifəyə uyğun ixtisas dərəcəsinə malik olmalıdır. Məhkəmə qeyd edir ki, “dövlət orqanından məvacib alan” şəxs dedikdə, bilavasitə dövlət orqanında çalışan və oradan məvacib alan şəxs başa düşülür. Qeyd olunmalıdır ki, Dövlət orqanlarının və onların struktur bölmələrinin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli, 277 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əldə olunan sənədlərdən və X2 tərəfindən məhkəmə icraatına təqdim olunmuş cavab məktublarından aydın olur ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Xidmət və Ekspertiza İdarəsi yalnız 01 fevral 2010-cu il tarixli, Nazirlər Kabinetinin 24 nömrəli Qərarı ilə dövlət orqanı kimi tanınmışdır. Bu tarixədək həmin struktur inzibati baxımdan dövlət orqanı statusuna malik olmamışdır (maliyyələşmə mənbəyi, struktur, vəzifələrin hüquqi mahiyyəti və s.). Belə olan halda, iddiaçının 2004–2010-cu illərdə işlədiyi bu idarədə aldığı əməkhaqqı dövlət orqanından hesab edilə bilməz və nəticə etibarilə, həmin müddətdə tutduğu vəzifə dövlət qulluğu vəzifəsi sayılmır. Digər tərəfdən nəzərə alınmalıdır ki, X2 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu nümayiş etdirilmiş mövqe baxımından hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X2 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin Nizamnaməsi). Həmin qurum tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, o, iddiaçının xx.xx.2004 – xx.xx.2010 tarix aralığında Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamenti dövlət orqanı statusuna malik olmamışdır və həmin dövrdə vətəndaşın çalışdığı mütəxəssis vəzifəsi dövlət qulluqçusu vəzifəsi hesab edilmədiyini bildirmişdir ki, məhkəmə hazırki iddianı təmin etməməsində, X1 müvafiq mövqeyini nəzərə alır. Məhkəmə, iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatında cavabdeh tərəfindən bərarərlik hüququnun pozulması ilə bağlı dəlili ilə də razılaşmayaraq qeyd edir ki, dorğudur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə analoji əsaslara istinad edən digər şəxsin Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentindəki əmək fəaliyyəti dövrü onun dövlət qulluğu stajına daxil edilmişdir. Qeyd olunan məhkəmə qərarı mübahisələndirilməmiş və cavabdeh tərəfindən pensiya təyinatı məhz məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilmişdir. Belə olan halda hesab edilir ki, qanunvericiliyə görə məhkəmə qərarından şikayət verilməsi tərəfin hüququ, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburi xarakter daşımaqla vəzifəsi kimi nəzərdə tutulduğundan, bundan sonra cavabdeh tərəfindən inzibati icraat qaydasında eyni mühüm faktiki hallara əsaslanan, yəni xx.xx.2010-cu il tarixədək həmin İdarədə işləyən hər hansı şəxsin stajının dövlət qulluğuna daxil edilməsi ilə bağlı heç bir sübut təqdim olunmadığından (o cümlədən məhkəmə araşdırması ilə də əldə olunmadığından), cavabdeh inzibati orqan tərəfindən bu məsələdə müstəqil inzibati praktikanın yaradılması və praktikasında hamıya münasibətdə bərabər yanaşmanı və davamlı münasibəti təmin edəcək qaydada davranış nümayiş etdirilməsi müəyyən edilməməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı bərabərlik və inzibati orqanların praktikasına etimadın qorunması prinsipinə istinad edə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konteksdə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X1 məktubu əsasında mümkündür (oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və digər aidiyyəti qərarlarında da ifadə edilmişdir). Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2389/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə 27 iyul 2009-cu il tarixdən əvvəl, yəni, 19 sentyabr 2008-ci il tarixdə xitam verildiyindən, hazırda həmin Departamentdə əmək fəaliyyətini davam etdirmədiyindən, onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin ona münasibətdə tətbiq edilməsi tələbi əsassızdır. İddiaçının işlədiyi dövrdə onun işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamenti dövlət orqanları siyahısına aid olmadığından, onunla əmək münasibətlərinə xitam verildikdən sonra həmin Departament dövlət orqanlarının siyahısına əlavə edildiyindən, onun iş stajı dövlət orqanlarında inzibati vəzifələrdə qulluq stajına hesablana bilməz.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi şəxsin işlədiyi dövrdə olan İdarənin dövlət orqanları siyahısına aid olmadığına istinad etməklə, həmin dövrü dövlət qulluğu stajına daxil etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar