Məhkəmə qərarları › İş №e-2-1(112)-2689/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2689/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2689/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ( adi cəlbetmə qaydasında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 156 saylı,1000 kv.metr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpağa dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-3125/2023 saylı Qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunşu rayonu, Maştağa qəsəbəsində yerləşən 156 saylı 1000 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə e-2-1(118)-3125/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “156” saylı torpaq sahəsi iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra hakimiyyətinin başçısının 24 aprel 2000-ci il tarixli 418 saylı sərəncamına əsasən Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 102 saylı xx.xx.2000-ci il tarixli təqdimatını nəzərə alaraq, Bakı şəhər XDS İK-nin 8/446 saylı xx.xx.1991-ci il tarixli qərarını rəhbər tutaraq iddiaçıya Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarında 156 saylı 1000.0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İddiaçı o vaxtdan orada fərdi yaşayış evi tikdirib yaşayır. Lakin sonradan aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyətinin idərəçiliyində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən olunmuşdur. İddiaçı qeyd edir ki, sərəncamdan da göründüyü kimi həmin torpaq sahəsi ona ayrılan zaman fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Həmçinin iddiaçıya məxsus evin ətrafında da yaşayış evləri var və demək olar ki, bütün evlərin torpağa və evə dair çıxarışı var. İddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı AR İN yanında ƏMDXDƏDK və reyestri 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, xx.xx.2023-cü il tarixli 321332/23163/2023 saylı bildiriş ilə həmin məsələnin icrasından imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

4. İddiaçının nümayəndəsinin (vəkilinin) müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron ərazi idarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir.

5. İddiaçının nümayəndəsinin (vəkilinin) müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Abşeron rayonu, Mastaqa qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə baqlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 4 saylı Abşeron Ərazi İdarəsinə 01 mart 2022- ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Maştaqa qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin verdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 4 saylı Abşeron Ərazi İdarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı şəhər XDS İK-nin 8/446 saylı xx.xx.1991-ci il tarixli Qərarına əsasən “Bakı şəhəri Lenin rayonunun Maştağı kəndinin sosial-iqtisadi inkişafı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 7 may tarixli 123 nömrəli qərarını yerinə yetirmək üçün Fərdi yaşayış evləri və kommunal xidmətlər üzrə Lenin rayon Soveti İcraiyyə Komitəsinə Maştağı qəsəbəsinin ərazisində və qəsəbəsinin ərazisinə bitişik südçülük sovxozunun ərazisindən torpaq sahəsinin ayrılması qərara alınmışdır.

8. Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 418 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 102 saylı xx.xx.2000-ci il tarixli təqdimatını nəzərə alaraq, Bakı şəhər XDS İK-nin 8/446 saylı xx.xx.1991-ci il tarixli qərarını rəhbər tutaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/2 saylı evin 22 saylı mənzilində yaşayan vətəndaş İddiaçı Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində sağ kənarda yerləşən 156 saylı 1000,0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır.

9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 418 nömrəli Sərəncamı əsasında İddiaçı adına Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 156 saylı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir (A №009194).

10. Sabunçu rayonu Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində sağ kənarda yerləşən 156 saylı torpaq sahəsinin Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş eskiz sxemi iş materiallarına əlavə olunmuşdur.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla, Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisinin hüdudları daxilində yerləşir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2021-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Maştağa sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (sabunçu rayonu) aid edilmişdir.

13. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0.1 ha, faktiki ölçüsü isə 0.105 ha təşkil edir. Torpaq sahəsi ilə yol ilə sərhəddir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir.

14. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

II. İddianın növü və mümkünlüyü

16. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər -hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

20. Cavabdeh publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

26. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər XDS İK-nin 8/446 saylı xx.xx.1991-ci il tarixli Qərarına əsasən “Bakı şəhəri Lenin rayonunun Maştağı kəndinin sosial-iqtisadi inkişafı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 7 may tarixli 123 nömrəli qərarını yerinə yetirmək üçün Fərdi yaşayış evləri və kommunal xidmətlər üzrə Lenin rayon Soveti İcraiyyə Komitəsinə Maştağı qəsəbəsinin ərazisində və qəsəbəsinin ərazisinə bitişik südçülük sovxozunun ərazisindən torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 418 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 102 saylı xx.xx.2000-ci il tarixli təqdimatını nəzərə alaraq, Bakı şəhər XDS İK-nin 8/446 saylı xx.xx.1991-ci il tarixli qərarını rəhbər tutaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/2 saylı evin 22 saylı mənzilində yaşayan vətəndaş İddiaçı Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində sağ kənarda 156 saylı 1000,0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 418 nömrəli Sərəncamı əsasında İddiaçı adına Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan 156 saylı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir (A №009194). - Sabunçu rayonu Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində sağ kənarda yerləşən 156 saylı torpaq sahəsinin Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş eskiz sxemi iş materiallarına əlavə olunmuşdur.

28. Məhkəmə nəzərə alır ki, İcra Hakimiyyətinin sərəncamı ilə 1000 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Sabunçu rayonu Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində sağ kənarda yerləşən 1000 kv.m torpaq sahəsinin cizgisi (eskiz-sxemi) Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Qeyd edilən sənədlər əsasında torpaq sahəsinin koordinatları müəyyənləşdirilərək vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin kadastr planı” tərtib edilmişdir. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.

29. Odur ki, məhkəmə hesab edir ki, Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 418 nömrəli Sərəncamı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X3 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

30. Cavabdeh imtinanın əsası olaraq qeyd etmişdir ki, torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi müəyyən olunmuşdur.

31. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh qurum qeyd edilən dəlillərinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etmiş, torpaq sahəsinin örüş torpağı olmasını qeyd etməklə kifayətlənmişdir.

32. Torpaq Məcəlləsindən: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür... ...3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. 24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 16-cı maddənin mətni yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. ...3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

33. Beləliklə, 24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə örüş torpaqlarının ancaq icarə əsasında ayrılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin tarixə qədər qeyd edilən norma ancaq bələdiyyə mülkiyyətində olan torpaqlara aid hesab edilirdi. Qeyd edilən torpaq sahəsi isə bələdiyyə torpağı deyil, yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsidir.

34. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən digər torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və müvafiq çıxarışda torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur (müvafiq sənədlərin surətinə məhkəmə iclasında baxış keçirilmişdir). Odur ki, İddiaçı ayrılmış 516 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.

35. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. X3 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

38. X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

40. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

45. Q Ə R A R A A L D İ : İddia təmin edilsin. Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 418 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində sağ kənarda fərdi evin tikintisi üçün ayrılmış və hazırda faktiki istifadəsində olan 1000,0 kv.metr torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar