Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2694/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Hüseyqulu qızının cavabdeh Təhsildə X1rşı “kvalifikasiyanın tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Hüseyqulu qızı cavabdeh Təhsildə X1rşı “kvalifikasiyanın tanınması” ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Açıq Beynəlxalq Universitetində əczaçılıq ixtisası üzrə təhsil almışdır. İddiaçı aldığı təhsil üzrə ali kvalifikasiyasının tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, onun aldığı ixtisas tanınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, aparılan icraat zamanı iddiaçının əczaçılıq ixtisası üzrə bir sıra əsas ixtisas fənlərinin (Əczaçılıq toksikologiyası, Əczaçılıq kimyası, Əczaçılqı texnologiyası, Farmakoqnoziya) tədrisinin təşkilində praktik laboratoriya məşğələlərinin təşkili və nəzəri biliklərlə yanaşı sahə üzrə təcrübəvi biliklərin tədrisi, mənimsənilməsi üçün qiyabi təhsilalma formasında mövcud olan sessiya müddətlərinin həcminin kifayət olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mövqeyinə uyğun olaraq Azərbaycan Tibb Universitetində “Əczaçılıq” ixtisasının qiyabi təhsilalma formasında tədrisi mövcud deyildir. İddiaçının müraciəti zamanı inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) əsasən aparılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: B22 №195464 nömrəli diplomdan görünür ki, iddiaçı X2 Açıq Beynəlxalq Universitetində bakalavriat səviyyəsi üzrə “Əczaçılıq” ixtisasını bitirmişdir. Diploma əlavədən görünür ki, iddiaçının aldığı təhsilin təhsil forması qiyabi təhsil, təhsil müddəti isə xx.xx.2016-xx.xx.2021 illəri əhatə etmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, tanınma üzrə icraat zamanı ərizəçinin xarici dövlətdə bakalavriat səviyyəsi üzrə Əczaçılıq ali təhsil ixtisasını qiyabi təhsilalma formasında əldə etdiyi müəyyən edilmişdir. Əczaçılıq kafedrasının müdiri tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Əczaçılıq ixtisası üzrə xarici ölkələrdə həyata keçirilən qiyabi təhsilalma formasının tanınması məqsədəuyğun deyildir. Tədris ili ərzində 2 aylıq tədris, 10 aylıq tədrisə uyğun ola bilməz. Buna görə də kvalifıkasiyanın tanınması məqsəduyğun deyildir. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, “Tədris ili ərzində 2 dəfə maximum 1 ay müddətində tədris sessiyası müddətində Azərbaycan Respublikası Dövlət standartında, xüsusilə əczaçılıq üzrə ixtisas fənlərinə ayrılan kreditlərin yerinə yetirilməsi, demək olar ki, mümkün deyildir. Hətta bəzi universitetlərdə (Ukrayna Milli Əczaçılıq universiteti) beşillik təhsilin yekununda əcnəbi vətəndaşlara əczaçı magistr diplomu verilir ki, bu da bizim təhsil standartımıza tamamilə uyğun gəlmir. Bu cür kvalifıkasiyalann Ölkə ərazisində tanınması qeyri- sağlam rəqabətin yaranmasına səbəb olacaqdır.” Əczaçılıq toksikologiya və kimya kafedrasının müdiri tərəfindən verilmiş rəydən görünür ki, xarici ölkələrdə Əczaçılıq ixtisası üzrə həyata keçirilən qiyabi təhsilalma formasının tanınması məqsədəuyğun deyil. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: (ləğv olunmuş) 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: -3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir Bakalavriatı bitirən məzunlara “bakalavr”, əsas (baza ali) tibb təhsilini bitirən məzunlara isə “həkim” ali peşə-ixtisas dərəcəsi verilir Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. -2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Hazırda qüvvədə olan Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları) müddəalarında tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən edilmiş, bu tələblərdən biri də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) ilə bağlıdır. Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları istisna olmaqla digər ixtisaslar üzrə kvalifikasiyanın tanınması üçün təhsil formasından asılı olaraq tələbənin təhsil normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkədə olması şərti tanınma üçün əsasdır. Mövcud iş materiallarından da göründüyü kimi, iddiaçı xarici dövlətdə əczaçılıq ixtisası üzrə əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasında tanınmasını tələb edir. Lakin qüvvədə olan normativ hüquqi aktların tələblərinə əsasən, tibb təhsili üzrə yalnız əyani təhsil formasına yol verilir. Qeyd edilməlidir ki, qiyabi təhsil formasında tədris prosesi müəyyən edilmiş qaydalara əsasən təşkil edilir və tələbələrin hər tədris ili üzrə auditoriya dərslərinin həcmi normativ sənədlərlə müəyyən olunur. Bu kontekstdə tələbələr müvafiq tədris planına uyğun olaraq semestr ərzində müəyyən olunmuş müddətdə dərslərdə iştirak edirlər. Lakin əyani təhsil forması ilə müqayisədə qiyabi təhsil formasında bilik və bacarıqların mənimsənilməsinə ayrılan müddət məhduddur. Azərbaycan Respublikasının təhsil sistemi çərçivəsində tibb və səhiyyə ixtisasları üzrə qiyabi təhsil formasının mövcud olmaması, bu sahələrin spesifik xarakteri və insan sağlamlığına birbaşa təsir göstərməsi ilə izah olunur. Məhz bu xüsusiyyətlər nəzərə alınaraq, adıçəkilən ixtisaslar üzrə tələbələrin genişhəcmli tədris yükünü qiyabi formada mənimsəməsi qeyri-mümkün hesab edilir. İş materiallarında mövcud olan Əczaçılıq kafedrasının müdiri və Əczaçılıq toksikologiya və kimya kafedrasının müdiri tərəfindən verilmiş rəsmi rəylər də bu mövqeyi təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, bakalavriat səviyyəsində tibb ixtisasının tədrisi yalnız əyani təhsil formasında nəzərdə tutulduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 4.1.4-cü maddəsinə əsasən, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması məqsədəuyğun deyildir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən, əgər xarici dövlətlərdə verilən təhsil müvafiq ixtisas üzrə qiyabi və ya əyani-qiyabi formada həyata keçirilmiş, lakin Azərbaycan Respublikasında həmin ixtisas üzrə belə təhsil formasına icazə verilmişdirsə, bu hal kvalifikasiyanın tanınmaması üçün əsaslardan biri hesab edilir. Göstərilən hüquqi və normativ aktlar kontekstində iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan və hazırda tətbiq edilən qanunvericilik tələbləri tibb sahəsində qiyabi təhsil formasını qəbul etmədiyindən, onun əldə etdiyi kvalifikasiyanın tanınmasına hüquqi əsas yoxdur. Odur ki, iddiaçının kvalifikasiyanın tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının kvalifikasiyadan tanınması ilə bağlı imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2694/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2694/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver