Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2696/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Piriyeva Rəna ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qaraj İddiaçı (bunda sonra – iddiaçı) bağışlanmışdır. Bu barədə iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reseystri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli, İnventar nömrəsi 11/2417 olan Texniki Pasport tərtib edilərək verilmişdir Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti (bundan sonra – cavabdeh) tərəfindən ünvan 2 ünvanında yerləşən qaraj sökülmüşdür. İddiaçı həmin qarajın sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 79 saylı sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı Sərəncamı əsasında qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin mövcud bazar qiyməti ilə dəyərlərini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün Xətai Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə təkrar olaraq cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus, ünvan 1ndə yerləşmiş qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və həmin sahənin özgəninkiləşdirilməsinə görə, 20,4 kv.m. qaraj və onun yerləşdiyi 20,4 kv.m. torpaq sahəsi üçün ədalətli kompensasiya məbləğinin 122400 manat müəyyən edilməklə, həmin məbləğin, eləcə də 605 manat maddi ziyanın və 10200 manat mənəvi zərərin cavabdeh Xətai rayon İcra Hakimiyyətindən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respubıikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş (inventar nömrəsi 11\2417) Texniki Pasportuna əsasən - ünvan 1ndə, 20,4 kv.m. torpaq sahəsində yerləşən qaraj iddiaçıya məxsusdur. Deməli, yuxarıda göstərilən 20,4 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən 20,4 kv.m. qaraj üzərində mülkiyyətçinin hüququ toxunulmaz olmaqla yanaşı, onun bu hüququ dövlət tərəfindən müdafiə olunur, eləcə də qanunla qorunur və mülkiyyətçi subyekt olaraq mülkiyyətində olan qarajdan və həmin qarajın içərisində olan əmlaklardan öz istəklərinə uyğun sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdir. Ona xəbərdarlıq edilmədən və eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən cavabdeh tərəfindən həmin Qaraj xx.xx.2024-cü il tarixdə saat 12-13 radələrində sökülmüş və qarajın içərisində olan mülkiyyətçiyə məxsus əmlaklar mənimsənilməklə yox edilmişdir. Səbəb olaraq, həmin ərazinin Dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi qeyd olunmuşdur. Qarajın açıq-aşkar amansızlıqla, qərəzli surətdə və vəhşicəsinə sökülməsi, eləcə də yanğın hadisəsinin baş verməsi və qarajın içərisində olan əmlakların mövcudluğu faktları çəkilmiş video görüntüyə və foto şəkillərə baxmaqla, tam sübut olunur. Əlbəttə ki, mülkiyyətçiyə xəbərdarlıq edilmədən, eləcə də qabaqcadan qarajın və onuni çərisində olan əmlakların dəyərinin ədalətli ödənişi həyata keçirilmədən söküntü işlərinin aparılması hərəkətləri, mülkiyyətçiyə həm maddi, həm də mənəvi zərərin vurulmasını müəyyən edir. Belə ki, cavabdehin bu cür hərəkətləri - həm daxili qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarnda müəyyən edilmiş tələblərə görə açıq-aşkar əsassızdır. Eyni zamanda, İcra Hakimiyyətinin bu cür mövqeyi - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun və İnsan Hüquqarı üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə qəbul edilən deyil. Açıq-aşkardır ki, İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilmədən və öncədən onun dəyərinin (eləcə də hal-hazıradək) ödənilməməsi hərəkətləri, maddi hüququn imperativ normasının tələblərinə zidd olmaqla yanaşı, həmin tələblərin bilə-bilə və kobud surətdə pozulmasını sübut edir. Hesab edirlər ki, 20,4 kv.m. qarajın bazar qiyməti 102 000 (20,4x50000) manat, həmin məbləğə 20 faiz miqdarında əlavə də nəzərə alınmaqla ümumilikdə 12240 (102000x20%+102000) manat kompensasiyanın və qarajın içərisindəki əmlakların mənimsənilməklə yox edilməsinə görə 605 manat maddi ziyanın hesablanması və cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi tam ədalətli olar. Qarajın içərisində olan əmlaklar: təqribi qiyməti 250 manat Dəmir dirəklərdən hazırlanmış şkaf rəfləri; 1 ədədinin təqribi qiyməti 70 manat olan, 2 kisə sementin ümumilikdə dəyəri 140 manat; 1 ədədinin təqribi qiyməti 1 manat olan, 60 ədəd 3 litrlik şüşə balonun ümumilikdə dəyəri 60 manat; 1 ədədinin təqribi qiyməti 15 manat olan, 3 ədəd 20 letrlik şüşə balonun ümumilikdə dəyəri 45 manat və təqribi qiyməti 40 manat olan 1 ədəd futbol topu; toplam - 605 manat. Eyni zamanda, İcra Hakimiyyətinin açıq-aşkar qanunsuz və qərəzli hərəkətlərinə görə, mülkiyyətçiyə həm də mənəvi zərər vurulmuşdur ki, həmin mənəvi zərərin 10 200 (102000x10%) manat dəyərində müəyyən edilməsinin qəbul edilməsini və cavabdeh tərəfindən ödənilməsini xahiş edirik. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, səhhətində yaranmış xəstəliyin müalicəsi ilə əlaqədər məhkəmə iclasına iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə hər-hansı məlumat daxil olmamışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı ilə Piriyeva Rəna arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qaraj iddiaçıya bağışlanmışdır. Bu barədə iddiaçıya texniki pasport tərtib edilərək verilmişdir. Cavabdeh tərəfindən aparılmış abadlıq işləri çərçivəsində həmin qaraj sökülmüşdür. İddiaçı hazırkı tələbində həmin qarajıən söküıməsinə görə, cavabdehdən kompensasiya, eyni zamanda maddi və mənəvi ziyan tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, sökülən qarajın sökülənə kimi iddiaçının sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh abadlıq işləri çərçivəsində həmin qarajın söküldüyünü bildirir. Lakin iddiaya qarşı hər hansı etiraz və ya münasibət məktubu təqdim etməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 № li Fərmanı: Bənd 4.10. həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Göründüyü kimi, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Digər hallarda isə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh ümumiyyətlə, hər hansı tikilinin sökülməsində səlahiyyətli qurum deyildir. Mülki Məcəllənin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan əmlakdan məhrum olmuşdur. Ona görə də, həmin qarajın sökülməsinə görə, kompensasiya iddiaçıya ödənilməlidir. Lakin iddiaçının tələbi qismən əsaslıdır. İddia tələbindən göründüyü kimi iddiaçı; 1) 20,4 kv.m. qaraj və qarajın yerləşdiyi 20,4 kv.m. torpaq sahəsi üçün 122400 manat; 2) Qarajın içərisinə olan daşınar əşyalara görə 605 manat maddi ziyanın; 3) 10200 manat mənəvi zərərin ödənilməsi. Məhkəmə tələin 1-ci və 2-ci hissəsi ilə bağlı qeyd edir ki, iş üzrə iddiaçıya məxsus olmuş qarajın və işərisində olan əmlakların dəyərinin müəyyən edilməsi üçün Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli 9/91xx-xx/8872 №-li rəyində qeyd edilmişdir ki, ünvan 1ndə yerləşən ümumi sahəsi 16,8 m2 olan qarajın 2024-cü ilin may ayına olan orta bazar dəyəri təxminən 29232.00 (16.8 m2 x 1740.0 man) manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən 02 adda malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 manat müəyyən edilir. Digər 03 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, çəkisi, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, analoji əmlaklarla bağlı müqayisəli təhqiqat aparılaraq rəy verilmişdir. İddiaçı tərəf həmin məbləğin az olması, əslində qarajın qiymətinin daha yüksək olmasını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, bu barədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə isə, aparılmış ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı iddia tələbində qarajın sahəsini 20.4 kv.m göstərsə də, qaraja dair tərtib edilmiş texnikin pasportda, həmçinin qarajın iddiaçının mülkiyyətində keçməsinə dair notariqal qaydada bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsində qarajın sahəsi 16.8 kv.m göstərilmişdir. İddiaçı həmçinin torpaq sahəsinə münasibətdə də, kompensasiya tələb edir. Lakin qarajın yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindəd deyil. Belə ki, sökülən qaraja dair arxiv qovluğu sorğu edilmiş və Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin arxiv qovluğunda qarajın yerləşdiyi torpaq sahəsinin nə iddiaçıya, nədəki qarajın əvəvlki mülkiyyətçilərinə verilməsinə dairhər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Qaraja hüququn qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd Nərimanov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsidir. Həmin qətnamədən müəyyən edilir ki, qarajın yerləşdiyi binanın 3 saylı mənzilinin mülkiyyətçisi X1 binanın həyətində öz vəsaiti hesabına qaraj inşa etmiş və həmin qaraj sahiblik etmişdir. Qətnamə əsasənda tikilən qaraja Ə.Piriyevin hüquqları tanınmış və qaraj dair texniki pasport tərtib edilmişdir. Ona görə də, qarajın yerləşdyi torpaq sahəsinə dair hissədə iddiaçının tələbi əsasızdır. Məhkəmə ekspert rəyinə uyğun olaraq qaraja görə 29232 manat və qarajda mövcud olmuş əmlaklara görə isə 120 manat hissədə iddia tələbinin 1-ci və 2-ci hissələrini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 3-cü hissəsi yəni mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 № li Qərarında qeyd edilmişdir ki, “...zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər”. Məhkəmə qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və izdirab keçirməsi, əzab çəkməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının sökülən qaraja görə, qarajının dəyərinin əvəzini kompensasiya kimi alması onun məruz qaldığı mənəvi zərəri də kompensasiya edir. Ona görə də, iddia tələbi mənəvi zərərin tutulması hissədə də rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxararaq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Baxılan işdə iddiaçının zərərə məruz qalması, mülkiyyətində olan qarajın sökülməsi, eyni zamanda bu qarajın cavabdehin qanunsuz hərəkətləri nəticəsində sökülməsi və zərərlə, cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olması sübuta yetirilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək ekspert rəyində göstərilən məbləğdə, yəni 29232.00 (iyirmi doqquz min iki yüz otuz iki manat 00 qəpik) manat kompensasiya və 120 manat maddi ziyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən sökülmüş qarajın əvəzinə İddiaçı 29232.00 (iyirmi doqquz min iki yüz otuz iki manat 00 qəpik) manat kompensasiya və 120 (bir yüz iyirmi) manat maddi ziyanın ödənilməsi öhdəliyi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov