Məhkəmə qərarları › İş №e-2-1(112)-2700/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2700/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2700/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, 331 saylı sərəncamına əsasən ona verilmiş Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq çıxarış, eləcə də plan və ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, 331 saylı Sərəncamına əsasən X1 razılığı nəzərə alınaraq, RİHB-nın 1474 A saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi üçün X5 ayrılmış Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Sözügedən sərəncamla birlikdə iddiçıya müvafiq torpaq sahəsinin cizgisi də verilmişdir. Göstərilən vaxtdan da həmin torpaq sahəsi iddiaçının və ailəsinin sahiblik və istifadəsindədir. Tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, 331 saylı Sərəncamına əsasən ona verilmiş Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq çxarış və texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətimə cavab verilməməsi, bununla da müraciətinin təmin edilməməsi təmamilə əsassızdır və bu onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021- ci il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Təqdim edilən Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 331 nömrəli sərəncamında istinad olunan xx.xx.1995-ci il tarixli, 1474A saylı sərəncam əsasında X1 adına torpağın mülkiyyətə verilməsinə dair JN-1137D nömrəli şəhadətnamə verilmişdir. Həmçinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilən sərəncamda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, iki torpaq sahəsi ümumi hasar daxilində olmaqla, ara sərhədləri yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Oktay oğlu iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, İş № 2-1(112)-14501/2023 saylı sorğunuza əsasən Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 1474a saylı və xx.xx.1997-ci il tarixli, 331 saylı sərəncamlarının təsdiq edilmiş ksero surətləri 2 (iki) vərəqdən ibarət Sizə göndərilir. Sərəncamlara cizgi sənədi əlavə edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1474 ”a” saylı sərəncamına əsasən Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərd ev tikmək üçün X2, X3, X9, X6, X10, X4, X5 torpaq sahəsi ayrılması qərara alınmışdır. -Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 331 nömrəli sərəncamında qeyd edilmişdir ki, RİHB-nin 1474 “a” saylı 18 may 1995ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün X5 ayrılmış torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Səbail RİH Badamdar qəsəbə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 1004 nömrəsi ilə təsdiq edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 331 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi RİHB-nın təsərrüfat şöbəsinin müdiri, RİHB-nın memarı, Badamdar qəsəbə nümayəndəsinin imzaları və nümayəndəliyə aid möhür və icra hakimiyyətinə aid möhürlə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “20”avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, iddiaçı (nümayəndəsi) tərəfindən göstərilən faktiki torpaq sahəsi daş hasarla və tikilinin çöl divarı ilə sərhədlənib, daş hasarla daxildən bölünüb. Qonşu sahələr yol və dalan ilə əhatə olunub. Torpaq sahəsi iki ədəd 2 mərt. mansardlı, bir ədəd 1 mərt. yaşayış evi və köməkçi tikili vardır. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim olunmayıb. Torpaq sahəsi 1260 kv.mdir, faktiki göstərilən sahənin yerləşməsinə dair koordinatları üst-üstə düşmə halı və digər suallarla bağlı baxılması üçün akta əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlrədən görünür ki: -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmişdir ki, X5 Səbail rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli 1474a saylı sərəncamı ilə 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi onun mülkiyyətinə verilib. -Səbail rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli 1474a saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2003-cü il tarixdə tərtib edilərək RİHB-nın təsərrüfat şöbəsinin müdiri, RİH-nin memarı, RİH-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən imzlanaraq icra hkimiyyəti və qəsəbə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 (....) və X1 əvəzindən (.....) və X5 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamsi sasında Badamdar qəsəbəsində (....)+(...)+ 0ş06 ha torpaq sahələrini X8 mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxivdə JN-11375D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1474a nömrəli sərəncamı ilə ayrılmışdır. Odur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş sənədlərin surətini təqdim edirik. Məlumat üçün bildiririk ki, JN-11375D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0,06 ha torpaq sahəsi 6 aprel 2004-cü il tarixli 401/135 nömrəli Alqı-satqı müqaviləsinə əsasən digər vətəndaşın adına özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1997-ci il tarixli, 331 saylı sərəncamı əsasında tərtib edilmiş yerləşmə sxemi barədə Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 2-1(112)- 14501/2023 saylı, xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, sözügedən Sərəncam və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Xahiş edirik nəzərə alasınız. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 331 nömrəli sərəncamında istinad olunan xx.xx.1997-ci il tarixli, 1474A saylı sərəncam əsasında X1 adına torpağın mülkiyyətə verilməsinə dair JN-1137D nömrəli şəhadətnamə verilmişdir. Həmçinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 331 nömrəli sərəncamına əsasən ona Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün 600 kv.m ölçüdə torpaq sahəsinin ayrıldığını və həmin sahəyə yerləşmə cizgisinin verildiyini əsas gətirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[ -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının ilkin torpaqayırma sənədi kimi istinad etdiyi Səbail Rayon İcra Hakimiyyətinin 05 mart 1997-ci il tarixli 331 nömrəli sərəncamıdır ki, qeyd edilən sərəncam bilavasitə iddiaçıya torpaq sahəsinin ayrılması məzmununda deyildir. Belə ki, qeyd edilən sərəncamda X5 Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995ci il tarixli 1471A saylı sərəncamı ilə 600 kv.m torpaq sahəsinin ayrıldığı və həmin sərəncamla ayrılmış torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Başqa sözlə, iddia olunan torpaq sahəsi ilə bağlı ilkin torpaqayırma sənədi X5 torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1471A saylı sərəncamı çıxış edir. Arxiv sənədlərindən görünür ki, istinad olunan ilkin sərəncam əsasında 600 kv.m torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə yerləşmə cizgisi tərtib edilmiş, sərəncam və sərəncamın tərkib hissəsi olan cizgi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında X1 mülkiyyətində olan torpaq sahəsi xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən üçüncü şəxsin adına özgəninkiləşdirilmişdir. Beləliklə, göründüyü kimi yuxarıda adıçəkilən torpaq sahəsinin ayrılması barədə 18 may 1995-ci il tarixli 1471A saylı sərəncamı iddiaçıya aid torpaq sahəsi ilə üst-üstə düşməyən başqa torpaq sahəsinə aid olub həmin sərəncam əsasında digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Adıçəkilən sərəncam iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. İddiaçının adına verilmiş ikinci sərəncam, yəni 05 mart 1997-ci il tarixli 331 nömrəli sərəncam ayrılmış torpaq sahəsinin iddiaçının adına “sənədləşdirilməsi” barədə olub, özündə torpağın ayrılması məzmununda çıxış etmir. Eyni zamanda həmin sərəncamda qeyd edilən “sənədləşdirilsin” ifadəsi öz növbəsində hər hansı digər səlahiyyətli orqanlar, o cümlədən reyestr orqanı üçün hər hansı öhdəlik yaratmır. Torpaq sahəsinin sənədləşdirilməsi həmin daşınmaz əmlaka əşya hüququnun (mülkiyyət, istifadə və s.) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı deməkdir ki, yerli icra hakimiyyətinin sərəncamı ilə bilavasitə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana əmlakın qeydiyyatının aparılması ilə bağlı vəzifə və ya öhdəlik həvalə edilə və ya bununla bağlı göstəriş verilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqanın yalnız “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında əmlaka hüququnun qeydiyyatını aparmaq vəzifəsi vardır ki, qeyd edilən qanunla tələb olunan sənədlər sırasında yerli icra hakimiyyəti orqanının “sənədləşdirilmə” barədə sərəncamı öz yerini almamışdır. Bundan əlavə iddiaçının iddia etdiyi torpaq sahəsinə dair yerləşmə cizgisində torpaq sahəsinin 600 kv.m olduğu qeyd edilsə də təqdim edilmiş cizgidə torpaq sahəsinin 600 kv.m olduğunu göstərən en, uzunluq ölçüləri qeyd edilməmişdir. Faktiki halda isə iddia olunan torpaq sahəsinin ölçüsü 1260 kv.m-dir ki, bu halda 600 kv.m ölçüdə torpaq sahəsi ilə bağlı verilmiş cizginin naturada faktiki istifadədə olan 1260 kv.m torpaq sahəsinin hansı hissəsinə aid olduğu da müəyyən olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, iddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı birini təqdim edə bilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina əsaslıdır və iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar