Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2700/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi”nə dair iddiası üzrə inzibati işə 09 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A ünvanında yerləşən 52 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsindən keçirilməsi barədə hərəkətsizliyin qanunsuz və əsassız hesab edilməsi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 26A ünvanında yerləşən beşmərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində ümumi sahəsi 46.25 kv.metr, yaşayış sahəsi 29,84 kv.metrdən ibarət iki otaqlı 52 saylı mənzil “Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, Seriya MH ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Həmin mənzildə iddiaçı ilə birgə dörd nəfər ailə üzvü yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. İddiaçı ilə bir binada birinci mərtəbədə yaşayan qonşuları müvafiq icra hakimiyyəti orqanlarının razılığı və sərəncamı ilə özlərinə məxsus olan mənzillərin təyinatını dəyişdirərək yaşayış sahələrini qeyriyaşayış sahələrinə keçirmişlər. Həmin qeyri-yaşayış sahələrindən hazırda müxtəlif xidmət sahələri kimi istifadə edildiyini bildirilmişdir. Mövcud şəraitdə yaşamaq qeyri-mümkün olduğuna görə iddiaçı qanuni əsaslarla iddiaçıya məxsus olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçı ailə üzvlərinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizələri ilə razılıq verdiklərini bildirmişdir. Cavabdeh inzibati orqan iddiaçıya ilkin olaraq lazım olan sənədlərin təqdim edilməsini izah etsə də, sonradan müraciətə baxmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024-ci il tarixli cavab məktubunda əsassız bəhanələr göstərilməklə iddiaçının ərizəsi təmin edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçının müraciətinə əsasən sözügedən sahəyə yerində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Cavabdehin razılığı olmadan iddiaçı tərəfindən mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, yaşayış binasının hüdudlarından kənara çıxmaqla 21,17 kv.m əlavə qeyri-yaşayış sahəsi inşa edilmiş, küçədən mənzilə əlavə giriş qapısı açılmış və hal-hazırda obyekt kimi fəaliyyət göstərməkdədir. İddiaçının müraciəti ilə əlaqədar 21,17 kv.m-lik sahə üzrə hüquqmüəyyənedici sənədlərin RİH-ə təqdim edilməsi bildirilsə də, onun tərəfindən hər hansı hərəkətlər edilməmiş və bu bardə ona tərəfimizdən son olaraq xx.xx.2024-cü il tarixli, İ-4-159 nömrəli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən, yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. Eyni zamanda AR DŞAK yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-5003 nömrəli məktubla, AR Mənzil Məcəlləsinin 25.1.6-ci bəndinin tələblərini nəzərə alaraq yaşayış sahəsinin memarlıq və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməməsi səbəbindən sözügedən sahənin təyinatının dəyişdirilməsini məqsədəuyğun hesab etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mənzilin ümumi sahəsi 46,25 kv.m, "xxxx" MMC tərəfindən tərtib edilmiş plan sxemə əsasən təyinatı dəyişdiriləcək sahənin ümumi sahəsi 67,42 kv.m-dir. Sahələr arasında fərq yaradan 21,17 kv.m-dən ibarət torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədlərin RİH-ə təqdim edilməsindən sonra ərizəyə yenidən baxılacaqdır. -Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi ünvanında yerləşən ümumi sahəsi 46,25 kv.m, 29,84 kv.m yaşayış sahəsindən ibarət mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -Əmlaka dair texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 46,25 kv.m, yaşayış sahəsi 29,84 kv.m təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6700 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: -İddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A ünvanında yerləşən 52 saylı mənzilin faktiki sahəsi 62,9m2 olduğu və istifadə təyinatının mənzil (yaşayış sahəsi) olması müəyyən edilmişdir. -İddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A ünvanında 1ci mərtəbədə yerləşən 52 saylı mənzilin yerləşdiyi binada mənzilə bitişik olan sahələr və 1ci mərtəbədə yerləşən digər sahələrin qeyri-yaşayış sahəsi kimi istifadə olunması müəyyən edilmişdir. -Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A, 1-ci mərtəbədə yerləşən 52 saylı mənzildə yaşayış binasının hüdudlarında kənara çıxmaqla əlavə qeyri- yaşayış sahəsinin inşa edilməsi müəyyən olunmamışdır. Tədqiqat zamanı mənzilin texniki pasportunda göstərilən balkon tikilisinin məhəcər hissəsindən birbaşa səki istiqamətinə qapı açılması müəyyən olunmuşdur. Mənzilin balkon hissəsi texniki pasportda göstərilsə də, balkonun sahəsi mənzilin ümumi sahəsinə daxil edilmədiyindən faktiki sahə ilə çıxarışda qeyd olunan sahə arasında fərq yaranmışdır. Mənzilin balkon hissəsindən əlavə giriş qapısının açılmasının qonşulara və piyadaların gediş-gəlişinə hər hansı maneəçilik törədib-törətməməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. -Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A, 1-ci mərtəbədə yerləşən 52 saylı mənzilə faktiki vəziyyətdə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən balkondan açılmış qapı vasitəsi ilə təmin olunmuşdur. -Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A, 1-ci mərtəbədə yerləşən 52 saylı mənzildə Mənzil Məcəlləsinin İİİ fəslinin 23.2-ci maddəsində qeyd olunan yaşayış sahəsinin yenidən planlaşdırılması işlərinin aparılması və həmin işlərin iş materiallarında olan layihəyə uyğun olması müəyyən edilmişdir. -Bakı şəhəri Nərimanov rayonu, X6 keçəsi, ev 26A, 1-ci mərtəbədə yerləşən 52 saylı mənzildə Mənzil Məcəlləsinin İİİ fəslinin 23.1-ci maddəsində qeyd olunan Yaşayış sahəsinin yenidən qurulması işlərinin aparılmadığı və binanın yük daşıyan xarici divarlarına müdaxilə edilmədiyi müəyyən edilmişdir Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina ilə bağlı Mənzil Məcəlləsində konkret müddəalar sadalanmışdır. Yəni normada qeyd edilən hallar olmadıqda səlahiyyətli orqan müraciətin təmin edilməsindən imtina edə bilər. Maraqlı subyekt yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün ərizə; keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planını təqdim etməlidir. Bu sənədlərin hər hansı biri olmadığı təqdirdə müraciətin təmin edilməməsi labüddür. Həmçinin yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda da inzibati orqan müraciətin təmin edilməsindən imtina edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi olan iddiaçı tərəfindən keçirilməni həyata keçirən orqana Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilmiş sənədləri təqdim etmişdir. Buna baxmayaraq qeyd olunur ki, hazırkı halda tələb olunan tələbin, yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyil. Belə ki, tikilinin vəziyyəti barədə dolğun məlumat müvafiq ekspert rəyi ilə verildiyindən və həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı səbəb olmadığından məhkəmə ekspert rəyində əks edilmiş halları sübut kimi qəbul edərək qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 keçəsi, ev 26A ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 52 nömrəli mənzilin faktiki ölçüləri və plan üzrə yerləşməsi əsasən həmin mənzilə dair tərtib olunmuş texniki pasportda göstərilən məlumatlarla uyğunluq təşkil etsə də, mənzilin konstruktiv quruluşunda və funksional təyinatında müəyyən dəyişikliklər edilmişdir. Belə ki, texniki pasportda balkon hissəsi ayrıca konstruktiv element kimi göstərilsə də, onun sahəsi mənzilin ümumi sahəsinə daxil edilməmişdir. Bu səbəbdən faktiki ölçülərlə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyd olunan sahə arasında fərq yaranmışdır. Bundan əlavə, texniki pasportda 5 nömrə ilə qeyd edilmiş hamam otağının yerləşdiyi yer dəyişdirilərək balkon hissəsində yenidən inşa edilmiş, 4 nömrəli mətbəx otağı faktiki olaraq yataq otağı kimi istifadə olunmağa başlanmış, balkonun müəyyən hissəsi isə mətbəx funksiyasını yerinə yetirəcək şəkildə istifadə edilməkdədir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən dəyişdirilmiş və qeyri-yaşayış sahəsinə keçirilməsi tələb edilən sahə faktiki olaraq mənzilin ümumi yaşayış funksional strukturunun tərkib hissəsi kimi qalmaqdadır. Başqa sözlə, həmin sahədə yerləşən mətbəx tikilisi faktiki olaraq yataq otağı kimi istifadə edilir, balkonun bir hissəsi isə mətbəx kimi istifadə olunduğundan mənzilin daxili planlaşdırılması dəyişdirilmiş və yaşayış funksiyası davam etməkdədir (bu hal ekspert rəyindəki mənzilin otaqlarının fotoşəkillərindən də aydın olur). İddiaçı özü də mənzilin bir hissəsindən yaşayış sahəsi kimi istifadə olunduğunu təkzib etməmişdir. Halbuki, Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin imperativ göstərişinə əsasən, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hallar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirildikdə, cavabdeh inzibati orqanın yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müraciətin təmin edilməsindən imtina etməsi qanunvericiliyə uyğun olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, cavabdehin imtinası Mənzil Məcəlləsinin 22.1.2-ci maddəsinin tələbinə uyğun olduğundan iddia təmin edilməməlidir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 2130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında əks olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə prosessual xərclərə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 10/6700 nömrəli ekspert rəyində ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X1, kod 210005, (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22)) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in: -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2700/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2700/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver