Məhkəmə qərarları › İş №e-2-1(112)-2704/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2704/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2704/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №-li Qətnaməsinə əsasən İddiaçı cavabdehlər X3 və X7rşı mənzilə hüququnun tanınması və yaşayış sahəsinə mənzil hüququnun itirilməsinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X6 və X9 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli registrdən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 160 nömrəli bina Bakı şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında xx.xx.2002-ci il təvəllüdlü X13 xx.xx.2015-ci ildən, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2005-ci ildən, xx.xx.2005-ci il təvəllüdlü X8 xx.xx.2015-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı Şəhəri Cavabdeh 24 sentyabr 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi 160 saylı evin 11 saylı mənzili dövlət mənzil fonduna aiddir. Həmin mənzil Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin mənzil xüsusi təyinatlı (xidməti) mənzil deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı adıan qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 160, 11 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. X8 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına etiraz etmirlər. İddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...Nəsimi Rayon Məhkəməsinin xx.xx.2000-ci tarixli, 2-402-2000 №-li qətnaməsində mənzil icarə müqaviləsinin sizinlə bağlanmasına dair Cavabdeh üzərinə hər hansı bir öhdəlik qoyulmadığından xahişinizi təmin etmək mümkün deyildir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 160, 11 saylı mənzilə dair onunla icarə-istifadə hüququnu müəyyən edən mənzil-kirayə müqaviləsinin bağlanılması və buna dair müvafiq sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin bu cür qeyri-qanuni, hüquqa zidd və süründürməçiliklə müşahidə edilən hərəkətləri mövcud qanunvericiliyə ziddir, onun konstitusiya və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozur. Eyni zamanda gələcəkdə həmin mənzilə dair tam mülkiyyət hüquqlarını rəsmiləşdirməyə əngəllər yaradır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz məktubunda bildirilmişdir ki, hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun ailə üzvləri mənzilin əvvəlki kirayəçisi (X6 və X12) ailə üzvü və ya onunla birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1997-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, cavabdeh hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1-in kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 1997-ci ildən ünvan 1-də yaşayır. Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №-li Qətnaməsi ilə iddiaçının cavabdehlər X3 və X7rşı mənzilə hüququnun tanınması və yaşayış sahəsinə mənzil hüququnun itirilməsinə dair iddiası təmin edilmiş, iddiaçının Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X6 və X9 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2000-ci tarixli, 2-402-2000 №-li qətnaməsində mənzil icarə müqaviləsinin iddiaçı ilə bağlanmasına dair Cavabdeh üzərinə hər hansı bir öhdəlik qoyulmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Maddə 132. Yaşayış sahəsini icarə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, icarəyə verilmiş sahə ev mülkiyyətçisinin və onun ailə üzvlərinin yaşaması üçün zəruri olduqda mülkiyyətçi müqavilənin məhkəmə qaydasında pozulmasını tələb etmək ixtiyarına malikdir. Müqavilənin pozulması haqqında icarədar üç ay əvvəl xəbərdar edilməlidir. İcarədar yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədiyi, icarədarın və onun ailə üzvlərinin bu Məcəllənin 60-cı maddəsində göstərilən müddətlərdən artıq başqa yerə getdiyi hallarda, eləcə də bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslara görə ev mülkiyyətçisi icarə müqaviləsinin pozulmasını tələb etmək ixtiyarına malikdir. Müqavilənin qüvvəsinə xitam verildikdə, yaşayış sahəsini boşaltmaqdan imtina edən icarədar digər yaşayış sahəsi verilmədən, onunla yaşayan bütün şəxslərlə birlikdə məhkəmə qaydasında çıxarılmalıdır. İşdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №-li Qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X6 və X9 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının həmin mənzilə hüquqları müətyyən edilmiş, iddiaçı mənzilin kirayəçisi hesab edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi isə, məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Belə olan halda aydındır ki, 27 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair hüquq və vəzifələrə malik olmuşdur. Həmçinin iddiaçının oğlu və qızı notarial qaydada ərizə verərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Belə olan halda aydın olur ki, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 160, 11 nömrəli mənzilə dair İddiaçı ilə mənzil-kirayə müqaviləsinin bağlanması və buna dair müvafiq sərəncamın verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar