Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2705/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış vergi borcu üzrə 29381,42 manat, faiz üzrə 18363,95 manat məbləğin əsassız hesab olunaraq silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən MMC-yə **********665500 qeydiyyat nömrəli məktub ilə vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildirişdə İddiaçı MMC-nin vergilər üzrə 29341,42 manat, maliyyə sanksiyaları üzrə 40,00 manat və faizlər üzrə 18363,95 manat, ümumilikdə 47745,37 manat vergi borcu olduğu qeyd edilmişdir. Hazırkı vergi borcu ilə əlaqədar daha əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət edilsə də, vergi orqanı tərəfindən hansı qərara əsasən bu borcun yaranmadığı MMC-yə məlum olmamışdır. Hətta xx.xx.2023-cü il tarixli vergi borcunun olmasına dair bildirişdə də MMC-yə hər hansı bir qərar təqdim edilməmişdir. Bildirişdə qeyd edilən vergi borcu əsassızdır və qanunsuz olaraq hesablanmışdır. Bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilmiş sənədlərdə öz əksini tapmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı vəsatətlə məhkəməyə müraciət edərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin borcunun yaranmasına əsas vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr, cari hesablamalar və kameral qaydada çıxarılmış qərar əsasında hesablamalar olmuşdur. Hesablanmış faiz məbləğləri isə bəyan edilən və hesablanan vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə əsasən yaranmışdır. İddiaçının hazırkı iddiası zahirən məcburetmə haqqında iddia növünə bənzəsə də, əslində həmin məbləğin əsasında vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr, cari hesablamalar və kameral qaydada çıxarılmış qərar əsasında hesablamalar durduğundan iddianın mahiyyəti vergi orqanı tərəfindən hesablamlara münasibətdə mübahisələndirmə haqqında iddia növünə aid olması qənatinə gəlməyə əsas verir. Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı vəsatətlə məhkəməyə müraciət edərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia tələbi üzrə MMC-yə hesablanmış 29381,42 manat vergi borcunun tərkibi 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 13614,58 manat vergidən (ödəmə tarixi xx.xx.2021) və 15766,84 manat cari bəyannamələr üzrə hesablanmış vergilərdən, o cümlədən 1744,27 manat 2020-ci ilin 2, 3, 4-cü rübləri üzrə ödəmə mənbəyində tutulan vergilərdən (ödəmə tarixi müvafiq olaraq xx.xx.2020, xx.xx.2020, xx.xx.2021), 14022,57 manat 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış ƏDV məbləğindən (ödəmə tarixi xx.xx.2021) ibarətdir. Hesablanmış vergilər üzrə faizlər yuxarıda qeyd edilən ödəmə tarixlərindən başlayaraq 1 il müddətindən artıq olmayan dövr üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə uyğun olaraq hər bir ötmüş gün üçün 0,1 faiz olmaqla hesablanmışdır. İddiaçının hazırkı iddiası zahirən məcburetmə haqqında iddia növünə bənzəsə də, əslində həmin məbləğin əsasında vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr, cari hesablamalar və kameral qaydada çıxarılmış qərar əsasında hesablamalar durduğundan iddianın mahiyyəti vergi orqanı tərəfindən hesablamalara münasibətdə mübahisələndirmə haqqında iddia növünə aid olması qənatinə gəlməyə əsas verir. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********678800 nömrəli qərarının ləğv edilməsi və hazırkı tarixə hesablanmış vergi borcu üzrə 29381,42 manat, faiz üzrə 18363,95 manat məbləğin əsassız hesab olunaraq silinməsinə dair qərar qəbul edilməsini xahiş edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə xx.xx.2024-cü il tarixli qərardadla icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatətləri müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi borcunun hesablanması hər hansı inzibati akt hesab edilən qərarın qəbul edilməsi nəticəsində mümkündür. İddiaçı şəxsi hesab vərəqəsində əsassız hesablanmış borcun silinməsini arzu edirsə, həmin borcun hesablanmasına əsas olan qərarı (inzibati aktı) mübahisələndirməlidir. Bundan başqa Plenum qərarından göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı tələbinə dəqiqləşmə vermiş və cavabdehin xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirmişdir. Qərar iddiaçının elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə oxunmuşdur. İddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkili prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə mübahisələndirilən qərar əvvəl məhkəmənin digər hakiminin icraatında olmuş inzibati işdə mübahisələndirilmişdir. Bu səbəbdən hesab edir ki, müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Məhkəmə ərizəni əsassız hesab edərək qeyd edir ki, təqdim edilmiş qərardaddan görünür ki, MMC cavabdehə qarşı daha öncə dəymiş zərərin ödənilməsi və s. tələblə məhkəməyə müraciət etmiş, daha sonra məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd edir ki, ilk növbədə həmin icraat üzrə iddia tələbi ilə hazırkı icraatda iddia tələbi eyni deyildir. Belə ki, həmin iş üzrə iddiaçının tələbi, “cavabdehdən 110550 manat məbləğində əldə olunmamış mənfəət məbləği, həmçinin işgüzar nüfuza vurulmuş zərər olaraq 100000 manat məbləğində vəsait, ümumilikdə 210550 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi” barədə olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi şəxs olmaqla nümayəndə və vəkillə təmsil olunur və düzgün iddia növü ilə vaxtında məhkəməyə müraciət etməməyin riskini özü daşıyır. Qeyd edilən məsələ iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas deyildir. Məhkəmə hazırkı icraat çərçivəsində qeyd edilən halları, xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası üçün əsas hesab etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2705/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2705/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver