Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-271/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirşağı qəsəbəsindəyerləşən 0.12 ha ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun 271910, kod 00500066 saylı şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, reyestrdən çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu təsdiq edən 271910, kod 00500066 saylı şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sonradan həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən JN-271910, kod 00500066 saylı şəhadətnamə ləğv edilmiş Bakı Şəhər Torpaq Şöbəsində 23210 nömrəsi ilə reyestr kitabında qeydiyyata alınaraq ona təhvil verilmişdir. Bakı şəhəri, Pirşağı qəsəbəsindəyerləşən və iddiaçıya məxsus 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən 271910, kod 00500066 saylı şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə daxil etməklə reystrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, bütün sənədləri həmin İdarəyə təqdim etmişdir. Mülkiyyətində olan həmin torpaq sahəsinin şəhadətnaməsinin reyestrdən çıxarışla əvəz edilməsi üçün İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdi. Lakin onun 19 aprel 2023-cü il tarixli ərizəsinə halhazıradək, yəni 35 gündən artıq müddətin keçməsinə baxmayaraq cavab verilməmişdir. Buna görə də o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ərizənin təmin edilməməsini qanunsuz və əsassızdır.
4. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki sahənin yerləşməsində, perimetrik ölçülərində və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli **********28 nömrəli məktubla tərəfimizdən ətraflı cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına xeçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun 271910, kod 00500066 saylı şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, reyestrdən çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023- cü il tarixli ********** nömrəli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki sahənin yerləşməsində, perimetrik ölçülərində və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. Həmçinin, sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006- cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir..
7. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27191D nömrəli (kod ********) xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 24 saylı Qərarı və Xırdalan meşə melorasiya stansiyasının idarə heyətinin və HK-nin xx.xx.1995-ci il tarixli 14 saylı Protokolu ilə 0.12 hektar fərdi yaşayış evi tikintisi üçün Pirşaqı qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sullar qoyulmuşdur:
1. Torpaqğın naturada yerləşdiyi yer üzrə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşürmü? (şəhadətnamənin kodu ********)
2. Həmin şəhadətnamədə göstərilən torpağın koordinatları nəzərə alındıqda digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşürmü?
3. Torpağın naturada yerləşdiyi mövqe şəhadətnamədə göstərilən koordinatlara uyğundurmu?
4. Uyğun deyildirsə şəhadətnamədə göstərilən koordinatların torpağın naturada yerləşən mövqeyə uyğunlaşdırıla bilərmi?
5. Bu halda digər şəxslərin torpaq sahələrinə hər hansı müdaxilə olacaqmı?
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2-1(112)-1396/2023 №-li mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Məhkəmə Ekspertizası Mərkəzində torpaq sahələrinə dair baza, arxiv və xəritə məlumatları olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması məqsədi xx.xx.2024-cü il tarixli ekspert vəsatətində ƏMDX-nin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, vəsatətin verilməsində uzun müddət keçməsinə baxmayara ƏMDX-nin mütəxəssisləri tərəfindən tərtib edilməli olan müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2-1(112)-1396/2024 №-li mülki iş üzrə tərəfinizdən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün xx.xx.2024-cü il tarixli ekspert vəsatətində ƏMDX-nin müvafiq mütəxəssis rəyinin Mərkəz təqdim edilməsi xahiş olunmuşdur. Lakin, vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq qeyd olunan əlavə material Mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli mütəxəsis rəyində qeyd edilmişdir: Sual 1: Torpaqın naturada yerləşdiyi yer üzrə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşürmü? (şəhadətnamənin kodu ********) Cavab: Bildirilir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1620 ha təşkil edir (sahə üç hissəyə bölünüb). Torpaq sahəsi üzərində yaşayış evləri və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərq mövcuddur. Sual 2: Həmin şəhadətnamədə göstərilən torpağın koordinatları nəzərə alındıqda digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşürmü? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatı və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat yoxdur. Sual 3: Torpağın naturada yerləşdiyi mövqe şəhadətnamədə göstərilən koordinatlara uyğundurmu? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-27191D saylı şəhadətnamənin məlumatı ilə faktiki sahə arasında yerləşmədə və konfiqurasiyada uyğunsuzluq mövcuddur. Sual 4: Uyğun deyildirsə şəhadətnamədə göstərilən koordinatların torpağın naturada yerləşən mövqeyə uyğunlaşdırıla bilərmi? Cavab: Qeyd olunan məsələyə aidiyyəti üzrə baxılması məqsədəmüvafiqdir. Sual 5: Bu halda digər şəxslərin torpaq sahələrinə hər hansı müdaxilə olacaqmı? Cavab: Qeyd olunan məsələyə aidiyyəti üzrə baxılması məqsədəmüvafiqdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
27. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
28. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadına uyğundur.
29. Belə ki, hazırkı iddia tələbi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı üzrə iddia tələbinin predmeti analoji xarakterlidir: “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadında qeyd olunmuşdur:
11. ...Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.01,2023-cü il tarixli 2-1 (102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1 (102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1 (102)-1862/2023, xx.xx.2024-cü il tarixli 2-1 (102)-3/2024 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququnun tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.
31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27191D nömrəli (kod ********) xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 24 saylı Qərarı və Xırdalan meşə melorasiya stansiyasının idarə heyətinin və HK-nin xx.xx.1995-ci il tarixli 14 saylı Protokolu ilə 0.12 hektar fərdi yaşayış evi tikintisi üçün Pirşaqı qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
32. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27191D nömrəli (kod ********) xx.xx.2006-cı il tarixli Şəhadətnamə İddiaçı Pirşağı qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəddir və daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.5-ci maddəsi vaxtilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrini əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edir. Qanunun qeyd edilən maddəsində əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin hüququn qeydə alınması üçün əsas hesab edildiyi qeyd edilsə də, artıq qeydə alınmış hüququn təkrar qeydiyyatının aparılması özlüyündə hüquq müəyyənliyi və şəxsin dövlətə olan etimadı ilə bir araya sığmır. Odur ki, qeyd edilən qeydiyyat sənədlərinin mövcudluğu təkrar qeydiyyat aparılmaqla deyil, daşınmaz əmlaka dair çıxarışın verilməsi ilə nəticələnməli və şəxsə müvafiq çıxarışın verilməsindən imtina edilməməlidir.
33. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. X1 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
36. X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27191D nömrəli (kod ********) xx.xx.2006-cı il tarixli Şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və həmin torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva