Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2726/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı onun nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-54549/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi və həmin qərar əsasında “Kameral yoxlamalı məbləğ” xanasında qeyd olunmuş 6.741.27 manat məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 54549/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi üzrə 6538,09 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi orqanı şəxsi hesab vərəqəsinin “kameral yoxlanılmalı məbləğ” xanasında qanunsuz olaraq 6.741,27 manat əks olunmuşdur. Hesablamanın əsası kimi, xərclərin qəbul edilməməsi olmuşdur. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçının 2022-ci il üzrə də əsas fəaliyyəti ehtiyyat hissələrinin satışından ibarət olmuşdur. 2022-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumulikdə 41.066,78 məbləğində mal təqdim etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri mal-materialların alınmasını isə Sədərək Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan bu tipli yerlərdən həyata keçirmiş və bu səbəbdən də alınmış mal-materialların bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. İddiaçının qeyd olunan gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi 34.222,31 xərclərin (şərti rentabellik norması tətbiq olunmaqla müəyyən edilmiş) sənədlərlə təsdiq olunmadığından vergi orqanı tərəfindən qəbul edilməmişdir. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əsk etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdim edilməsi mümkün olmasa da, faktiki olaraq həmin mallar alınmışdır və onların alınmasına xərc çəkilmişdir. Vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı halda, cavabdeh gəlir (mənfəət) vergisini müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablamalı idi. Lakin vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vasitələrindən istifadə etməmişdir. Vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı hallarda gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququnu təmin etməmişdir. Vergi orqanı iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır.
3. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-54549/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla İddiaçı 2022-ci ilin gəlir vergisi üzrə 6538,09 manat vergi məbləği hesablanmışdır. İşin faktiki halları barədə qeyd edildi ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyıcisinin, o cümlədən riskli əməliyyatların Meyarları'nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli, **********713700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 6.538,09 manat vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********029700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası, haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya dair təqdim edilmiş etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İş materiallarında olan:
22 iyul 2024-cü il tarixli, **********713700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Lokal Gəlirlər Baş İdarəsinin 3-21-2-3/2-54549/2024 nömrəli, 12 avqust 2024-cil il tarixli qərarına əsasən 2022-ci il hesabat dövrü üçün gəlir vergisi üzrə 6.538,09 manat əlavə vergi hesablanmışdır. Qərarda göstərilmişdir ki, “təqdim edilən bəyannamənin “xammal və materiallar” (1226.3cü), “malın dəyəri” (1226.4-cü), “enerji xərcləri” (1226.7-ci), “qaz xərcləri” (1226.8-ci), “yanacaq xərcləri” (1226.9-cu), “su və kanalizasiya xərcləri” (1226.10-cu), “rabitə xərcləri” (1226.11-ci), “mühafizə xərcləri” (1226.12-ci), “reklam xərcləri” (1226.14-cü), “bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “elmi-tədqiqat, layihə axtarış və təcrübə konstruktur işlərinə çəkilən xərclər” (1230-cu) quot: nəqliyyat xərcləri quot: (1233-cü), “digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (34222.31 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisi bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (riskin sığorta və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 34222.31 manat məbləğində sənədlərlə təqdim edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” göstərilmişdir.
İV.Məhkəmənin mövqeyi
9.Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən riskli vergi ödəyicisi –müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1.1. Vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin mübahisəli dövrdə qüvvədə olan redaksiyasına əsasən:
- 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.14. Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. - 83.9 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü,14.1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 1.3-cü bəndinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Qayda və Şərtlərin 1.4-cü bəndinin xx.xx.2024-cü ilə qədər olan redaksiyasına əsasən əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
14. 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən:
Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. - 6.1. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
15. Baxılan faktiki hallarına əsasən kameral vergi yoxlaması zamanı iddiaçının 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli, **********713700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Cavabdeh tərəfindən 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 6.538,09 manat vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********029700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası, haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı riskli vergi ödəyicilərinin siyahısına daxil edilmiş vergi ödəyicisidir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********633100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi olması Vergi Məcəlləsi və digər qanunvericilik ilə təsbit olunmuş hüquqlarının pozulması ilə nəticələnməməlidir. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:12.1.1. vergitutma obyekti;12.1.2. vergitutma bazası;12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi;12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Qeyd edilməlidir ki, vergitutma obyektinin müəyyən edilməsi hər hansı səbəbdən mümkün olmadıqda (iddiaçının xərclərini müəyyən edilməsi mümkün olmadığı və s.) cavabdeh inzibati orqanı ödənilməli olan verginin müəyyən edilməsi üçün vergitutma obyektini Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən əsaslara görə müəyyən etməlidir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” iddiaçıya münasibətdə tətbiq edə bilərdi. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd edilən qərar iddiaçıya münasibətdə tətbiq edilməmiş, iddiaçıya 2022-cü il üçün 6.538,09 manat məbləğində əlavə gəlir vergisinin Vergi Məcəlləsinin 67-ci maddəsinin hansı əsas ilə hesablandığı göstərilməmişdir. Məhkəmə hesab edir ki, bu hal Vergi Məcəlləsinin yuxarıda sadalanan, iddiaçı barədə inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan müddəalarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki yuxarıda sadalandığı kimi vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı hallarda, mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan qanunvericilik normaları ilə qanunverici gəlir vergisinin müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablanmasını nəzərdə tutmuşdur. Eyni zamanda qanunverici inzibati orqan üçün xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanları nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə almadan xalis gəlir (mənfəət) kimi qəbul olunması halını istisna edir. Vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitələrindən istifadə etməmişdirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan imtina olunması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli, **********029700 №-li qərarı qəbul edilən zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun deyildir. Əlavə olaraq məhkəmə qeyd edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-943/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 51 və 52-ci bəndlərində qeyd edilmişdir ki, - “Kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə qərarlarında əks olunmuş vahid mövqeyə əsasən qeyd edilməlidir ki, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsingəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbulolunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir(Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2208/2023, 2- 1(102)-10/2024, 2- 1(102)-92/2024 nömrəli işlər üzrə qərarları). Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar”. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə gəlir vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir.
16.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 13.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-54549/2024 nömrəli qərarı ləğv edilməli və və həmin qərar əsasında “Kameral yoxlamalı məbləğ” xanasında qeyd olunmuş 6.741.27 manat məbləğin silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. 18.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
20.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 54549/2024 nömrəli qərarı ləğv edilsin; Həmin qərar əsasında “Kameral yoxlamalı məbləğ” xanasında qeyd olunmuş 6.741.27 manat məbləğin silinməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova