Məhkəmə qərarları › İş №e-2-1(112)-2727/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2727/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2727/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 12 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsindəki 19,76 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın, kadastr planının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı səhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 921 nömrəli xx.xx.2006-cı il tarixli məktubu ilə Gürgan-Pirallahı Bələdiyyəsinin sədrinə müraciət olunmuş və Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində istifadəsiz, zibilliyə çevrilmiş və antisanitariya vəziyyətində olan boş 5 (beş) ha torpaq sahəsinin, abadlaşdırılıb istirahət zonası yaradılması üçün, mövcud qanunvericiliyə uyğun olaraq, icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə etiraz edilməmişdir. Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 nömrəli protokol qərarı əsasında və Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 921 nömrəli xx.xx.2006-cı il tarixli məktubu nəzərə alınmaqla, Gürgan-Pirallahı Bələdiyyəsi ilə MMC arasında xx.xx.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə imzalanmış və həmin Müqavilə əsasında Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində 5 (beş) ha torpaq sahəsi abadlaşdırılması və istirahət zonası yaradılması üçün MMC-nin istifadəsinə təhvil verilmişdir. Bundan sonra, MMC tərəfindən həmin torpaq sahəsi zibil və tullantılardan təmizlənmiş, torpaq sahəsi abadlaşdırılmış, torpaq sahəsinin hamarlanması və yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda əmək və vəsait sərf edilmiş, o cümlədən 5000dək yük maşını münbit torpaq gətirilmiş və eləcə də ərazi standart mişar daşı ilə hasara alınmışdır. Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarı ilə MMC-nin istifadəsində olan 5 ha torpaq sahəsi və ona bitişik əlavə 14,76 ha, ümumilikdə 19,76 ha torpaq sahəsi istirahət və turizm mərkəzinin tikintisi məqsədilə MMC-nin daimi istifadəsinə verilmişdir. Bununla yanaşı, Gürgan-Pirallahı Bələdiyyəsi tərəfindən MMC-nin daimi istifadəsinə verilmiş 19,76 ha torpaq sahəsinin 1:5000 miqyasda Sxematik Planı və Bakı səhərinin xəritəsindən Çıxarış və Torpaq sahəsinin Planı tərtib və təsdiq edilmişdir. Eləcə də, 19,76 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan istirahət və turizm mərkəzinin 2008-ci ildə Eskiz Layihəsi tərtib və təsdiq edilmişdir. Bundan sonra, Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarı ilə əvvəlki Qərarlar ləğv edilmiş və "xxxx" MMC-nin istifadə hüququna xitam verilmişdir. MMC iddiaçı qismində Gürgan-Pirallahı Bələdiyyəsinə (həmin iş üzrə cavabdehə) qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, bələdiyyənin qəbul etdiyi xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İİM-nin 2-1(82)-2537\2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə "xxxx" MMCnin Gürgan-Pirallahı Bələdiyyəsinə qarşı iddiası təmin edilmiş və Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun Qərarı ləğv edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 245/BM-1 saylı məktubu və həmin məktuba əlavə edilən “torpaq sahəsi üzərində istifadəsinə xitam verilmiş fiziki və hüquqi şəxslər, həmçinin torpağın ayrılmasına dair ləğv olunmuş sənədlər barədə” məlumat əsasında "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Bundan başqa, təqdim edilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli müqavilədə torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində müvafiq bələdiyyənin qərarına istinad olunmamışdır. Əlavə olaraq, sənədlər toplusuna əlavə olunmuş 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2-1(82)-2537/2013 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1694/2015 saylı məhkəmə işi üzrə İdarə tərəf qismində cəlb olunmamış və İdarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Həmçinin sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Eləcə də, təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi iddiaya dair münasibət bildirərək göstərmişdir ki, araşdırma zamanı bələdiyyənin iclaslarının arxiv protokollarında bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlarla heç bir əlaqəsi olmayan ‘'A.S.V-L" MMC-yə torpaq sahəsinin daimi istifadəyə verilməsi və ya ayrılması barədə nə iclasların gündəliyində, nə də iclaslarda müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərarlarda hər-hansı bir məlumat müəyyən edilməmişdir. Eyni zamanda həmin torpaq sahələrindən istifadə edilmədiyi, uzun müddət baxımsız və səmərəsiz saxlanıldığı, vergi ödənilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 50 ha torpaq sahəsi Yüksək Texnologiyalar Parkının daimi istifadəsinə verilmiş və torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda, keçmiş Bakı Şəhər İcra Hakimiyyəti MŞBİ ŞƏTPİ-nin xx.xx.2013-cü il tarixli 18/03-8/2805 nömrəli məktubunda həmin iddiaçının torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin xx.xx.2014-cü il tarixli xx/xx-1947 nömrəli məktubunda isə torpaq sahəsinin plan və ölçüsünün verilməsinin hüquqi cəhətdən əsassız və mümkün olmadığı göstərilmişdir. Bu barədə sənədlər və məlumatlar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1694/2015 saylı iş üzrə xx.xx.2015ci il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarlarında göstərilmiş və həmin işlərə baxılması zamanı aidiyyəti üzrə təqdim edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gürgan-Pirallahı Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, 5 (beş) ha torpaq sahəsi abadlaşdırılması və istirahət zonası yaradılması üçün MMC-nin istifadəsinə verilmişdir. Torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir; Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarına əsasən, MMC-nin istifadəsində olan 5 ha torpaq sahəsi və ona bitişik əlavə 14,76 ha, ümumilikdə 19,76 ha torpaq sahəsi istirahət və turizm mərkəzinin tikintisi məqsədilə MMC-nin daimi istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bələdiyyələrlə iş baş İdarəsinin məktubu ilə, Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli və xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarlarının surəti məhkəməyə təqdim edilmişdir. Həmin qərarlarda "xxxx" MMC-nin istifadəsinə torpaq sahəsinin verilməsinə dair heç bir məlumat göstərilməmiş və bu barədə qərar qəbul edilməmişdir; Bakı şəhəri Pirallahı rayonu Pirallahı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Gürgan-Pirallahı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli və xx.xx.2007-ci il tarixli, 16 nömrəli qərarları ilə əlaqədar bildirilir ki, araşdırma zamanı bələdiyyənin iclaslarının arxiv protokollarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə torpaq sahəsinin ayrılması (icarəyə verilməsi), torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi və s.) müraciət edilib-edilməməsi, müraciət edildiyi təqdirdə bununla bağlı rəylərin verilibverilməməsi barədə hər hansı bir məlumat müəyyən edilməmişdir; Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gürgan-Pirallahı Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla qeydiyyatı barədə məlumat yoxdur. Şərti sərhədli sahə daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən sahə daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli və xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarlarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə torpaq sahəsinin ayrılması (icarəyə verilməsi) ilə bağlı istinad etdiyi qərarlar məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, həmin qərarlarda "xxxx" MMC-nin istifadəsinə torpaq sahəsinin verilməsinə dair heç bir məlumat göstərilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Qeyd edilənlər Bakı şəhəri Pirallahı rayonu Pirallahı bələdiyyəsi tərəfindən də təsdiq edilmişdir. Digər tərəfdən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. İş materiallarında olan sənədlərdən məlum olur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmamışdır. Çünki işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla qeydiyyatı barədə məlumat yoxdur. Şərti sərhədli sahə daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən sahə daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Belə olan halda aydındır ki, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Çünki qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 məlumatı əsas götürülməlidir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin Pirallahı bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar