Məhkəmə qərarları › İş №e-2-1(112)-2736/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2736/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2736/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "adın dəyişdirilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "adın dəyişdirilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adının “Məmməd” adından “Martin” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin 1 saylı Bakı "ASAN Ximdət" Mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək adının "Martin" olaraq dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsindən daxil olan cavabda "Məmməd" adının "Martin" adına dəyişdirilməsinin mənafeyə xələl gətirməsi səbəbilə adın dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, qeydiyyat orqanı heç bir əsaslandırma aparmadan, habelə adın dəyişdirilməsinin kimin və hansı mənafelərə xələl gətirməsi barədə məlumat vermədən şəxsin öz hüququnu realizə etməsinə maneə törətmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmçinin fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Habelə Ailə Məcəlləsinin 189-cu maddəsi və qeydiyyat orqanının istinad etdiyi "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.1- ci bəndinə əsasən 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə icazə verilir. İddiaçının seçdiyi "Martin" adı latın dilindəki "Martinus"/"Martios" adından götürülmüşdür. Bu adın kökü isə Romada müharibə allahı olan "Mars"ın adı ilə bağlıdır. Azərbaycan dilində istifadə edilən "Mart" sözü, yəni ilin 3-cü ayının adı da məhz "Martios" sözündən götürülmüşdür və Roma təqviminin ilk ayıdır. Hazırda dilimizdə sovet dönəmindən qoyulan Kombayn, Traktor, Kolxoz, Sovxoz və s. kimi adların olması qeyri-milli adlara qarşı ciddi senzuranın tətbiq edilməsinə səbəb olsa da, iddiaçının seçdiyi ad həm tarixi kökləri, həm beynəlxalq sferada geniş istifadəsi, həm də Azərbaycan dilindəki "mart" sözünün (ilin 3-cü ayı) şəxsə verilən ad forması olduğu üçün qəbuledilən sayılmalı, senzuralardan kənar tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/Q-3-16-5/7- 78/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən şəxsin mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın, soyadın verilməsinə yol verilmir. Həmçinin, Azərbaycan Respublikasının xx.xx.2002ci il tarixli “Dövlət dili haqqında” qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Göstərilənlərə əsasən, “Məmməd" adının “Martin" adına dəyişdirilməsi mənafeyə xələl gətirə biləcəyi üçün müraciətin təmin olunması mümkün deyildir. Qaydaların 1.5-ci maddəsinə əsasən adın və soyadın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. - Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/7-2936/2023 nömrəli məktubu ilə göndərilmiş 01 may 2004-cü il tarixli doğum haqqında akt qeydinin surətinə əsasən iddiaçının adı İddiaçı kimi qeyd edilmişdir və o, xx xxxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası – xx.xx.1971-ci il təvəllüdlü X3, anası isə xx.xx.1961-ci il təvəllüdlü X1.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı adının “Məmməd” adından “Martin” adına dəyişdirilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə “Məmməd" adının “Martin" adına dəyişdirilməsinin mənafeyə xələl gətirə biləcəyi üçün müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli qərarındakı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X5rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd edir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünü fərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X4rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). İddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə heç bir hüquqi qiymət verməmişlər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərar). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, məhkəmələr müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışlar.” Məhkəməsi hesab edir ki, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz; 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də hazırki mübahisədə adının dəyişdirilməsi ilə bağlı yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı adının dəyişdirilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçının adının dəyişdirilməsindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur və onun adının dəyişdirilməsinə olan hüququnun pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı adının “Məmməd” adından “Martin” adına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. İddiaçı adının “Məmməd” adından “Martin” adına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar