Məhkəmə qərarları › İş №e-2-1(112)-2744/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2744/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2744/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona “qaçqın statusunun verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (Pasport:No FG1842924) 26 may 2021-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətniə müraciət etmişdir. Dövlət Miqarasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, İQ-57/1 saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. İşin faktiki halı ondan ibarət olmuşdur ki, İddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqad baxımdan xristian (katolik) olmuş, 2002-ci ildə Lahor şəhərində “The Muslim school” adlı məktəbdə 4 sinif natamam təhsil almış, 2002-2008-ci illərdə Lahor şəhərində yemekxanada ofisiant və 2008-2023-cü illlərdə ayaqqabı fabrikində qəlib düzəldən işləmişdir. İddiaçının qaçqın statusunun verilməsi ilə bağlı müvafiq vəsatətlə müraciət etməsinin səbəbi onun dini etiqadına görə dəfələrlə müsəlmanlar tərəfindən təhqirə məruz qalması, ondan dininin dəyişdirilməsinin tələb edilməsi və məcburi olaraq islam dininə sitayiş etməsinin tələb edilməsi, əks halda onun öldürüləcəyinin bildirilməsi olmuşdur. Bu səbəbdən də iddiaçı ona qarşı edilən təhqir və təhdidlərə dözməyərək ölkəsini tərk etmiş və 13 may 20213-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Məlum olan məsələdir ki, Pakistan və ya “Pakistan İslam Respublikası” 1956-cı il 23 mart tarixində rəsmi olaraq ölkənin “İslam Respublikası” olduğunu elan etmiş və bununla dünyada ilk İslam Respublikası olmuşdur. Həmçinin əhalisinin təxminən 97 % faizi müsəlmanlardan ibarətdir. Pakistan İslam Respublikasında dəfələrlə xristianlara qarşı kütləvi şəkildə hücumlar edilmiş, onlar arasında bir neçəsi qətlə yetirilmiş, evləri dağıdılmışdır. Belə ki, hətta yaxın zamanlarda (2023-cü ilin yay aylarında) Pakistanda (Feysəlabad dairəsinin Caranvala şəhərində) xristian kilsələrinə və evlərinə hücumlar edilmişdir. Hazırda cavabdeh tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki “işin materillarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar”. Halbuki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası qanunun birinci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

3. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarda qeyd olunur ki, Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (Pasport:No FG1842924) 26 may 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun adına 75-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibə zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 2002ci ildə Lahor şəhərində “The Muslim school” adlı məktəbdə 4-cü sinif natamam orta təhsil aldığını, ailəsinin maddi vəziyyəti imkan vermədiyinə görə təhsilini dayandırıb işləməli olduğunu, 2002-2008-ci illərdə Lahor şəhərində yeməkxanada ofisiant və 2008-2023-cü illərdə isə ayaqqabı fabrikində qəlib düzəldən işlədiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi subay olduğunu, atasının vəfat etdiyini, anasının, 4 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusunu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, o, dini etiqadına görə xristian olduğu üçün müsəlmanlar tərəfindən təhqirlərə məruz qalmış, ondan dinini dəyişdirməsi və müsəlman olması tələb edilmişdir. Bu səbəbdən o, ölkəsini tərk edərək 13 may 2023-cü il tarixlərdə Azərbaycan Respublikasına gəlmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı dediklərindən müəyyən edilmişdir ki, o və ailə üzvləri heç vaxt Pakistanda ciddi təhdidlə üzləşməmi., bu barədə müsahibəsi zamanı heç bir konkret fakt bildirməmiş və qaçqın statusu əldə etmək üçün müraciətini sadəcə xristian olması və Pakistanda xristianlara münasibətin yaxşı olmaması ilə əsaslandırmışdır. Bundan əlavə İddiaçı ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışdır. Ərizəçi Azərbaycan Respublikasına gəlməkdə əsas məqsədinin burada iş tapıb müvəqqəti yaşamaq olduğunu etiraf etmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərə. Siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqdarı ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlət yerinə yetirildən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 1 sentyabr 2023-cü il tarixli, 17 saylı protokolu).

4. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etmişdir ki, hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-57/6 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 1. Təhdid olunmasına dair hər hansı sübut təqdim etməmiş; 2. Vəsatətində bildirmişdir ki. ailə üzvləri xristian olmaları səbəbilə təhdidlərə məruz qalmamışlar; 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinnin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb. İrqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bununla müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 1.1, 2.1. 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı barəsində tərtib olunmuş Qaçqın statusun verilməsi haqqında vəsatət (ərizə-anket) və müsahibə sənədi iş materiallarına əlavə olunmuşdur.

6. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

8. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

9. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

13. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən şəxsin 5 amil üzrə (müəyyən irqi (etnik,milli) qrupa mənsub olmasına; öz dini əqidəsinə; hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına; müəyyən sosial qrupa mənsub olduğuna; siyasi əqidəsinə görə) təqib olunma halı müəyyən edilməlidir.

14. İddiaçı öz mövqeyini (vətəndaşı olduğu ölkədə dini etiqadına görə təhdid olunduğunu) sübut etmək üçün Pakistan Respublikasında ümumi vəziyyət olaraq xristian dininə etiqad edənlərin təqiblərə, hücumlara və terror hadisələrinə məruz qalması faktına əsaslanmışdır.

15. Məhkəmə bununla bağlı qeyd edir ki, “...Nəticədə, müdafiə dini mənsubiyyətinə görə (hər hansı digər səbəbə görə) təqiblərə, real ölüm riskinə və ya ciddi mənfi rəftara məruz qalacaqları və ola bilsin ki, onlara qarşı ədalətli mühakimədən açıq-aşkar imtina ediləcəyi barədə əsaslandırılmış iddiası olan şəxslərə təklif edilir... Pakistan Respublikasındakı xristian icmasının heç bir rəsmi nəzarət altında olmaması, parlamentdə öz nümayəndələri ilə təmsil olunmaları, Pakistanın hüquq-mühafizə və məhkəmə orqanlarının müvafiq olaraq kilsələri və məktəbləri qorumaq, xristian əhaliyə qarşı hücumlar həyata keçirənləri mühakimə etmək, həbs etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görməsi faktına əhəmiyyət verilməlidir...” (X1 Məhkəməsi, Z və T Birləşmiş Krallığa qarşı iş (ərizə№27034/05)). Həmin iş üzrə Avropa Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, Pakistanın ərazisində xristian icmasının təqibi halı mövcud deyildir, ərizəçi fərdi olaraq risk altında olduğunu göstərməlidir.

16. Məhkəmə qeyd edir ki, iddiaçı vətəndaşı olduğu ölkədə özünün şəxsi olaraq müsəlmanlar tərəfindən təhdidlərə məruz qaldığını bildirsə də, bu faktı sübut edən halları əsaslandırmamış və müsahibəsi zamanı ona qarşı baş vermiş hər hansı konkret təhdid halını qeyd etməmişdir (mənəvi və ya fiziki işgəncəyə məruz qalmadığını da bildirmişdir).

17. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı izahatında vətəndaşı olduğu ölkədə Lahor şəhərində qaldığı məhəllədə həm müsəlman, həm də xristian dostlarının olduğunu qeyd etmiş, bəzən “Təbliğe camaat” təşkilatının xristianlara müsəlman olmağı təklif etdiyini, lakin bunun zorla deyil, şəxslərin öz istəyi ilə olduğunu bildirmişdir.

18. İddiaçının izahatından aydındır ki, iddiaçı vətəndaşı olduğu ölkədə yaşayarkən ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamış, eyni zamanda ölkə daxilində daxili yerdəyişmə alternativinin (ölkənin daha stabil bölgələrinə getmə imkanı) olmasına baxmayaraq bu alternativdən istifadə etməmişdir. İddiaçının ailə üzvlərinin (anasının, 4 qardaşının və 2 bacısının) xristian olduqlarına görə indiyənədək dövlət və ya cəmiyyət tərəfindən hər hansı təqibə və ya təhdidə məruz qalmaması və Pakistanda sərbəst şəkildə yaşaması (iddiaçının izahatına əsasən müəyyən olunmuşdur) da iddiaçının təhdid barədə söylədiklərində şübhə yaradır.

19. Odur ki, iddiaçı tərəfindən təqdim edilən izahatlar və ona münasibətdə olan rəftarın faktiki xarakteri arasındakı uyğunsuzluq, eləcə də təqdim edilən izahatlar arasındakı ziddiyyətlər (müsahibəsi zamanı bəzi məqamlarda müsəlmanların onu təhdid etdiyini bildirsə də, daha sonra ona qarşı edilmiş hər hansı konkret təhdid halının olmadığını, yaşadığı məhəllədə xristianların müsəlmanlığı zorla deyil, öz istəkləri ilə qəbul etdiyini, müsəlman dostlarının da olduğunu qeyd etmişdir) izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir.

20. Məhkəmə hesab edir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmasına dair dəlilləri inandırıcılıq keyfiyyətinə malik deyildir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı sayıla bilməz.

21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar