Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2753/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarı ilə iyun 2022-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 204.516,47 manat təşkil etmişdir. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən mübahisə predmeti qərarla hesablamaya əsas kimi 2022-ci ilin iyun ayının dövriyyəsi ilə iddiaçıda keçirilmiş sonuncu xronometraj metodu ilə dövriyyə arasında fərqin olması və riskli əməliyyatların aparıldığına görə əvəzləşdirilən ƏDV-nin nəzərə alınmaması göstərilmişdir. 2022-ci ilin iyun ayının ƏDV kameral bəyannaməsinə nəzər yetirildikdə görünür ki, bəyannamənin 301.1-ci sətrinin “təqdim edilmiş” xanasında iddiaçının həmin xanada göstərdiyi 1.413.915,50 manat məbləğ artırılaraq 3.259.364,47 manat, “daxil olmuş” xanada isə iddiaçının göstərdiyi 1.576.357,75 manat artırılaraq 2.639.836,77 manat göstərilmiş, eyni zamanda bəyannamənin 324-cü sətirinin “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” ödənilmiş məbləğ xanasında 72 723,60 manat (ƏDV isə 13.090,25 manat) qeyd edilmişdir. 2022-ci ilin iyun ayı üzrə əlavə hesablama əsasən ƏDV bəyannaməsində “daxil olmuş” dövriyyənin 1.063.479,02 manat məbləğində artırılması ilə olmuşdur. Halbuki, sözügedən dövriyyənin iddiaçıya daxil olmasını təsdiq edən heç bir sənəd cavabdeh vergi orqanında mövcud deyil. 26 may – 9 iyun 2022-ci il tarixlərdə keçirilmiş və onun nəticəsi olaraq iddiaçının orta günlük dövriyyəsi 169 295,72 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh vergi orqanı orqanı bu nəticələri götürüb iddiaçıya əlavə vergi hesablasa da, nəzərə almamışdır ki, iddiaçının hər aylıq dövriyyəsinin demək olar ki, yarısı ixrac dövriyyəsi, yəni ƏDV 0% dərəcə ilə bağlı dövriyyə olmuşdur. Həmin dövriyyəyə görə ƏDV 0% dərəcə ilə olduğu əlavə vergilər hesablana bilməzdir. Xoronometraj ümumi gündəlik dövriyyəni, yəni həm ƏDV-li, həm də ƏDV-nin 0% dərəcə ilə dövriyyəsini müəyyən etmiş, lakin kameral vergi hesablama aparılanda qeyd edilən hal nəzərə alınmamışdır. İddiaçı yeni xronometraj ilə bağlı ərizəni yalnız sonuncu xronometrajdan 1 ay sonra verə bilərdi ki, bu da o deməkdir ki, sonuncu xronometraj 9 iyun 2022-ci il tarixində yekunlaşmışdırsa, deməli yeni xronometrajla bağlı ərizə ən tezi 9 iyul 2022-ci il tarixində verilə bilərdi. İyun ayında xronometrajın nəticələrinin pasivləşdirilməsi üçün iddiaçının imkanı olmamışdır. İddiaçı 28 iyun 2022-ci il tarixində cavabdeh vergi orqanına müraciət edərək Rusiya-Ukrayna müharibəsinin nəticələri olaraq qiymətlərin aşağı düşməsi səbəbindən istehsalatın dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə məlumat vermişdir ki, bu hal da bir daha iddiaçının dövriyyəsinin aşağı düşməsini təsdiq edir. Kameral ƏDV bəyannaməsinin 324-ci sətrində daxil edilən 72.723,60 manat azaldılan dövriyyə ilə bağlı bildirilir ki, uyğunsuzluq məktubunda və qərarda 10 e-qaimənin riskli olmasına dair məlumat göstərilsə də, həmin e-qaimələrin hər biri iki dəfə təkrarlanmış, ümumilikdə 5 e-qaimə (EBBL 610739, EBBL 611488, EBBL 610783, EBBL 611364, EBBL 610886q) qeyd edilmişdir ki, həmin eqaimələrin ƏDV məbləğlərin ümumi həcmi 13.090,25 manat təşkil edir. Ümumiyyətlə 5 eqaimənin heç 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilən dövriyyə salınmamışdır. Həmin e-qaimələr elə tərtib edilən aylarda ƏDV bəyannaməsinə əvəzləşdirilən dövriyyəyə salınmışdır ki, vergi orqanı da məhz həmin aylar üzrə kameral keçirərək əlavə vergilər hesablaya bilərdi. Qeyd edilən e-qaimələr 2021-ci ilin oktyabr ayı üzrə iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsi üzrə əvəzləşdirlən dövriyyəyə daxil edilmiş və əvəzləşdirilmişdir. Lakin cavabdeh vergi orqanı həmin ay üzrə bununla bağlı hər hansı kameral vergi yoxlaması ilə əlavə vergilər hesablamamış və əvəzləşməni ləğv etməmişdir. Hazırda isə cavabdeh həmin e-qaimələr üzrə dövriyyəni iddiaçının ƏDV bəyannaməsi üzrə 324-cü sətirinin “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDVnin bərpa edilən məbləği” ödənilmiş məbləğ xanasına daxil etmiş və iddiaçıya qanunsuz olaraq əlavə ƏDV hesablamışdır ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, riskli hesab edilmiş e-qaimələr "xxxx" MMC tərəfindən 30 oktyabr 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 30 oktyabr 2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında sonuncudan EBBL 610739, EBBL 611488, EBBL 610783, EBBL 611364 və EBBL 610886 nömrəli elektron qaimə-fakturalar əsasında 72 723,60 manat (ƏDV-si 13 090,25 manat) məbləğində mallar almış və həmin 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliiyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən “e-taxes.gov.az”dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 30 oktyabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 noyabr 2021-ci il tarixli **********999700 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütununda olan 1413935.50 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (4392812.82 manat) məbləğdən 2978877.32 manat azdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş **********349300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********349300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 204516.47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarı ilə iyun 2022-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 204.516,47 manat təşkil etmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50-1. Xronometraj metodu ilə müşahidə aparılması 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. ... 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ... 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; ... 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Hazırkı halda da, vergi orqanı iddiaçıya münasibətdə Vergi Məcələsinin 67.1, 67.1.8ci maddələrini rəhbər tutaraq, vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 26 may 2022-ci il tarixli, **********9474 saylı qərarına əsasən 26 may-09 iyun 2022-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrini tətbiq etməklə vergi hesablamışdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarın 191.426,22 ((2.639.836,77-1.576.357,75) x 18%) manat əlavə vergi məbləğinin hesablanması hissəsinə münasibətdə qeyd edir ki, qərar həmin hissədə maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2022-ci il tarixli 020249 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 2.200.844,38 manat olmaqla orta günlük dövriyyənin (ixrac hissəsi ilə birlikdə) 169.295,72 manat (2.200.844,38/13=169.295,72) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının 2022-ci ilin iyun ayı üzrə aylıq dövriyyəsinə əsasən ƏDV məbləği hesablanarkən ixrac dövriyyəsi (0 faiz dərəcə ilə ƏDV) də nəzərə alınmışdır. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanından tələb etmək hüququ olsa da, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Bununla belə məhkəmə hesab edir ki, mübahisələndirilən qərar 13.090,25 manat əlavə vergi məbləğinin hesablanması hissəsində əsassızdır. Belə ki, iddiaçının xx.xx.2021-ci i tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə (5 elektron qaimə-faktura) aparılan əməliyyatlar cavabdeh tərəfindən riskli hesab olunmuş, elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsi qəbul edilməmiş və bərpa etmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 5 elektron qaimə-faktura əsasında 72.723,60 manat (ƏDV 13.090,25 manat) metal qırıntısı almışdır. Göründüyü kimi, hal-hazırda qərarların qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4616/2022 nömrəli iş üzrə məhkəmənin sorğusuna əsasən əldə olunmuş aşağıdakı sənədlərin surətinin hazırkı iş materiallarına əlavə edilməsini “prosessual qənaət” prinsipinə uyğun hesab edir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş qərarın surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da 13.090,25 manat əlavə vergi məbləğinin hesablanması hissəsində qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərar qismən, yəni 13.090,25 (on üç min doxsan manat iyirmi beş qəpik) manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərar qismən, yəni 13.090,25 (on üç min doxsan manat iyirmi beş qəpik) manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2753/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2753/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver