Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-276/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 10/36 №li Qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair ona Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 №li Qərarı, torpaq sahəsinin alqı-satqısına dar Akt və torpaq sahəsinin yerləşdiyi ərazinin eskiz layihəsi verilmişdir. Qeyd edilən sənədlərin arxivdən çıxarışlarının əldə edilməsi üçün tərəflərindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət olunmuş və xx.xx.2023-cü il tarixli 3-48-2F/00901/2023 saylı məktubla sənədlərin təsdiq olunmuş surətləri onalara təqdim olunmuşdur. Bundan sonra mülkiyyət hüquqlarının qeydə alınması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Halbuki, iş materiallarına 13 may 2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akt əlavə olunmuşdur. Cavabdehə təkrar müraciət edərək (göstərilən akt əlavə olunmaqla) mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan təkrar xx.xx.2023-cü il tarixli məktubla əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi 2005-ci ildən fasiləsiz olaraq iddiaçının istifadəsindədir və iddiaçı həmin torpaq sahəsi üçün ******* (iki milyon dörd yüz min) manat pul ödəmişdir (07 iyun 2005-ci il tarixli, 014638 saylı qəbz iddia ərizəsinə əlavə edilmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqdi rayon Xocasən Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs Bakı şəhəri Binəqdi rayon Xocasən Bələdiyyəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 10/36 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan “Torpaqların alqısatqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Eyni zamanda göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər qeyd olunmamışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinin ayrılmasına dair qərara istinad olunmamışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış binası inşa edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilən sənədlərdə Xosəsən qəsəbəsində torpaq sahəsinin ayrılması qeyd edilsə də, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 28 May qəsəbəsində yerləşir. Belə ki, xx.xx.2004-cü il tarixli, 674 nömrəli “Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, 28 May qəsəbəsi Xocasən qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidi yaradılması Milli Məclis tərəfindən qərara alınmışdır. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48- 2F/00901/2023 saylı məktubu ilə təqdim olunmuş: - Binəqədi rayon Xocasən Bələdiyyəsinin “Faktiki istifadə etdiyi torpaq sahəsini fərdi yaşayış evinin tikinitisi təyinatı ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi haqqında” 10/36 №li 23 may 2005-ci il tarixli Qərarından görünür ki, Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin ikintisi üçün 600 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - Binəqədi rayon Xocasən Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” Aktın surətindən müəyyən olunur ki, Bünyatov X1 rayon Xocasən Bələdiyyəsinə 13 may 2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə iclasında baxılmış Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv. metr torpaq sahəsi satılması barədə 2005-ci ilin 23 may tarixli 10/36 №li qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayonu Xocasən Bələdiyyəsinin hesabına ******* manat haqq ödənilmişdir (qəbz № 074638). - Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən İddiaçı adına tərtib olunmuş “Torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi”ndən müəyyən olunur ki, nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 600 kv. metr təşkil edir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********45 №li cavab məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, o cümlədən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin arxivində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10/36 nömrəli qərarı ilə Binəqədi rayonu, Xocasən bələdiyyəsi ərazisində İddiaçı ayrılmış 600 kv. metr torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-35-1/2- 1154/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10/36 nömrəli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1413/2024 nömrəli müraciətinizə baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********52 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki: - Göstərilən torpaq sahəsi faktiki olaraq 755.0 kv.m təşkil edir. Göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki olaraq göstərilən 755.0 kv. metr torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Sxemdə “A” ilə işarələnmiş tikili ikimərtəbəlidir (tikintialtı sahəsi St.a=324.0 kv m., həcmi V=2722.0 kub metr təşkil edir). Sxemdə “B” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=190.0 kv. metr, həcmi V=855.0 kub metr təşkil edir). Sxemdə “C” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=240.0 kv metr, həcmi V=1320.0 kub metr təşkil edir). Qeyd olunan “A” və “B” tikililər inşaat materialları mağazası,”C” tikilisi isə mebel sexidir. - Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. - Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 04 oktyabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu üzrə torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi Bələdiyyəsinə təhvil verilmişdir. Məktuba əlavə olunmuş Bakı şəhəri İcra Hakmiyyətinin Başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” 809 saylı xx.xx.2000-ci il tarixli Sərəncamından (surəti) müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin ““Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsinin sərəncama əlavə edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi Bələdiyyəsinə verilməsi qərara alınmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6392/2025 saylı məktubu ilə məhkəmə təqdim edilmiş iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin şimal, cənub, qərb və şərq sərhədlərində qonşu torpaq sahələrinə dair sənədlərin (Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarışların verilməsinə əsas olan) təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, ünvan 3 ünvanı verilməklə, ayrı-ayrı fiziki şəxslərin adlarına yaşayış məntəqələri kateqoriyalı torpaqlarda inşa olunmuş fərdi yaşayış evləri və həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6071 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 27752/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 755.0 kv. m təşkil edir. Göstərilən torpaq sahəsində üç hissədən ibarət qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki olaraq göstərilən 755.0 kv. m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Sxemdə “A” ilə işarələnmiş tikili ikimərtəbəlidir (tikintialtı sahəsi St.a=324.0 kv m, həcmi V=2722.0 kub m təşkil edir.) Sxemdə “B” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=190.0 kv m, həcmi V=855.0 kub m təşkil edir). Sxemdə “C” ilə işarələnmiş tikili birmərtəbəlidir (tikintialtı sahəsi St.a=240.0 kv m, həcmi V=1320.0 kub m təşkil edir). Qeyd olunan “A” və “B” tikililəri inşaat materialları mağazası, “C” tikilisi isə mebel sexidir. - Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. - Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********56 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. ... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin "X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; MƏHKƏMƏNİN MÖVQEYİ: İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinin bələdiyyə orqanının qərarı və alqı-satqı aktı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir ki, cavabdeh həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinanı onunla əsaslandırır ki, torpaq sahəsinin alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamış, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olmuş, torpaq sahəsinin dövlət mülkiyyətində olmuş və torpaq sahəsinin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşməsi təşkil etmişdir. Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə sərəncam əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə sərəncamı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “X2 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq qeyd edir ki, Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə müvafiq razılaşdırmaların aparılmaması iddiaçıya torpaq ayrılması haqqında yekun inzibati aktın – qərarın hüquqi qüvvəsinə təsir etmir və qeyd edilən hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas ola bilməz. Məhkəmə formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq cavabdehin imtinada və etirazında əks etdirdiyi mövqe ilə bağlı qeyd edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bələdiyyə qərarından da göründüyü ki, torpaq sahəsi iddiaçıya bələdiyyə tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı zəruri parametrlər ölçüsü göstərilmişdir. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istidəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Göründüyü kimi, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bakı şəhəri Səbail Bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər DTXK-nın rəyinin olmaması, istər yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olması inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. Məhkəmə, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, bu hal məhkəmə tikintitexniki ekspertizasının tədqiqatı zamanı müəyyən olunmuşdur. Belə ki, ekspert rəyindən də göründüyü kimi iddia olunan torpaq sahəsi həqiqətən də Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşmiş, torpaq sahəsinin ölçüsü 1380 kv.m təşkil etmiş, torpaq sahəsinin elektrik qurğularının mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Bundan başqa ekspert rəyində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən rəy alınmadan ayrılması iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. İddiaçı da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını müəyyən edən konkret sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır kı, torpaq sahəsinin ayrıldığı zaman bələdiyyənin hüdudları daxilində yerləşməsi müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə məhkəmə təcrübəsində Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyəti orqan tərəfindən başa çatdırılmadığına istinad olunur. Məhkəmə hesab edir ki, nə qədər ki bələdiyyə xəritələrinin təsdiqi prosesi başa çatdırılmadığına istinad edilir, ümumiyyətlə hazırkı torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda olmasına dair konkret hala da istinad edilməsi yolverilməz hesab edilməlidir. Çünki iş materiallarından da göründüyü kimi, Səbail Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə torpaq sahələri ayrılmışdır və mübahisəli torpaq torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müvafiq ekspert rəyi ilə təsdiq olunur ki, həmin ekspert rəyində göstərilən halları təkzib edən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını isə təsdiq edən dəlillər təqdim olunmamışdır. Göstərilən bütün halları nəzərə alınmaqla torpaq sahəsinin bələdiyyə mülkiyyətində hesab edilməlidir. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehdən tutulmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli 10/36 №li Qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv. metr torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin.a Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-276/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-276/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver