Məhkəmə qərarları › İş №e-2-1(112)-278/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-278/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-278/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisidə yerləşən “334a” saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 20/396 saylı, 27 oktyabr 1987-ci il tarixli qərarı ilə X6 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmışdır. "334” saylı bağ sahəsi X3 adına verilmişdir. X6 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli, 08 saylı protokol siyahısından çıxarışa əsasən “334a” sektor “V” saylıl (360 kv.m, 36×17,5 kv.m) bağ sahəsi İddiaçı verilmişdir. Həmin vaxtdan qeyd olunan bağ sahəsi onun sahiblik və istifadəsindədir. O, bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən 08 fevral 2023-cü il tarixli, **********71 3-21-3-30/2-4171/2023 nömrəli məktubla imtina edilmişdir. İmtinada bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən X10 “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. O, yenidən cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən yenidən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilən sənədlərə əsasən ayrılmış bağ sahəsi 2005-ci ildən onun sahiblik və istifadəsindədir. Mövcud vəziyyətdə (yəni, 2005-ci ildə və bu günki, faktiki vəziyyətinə görə) İddiaçı məxsus bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməyib və yerləşmir. Belə ki, X10 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri tərəfindən təsdiq olunmuş sektor “V”-nin ayrıc aktından çıxarışa əsasən “334a” saylı bağ sahəsi “334” saylı və digər bağ sahələri ilə eyni sırada olmaqla “Yelkən” bağçılıq-yoldaşlığın ayrıc aktının daxilindədir. Həmçinin, qeyd edilən sənədlərə əsasən həmin bağ sahəsinə dair ona sahiblik, istifadə və mülkiyyət hüquqları verilmişdir.

3. Məhkəmənin e-2-1(112)-11005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən X10 “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyəti nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab emtişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətlərindən xx.xx.2023-cü il tarixli, **********71 3- 21-3-30/2-4171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, **********41 3-21-3-30/2-İ-0211-8/2023 nömrəli məktublarla imtina edilmişdir.

10. İddiaçı tərəfindən iş materiallarına Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/39 saylı qərarı, “Yelkən” bağçılıq-yoldaşlığın ayrıc aktı, bağçılıq-yoldaşlığın “V” sektorunun sxematik xəritəsi, “V” sektorunda 334 a saylı bağ sahəsinə dair iddiaçıya verilmiş 131/334 a nömrəli üzvlük bileti əlavə edilmişdir.

11. Azərbaycan Dövlət X10 “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin təsdiq olunmuş 10 may 2005-ci il tarixli, 08 nömrəli protokol-siyahısından çıxarışa əsasən Hövsan ərazisində yerləşən X8 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin üzvü İddiaçı “V” sektorundan “334a” saylı bağ sahəsi verilmişdir. İddiaçı adına olan “Yelkən” bağçılıq sahəsinin “V” sektorundakı “334a” nömrəli bağ sahəsi (630 kv.m (36×17.5 kv.m).

12. Azərbaycan Dövlət X10 “Yelkən” Bağçılıq-Yoldaşlığı tərəfindən cavabdehə ünvanlanmış 002 Y/BY nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən bildirilmişdir ki, Bakı şəhəri X5 İcraiyə Komitəsi tərəfindən 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarı ilə X6 dənizçiləri və sahil işçiləri üçün Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 436 nəfərlik torpaq (bağ) sahəsi ayrılmışdır. X6 rəhbərliyi, Azərbaycan Dəniz Nəqliyyatı X4 Respublika Komitəsi və X1 Həmkarlar İttifaqı Komitəsi tərəfindən 1987-ci ildə birgə yaradılan “Yelkən” (“Parus”) bağçılıq yoldaşlılğı bu günə qədər öz fəaliyyətini davam etdirir. X6 dənizçilərinə, fəhlə və qulluqçularına məxsus Hövsan qəsəbə ərazisində yerləşən “Yelkən” bağçılıq sahəsi 3 sektordan (A, B, V sektorları) ibarətdir. “A” və “B” sektorlarında narahatçılıq yaradan elə bir problemlər yoxdur. Problem əsas etibarı ilə bağ sahələrinin cizgidə bölünməsi və həm də, bağçılıq üzvlərinin adına olan bağ sahələlrinin nömrələnməsi ilə əlaqədar “V” sektorunda yaranmışdır. Bu problemin yaranmasının əsas səbəblərində biri də, həmin sahədəki bataqlığın (suyun dərinliyi 0.5-2.5 metr) qurudulması ilə əlaqədar olmuşdur. X8 məxsus “Yelkən” bağçılıq yoldaşlığın üzvü İddiaçı ünvanına göndərdiyi 3- 21-3-30/2-4171/2023 saylı xx.xx.2023-cü il tarixli bildirişdə göstərilən texniki səhvlərin olması barədə aşağıdakıları nəzərə çatdırırlar: Torpaq Komitəsinin Bakı şəhər şöbəsinin tələbi ilə 2006-cı il dekabr – 2007-ci il yanvar tarixində bağçılığın “V” sektorunda aparılan inventarizasiya zamanı tərtib edilən bağçılıq siyahısı demək olar ki, 2000-2003-cü illərdəki (kağız üzərindəki) siyahının təkrarı olmuşdur. Ona görə ki, bataqlıqqda bağ sahələrinin ölçülməsi və orada abadlıq işlərinin aparılması heç cür mümkün olmamışdır. Suyun dərinliyi buna imkan verməmişdir. Bataqlıqdakı suyun səviyyəsi dəniz suyunun sahildəki səviyyəsinə bərabər idi. Həmkarlar İttifaqı Komitəsi tərəfindən bölgü sxemi (kağız) üzərində yerlər bölünəndə suyun səviyyəsi o qədər çox idi ki, oralara yaxınlaşmaq qeyri-mümkün idi. Külli miqdardda daş karxanasından daşınan torpaq ilə abadlıq işləri görüləndən sonra 1999-2000-ci illərdə HİK sədrlərinin razılığı əsasında “V” sektorunun bağçılıq üzvlərinin sənədlərinin verilməsi başlanılmışdır. Adına bağ sahəsi olan və orada lazım səviyyədə abadlıq işləri görməyən bağçılıq üzvlərinin adları Həmkarlar İttifaqı Komitəsi tərəfindən ümumi siyahıya salınması məsləhət görülməmişdir. O cümlədən, “V” sektorundakı 334 a saylı bağ sahəsinin sahibi İddiaçı adı ümumi siyahıya salınmamışdır. Dənizin səviyyəsi xeyli aşağı düşdükdə sonra sahildə suyun çəkilməsi başlanılmış və 334 a saylı bağın (torpağın) sahibi İddiaçı orada xeyli abadlıq işləri görüb – külli miqdarda daş karxanasından daşınan daşlı torpaq tökərək, dərinliyi 2 metrə yaxın olan ona verilən torpaq sahəsini doduraraq xeyli iş görmüşdür. O da, nəzərə çatdırılmışdır ki, 2018-2019-cu illərdə Azərbaycan Dəniz Nəqliyyatı X4 Respublika Komitəsinin və X2 Həmkarlar İttifaqı Komitəsinin göstərişi ilə aparılan inventarizasiya nəticəsində tətbiq olunmuş “Yelkən” bağçılıq yoldaşlığın yenilənmiş ümumi siyahısı Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Buraxılan texniki səhv səbəbindən 334 a saylı bağın sahibi İddiaçı adı 2019-cu ildə İdarəyə göndərilən ümumi siyahıya salınmamışdır. İddiaçı 1982-ci ildən X7 siravi motorçudan baş mexanikə qədər yüksələn zəhmətkeş bir mühəndisdir. Hal-hazırda da, dənizdə işləyir. Qeyd edilənləri nəzərə alaraq, “Yelkən” bağçılıq yoldaşlığı “V” sektorundakı 334 a saylı bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********96 3-21-3/1-33320/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 334 a saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, eləcə də, xx.xx.2005-ci il tarixli protokoldan çıxarış) İdarənin arxivində aşkar olunmamışdır. Sorğu ilə əlaqədar “Yelkən” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının, bölgü sxemlərinin və xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin müraciətinə əsasən “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 181 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 1. X6 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən “334a” saylı bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, konfiqurasiyası sxemə uyğundur, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinə uyğundur, bağların sxematik xəritəsində qeyd edilmişdir. 2. X6 “Yelkən” bağçılıq-yoldaşlıq cəmiyyətinin 10 may 2005-ci il tarixli 08 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən “334a” saylı bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşmür.

15. Məhkəmənin müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, **********7 3-21-3-30/2-44007/2024 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 630 kv.m olsa da, faktiki olaraq 688.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahənin sərhədlərinin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi ayrıc aktından kənar olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Sahə hər hansı dövlət qeydiyyatına alınmış fiziki şəxsə məxsus sahə ilə üst-üstə düşmür. Lakin, bağçılıq-yoldaşlıq bölgü sxeminə əsasən Geodeziya (Geofizika) İdarəsinə ayrılmış ərazilərdir.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 26 noyabr 2024-cü il tarixli, 3-21- 3-30/2-47285/2024 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Hövsan ərazisində yerləşən 334 a saylı bağ sahəsinin qonşuluğunda **********23-11301 reyestr nömrəli bağ evi və **********29, **********60, **********71 reyestr nömrəli bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, eyni faktiki və hüquqi əsaslara malik olan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən digər fiziki şəxsin adına, o cümlədən qonşuluğunda yerləşən digər fiziki şəxslərin adlarına müxtəlif hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. İşin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi 630 kv.m ölçüdə bağ sahəsi Azərbaycan Dövlət X10 “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin təsdiq olunmuş 10 may 2005-ci il tarixli, 08 nömrəli protokol-siyahısından çıxarışa əsasən onun istifadəsinə ayrılmışdır. Həmin bağ sahəsinə dair iddiaçının adına 131/334 a nömrəli üzvlük bileti verilmişdir. İddiaçının adı bağçılıqyoldaşlıq cəmiyyəti tərəfindən cavabdehə təqdim edilmiş siyahıda mövcud olmasa da, bağçılıqyoldaşlıq cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış arayışda sözügedən bağ sahəsinin iddiaçıya ayrılması bir daha təsdiqlənmiş, siyahıda iddiaçının adının hansı səbəbdən mövcud olmamasına aydınlıq gətirilmişdir. Torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. İddiaçı həmin bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən iddaçının adının “Yelkən” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında olmaması, protokol-siyahısından çıxarışın İdarənin arxivində olmaması, bundan başqa elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə imtina edilmişdir. Məhkəmə cavabdehin həmin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəylərinə və digər sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən “334a” saylı bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, konfiqurasiyası sxemə uyğundur, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinə uyğundur, bağların sxematik xəritəsində qeyd edilmişdir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahənin sərhədlərinin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi ayrıc aktından kənar olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Sahə hər hansı dövlət qeydiyyatına alınmış fiziki şəxsə məxsus sahə ilə üst-üstə düşmür. Bağçılıq-yoldaşlıq bölgü sxeminə əsasən Geodeziya (Geofizika) İdarəsinə ayrılmış ərazilərdir. Lakin, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair sənədlərdən göründüyü kimi, iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara malik olan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə qonşuluqda yerləşən fiziki şəxsin adına, o cümlədən qonşuluğunda yerləşən digər torpaq sahələrinə dair hüquq sahiblərinin adına müxtəlif hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisidə yerləşən, sahəsi 630 kv. təşkil edən “334a” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar