Məhkəmə qərarları › İş №e-2-1(112)-2803/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2803/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2803/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X26 qızının katibliyi, iddiaçı Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********4570 saylı və xx.xx.2021-ci il tarixli **********4578 saylı qərarın ləğv edilməklə 21.000 manat borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2021-cı il tarixli **********4570 saylı qərarı ilə 20.000 manat və xx.xx.2021-cı il tarixli **********4570 saylı qərarla 1000 manat maliyyə sankisiyası tətbiq edilmişdir. Vergilər Departamenti qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, guya o, fəaliyyət göstərdiyi dərzi sexində işçilərlə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmiş və kassa aparatı olmamışdır. Vergi əməkdaşları xx.xx.2021-ci il tarixdə qəfil obyektə daxil olarkən o, orada olmamışdır. Onlar təxminən elə 10 nəfərə yaxın adamla obyektə daxil olmuş və orada olan aidiyyəti olan və olmayan şəxsləri məcbur edərək burda guya işlədiklərini əsas gətirərək izahatlar yazdırmışlar. Yuxarıda qeyd etdiyi kimi o, vergi yoxlaması zamanı orada olmamışdır. Bacısı orada olmuşdur. Ona zorla akta imza etdirmək istəyiblər. Digər şəxsləri isə aldadaraq onlara özləri yazmaqla imza etdiriblər. Orada olan şəxslər işçi olmayıblar. Bəziləri parça dalınca gəlmiş, bəziləri hər hansı aksesuar götürməyə gəlmişdilər. Onları işçi kimi qeydiyyata almışlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3320 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs Nümayəndə (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “Shanti” moda evində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004791 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair akt tərtib edilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4570 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:05-də oxunduğu müəyyən edilmişdir. O cümlədən, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021ci il tarixli DVX seriyalı 006832 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4578 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********9256 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:08-də oxunduğu müəyyən edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Bundan əlavə vergi orqanı tərəfindən keçirilmiş OVN tədbiri zamanı gün ərzində kassa qəbzinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məlum olduğu kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin cəmi bir məbləği belə kassadan yayındırması vergidən yayındırılan məbləğin ümumilikdə artmasına səbəb olur. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi Nümayəndə xx.xx.2021-ci il tarixli izahatında, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi moda evində aşkar edilmiş 10 nəfər işçi ilə aralarında nə əmək nə də xidməti müqavilənin olmadığını, jşçilərə əmək haqqının nağd qaydada 250 manat məbləğində ödənildiyini etiraf edərək, buna səbəb kimi anasının vəfatını bildirmiş, lakin tez bir zamanda bütün işçilərlə əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini qeyd etmişdir. X1 izahatına əsasən o, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-19:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X6 da öz növbəsində Nümayəndə tərəfindən “xadimə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X12 xx.xx.2021-ci ildən Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-17:00-dək olduğunu, əmək haqqının iş həcminə uyğun müəyyən edildiyini bildirmişdir. Digər bir işçi X15 xx.xx.2021-ci ildən Nümayəndə tərəfindən moda evinə “dərzi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-17:00-dək olduğunu, əmək haqqının iş həcminə uyğun müəyyən edildiyini bildirmişdir. Digər bir işçi X13 bir aydır ki, Nümayəndə tərəfindən moda evinə “dərzi-tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-16:00-dək olduğunu, əmək haqqının iş həcminə uyğun müəyyən edildiyini bildirmişdir. Digər bir işçi X3 Vüqar Ramiz oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-19:00-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X7 15 gündür ki, Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00- 18:00-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X8 15 gündür ki, Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi" vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X19 xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən “Şevronların rənglənməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:30-18:30- dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3320 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ Qəzənfər Musabəyov (Rəsulzadə qəs.) 1 ünvanda yerləşən Nümayəndə məxsus “Shanti” Moda Evində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211598181 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur; DVX seriyalı 006832 nömrəli, 13 avqust 2021-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:15-də fərdi sahibkar Nümayəndə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Janor” moda atelyesində həyata keçirilən operativ vergi nəzarəti zamanı obyektdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 52 №-li Qərarının müəyyən etdiyi meyarlara cavab verməyən, AR Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmayan və Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinə cavab verməyən nəzarət kassa aparatının quraşdırıldığı müəyyən edilmişdir; DVX seriyalı 004791 nömrəli, 13 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar Nümayəndə (VÖEN: **********) məxsus “Janor” moda atelyesində operativ vergi yoxlaması zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X6, X15, X12, X13, X20, X8, X7, X4, X19 və X9 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4570 nömrəli qərara əsasən, Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4578 nömrəli qərara əsasən, Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 1.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4571 nömrəli tələbnamədən görünür ki, Nümayəndə büdcəyə ödənilməli olan 20.000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4579 nömrəli tələbnamədən görünür ki, Nümayəndə büdcəyə ödənilməli olan 1.000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən 16 iyun 2022-ci il tarixli məktubla fiziki şəxs Nümayəndə (VÖEN: **********) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlara əsasən, yuxarıda istinad edilən aktda adları qeyd edilmiş şəxslərdən X12, X4, X13, X15 ilə bağlanmış əmək müqaviləsi üzrə bildirişlər 16 avqust 2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Shanti” moda evində 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə 004791 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4570 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 20000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə xx.xx.2021-ci il tarixli, **********4578 nömrəli qərara əsasən iddiaçı 1000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarların ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş 2 qərar təşkil edir: 1) xx.xx.2021-ci il tarixli, **********4570 saylı; 2) xx.xx.2021-ci il tarixli, **********4578 saylı; Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 10 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan obyektdə müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən tələbin faktiki əsası kimi yalnız sözügedən 10 nəfər şəxsin həmin obyektin işçisi deyil, oraya gəlmiş şəxslər olduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 9 nəfər fiziki şəxsdən alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərin bəziləri ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan 9 nəfər şəxs izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin Nümayəndə olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin dərzi sexində işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. İşin obyektiv araşdırılması məqsədilə, sözügedən şəxslərdən X12, X15, X20, X5, X13, X6, X8 və X9 iş üzrə şahid qismində dindirilmişdir. X13 şahid qismində ifadə verərkən verilmiş suallara cavab olaraq, 13 avqust 2021-ci il tarixdə həmin atelyedə işlədiyini, işçilərdən Gülnarə Xanəli və Xalidə Rzayevanı tanıdığını, onların da onun kimi həmin vaxt orada işçi olmasını bildirmişdir. Məhkəmə dindirilmiş şahidlərin ziddiyyətli ifadələrinə və izahat yazmağa məcbur edilmə barədə bildirdiklərinə tənqidi yanaşır və onların ifadələrini iddiaçını məsuliyyətindən yayındırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə həmçinin vurğulayır ki, vergi ödəyicisi (iddiaçı) xx.xx.2022-ci il tarixli ərizə ilə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək, hazırda tərəfindən yayındırılmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını, 814,24 manat pul vəsaitini tamamilə dövlət büdcəsinə ödədiyini bildirmiş və ilk dəfə cinayət törətməsini etiraf etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X12, X13 və X6 oxşar məzmunlu ifadələr verərək əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilmələrini etiraf etmişlər. Həmin qərarda da göstərilmişdir ki, vergi ödəyicisi xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra sözügedən 10 nəfər işçi ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********4578 saylı qərarına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. 7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X32), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla, ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli, KY211598181 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 006832 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində heç bir dəlil irəli sürülməmişdir. Vergi Məcəlləsinin: 16.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.17-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı : İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar