Məhkəmə qərarları › İş №e-2-1(112)-2803/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2803/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2803/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək ona uşağın üç yaşı tamam olanadək qulluq etməyə görə müavinətin verilməsini xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) göndərilmiş, Filial xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, müraciətlə əlaqədar aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, İddiaçı 31 iyul 2021-ci il təvəllüdlü övladları X4 (AZ-İV seriyalı 596487 nömrəli doğum haqqında şəhadətnamə) və X5 (AZ-İV seriyalı 596488 nömrəli doğum haqqında şəhadətnamə) aid “uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət”lə bağlı haqq-hesab cədvəllərinin Əsasnaməyə uyğun tərtib edilmədiyi üçün uyğunsuzluqlar qeyd edilməklə sistem üzərindən geri qaytarıldığı məlum olmuşdur. Həmçinin öz-özünü sığortaedən fiziki şəxslərə Məcəlləyə istinad edilməklə qismən ödənişli sosial məzuniyyətin verilməsinin qanuni əsasının olmadığını və bunun nəticəsi olaraq, öz-özünü sığortaedən fiziki şəxslərin həmin məzuniyyət dövrünə aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinəti almaq hüququnun olmadığı iddiaçının diqqətinə çatdırılmışdır. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “onlayn” şikayət ünvanlamış, həmin tarixdə **********1/10 nömrə ilə qeydiyyata alınmış şikayət Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırılaraq iddiaçıya eyni məzmunlu cavab verilmişdir. Bundan sonra iddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2 övladına görə xx.xx.2021-ci tarixdən 3 yaşa qədər (3 il müddətinə uşaqlarına) qulluğa görə müavinət ödənilməsinin bərpa edilməsi barədə qərar edilməsini və bu öhdəliyin Dövlət Sosial Müdafiə Fondunun və DSMF-nin aidiyyəti qurumlarının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına münasibətdə mümkün sayılmamışdır. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, sahibkardır, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir, məcburi dövlət sosial sığorta haqqı ödəyir. Buna görə də ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.191998-ci il tarixli 189 nömrəli qərarı ilə xx.xx.2021-ci tarixdən 3 il müddətinə hər uşağına görə (2 uşaq) 45 manat (cəmi 90 manat) müavinət ödənilməldir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı haqq-hesab cədvəllərinə əlavə etdiyi, 1 dekabr 2021-ci ildən 31 iyul 2024-cü ilədək məzuniyyətə çıxması ilə bağlı əmrə baxmayaraq, məzuniyyətin başladığı 2021-ci ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək olan dövrü əhatə edən müddətdə fasiləsiz fəaliyyətdə olmuş, fəaliyyətindən gəlir əldə edərək məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Qanunun 1-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Göründüyü kimi, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, əmək qanunvericiliyinə zidd olaraq özü-özünə uşağa qulluğa görə qismən ödənişli məzuniyyət əmri rəsmiləşdirmişdir. Lakin bu dövrdə fəaliyyət göstərmiş, xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödəmiş, eyni zamanda hər hansı itirilmiş gəliri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X3 və X2 xx.xx.2012ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İV № 596488 nömrəli və 596487 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 və X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşlar və ataları X3, anaları İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı vergi ödəyicisi kimi 21 fevral 2017-ci il tarixdə təqdim etdiyi ərizə əsasında vergi uçotuna alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Fəaliyyət növü “Yastıq, döşək və sair bu kimi oxşar malların istehsalı”dır. Həmçinin iddiaçı uçota alındığı tarixdən bugünədək vergi orqanına fəaliyyətin dayandırılması barədə ərizə təqdim etməmişdir. Hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 03 nömrəli əmrdən çıxarışdan görünür ki, fiziki şəxs olan İddiaçı AR ƏM-in 127-ci maddəsinə əsasən özünə, yənin İddiaçı öz ərizəsi əsasında övladının üç yaşı tamam olanadək onlara qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət vermiş, məzuniyyətin başlama tarixi xx.xx.2021-ci il, bitmə tarixi xx.xx.2024-cü il, işə çıxma tarixi xx.xx.2024-cü il göstərilmişdir. İddiaçı hazırda ona xx.xx.2021-ci il təvəllüdlü 2 uşağına 3 yaşlarına qədər qulluğa görə qismən ödənişli məzuniyyət dövrü üçün müavinət ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Sosial sığort haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 5-ci maddəsinə görə sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir. “Sosial müavinətlər haqqında” Qanununa əsasən: - Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; - maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda; - maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə; - maddə 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən həmin Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 5-ci hissəsinə əsasən:

78. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

79. Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir.

80. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

81. Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər.

82. Ananın stasionarda müalicə olunması ilə əlaqədar uşağa qulluq edə bilməməsi hallarında da uşağa qulluq edilməsinə görə məzuniyyət həmin qaydada rəsmiləşdirilir. Bu zaman müavinət uşağın anasına verilməyən müddət üçün faktiki ona qulluq edənə ödənilir.

84. Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.

88. Əgər uşaq məktəbəqədər təhsil müəssisələrində (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir. Həmin Əsasnamənin 113-cü bəndinə əsasən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır. Müdiriyyətin müavinət təyin edən komissiyasına məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir. İstinad olunan normalardan göründüyü kimi, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdıqda məzuniyyət müddətinə verilir. Burada məqsəd işləyən şəxsin uşağa qulluq etdiyi dövrdə əmək haqqı almaması nəticəsində məruz qaldığı itirilmiş gəlirlərin kompensasiya edilməsidir. Təsadüfi deyildir ki, şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan, yəni işə çıxmaqla əmək haqqı aldığı andan ona verilən bu müavinətin ödənişi dayandırılır. Belə olan halda aydın olur ki, hazırkı mübahisənin həlli üçün müəyyən edilməli hal iddiaçının qismən ödənişli sosial məzuniyyətdə olub olmamasının, daha doğurusu, onun belə bir hüququnun mövcudluğunun müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini Azərbaycan Respublikası Əmək Məcəlləsi tənzimləyir. Həmin Məcəllənin 3-cü maddəsinə görə: - 2.İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. - 3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. - 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. Həmin Məcəllənin 110.1-ci madəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 111-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Sadalanan normalardan görünür ki, məzuniyyət hüququ, o cümlədən sosial məzuniyyət hüququ əmək münasibətləri çərçivəsində yaranır və bu hüquq işçiyə məxsus hüquq olmaqla onunla bağlanan əmək müqaviləsinə əsasən tənzimlənir. İşdən görünür ki, iddiaçı işçi deyil, onunla əmək müqaviləsi bağlanılmamışdır. O, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs, yəni fərdi sahibkardır. İddiaçı həmçinin işəgötürən olmaqla özü ilə əmək münasibətində deyildir (ola da bilməz, çünki əmək münasibəti işəgötürən və işçi arasında yaranır). Belə olan halda aydındır ki, iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti əmək fəaliyyəti, yaranan münasibətlər isə əmək münasibətləri olmadığından bu münasibətə Əmək Məcəlləsinin müddəaları tətbiq edilə bilməz. Deməli, iddiaçının Əmək Məcəlləsindən irəli gələn məzuniyyət hüququ, o cümlədən qismən ödənişli sosial məzuniyyət almaq hüququ mövcud deyil. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdıqda verildiyindən, iddiaçının isə fərdi sahibkar kimi qismən ödənişli sosial məzuniyyətə çıxmaq hüququ olmadığından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə anadan olmuş iki uşağına 3 yaşadək qulluğa görə müavinət ödənilməsini tələb etmək hüququ mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası isə əsaslı olduğundan bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır, buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar