Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2810/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 49.6 kv.m olan qeyri-yaşayış sahəsi (ticarət obyekti) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 49.6 kv.m olan qeyri-yaşayış sahəsi (ticarət obyekti) 2000-ci ildən İddiaçı istifadəsində olmuşdur. O, qeyd olunan ticarət obyektinin ilkin hüquqi qeydiyyata alınması üçün xx.xx.2008-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 75393117 saylı məktubundan da görünür ki, qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sənədləşdirilməsinə və hüquqi qeydiyyata alınmasına etiraz edilməmişdir. Eyni zamanda da Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli tarixli, 8-24-151 saylı məktubundan da görünür ki, qeyd olunan ticarət obyektinin sənədləşdirilməsi və eskiz layihəsinin verilməsi razılaşdırılmışdır. İddiaçı 01 iyun 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək qeyd olunan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) İddiaçı adına rəsmiləşdirilməsi və dövlət reyestrində qeydiyyata alınaraq ona Çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 iyul 2024-cü il tarixli 3-21-3/2- İ0585/05-8/2024 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi 23 may 2024-cü il tarixli 3-18-2/2-İ-4496-8/24 saylı məktubunda bildirmişdir ki, bu məsələnin həlli Agentliyin səlahiyyətləri xaricindədir. Buna görə məsələnin həll edilməsi üçün məhkəmə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Tərəfindən 24 iyul 2024-cü il tarixli 114 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək qeyd olunan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) İddiaçı adına rəsmiləşdirilməsi və dövlət reyestrində qeydiyyata alınaraq ona Çıxarış verilməsi xahiş etmişdir. Həmçinin 29 iyul 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən ərizə ilə müraciət edilərək həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi məsələsinin məhkəmə müstəvisində mübahisələndirildiyi üçün satılmasına və hər hansı bir hərəkətlərin edilməsinə məhdudiyyət qoyulmasını xahiş etmişdir. Bu müraciətinə də bu günə qədər heç bir cavab verilməmişdir.
3. Cavabdehin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı tərəfindən qeyri-yaşayış binasına, həmçinin qeyri-yaşayış binasının inşa olunduğu torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa ümumi ərazidə yerləşən qeyri-yaşayış binalarına qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq digər şəxs X3 tərəfindən müraciət olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman qeyri-yaşayış binasının faktiki ölçüsünün 43.1 kv.m torpaq sahəsinin isə ölçüsünün 57.7 kv.m olduğu məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edir.
4. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli məktubunda bildirilmişdir ki, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 49.6 kv.m torpaq sahəsi İddiaçı tərəfindən tullantılardan təmizlənərək istifadəyə yararlı hala gətirildiyi müəyyən olnumuşdur. Qeyd olunanlara əsasən Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəyə yararlı hala gətirdiyi 49.6 kv.m torpaq sahəsinə icarə müqaviləsi bağlanmasına köməklik göstərilməyi xahiş edilir.
5. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-5795/17 saylı, xx.xx.2005-ci il tarixli razılıq məktubunda Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 49.6 kv.m torpaq sahəsi İddiaçı istifadəyə yararlı hala gətirdiyi 49.6 kv.m torpaq sahəsinə icarə müqaviləsi bağlanılır.
6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli məktubunda bildirilmişdir ki, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 49.6 kv.m ticarət obyekti 2000-ci ildən fəaliyyət göstərir. Qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində inşa etdiyi ticarət obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsində və ilkin hüquqi qeydiyyata alınmasında köməklik göstərilməsi xahiş edilir.
7. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75393/17 saylı, xx.xx.2008-ci il tarixli razılıq məktubunda Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində 49.6 kv.m mövcud ticarət obyekti sənədləşdirilsin. Qeyd olunanları nəzərə alaraq Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində tikilmiş mövcud ticarət obyektinin eskiz layihəsi razılaşdırılır.
8. xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyəverən Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-5795/17 saylı, xx.xx.2005-ci il tarixli məktubu əsasında Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 49.6 kv.m sahəsini istifadə etmək üçün İcarəçi İddiaçı vermişdir.
9. 18.01.2013-cü il tarixli icarə müqaviləsinə əsasən İcarəyəverən Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-3611/17 saylı, xx.xx.2006-ci il tarixli məktubu əsasında Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 49.6 kv.m sahəsini istifadə etmək üçün İcarəçi İddiaçı vermişdir
10. İş materiallarına İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ticarət obyektinin layihəsi, planı və xx.xx.2013-cü il tarixli istismara qəbul aktı əlavə edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdilər.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
29. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində yerləşən 49.6 kv.m torpaq sahəsinə dair sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının məktubu əsasında İddiaçı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanılmışdır. Eyni zamanda, sonuncuya Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən ünvanlanan məktubla sözügedən torpaq sahəsi üzərində iddiaçının inşa etdiyi qeyri-yaşayış sahəsi – ticarət obyekti üzərində sənədləşdirilmənin həyata keçirilməsi xahiş edilmişdir. (Sənədlərin əslinə məhkəmə iclasında baxış kecirirldi)
30. Qeyd edilməlidir ki, həmin hərəkərlərin nəticəsi olaraq qeyri-yaşayış sahəsinin eskiz layihəsi razılaşdırılmış və istismara qəbul aktı Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən təsdiq edilmişdir.
31. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsinin sağ tərəf hissəsində inşa edilən ticarət obyekti və onun yerləşdiyi 49.6 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər - torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı iddiaçı tərəfindən təqdim edilmişdir.
32. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənəd təqdim edildiyindən iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır.
33. Odur ki, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
34. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 49.6 kv.m. olan qeyri-yaşayış sahəsi (ticarət obyekti) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva