Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2813/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğum tarixinin xx.xx.2004-cü il olması barədə vətəndaşlıq vəziyətlərinin qeydiyyatı kitabında düzəlişin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdə İran İslam Respublikasının Kərəc şəhərində anadan olmuşdur. X8 Əli İran vətəndaşıdır. İddiaçı uzun müddət İran İslam Respublikasında yaşasa da, hal-hazırda Azərbaycan Respublikasına köçmüş və burada yaşayır. Azərbaycan Respublikasında doğum haqqında şəhadətnamə və ümumvətəndaş pasportu alarkən doğum tarixi səhv olaraq xx.xx.2005-ci il tarixi kimi yazılmışdır. İddiaçının doğum tarixi xx.xx.2004-cü il tarixli olduğundan bu faktın onun üçün hüquqi əhəmiyyəti vardır. Lakin Azərbaycan Respublikasında əldə etdiyi sənədlərdə doğum tarixi səhv olaraq yazılmışdır. İddiaçı onun üçün hüquqi əhəmiyyəti olan faktın, yəni doğum tarixinin düz qeyd edilməsini başqa cür düzəldə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqana bununla bağlı müraciət etsə də, doğum tarixində olan səhvin düzəldiləmisindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, İddiaçı doğum haqqında şəhadətnaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən dəyişiklik edilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında hazırkı tələb üzrə iddiaçının məqsədinin ona məxsus doğum haqqında akt qeydində doğum tarixinə dəyişiklik edilməsi olduğunu bildirmiş və iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. Cavabdeh qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı doğum haqqında akt qeydində doğum tarixinə dəyişiklik edilməsi ilə bağlı əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciəti təmin edilmədiyindən, həmin qeydiyyat şöbəsinə qarşı müvafiq tələblə iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, İran İslam Respublikası tərəfindən tərtib edilmiş X49622112 saylı pasportda iddiaçının doğum tarixi xx.xx.2004-cü il, lakin AA******* saylı şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.2005-ci il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən AA******* saylı şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.2004-cü ilə dəyişiklik edilməsi imkan xaricindədir. -3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005ci il tarixdə İran İslan Respublikasının Tehran şəhərində doğulmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2014-cü il və xx.xx.2018-ci il tarixlərdə verilmiş, C00455654, C01934064 nömrəli ümumvətəndaş pasportlarının surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.2005-ci ildir. -İran İslam Respublikasının Miqrasiya və pasport polisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Zehtabqiyasi X15 məxsus pasportun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2004-cü ildə Kərəc şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ********** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Kərəc şəhərində doğulmuşdur. Atası Zehtabqiyasi X5, anası X3r. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğu məktubu ilə cavabdeh Yasamal rayon Qeydiyyat şöbəsindən İddiaçı Məhəmməd qızının doğum haqqında akt qeydinə dair düzəliş edilməsinə dair müraciətinin, vətəndaşlıq aktlarının qeydiyyat kitabında iddiaçı ilə bağlı xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydinin və onun verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə verilmiş cavab məktubunda bildirilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixdə doğum tarixinin dəyişdirilməsi barədə Yasamal rayon Qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmışdır. Zehtab X4 doğumu xx.xx.2007-ci il tarixdə 04 saylı akt ilə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi tərəfindən qeydə alınmışdır. Həmin doğum akt qeydində və AA******* saylı şəxsiyyətini təsdiq edən sənəddə doğum tarixi “xx.xx.2005”-ci il yazılmışdır. X20 Respublikası tərəfindən verilmiş X4962212 saylı pasportda doğum tarixi “xx.xx.2004”-cü il yazılmışdır. Göstərilənlərə əsasən Zehtab X4 doğum akt qeydində doğum tarixinin “xx.xx.2005”-ci ildən “xx.xx.2004”-cü ilə düzəliş edilməsindən imtina edilmişdir. -Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş iddiaçının Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsi tərəfində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydindən görünür ki, “Uşaq haqqında məlumat” bölməsində soyadı qrafasında- Zehtabqiyasi, ad qrafasında- Fatimə, ata adı qrafasında- Məhəmməd Əli, doğulduğu yer- İran İslam Respublikası, Tehran şəhəri, Kərəc, doğulduğu vaxt “xx.xx.2005-ci il”, uşağın doğumunu təsdiq edən sənədlər qrafasında- şəxsiyyət vəsiqəsi kimi qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən iddiaçıya məxsus xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydinin aparılması üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının İran islamn Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində Səfirliyin fəaliyyətimnin dayandırılması barədə qərar qəbul edilmişdir. Səfirliyin fəaliyyəti bərpa edildikdən sonra sorğunun aidiyyəti üzrə göndərilməsi mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusu ilə AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və C01934064 nömrəli ümumvətəndaş pasportunun verilməsinə əsas olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -İddiaçı məxsus AZE 12903028 nömrəli, xx.xx.2018-ci il tarixli əvvəlki şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix İran, Tehran şəhəri, xx.xx.2005-ci il göstərilmişdir. -Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən İddiaçı verilmiş arayışın surətindən görünür ki, doğum tarixi xx.xx.2005-cı il göstərilmişdir. -İddiaçının valideynləri X14 və X1 xx.xx.2018-ci il tarixli ərizə ilə AR DİN BPQMİ-yə müraciət edərək övladları, xx.xx.2005-ci il təvəllüdlü X2 ümumvətəndaş pasportu almasına etiraz etməmişlər. -İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verildiyi bildirilən ********** nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş kserosurətində aşağıdakı məlumatlar qeyd olunmuşdur: Adı: Fatemeh (Fatimə) Soyadı: Zehtab Ghiasi (Zehtab Qiyasi) Cinsi: Qadın Atasının adı: Mohammad Ali (Məhəmməd Əli) Anasının adı: Konul Shahsuvarova (Könül Şahsuvarova) Doğum tarixi: xx.xx.2004 Doğulduğu yer: Karaj (Kərəc) Karaj (Kərəc) X7 idarəsinin möhr və imzası ilə təsdiq edilmişdir. Sənədin verildiyi yer: Karaj (Kərəc) Sənədin verildiyi tarix: xx.xx.2004 Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.2004-cü il tarixə dəyişdirilməsindən ibarətdir. İddiaçı tələbinin əsası kimi İran İslam Respublikasının Miqrasiya və pasport polisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş pasporta və İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verildiyi bildirilən ********** nömrəli doğum haqqında şəhadətnaməsində doğum tarixinin “xx.xx.2004” olaraq qeyd edildiyinə istinad edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmamışdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydalardan: -1.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. -1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. -2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə səciyyələndirmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, iddiaçının təqdim etdiyi İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verildiyi bildirilən ********** nömrəli doğum haqqında şəhadətnamə və İran İslam Respublikasının müvafiq qurumu tərəfindən 2019-cu il tarixdə verilmiş pasport kserosurətdir və notarial qaydada təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən notariat qaydasında təsdiq olunmuş və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlər sübut kimi qəbul edilə bilər. Həmçinin iddiaçı tərəf həmin sənədlərin əslini də məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə həmin sənədləri mötəbər sübut kimi qiymətləndirmir. Bundan başqa iddiaçı ********** nömrəli doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum akt qeydini də məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda nə qədər ki, həmin akt qeydi məhkəməyə təqdim edilməyib, mübahisələndirilən qeyddəki doğum tarixi məlumatının yanlış olması ilə bağlı qənaətə gəlmək mümkün deyil. Eyni zamanda iddiaçı Kərəc şəhərində qeydiyyat orqanı tərəfindən aparılmış doğum aktının qeydi mövcud olduğu halda həmin ölkədə yerləşən Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində doğumunun yenidən qeydiyyata alınması üçün müraciət edilməsinin hansı zərurətdən irəli gəlməsini əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli akt qeydinin əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamədə, iddiaçıya verilmiş şəxsiyyət vəsiqələrində, ümumvətəndaş pasportunda və digər sənədlərdə onun doğum tarixi kimi məhz xx.xx.2005-ci il tarixi göstərilmişdir. Həmçinin, iddiaçıya Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu verilməsi üçün təqdim edilmiş ərizədə və digər sənədlərdə onun doğum tarixi valideynlərinin verdiyi məlumatlar əsasında “xx.xx.2005-ci il” kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sənədləri arasında ziddiyyət mövcud olduğundan onun doğum akt qeydində müvafiq dəyişiklik edilməsi üçün kifayət qədər əsas yoxdur. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz sayılmamalı, iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2813/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2813/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver