Məhkəmə qərarları › İş №e-2-1(112)-2824/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2824/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2824/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman təqdim edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü müəyyən olunmuşdur. Bu səbəbdən sözügedən daşınmaz əmlakın texniki pasportda qeyd olunan əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə uyğun icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Bundan başqa, İdarənin arxivində mövcud olan və surəti təqdim olunan 1963-cü il tarixli texniki pasportda hüquq sahibinin ad və ata adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunan texniki pasportda təsdiqlənmiş düzəliş edilərək hüquq sahibi kimi X6, İdarənin arxivində mövcud olan nüsxəsində isə X1 qeyd olunmuş, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona atası X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı hüququnun təmin edilməsi üçün texniki pasporta uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 821,2 kv metr torpaq sahəsi üzərində mükliyyət hüququnun X5 məxsus olması barədə iddiaçıya arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, atası X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi sökülməmişdir. Belə ki, bu evə aid 1963-cü il texniki pasportda bu yaşayış evinin 821,2 kv metr həyatyanı torpaq sahəsindən, 64 kv metr evdən və kiçik ölçülü digər yardımçı sahələrdən ibarət olmaqla 1930-cu ilə inşa edilməsi qeyd edilmişdir. Təbii haldır ki, 1930-cu ildə tikilmiş ev hansısa əsaslı təmir-bərpa işlərinə məruz qalmalı idi. Bu ünvanda yerləşən 64 kv metr olan ev təmir edilərək qaraj qismində, digər sahələr də təmir edilərək yardımçı tikili kimi istifadə edilməyə başlanmış və torpaq sahəsində isə heç bir dəyişiklik edilməmişdir. Cavabdeh orqan baxış keçirdiyi evin və torpaq sahəsinin ünvan 2 ünvanında yerləşdiyi (Ərizəçi olan iddiaçının ailə üzvləri ilə birlikdə doğulduğu vaxtdan bu unvanda yaşaması onun pasport qeydiyyatı, yerli icra nümayəndəliyinin təsdiq etdyi aktla ilə təsdiq edildiyi) halda bu ərazinin texniki pasportda qeyd olunan əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmaması kimi qeyd etməsi ən azı anlaşılmazdir və qərəzli yanaşmadır. Texniki pasportda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həyat yanı sahənin 821,2 kv metr olduğu halda, eyni ilə fakti sahədə bu qədərdir. Yəni sənəd üzrə, fakt üzrə sahə eyni olduğu, eləcə də ünvan eyni olduğu halda vərəsəlik hüququnun təmin edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulum mülkiyyət hüquqlarının təmin edilməməsi ilə nəticələnən süründürməçilikdən başqa bir mənası yoxdur. Torpaq sahəsinin sxemi, ölçüləri, ünvanı tam qeyd edilmişdir. Yəni dövlətin inzibati orqanı kimi cavabdehin əsas vəzifəsindən biri vətəndaşın hüquqlarının təmin olunması istiqamətində zəruri və mümükün hərəkətləri etmək olduğu halda, inzibati orqan əsassız və qanunsuz hərəkətləri ilə hüquqları dövlət qeydiyyatına alınmasından imtina edir. Texniki pasporta gözlə baxanda müəyyən etmək olur ki, bu düzəliş uzun illər əvvəl inzibati orqan tərəfindən edilmiş və iki yerdə möhürlə təsdiq olunmuşdur. Edilmiş düzəlişin bir nüsxəsinin arxivə göndərilməməsi həmin dövr mövcud olan inzibati orqanın vəzifəsinə aid olan bir səlahiyyət olmuşdur. Vaxit ilə inzibati orqanın öz vəzifəsini layiqincə yerinə yetirməməsinə görə, yəni düzəliş edilmiş texniki pasportun bir nüsxəsinin arxivə təqdim edilməməsinə vətəndaş cavabdehlik daşıya bilməz və bu hal vətəndaşın problemlə üzləşməsinə əsas olmamalıdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman təqdim edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü məlum olmuşdur. Bu səbəbdən texniki pasportda qeyd olunan əraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, yeni inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə uyğun icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan avqust 1963-cu il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Mərdəkan qəsəbəsi, 28 aprel küçəsi, ev 11 ünvanında yerləşən 821,2 kv.metr torpaq sahəsində yerləşən 64 kv.metr sahəsi olan fərdi yaşayış evi X5 məxsusdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1967-ci ildə ölmüşdür. 763807 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı atası X6, anası X8r. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.1967-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdrəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, texniki pasporta əsasən “A” literli yaşayış evi sökülmüşdür. Torpaq sahəsində yeni birmərtəbəli yaşayış evi və həyət tikililəri tikilmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyətini əks etdirən müayinə aktından görünür ki, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 19.2 kv.metr olmuş, faktiki sökülmüş, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 821.2 kv.metr olmuşdur. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, vərəsə kimi atası R.Nəsirova məxsus həmin 11 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədi, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir və həmin sənəd hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı atasına məxsus daşınmaz əmlakla bağlı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən:

1. texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyündən sözügedən daşınmaz əmlakın texniki pasportda qeyd olunan əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmamsına;

2. yeni inşa edilmiş fərdi yaşayış evinə dair sənədlərin təqdim edilməməsinə;

3. təqdim olunan texniki pasportda təsdiqlənmiş düzəliş edilərək hüquq sahibi kimi X6, İdarənin arxivində mövcud olan nüsxəsində isə X1 qeyd olunması, eyni şəxs olması barədə sənəd təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edilməsi tapşırılmışdır. İşdən görünür ki, iddiaçı texniki pasporta göstərilən 821,2 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir, hansı ki bu ölçü faktiki vəziyyətə uyğundur. Texniki pasportda göstərilən fərdi yaşayış evi sökülsə belə, iddiaçının hüququn qeydə alınmaını tələb etdiyi əmlakın yerləşdiyi ünvanla texniki pasportda göstərilən ünvan göstəriciləri eyinidir. Həmçinin işdə olan Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, mərhum X10 oglu (11 12 1967-ci il tarixdə vəfat edib Əsas AZ-İİ 344435 X9) vəfat edən gunə qədər-- vətəndaş İddiaçı ilə birlikdə Mərdəkan qəsəbəsi, 28 May kuçəsı, ev 11 ünvanında yaşamışdır. Göründüyü kimi, işin halları ilə iddiaçının naturada göstərdiyi sahə ilə texniki pasportda göstərilən sahənin eyni olması müəyyən edilir. Cavabdeh bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməsə də, əsassız olaraq iddiaçının təqdim etdiyi sənədləri şübhə altına almışdır. Təqdim olunan texniki pasportdakı adla arxivdə olan sənəddəki ad uyğunsuzluğuna gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, texniki pasport əvvəlcə Rüstəm Nəsirovun atasının adına tərtib edilmiş, daha sonra Rüstəm Nəsirovun adına dəyişdirilmiş, bu dəyişiklik səlahiyyətli qurumun möhrü və imzası ilə təsdiq edilmiş, cavabdeh də düzəliçin təsdiq edildiyini qəbul etmişdir. Fərdi yaşayış evinə dair sənədlərin təqdim edilməsinə gəldikdə, işdən görünür ki, ididaçı tələbini həmin hissədə azaltmışdır. Buna görə də məhkəmə həmin hissəyə münasibət bildirilməsini zəruri saymır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq

qərara aldı:

İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən 821,2 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar