Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2833/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı DİN Tİ-nin xx.xx.2018-ci il tarixli göndərişi əsasında müddətsiz əlillik dərəcəsi təyin edilmiş, daha sonra iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi, İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli xxxxxxx0003 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı xəstəliyi qiymətləndirilmiş və üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunması meyarı: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4), TSEK-in diaqnozu isəOD-görmə sinirinin atrofiyası, artrofakiya. VİSOD=0.02 k/etmir (yüzdə iki), VİSOS=1.0(vahid). Artrofakiya. Monokulyar korluq olmuşdur. Əlilliyin müddəti isə “müddətsiz” müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir inzibati akt qəbul etmədən, iddiaçıya hər hansı bir məlumat təqdim etmədən xx.xx.2019-cu il tarixindən etibarən əlilliyin qiymətləndirilməsi etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyası dayandırılmışdır. İddiaçı tərəfindən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə şifahi müraciətlərindən sonra xx.xx.2024-cü il tarixində yazılı ərizə ilə müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunmasını xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ərizəyə baxılmış, lakin qaldırılan məsələ müsbət həll edilməmişdir. İnzibati orqanın xx.xx.2024-cü il tarixli 3-14-4/2-Ə- 23194/2024 nömrəli imtina məktubunu iddiaçı həm e-sosial.az portalı, həm də “Azərpoçt” vasitəsilə ilə almışdır. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı DİN Tİ-nin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H47 - Görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikliri => H47.2...; Diaqnozun mətni: OD-görmə sinirinin atrofiyası,artrofakiya. VİSOD=0.02 k/etmir(yüzdə iki),VİSOS=1.0(vahid). Artrofakiya. Monokulyar korluq; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin göndərişi rəsmiləşdirmiş orqan məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, bir sıra şəxslərin orqana aidiyyətinin olmaması, tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən (müraciətə cavab vermədiyindən) hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2018-ci il tarixində ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar İddiaçı dair aparılmış əlillik təyinatı qərarı xx.xx.2019-ci il tarixdən ləğv edilmişdir. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə İddiaçı dair göndəriş daxil olmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya Bakı DİN Tİ-nin xx.xx.2018-ci il tarixli göndərişi əsasında müddətsiz əlillik dərəcəsi təyin edilmiş, əlilliyin təyininə əsas verən dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyinə görə müayinə “Əlillik” altsistemində etibarsız edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olan redaksiya): 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı, iddiaçıya əlilliyin təyin edilməsinə dair inzibati iş materiallarının (əlilliyin təyin edilməsi, müddətinin uzadılması barədə qərarlar, müayinə aktları, müraciət və digər materiallar), o cümlədən əlilliyin təyin edilməsi barədə inzibati aktın ləğv edilib-edilməməsi, əlilliyin etibarsızlığı ilə bağlı qərar qəbul edilib-edilməməsi, ümumiyyətlə əlilliyin etibarsız hesab edilməsi ilə bağlı inzibati araşdırma aparılmışdırsa inzibati araşdırma materialına daxil olan bütün sənədlərin (inzibati araşdırma zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilib-edilməməsi, canlı müayinəsinin aparılıb-aparılmaması və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün cavabdehə sorğu göndərilsə də, müvafiq məlumatlar və sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanunauyğun” olmalıdır. Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş və iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etməyərək eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 57.1-ci maddəsinə əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 58.3-cü maddəsinə əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, əlilliyin etibarsız hesab olunmasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1759/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-1719/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli Qərarları). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8-10/2- 824/2024 saylı məktubu ilə təqdim edilmiş, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki, “85. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bu baxımdan iddiaçının əlilliyi bərpa edilməli, lakin bu müddət cavabdehə bərpa ilə bağlı müraciət etdiyi-xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ən azı ona görə ki, həmin tarixdə oxşar mübahisələr üzrə məhkəmələrin mövqeyi cavabdehə bəlli idi. Lakin, hazırkı iddia üzrə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırır: Konstitusiya normasına əsasən dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Lakin nəzərə almaq lazımdır ki, bir neçə istisna hal xaricində fiziki şəxs həyatı boyu yalnız öz hərəkətləri və hərəkətsizliyi üçün məsuliyyət daşıyır. Dövlət isə bütün vəzifəli şəxlərin, dövlət qulluqçularının vəzifələri ilə bağlı hərəkətləri və hərəkətsizliyi ilə bağlı məsuliyyət daşıyır. Dövlətin məsuliyyətinin bu qədər böyük olduğunu nəzərə alaraq fiziki şəxslərin şikayəti olmadan pozulmuş hər bir hüququn vaxtında aşkar edilməsini, qarşısının alınmasını gözləmək reallığa uyğun deyildir. Bir halda ki, dövlət və onun sərvətləri xalqa mənsubdur, hər bir vətəndaş da məsuliyyətinin fərqində olmalıdır. Belə ki, dövlətin, onun orqanlarının adından vəzifəsini yerinə yetirən şəxslər tez-tez dəyişilə biləcəyindən və fiziki şəxs kimi səhvlərə yol verə biləcəklərindən onların qanunazid əməllərinin məsuliyyətinin yalnız dövlətin üzərinə qoyulması digər vətəndaşlara qarşı da ədalətsizliyə gətirib çıxarar. Çünki bu kimi hallarda vətəndaşın pozulmuş hüquqlarının maddi məsuliyyəti dövlət tərəfindən dövlət büdcəsindən qarşılanır. Büdcədən pensiyaların verilməsi üçün istifadə olunan vəsait isə şəxslərin ödədiyi sosial sığorta ödənişlərindən, vergilərdən formalaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 5.40.1-ci maddəsində görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyə orqanlarında dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan qanunvericiliyə riayət edilməsi, iqtisadi-nəzarət işlərinin yerinə yetirilməsi, maliyyə nəzarətinin üsul və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, dövlət büdcəsinə gəlirlərin tam və vaxtında daxil olmasının təmin olunması, büdcə gəlirlərinin artması imkanlarının aşkar edilməsi və vəsaitin xərclənməsində israfçılığın qarşısının alınması, dövlət vəsaitinin qorunması, onun düzgün və qənaətlə xərclənməsi, büdcə təşkilatlarında mühasibat uçotunun aparılması və hesabatın düzgün tərtibi işlərinin yoxlanılmasını həyata keçirir. Bir halda ki, dövlət tərəfindən bunun yoxlanılması həyata keçirilir, o deməkdir ki, dövlət büdcəsinin qorunmasında, israfçılığa yol verilməməsində bütün fiziki və hüquqi şəxslər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Büdcənin məsuliyyətsizcə israf olunması gələcəkdə qanuni və əsaslı olaraq pensiya almaq hüququ olan şəxslərin bu hüququnun reallaşdırıla bilinməyəcəyi büdcə problemlərinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan iddiaçının əlilliyinin xx.xx.2019-cu il tarixdən etibarsız hesab edildiyini bildiyi halda xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etməklə ötən bütün dövr üzrə pozulmuş hüquqlarının bərpası tələbində haqlı sayıla bilməz. Nəzərdən qaçırmaq olmaz ki, iddiaçının hüquqlarının pozuntusunun artmasında özünün passiv davranışı da böyük rol oynamışdır. Bu həmçinin cavabdehin vaxtında öz “səhvini bilməsi və düzəltməsi” imkanına əks təsir etmişdir. Hazırkı iddia çərçivəsində cavabdeh yuxarıda qeyd edilmiş əsaslara görə qanunsuzluğa yol verməklə, iddiaçı da vaxtında müraciət etməməklə təqsirli davranışa yol vermişlər. Belə olduğu təqdirdə bütün təqsiri tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoyulması ədalətli məhkəmə araşdırması prinsipini pozardı. Avropa Məhkəməsinin “Nikitin Rusiya Federasiyasına” qarşı və digər bir çox qərarında qeyd edilir ki, “hökumət ərizəçinin maraqları ilə və ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsi arasında ədalətli bərabərlik səviyyəsini təmin etməlidir.” Məlum olduğu kimi hüquq münasibətlərinin tənzimlənməsində ən əhəmiyyətli prinsiplərdən biri bərabərlik prinsipidir. Hazırkı iddia üzrə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi bərabərlik prinsipinin pozulmasına səbəb ola bilər. Belə ki, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinin əsası inzibati icraat aparmamaq və ya düzgün aparmamaqdan irəli gəlir. Mövcud praktika onu göstərir ki, bu əsasla qəbul edilmiş məhkəmə qərarlardından sonra cavabdeh orqan tərəfindən inzibati icraat aparılaraq vətəndaş barəsində əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilir. Vətəndaş ya həmin qərarla razılaşır, ya da iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddianın təmin edilibedilməməsi işin hallarından asılıdır, lakin cavabdehin mövqeyində haqlı olduğu iddialar da kifayət qədərdir. Qeyd edilənlərin məntiqi nəticəsi ondan ibarətdir ki, əlilliyi əsaslı olaraq ləğv edilmiş, lakin ilkin mərhələdə proseduru düzgün aparılmamış şəxslərin vəziyyətində bərabərlik pozula bilər, eyni zamanda sui-istifadəyə gətirib çıxara bilər. Belə ki, bir şəxs etibarsızlıq halında dərhal orqana müraciət edib onu “səhv”i barədə xəbardar edib onu düzəltməyinə şans yaradırsa, məhkəmə qərarı ilə hüquqları barpa olunduğu zaman mübahisənin yarandığı vaxtla müraciətin edildiyi vaxt demək olar eyni olduğu üçün onun əldə edəcəyi maddi mənfəət (pensiya) ədalətli olacaqdır. Nəzərə alsaq ki, məhkəmə prosesləri üç instansiya olmaqla adətən bir ildən çox müddəti əhatə edir, digər bir şəxs həmin müddət də daxil olmaqla etibarsızlıq halından illər sonra müraciət etdiyi halda kifayət qədər uzun müddəti əhatə edən dövr üçün maddi mənfəət (pensiya) əldə etmiş olacaqdır. Bu, qeyd edilən halda məsuliyyətli davranan şəxslə bu cür davranmayan şəxsin vəziyyəti arasında ədalətsiz fərq qoyulmasına səbəb olacaqdır. Eyni zamanda bu cür praktika formalaşacağı təqdirdə əlilliyinin qanuni əsasının olmadığını, qanuni icraat aparıldıqda əleyhinə qərar qəbul ediləcəyini bilən hər hansı bir şəxsin bu vəziyyətdən istifadə edərək illər sonra müraciət edərək uzun bir dövr üçün özünə haqsız “qazanc” əldə etmək istəməsi də təxmin edilə bilən sui-istifadə hallarına səbəb olacaqdır. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalın 26-cı bəndində qeyd edilmişdir ki, “Əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki statusa bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmaqla, müalicə müddəti şərtinin ödənilməsi yoxlanılmalıdır.” Qeyd edilən müddəa hazırkı problemi tam əhatə etməsə də, demək olar ki, məhkəmənin hazırkı mövqeyini dəstəkləyən xüsusiyyətdədir. Amma hər bir halda İcmalda məhz bu problemə toxunulmamasına istinad edərək məhkəmənin hazırkı mövqeyini əsassız hesab etmək olmaz. Çünki nəzərə almaq lazımdır ki, icmal sadəcə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə tərtib edilmişdir. Yəni həmin işlərin arasında məhkəmənin hazırda mövqe bildirdiyi problemlə bağlı iddia olmamışdırsa, bununla bağlı münasibətin olmaması da təbii haldır. Buna görə də məhkəmənin hazırkı mövqeyinin İcmala zidd olmasını deməyə əsas yoxdur. Oxşar situasiya ilə bağlı demək lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının Qərardadında qeyd edilmişdir ki, “.... müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.” Həmin qərardadın məzmunundan Ali Məhkəmənin sosial təminatla bağlı mübahisələrdə belə şəxsin məsuliyyətli davranıb vaxtında müraciət etməsinin vacib əhəmiyyətə malik olduğu mövqeyindən çıxış etməsi aydın olur. Yəni Ali Məhkəmə tərəfindən konkret məsələ ilə bağlı mövqe mövcud olmasa da, onun Plenum qərarlarında və kollegial qərardadlarında istinad etdiyi prinsiplərin nəzərə alınması vacibdir. Müraciət edildiyi vaxtın əhəmiyyətindən danışarkən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda göstərilən mövqelərdə iddianın verilməsi müddətinə istinad olunsa da, hər bir halda müddətlərın əhəmiyyəti ilə bağlı qeyd edilənlər bütün mübahisələrə baxılarkən nəzərə alınmalıdır. Çünki yalnız bu halda məhkəmənin mövqeyini əsaslandırdığı halların qarşısını almaq üçün hüquq münasibətləri iştirakçılarının intizamlandırılması, məsuliyyət hissinin formalaşdırılması mümkün ola bilər. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olduqları, həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Cavabdeh orqan əlilliyin əsassız verildiyi halda inzibati icraat aparmalı idi.Öz növbəsində iddiaçı da müraciətdən 5 il əvvəl onun əlilliyinin etibarsız hesab edilməsinin qanunsuz olduğunu bilməli idi. Odur ki, həmin illər üçün pensiya məbləğinin ödəniləcəyi nəzərə alınaraq onların məsuliyyəti də bərabər bölüşdürülməlidir. Belə qayda, iddiaçının hüququna tənasübsüz müdaxilə halı yaratmır, eləcə də dövlət orqanları tərəfindən yol verilən səhvin riskinin həm də dövlətin özü tərəfindən daşınmalı olduğuna dair prinsiplə uyğunluq təşkil edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı təyin edilmiş üçüncü dərəcə əlilliyin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş üçüncü dərəcə əlilliyin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2833/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2833/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver