Məhkəmə qərarları › İş №e-2-1(112)-2835/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2835/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2835/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X3 Vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləgvi və əmək pensiyasının bərpa edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 01.09.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi və 01.05.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və 31.08.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X5 1987-ci ildən 28.07.2007-ci il tarixədək birinci instansiya məhkəmələrində hakim vəzifəsində işləmiş, 05.04.2012-ci ildə ona Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, hakimlik stajı 20 ildən artıq olmuşdur. İddaçı 01.09.2019-cu ildən yaşa görə əmək pensiyası alır. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçının əmək pensiyası düzgün hesablanmamış, iddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələr tərəfindən müxtəlif vaxtlarda iddiaçının xeyrinə qərarlar qəbul edilmiş, pozulmuş hüquqları məhkəmələr vasitəsilə bərpa edilərək, cavabdeh tərəfindən ona təyin edilmiş əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanması vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, nəticədə isə qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçıya aylıq 3375.63 manat əmək pensiyasının ödənilməsi təmin edilmişdir. 08 may 2021-ci ildə cavabdeh tərəfindən iddiaçıya hər hansı formada əvvəlcədən xəbərdarlıq edilmədən əmək pensiyasının məbləği 3375.63 manatdan 2786.72 manata endirilmiş, iddiaçı bu barədə dəfələrlə şifahi, 26.05.2021-ci il tarixdə isə rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının azaldılmasının səbəblərinin açıqlanmasını tələb etmişdir. Cavabdeh iddiaçının həmin müraciətinə 11.06.2021-ci il tarixli **********8 saylı məktubla cavab verərək göstərmişdir ki, ona DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən 05.04.2012-ci ildən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 01.05.2013-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 38215,04 manat ödənilmiş, bu səbəbdən də, ona 691,52 manat əskik pul məbləginin ödənildiyi aşkar edilmiş, Prezidentinin müvafiq sərəncamına əsasən 01.09.2019-cu ildən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçiin vəzifə maaşının 25 faizi miqdarında əlavə 296 manat, digər növ əlavələri 765,60 manat olmaqla, orta aylıq əmək haqqısı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30.12.2005-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi - 2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.09.2019-30.04.2021-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Sonda isə həmin məktubla 11486,68 manat artıq pul vəsaitinin qaytarılması tələb edilmişdir. İddiaçı təkrarən hüquqlarının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüquqlarını bərpa etmək əvəzinə 01.09.2021-ci il tarixli **********3 saylı qərar ilə 01.09.2019 - 30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin 10 gün müddətində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsini tələb etmişdir. Qeyd olunan qərar 10.09.2021-ci ildə poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya hüquqlarının pozulması ilə nəticələndiyinə görə ləğv edilməlidir. Bundan başqa, iddiaçıya məhz hansı əsaslarla pensiya təyin edilməsi və ona təyin edilmiş pensiyaların yenidən hesablanmalı olması qanuni qüvvəsini almış məhkəmə aktları əsasında həyata keçirilmiş, eləcə də pensiyanın yenidən hesablanması iddiaçı tərəfindən deyil, məhz cavabdeh inzibati orqan olmamışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 11.06.2021ci il tarixli 8/736 saylı arayışdan da müəyyən olunur ki, iddiaçının hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə bağlı arxiv sənədlərinə baxış keçirilərkən ona Azərbaycan Respublikası Milli Məclisinin 24.05.1996-cı il tarixli 85 saylı Qərarı ilə dördüncü ixtisas dərəcəsinin verilməsi, Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi barədə” qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il 01 yanvar tarixindən minumum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən 24.05.1996-ci ildən 31.08.2000-ci ilədək iddiaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.06.2017-ci il tarixli 2-1(102)-1158/2017 saylı qərarı ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.11.2016-cı il tarixli 2-1 (82)-3391/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin 15.02.2017-ci il tarixli 2-1(103)- 460/2017 saylı qərarları əsasında X3 pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Cavabdeh inzibati orqan yəqin ki, iddiaçıya pensiya hesablanmasında qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu 01.09.2019cu ildən sonrakı müddətdə nəzərə almaq istəməmişdir. Sonda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazid olduğuna görə rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. X4 Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 5 aprel 2012-ci il tarixindən sabiq hakim kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1459,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 656,55 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 218,85 manat, digər növ əlavələri 705,18 manat olmaqla orta aylıq əmək haqqı 3039,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3039,58 manat) 80 faizi - 2431,66 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Nüşabə Ağayevaya 01.05.2018 - 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38.906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 38.215,04 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 691,52 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 396,00 manat, digər növ əlavələri 765,60 manat olmaqla orta aylıq əmək haqqı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında ” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi-2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.09.2019-30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Nüşabə Ağayevaya 01.05.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 691,52 manat əskik pul vəsaiti, 01.09.2019-30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində 12178,20 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 11486.68 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 11486.68 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Mərkəzi Filial tərəfindən cari ilin may ayından etibarən əmək pensiyası 2766,72 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bu səbəbdən də həmin dövr müddətində ona 6912,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısınının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin 11.06.2021-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 31 may 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 5 aprel 2012-ci il tarixindən sabiq hakim kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hakimlərin əmək haqqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1459,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 656,55 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 218,85 manat, digər növ əlavələriniz 705,18 manat olmaqla orta aylıq əmək haqqınız 3039,58 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (3039,58 manat) 80 faizi-2431,66 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə 01.05.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 38215,04 manat ödənilmişdir. Bu səbəbdən də sizə yuxarıda qeyd olunan dövr ərzində 691,52 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin əmək haqqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1584,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 396,00 manat, digər növ əlavələriniz 765,60 manat olmaqla orta aylıq əmək haqqınız 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında ” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (3458,40 manat) 80 faizi-2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə 01.09.2019-30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də sizə yuxarıda qeyd olunan dövr ərzində 12178.20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən sizə 01.05.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 691,52 manat əskik pul vəsaiti, 01.09.2019-30.04.2021 -ci il tarixləri arasındakı dövr ərzində 12178.20 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 11486,68 manat artıq pul vəsaitinin ödənildiyi (sizə ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə müvafiq cədvəl əlavə olunur) Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 11486,68 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin may ayından etibarən əmək pensiyanız 2766,72 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01.09.2021-ci il tarixli **********3 saylı “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarından görünür ki, xx.xx.1956-cı il tarixində anadan olmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) X2 01.09.2019 -30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. - 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli 2-1(82)- 3391/2016 saylı qərarından görünür ki, iddiaçı X3 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, X3 pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində ödənilən birdəfəlik yardım və məzuniyyətə görə aldığı pullar nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli, 2-1(103)-460/2017 saylı qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qərarı qismən - iddiaçıya ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində ödənilən birdəfəlik yardım və məzuniyyətə görə aldığı pullar nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2017-ci il tarixli, 2-1(102)-1158/2017 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli, 2-1(103)- 460/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1694/2012 saylı qərardadından görünür ki, iddiaçı X3 cavabdeh AR DSMF-nun Nərimanov rayon Şöbəsinə qarşı iddiaçının pensiya məbləğinə vəzifə maaşının 15%-i miqdarında aylıq təminat verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 18.12.2012-ci il tarixli 2in(82)-1694/2012 nömrəli qərarı icra edildiyinə görə həmin inzibati iş üzrə icra icraatına xitam verilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2012-ci il tarixli 2in(82)- 1694/2012 saylı qərarından görünür ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə dəyişiklər edilməsi barədə” 08 oktyabr 2010-cu il tarixli 1092-İİİ-QD nömrəli Qanun iddiaçı X4 2012-ci ilin aprel ayından şamil edilmişdir. İddiaçı X4 pensiya məbləğinə vəzifə maaşının 15%-i miqdarında aylıq əlavə edilməklə pensiyasının yenidən hesablanması və həmin tarixdən hazıradək pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə həvalə edilmişdir. - İşdə olan iddiaçıya aid 074714 saylı pensiya işinin materiallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 05.04.2012-ci il tarixdən 2-ci qrup əlilliyə görə pensiya təyin edilmiş, daha sonra hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən artırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 05.04.2012-ci il tarixdən təyin edilmiş pensiyanın 01.05.2021-ci il tarixdən dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 2-ci qrup əlilliyə görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul etmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı pensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında təyin edilmişdir. Həmin qərarların icrasının təmin edilməsi isə cavabdeh üçün məcburi xarakter daşısa da, cavabdeh iddiaçı mübahisələndirdiyi hazırki qərarı qəbul etməklə məhkəmə qərarının icrasında yayınmış olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq 01.05.2021-ci il tarixdən 31.08.2019-cu il tarixədək iddiaçıya aylıq 3375,63 manat əmək pensiyası əvəzinə 691,52 manat az pul vəsaiti ödənilmişdir. Bu hal cavabdehin iddiaçıya ünvanlanmış 11.06.2021-ci il tarixli məktubunda və məhkəməyə təqdim edilmiş etirazda etiraf edilsə də, bu pozuntunun aradan qaldırılması məqsədilə heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" 01.09.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməli və 01.05.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və 31.08.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçı X4 ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" 01.09.2021-ci il tarixli **********3 saylı qərarı ləğv edilsin. 01.05.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və 31.08.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin X4 ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar