Məhkəmə qərarları › İş №e-2-1(112)-2835/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2835/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2835/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““Nemo” Kooperativinə mövcud sənədlər əsasında yeni VÖEN və reyestrdən çıxarışın verilməsi, yeni sistemə inteqrasiya olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8, 3-cü şəxslər X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““Nemo” Kooperativinə mövcud sənədlər əsasında yeni VÖEN və reyestrdən çıxarışın verilməsi, yeni sistemə inteqrasiya olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nemo” Kooperativinə mövcud sənədlər əsasında yeni VÖEN və reyestrdən çıxarışın verilməsi, yeni sistemə inteqrasiya olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı ildən “Nemo” Kooperativinin sədridir. Belə ki, xx.xx.1990-cı il tarixli “Nemo” kooperativinin üzvlərinin ümumi yığıncağının qərarına əsasən İddiaçı, X6 və Hüseynov X1 təsisçiləri seçilmişlər, İddiaçı eyni zamanda kooperativin sədri seçilmişdir. Uzun müddət kooperativ fəaliyyətsiz olmuş və hazırda kooperativin VÖEN-i və reyestridən çıxarışı vergi sistemində öz əksini tapmır. Kooperativi yenidən fəaliyyətə gətirmək üçün isə bu sənədlər zəruridir. Buna görə də, onlar yeni VÖEN və çıxarışın verilməsi üçün xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, həmin ərizəyə hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən yeni tarixli arayışla təsdiq olunmuş surətləri əlavə olunmalıdır. xx.xx.2024-cü il tarixində yenidən müraciət etmişlər. Həmin müraciətə cavab hələ verilməmişdir. Sözügedən sənədlərdən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən arayışla təsdiq olunmuş "Suraxanı" rayon XDS-nin icra komitəsinin protokolu, kooperativin nizamnaməsi hazırda mövcuddur. Lakin, ümumi yığıncağının qərarı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mövcud deyil. Hesab edirlər ki, cavabdehin imtinası tamamilə əsassızdır. Belə ki, ümumi yığıncağın qərarı kooperativin daxili sənədidir. Həmin sənədin Dövlət Arxiv İdarəsində olması mümkün deyil. Cavabdeh formal mülahizələrə əsaslanaraq süni maneələr yaratmaqdadır. Məlumat üçün bildirilir ki, Suraxanı rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli 13 saylı Qərarı ilə dülgərlik, metal məmulatlarının və tökmə məhsullarının təmiri və hazırlanması ilə məşğul olacaq "NEMO" müstəqil kooperativinin yaradıİmasına icazə verilmiş, “NEM0" Kooperativinin nizamnaməsi qeydiyyata alınmışdır. Lakin, uzun müddət fəaliyyətsiz olduğundan yeni sistemə inteqrasiya olunmadığından hazırda kooperativin fəaliyyətini aktivləşdirə bilmir, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən,dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). O da, göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 11.1 və 11.2-ci maddələrinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

3. Məhkəmənin e-2-1(112)-2835/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 və X5 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “Nemo” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi ilə əvəz edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı "Nemo" Kooperativinin təkrar dövlət qeydiyyatına alınması üçün xx.xx.2024-cü il tarixdə məktubla Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə **********143400 nömrəli məktubla İdarə tərəfindən əsaslı şəkildə cavablandırılmışdır. Belə ki, "Suraxanı" rayon XDS-nin icra komitəsinin təsdiq edilmiş "Nemo" Kooperativinin nizamnaməsində onun üzvləri barədə məlumat əks etdirilməmişdir. Belə ki, Azəbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 109-1.1-ci maddəsinə əsasən kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. Məcəllənin 109.10-cu bəndinə əsasən kooperativin nizamnaməsində (bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı) kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında məlumatlar göstərilməlidir. Məcəllənin 111.3-cü maddəsi və Kooperativin Nizamnaməsinin 7-ci bəndinə əsasən kooperativin nizamnaməsini dəyişdirmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Bildirirlər ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Qanunun 2.0.7-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Bu Qanunun 2.0.8-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər barəsində məlumatlar (qeydlər) məcmusudur. Odur ki, ilk növbədə "Nemo" yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alındığından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən yeni tarixli arayışla təsdiq olunmuş surətləri ("Suraxanı" rayon XDS-nin icra komitəsinin protokolu, kooperativin nizamnaməsi, ümumi yığıncağının qərarı), nizamnaməsinə edilmiş dəyişikliklər, nizamnaməyə edilmiş dəyişikliklərin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), kooperativ üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Əlavə olaraq Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxslər iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. İş materiallarına iddiaçı tərəfindən müraciət vərəqəsi, cavabdeh tərəfindən müraciətinin cavablandırılması barədə məktub, “Nemo” kooperativinin nizamnaməsi, “Nemo” kooperativi üzvlərinin ümumi yığıncağının yekunlarına dair 29 oktyabr 1990-cı il tarixli protokolundan çıxarış, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19 fevral 2024-cü il tarixli, 3-48-2F/2-N-880-8-822/2024 nömrəli məktubla təqdim edilmiş Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı rayon İH) arxiv fondu üzrə xx.xx.1990-ci il tarixli, 13 saylı qərarının və həmin qərara əlavə edilmiş sənədin təsdiq edilmiş kserosurətləri əlavə edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 3 dekabr 2024-cü il tarixli, 3-21-2-2-1/2-36750/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 Müstəqil “Nemo” Təmir- Tikinti Kooperativi barədə xx.xx.2024-cü il tarixli müraciəti və ona ünvanlanmış cavab məktubunun surəti qoşmada təqdim edilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı müraciəti əsasında hər hansı inzibati icraat aparılmamışdır.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3 dekabr 2024-cü il tarixli, 3-48-2F-2513/2024 nömrəli məktubla bildirilmişdir ki, keçmiş Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı rayon İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 13 saylı qərarının (“Nemo” kooperativinin qeydiyyata alınması barədə) və həmin qərara əlavə olmuş sənədlərin (nizamnamə) təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

20. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə 12. Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri 12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. ... 12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; 12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar; 12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar; 12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar; 12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu. ... 12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin) formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 20. Qanunun qüvvəyə minməsi ... 20.3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. ...

21. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 6 fevral 1996-cı il tarixli Qanun (12 dekabr 2003-cü il tarixli, 560-İİQ №-li Qanunla ləğv edilmişdir): Maddə 22. Keçid müddəası Bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar.

22. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun: Maddə 10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; ... Maddə 33. Vergi ödəyicilərinin uçotu 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Maddə 34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları ... 34.6. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. …

24. Hazırki işin hallarına əsasən Suraxanı rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə dülgərlik, metal məmulatlarının və tökmə məhsullarının təmiri və hazırlanması ilə məşğul olacaq "NEMO" müstəqil kooperativinin yaradıİmasına icazə verilmiş, “NEM0" kooperativinin nizamnaməsi qeydiyyata alınmışdır.

25. Qeyd edilən nizamnamənin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılan və təsdiq edilən nüsxəsi iş materiallarına əlavə edilmişdir.

26. Göründüyü kimi, “NEMO" müstəqil kooperativinin Nizamnaməsinin Suraxanı rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə təsdiq edilməsi və həmin vaxtdan “NEMO" Kooperativinin qeydə alınması işin mübahisəsiz halıdır.

27. Cavabdehin kassasiya şikayətinin əsas dəlili Nizamnamədə təsisçilər barədə məlumatın olmamasından, hal-hazırda təsisçilərinin müəyyən edilməməsindən ibarətdir.

28. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan notarial qaydada tərcümə və təsdiq edilmiş “Nemo” kooperativi üzvlərinin ümumi yığıncağının yekunlarına dair 29 oktyabr 1990-cı il tarixli protokolundan çıxarışından görünür ki, sözügedən iclasda İddiaçı, X6 və X5 “Nemo” kooperativinin təsisçiləri seçilmişlər və İddiaçı “Nemo” kooperativinin sədri seçilmişdir.

29. Həmin təsisçilərdən hazırki iş üzrə 3-cü şəxslər olmaqla, iddianın təmion edilməsinə etiraz etmirlər.

30. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən “Nemo” Kooperativinin təsisçilərinin müəyyən edilməsi baxımından tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, əldə edilmiş mötəbər sübutlar həm ayrı-ayrılıqda, həm də vəhdət şəklində işin halları ilə uyğunluq təşkil edərək hər hansı ziddiyyətli xüsusatın mövcudluğuna dəlalət etməmişdir. Ona görə də, kimlikləri müəyyən edilmiş şəxslər – təsisçilər tərəfindən imzalanmış iclas protokolu həm də, dövlət qeydiyyatına alınmış “Nemo” Kooperativinin möhürü ilə təsdiqlənmişdir.

31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Nemo” Kooperativinin dövlət qeydiyyatına alınmasından, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməlidir.

32. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuşdur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. “Nemo” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar