Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2846/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1052 nömrəli sərəncamı ilə ayrılmış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1052 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ərazinin ətrafında çoxlu yaşayış sahələri mövcuddur. Onlara müvafiq çıxarışlar verilmişdir. Qeyd olunan sahə iddiaçının qanuni istifadəsindədir. İddiaçının sahəsində daxili kanalizasiya xətti mövcuddur. Bundan başqa bütün kommunal xidmətlərə qoşulmaq imkanlarına malikdir. Uzun müddətdir həmin xidmətlərdən qonşular maneəsiz istifadə edir. İddiaçı qeyd edir ki, torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Qonşular iddiaçını tanıyırlar və heç kimin əraziyə iddiası olmayıb. Həmin sahə simvolik olaraq alçaq hasara alınmışdır. İddiaçı həmin sahədə yaşıllıq salmaq, ağaclar əkmək, bir hissəsində tikili inşa etmək niyyətindədir. Lakin tikinti işlərinin aparılması üçün Dövlət Reyestrində qeydiyyata alınmış çıxarış tələb edilir. İddiaçıya təqdim edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli, 1052 nömrəli sərəncamının arxivdən çıxarışını da əldə etməklə “Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın alınması üçün” cavabdeh orqana Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz verilmişdir, imtina üçün əsas yoxdu. Bundan başqa qüvvədə olan qanunvericilik hər hansı uyğunsuzluqların olmasını mümkün hesab edir və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. İddiaçı bu səbəbdən hesab edir ki, imtina tam əsassızdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur. Həmin cizgi üzrə sahənini harada yerləşməsini dəqiq müəyyən etmək olur. Ona görə də cavabdehin imtinasının əsası yoxdur. Həmçinin yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus sahənin ətrafı yaşayış məntəqələridir. Sahə iddiaçı tərəfindən 20 ildən çox müddət ərzində maneəsiz istifadə edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Eyni sənəd əsaslarla əvvəlki müraciət zamanı hazırki torpaq sahəsindən 2400 m kənarda fərqli sahə göstərilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********45 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, eyni sənəd əsaslarla əvvəlki müraciət zamanı hazırki torpaq sahəsindən 2400 m kənarda fərqli sahə göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli 1052 nömrəli Sərəncamına əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5 saylı evin 8-ci mənzilində yaşayan X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m torpaq sahəsi ayrılıb verilmişdir.
6. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1052 nömrəli sərəncamına əsasən vətəndaş X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600,0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsü 0.06 ha təşkil edir. Torpaq sahəsinin sərhədlərinə iki cərgə mişar daşı düzülmüşdür. Torpaq sahəsi üzərində tikili yoxdur. ********** və ********** nömrələri ilə müraciətlər zamanı faktiki sahədən 2400 metr kənarda tamamilə başqa ərazi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Faktiki göstərilən sahənin mövqeyi cizgidəki mövqeyə uyğun gəlir.
8. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair X4 adına xx.xx.2022-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilib (reyestr nömrəsi **********97).
9. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair X5 adına xx.xx.2024-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilib (reyestr nömrəsi **********88).
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ X5 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
11. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2022-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilib (reyestr nömrəsi **********97).
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ X3 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
22. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
23. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
24. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
30. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli 1052 nömrəli Sərəncamına əsasən Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5 saylı evin 8-ci mənzilində yaşayan X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m torpaq sahəsi ayrılıb verilmişdir. - Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1052 nömrəli sərəncamına əsasən vətəndaş X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600,0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur (Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir). - Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır.
33. Məhkəmə nəzərə alır ki, Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1052 nömrəli Sərəncamı ilə torpaq sahəsi iddiaçıya ayrılmış və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil.
34. Məhkəmə hesab edir ki Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1052 nömrəli Sərəncamı torpaq sahəsinin yerləşmə sxemi ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X13 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
35. Məhkəmə nəzərə alır ki, cavabdeh imtinanın əsası olaraq torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyini bildirsə də, bu faktı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
36. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən digər torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və müvafiq çıxarışlarda torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur (müvafiq sənədlərin surəti iş materiallarına əlavə edilmişdir). Odur ki, İddiaçı Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1052 nömrəli Sərəncamı əsasında ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.
37. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
39. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
40. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə münasibətdə texniki pasport deyil, plan-ölçü sənədi tərtib olunduğundan iddiaçının hüquqi marağı texniki sənəd hesab edilən plan-ölçü sənədinin alınmasında ifadə edilir.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1052 nömrəli Sərəncamına əsasən ayrılmış Lökbatan qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva