Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2852/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın nəzərə alınaraq pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun qulluq etdiyi vəzifə üzrə son 24 ayı ərzindəki büdcədən ödənilən 57481,63 manat dövlət məvacibinə uyğun olaraq orta aylıq əmək haqqının müəyyən edilməsinə tam daxil etməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır və cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanının sabiq əməkdaşlarının pensiyalarına əlavələr təyin edilərkən qulluğun son 24 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla və Qanunun 20.30-cu maddəsinə uyğun olaraq əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmadan büdcə vəsaiti hesabına ödənilən ödənişlərdən müəyyən edilməli olduğu halda düzgün hesablama aparılmamışdır. Belə ki, onun Vergi orqanlarında 28 il 4 ay 17 gün əmək fəaliyyəti olmuşdur. xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qulluq etdiyi vəzifə üzrə son xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövrdə dövlət məvacibi 129490,52 manat olmuşdur. Bundan 57481,63 manat büdcə vəsiti heabından, qalan 72008,89 manat isə büdcədənkənar vəsit hesabından ödənilmişdir. Lakin cavabdeh pensiya təyin edərkən qulluğun son 24 ayı ərzindəki əmək haqqı və dövlət məvacibinin orta aylıq məbləği müəyyən edilərkən ona büdcədən ödənilən 57481,63 manat məbləğ nəzərə alnmaqla (57481,63/24) 2395,07 manat hesablama aparılmalı olduğu halda 43494,13 manat daxil edilərək (43494,13/24) 1812,26 manat hesablama aparılmışdır. Yuxarıda qeyd olunan dövlət məvacibinin (əmək haqqının) orta aylıq məbləğlərinə uyğun pesiya təyin edilərkən (2395,07 x 80%) 1916,06 manat hesablama aparılmalı olduğu halda (1812,26 x 80%) 1449,81 manat hesablama aparılmaqla 466,25 manat az əmək pensiyası təyin edilmişdir. O, cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının düzgün hesablanılmadığı barədə narazılığını bildirmiş və hesablamanın yenidən hesablayıb rəsmi cavab verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh onun ərizəsilə əlaqədar imtinaedici məktubla qulluq etdiyi vəzifə üzrə son xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan son 24 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləği müyyən edilərkən ona büdcədən ödənilən 57481,63 manatdan son haqq-hesab aparılması ilə əlaqədar hesablanan 13987,50 manat çıxılmaqla (57481,63 -13987,50 /24*80%) 1449,81 manat hesablama aparıldığı, əmək pensiyası təyin edildiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-271413/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-271413/2024 saylı iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 13 avqust 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, ona 31 iyul 2024-cü il tarixdə (24 iyul 2024-cü il tarixdən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.2-ci maddəsinə əsasən 28 il 4 ay 17 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının - 1812,26 manatın (təqdim etdiyi arayışda göstərilmiş 129490,52 manatdan 72008,89 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 13987,50 manat hissəsi çıxıldıqdan sonra qalan 43494.13 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi- 1449,81 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək, müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxıl edilir. Qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin pensiyası iki hissədən ibarət olur: sığorta hissə və qulluq stajına görə əlavə. Qanunun 10.2- ci, 13.3-cü və 18.2-ci maddələrinə əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi metodologiyalar əsasında həyata keçirilir Belə ki, əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən məbləğlərə münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Qanunun 20.30-cu maddəsinə əsasən, yalnız qulluq stajına görə əlavənin məbləğinin müəyyən edilməsi zamanı onların büdcədənkənar vəsaitlər hesabına aldıqları əlavələr orta aylıq əməkhaqqının, dövlət məvacibinin və ya təminat xərcliyınin tərkibində nəzərə alınmır. Eyni zamanda Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyinin tərkibində də büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr və digər ödənişlər nəzərə alınmır. İddiaçı vergi orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 24 iyul 2024-cü il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa gorə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası Qanunun 20.11 2-ci maddəsinə əsasən 28 il 4 ay 17 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının - 1812,26 manatın (təqdiim etdiyi arayışda göstərilmiş 129490,52 manatdan 72008,89 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 13987,50 manat hissəsi çıxıldıqdan sonra qalan 43494,13 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi-1449,81 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Qanuna 1 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.11-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Analoji iş üzrə Alı Məhkəmənin 07 aprel 2023-cü il tarixli 2-1(102)-659/2023 nömrəli qərarında qeyd olunmuşdur: Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və iddiaçıya pensiya hesablanması üçün Azərbavcan Respublikası Bas Prokurorluğu tərəfindən 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış" verilmişdir. Həmin arayışda iddiaçının son 24 ay ərzində aldığı məbləğlər qeyd edilməklə yanaşı, onun istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənildiyi və həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən pensiya hesablanarkən isə istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414 manat 22 qəpik nəzərə alınmamışdır. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993. 1993/1994, 1995/1996, 1996/1997, 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2002-ci ilədək olan dövrə aiddir, qulluqun son 24 ayının əməkhaqqına və digər əlavələrə aid deyil Qanunvericilik isə prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2018-2020-cü illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Beləliklə İddiaçı büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən, yəni son 24 ayın əmək məzuniyyəti dövrünə aid olmayan 13987,50 manat hissəsi çıxıldıqdan sonra qalan 43494,13 manat pul vəsaitinin 24-ə olan nisbətinin 80 faizi- 1449,81 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR: İş materiallarında olan: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, № 3-17-1/3-3-11092/2024 saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hüququ yarandığı tarix: xx.xx.2024; Dövlət qulluğunda iş stajı 28 il 04 ay 17 gün, cəmi dövlət məvacibi – 1812,26 manat, pensiyanın faizi – 80%, pensiya müddəti – müddətsiz. Pensiyanın məbləği: 1449.81 manat; sığorta hissəsi: 741.91 manat; sığorta hissəsinə əlavə 707.90 manat. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş imtina məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 13 avqust 2024-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bildiririk ki, Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunanları nəzərə alaraq, sizə 31 iyul 2024-cü il tarixində (24 iyul 2024-cü il tarixindən hesablanmaqla) Qanunun 20.11.2-ci maddəsinə əsasən 28 il 4 ay 17 gün qulluq illərinizə uyğun olaraq vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın - 1812,26 manatın (təqdiim etdiyiniz arayışda göstərilmiş 129490,52 manatdan 72008,89 manat büdcədənkənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 13987,50 manat hissəsi çıxıldıqdan sonra qalan 43494,13 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi-1449,81 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabınıza köçürülür.” TƏTBİQ EDİLƏN HÜQUQ. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. ... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ... Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”: ...
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. ...
5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. ...
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. ...
2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma ... 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. ... 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir). Azərbaycan Respublikası Əmək Məcəlləsi ... Maddə 154. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ... Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. 6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahı” ... istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir.
MƏHKƏMƏNİN MÖVQEYİ.
Məhkəmə ilkin olaraq iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasına yönəlmişdir. Cavabdehin imtinasının əsas dəlili - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin tələblərinə görə iddiaçıya sabiq vergi orqanarının əməkdaşı kimi əmək pensiyasına əlavələrin qulluğun son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyindən, İddiaçı büdcədən son haqqhesab kimi ödənilmiş (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) 13987,50 manat məbləğinin son 24 ayın əmək məzuniyyəti dövrünə aid olmadığından pensiyanın təyinatı zamanı nəzərə alınmaması, həmin Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə vergi orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi qulluğun son 24 aydakı dövrü əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Məhkəmə əlavə olaraq onu qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmalı olmadığını qanunverici imperativ olaraq müəyyən etmiş, qanunda bundan istisnalar nəzərdə tutmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə aid edilən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının xx.xx.2019-cu il tarixdən sonra təyin edildiyi nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin tələbi iddiaçıya da aiddir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev