Məhkəmə qərarları › İş №e-2-1(112)-2915/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2915/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2915/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının 37 il 11 ay stajına əsasən yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla İddiaçının müraciəti cavablandırımış və qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı" haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ona xx.xx.2001-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyası ödənişi davam etdirilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsəsən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 01.01 2022-ci il tarixdən 304,11 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Təqdim olunan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1957-ci il tarixdən xx.xx.1962-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 37 il 11 ay sığorta stajı və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 111,54 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (304,11 manat) dəyişiklik olmamışdır. Qeyd olunanlara əsasən onun yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan emək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım cari ilin İ, İİ və İİİ rübü üzrə əmək pensiyasının üzərinə əlavə edilərək ona ödənilmişdir.

3. İddiaçı bu cavabla razılaşmayaraq xx.xx.2022-ci il tarixdə cavabdehlər Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ümumi əmək və təhsil stajına uyğun olaraq yığılmış 37 il 11 ay iş stajına əsasən bu günkü gün üçün pensiya ödənişi məbləğinin 30 manat artırılaraq pensiya təyin edilməsi, cavabdehlərin səhvən hesabladıqları və nəzərə alınmamış əmək stajı illərinə görə verilməli olan, lakin verilməyən son 3 ilin yığılmış (5400 azn) pulun birdəfəlik müavinət kimi ona verilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək, Dövlət Sosial Müdafiə Fondunun hazırkı iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini və iddia tələbinin “onun ümumi əmək və təhsil stajına uyğun olaraq yığılmış 37 il 11 ay iş stajına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin xx.xx.2001-ci il tarixdən hazırkı tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək Dövlət Sosial Müdafiə Fondunun cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun 37 ildən artıq əmək stajı var, lakin neçə illər stajını cavabdehlər səhvən 35 il 10 ay göstərmişlər. Çoxsaylı şikayətlərdən sonra cavabdehlər bu səhvi düzəltmişlər. Əmək stajını 35 il 11 ay göstərdikləri üçün ona pensiya ödənişi tam verilməmiş, çatmayan məbləğin (5400 manat) ən azı son 3 ilin pulunu (1080 manat) almaq istəyir. Bundan başqa, əmək stajı artdığı üçün pensiyası da artmalı və əlavə 20 manat olmalıdır. Cavadehlər əmək stajını az göstərmiş və gizlətmişlər. Buna görə də ona verilməli olan 3 ilin pulunu (5400 manat) almağını, əmək stajı illərinin artmasına əsasən də pensiyasının da əlavə 20 manat artırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Pensiyası 2021-ci il tarixdə 262 manatdan 293 manata artmışdır, çünki ölkədə ümumi hamıda 2021-ci ilin yanvar ayında pensiya artmışdır. Cavabdeh də qeyd edir ki, pensiya stajını 35 il 10 aydan 37 il 11 aya çoxaltmışlar, halbuki bunu elə əvvəldən 37 il 11 ay göstərmək lazım idi. Stajının 2 il 1 ay az göstərilməsindən narazıdır.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

10. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və diplomun surətləri) əsasən iddiaçı xx.xx.1940-cı il tarixdə anadan olmuş, 1957-ci ildən 1962-ci il tarixədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1962-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən xx.xx.1963-сü il tarixədək Bakı şin zavodunda müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1963-xx.xx.1964-cü il tarixlərdə və xx.xx.1965-xx.xx.1968-ci il tarixlərdə Azərbaycan Neft və Kimya İnstitutunda böyük laborant vəzifəsində işləmişdir. xx.xx.1968-xx.xx.1994-cü il tarixlərdə Bakı Qida Sənayesi Texnikumunda kimya müəlliməsi işləmişdir.

11. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 35 il 10 ay 25 gün sığorta stajı olmuşdur.

12. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.

13. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabddeh tərəfindən onun sığorta stajının 37 il 11 ay əvəzinə 35 il 10 ay 21 gün kimi hesablanmasını bildirərək 2016cı ildə etibarən müxtəlif tarixlərdə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2016-cı il tarixli 14/398 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, onun xx.xx.2006-cı il tarixədək 37 il 11 ay 5 gün sığorta stajı nəzərə alınmaqla baza hissəsi 100 manat, sığorta hissəsi 83,34 manat olmaqla, cəmi 183,34 manat yaşa görə əmək pensiyası hesablanmış və mütəmadi olaraq ödənişə göndərilmişdir.

14. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda cavabdehin bu məktubları ilə razılaşmayaraq onun pensiyasının 37 il 11 ay 5 gün deyil, 35 il 10 ay 21 gün kimi hesablandığını və buna görə də ona ödənilən pensiya məbləğinin az olduğunu iddia edir.

15. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının əmək kitabçası və diplomuna əsasən 35 il 10 ay 25 gün sığorta stajı olsa da, cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ana kimi körpə uşaqlara qulluq etdiyi dövr də nəzərə alınmaqla onun sığorta stajını 37 il 11 ay 5 gün kimi hesablamış və ona ödənilən pensiya bu staja uyğun müəyyən edilmişdir.

16. Belə ki, işdə olan iddiaçının pensiya uçot vərəqindən görünür ki, 1 yanvar 2006cı il tarixdən 1 aprel 2006-cı il tarixədək pensiyanın baza hissəsi 25 manat olmaqla pensiyanın məbləği 25 manat olmuş, 1 aprel 2006-cı il tarixdən 1 oktyabr 2006-cı il tarixədək baza hissə 30 manat olmaqla pensiyanın məbləği 30 manat, 1 oktyabr 2006-cı il tarixdən 1 yanvar 2007- ci il tarixədək baza hissə 35 manat olmaqla pensiyanın məbləği 35 manat, 1 yanvar 2007-ci il tarixdən 1 fevral 2007-ci il tarixədək baza hissə 40 manat olmaqla pensiyanın məbləği 40 manat, 1 fevral 2007-ci il tarixdən 1 yanvar 2008-ci il tarixədək baza hissə 50 manat olmaqla rensiyanın məbləği 50 manat, 1 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2008-ci il tarixədək baza hissə 60 manat olmaqla pensiyanın məbləği 60 manat, 1 sentyabr 2008-ci il tarixdən 1 sentyabr 2010-cu il tarixədək baza hissə 75 manat olmaqla pensiyanın məbləği 75 manat, 1 sentyabr 2010-cu il tarixdən 1 iyul 2011-ci il tarixədək baza hissə 85 manat olmaqla pensiyanın məbləği 85 manat, 1 iyul 2011-ci il tarixdən 1 yanvar 2012-ci il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,58 manat olmaqla pensiyanın məbləği 158,58 manat, 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,39 manat olmaqla pensiyanın məbləği 164,39 manat, 1 yanvar 2013-cü il tarixdən 1 sentyabr 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 165,26 manat, 1 sentyabr 2013-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 180,26 manat, 1 yanvar 2014-cü il tarixdən 1 yanvar 2015-ci il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 82,29 manat olmaqla pensiyanın məbləği 182,19 manat, 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəi 83,34 manat olmaqla pensiyanın məbləği 183,34 manat, 1 yanvar 2016-cı il tarixdən 1 fevral 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 186,67 manat, 1 fevral 2016-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək baza hissəsi 110 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 196,67 manat, 1 yanvar 2017-ci il tarixdən baza hissəsi 110 manat, sığorta hissəsi 97,42 manat olmaqla pensiyanın məbləği 207,42 manat olmuşdur.

17. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanması barədə xx.xx.2023-cü il tarixli məlumatda bu hesablama öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubdan görünür ki: - “716528 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi 733384 nömrəli diplomun surətinə əsasən xx.xx.1957-ci il tarixindən xx.xx.1962-ci il tarixinədək təhsil illəri, xx.xx.1962-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1962-ci il tarixindən xx.xx.1963-cü il tarixinədək, xx.xx.1963-cü il tarixindən xx.xx.1964-cü il tarixinədək, xx.xx.1965-ci il tarixindən xx.xx.1968-ci il tarixinədək, xx.xx.1968-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrləri, eləcə də “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ana kimi körpə uşaqlara qulluq etdiyi dövr nəzərə alınmaqla sığorta stajı 37 il 11 ay 5 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixindən yenidən hesablanır. Beləliklə iddiaçının yaşa görə əmək pensiyasının sığorta hissəsi xx.xx.2011-ci il tarixindən 37 il 11 ay 5 gün sığorta stajına əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: (37 il tam iş stajı x 1,94 manat)+(1,94 manat: 12 ay x 11 ay) + (1,94 manat: 12 ay : 30 gün x 20 gün) = 73,58 manat (716528 nömrəli pensiyaçının uçot vərəqi 14-cü sətir) Sözügedən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2012- 85 (baza hissə)+(73,58+7,9%)=164,39 xx.xx.2013- 85 (baza hissə)+(79,39+1.1%)=165,26 xx.xx.2013- 100 (baza hissə)+80,26 =180,26 xx.xx.2014- 100 (baza hissə)+(80,26+2,4%)=182,29 xx.xx.2015- 100 (baza hissə)+(82,29+1,4%)=183,34 xx.xx.2016- 100 (baza hissə)+(83,34+4,0%)=186,67 xx.xx.2016-110 (baza hissə)+86,67=196,67 xx.xx.2017-110 (baza hissə)+(97,12+12,4%)=207,42 xx.xx.2018- 207,42+5,7%=219,24 xx.xx.2019- 219,24+3%=225,82 xx.xx.2020- 225,82+16,6%=263,30 xx.xx.2021-234.20+11,4%=293,33 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 111,54 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmış (111,54: 143 = 0,78 manat; 293,33 manat + 0,78 manat= 294,11 manat) və xx.xx.2021-ci il tarixindən 294,11 manata çatdırılmışdır. İddiaçının əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən 3,4% indeksləşdirilməklə 304,11 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 16,66 manat maddi yardım əlavə edilərək və 14,7% indeksləşdirilməklə 367,93 manata çatdırılmışdır.”

18. Göründüyü kimi, iddiaçıya ödənilən yaşa görə əmək pensiyası onun 35 il 10 ay 21 gün sığorta stajına görə deyil, 37 il 11 ay 5 gün sığorta stajına əsasən hesablanmış və ödənilmişdir.

19. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

21. İstinad olunan normalardan görünür ki, mövcud qanunvericilik əmək pensiyalarının ödənilməsini ƏPQ-nin qüvvədə mindiyi tarixdən, yəni xx.xx.2006-cı il tarixdən etibrən ödənilməsini nəzərdə tutumuşdur.

22. Hazırkı işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə müəyyən edir ki, iddiaçının əmək pensiyası xx.xx.2006-cı ildən etibarən onun sığorta stajına əsasən düzgün hesablanmışdır, həmin tarixdən əvvəlki dövrə münasibətdə isə pensiya ödənilməsini qüvvədə olan qanunvericilik nəzərdə tutumamışdır. Belə olan halda aydındır ki, cavabdehin iddiaçının müraciətini təmin etməməsi qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Hazırkı iş üzrə belə bir hal olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.

25. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar