Məhkəmə qərarları › İş №e-2-1(112)-2915/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2915/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2915/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DVX-nin üzərinə DVX-nin rəisinin müvafiq əmrləri ilə üç ay, üç ay artırılmaqla ona həvalə olmuş, şöbə rəisi vəzifəsinin onun tərəfindən icra olunmasına, işlər görülməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının yenidən 20872,50 manat hesablanması və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.2021-ci il tarixdə Laçın rayon Vergilər şöbənin rəisi vəfat etmiş, şöbənin rəisi vəzifəsinin müvəqqəti icra olunması xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə DVX-nin rəisinin müvafiq əmrləri ilə üç ay, üç ay artırılmaqla İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi olan ona həvalə olunmuş, 27 ay şöbə rəisi vəzifəsi onun tərəfindən müvəqqəti icra olunmasına, işlər görülməsinə baxmayaraq, cavabdeh DVX tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə (825,0/2+825,0/2*30%+825,0/2)*22ay) 20872,50 manat əlavə əmək haqq (əlavələrlə birlikdə) ödənilməmişdir. Belə ki, onun vergi orqanında 28 il 4 ay 17 gün əmək fəaliyyəti olmuşdur. Həmin tarixdən şöbədə altı ştatdan dördü vakant idi, şöbənin bütün işlərini iki nəfər əməkdaş tərəfindən, İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə iki ştat olsa da həmin vəzifələrə aid olan bütün işlər, Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət üzrə bir ştat vəzifəsinə aid olan işlər və şöbə rəisi bir ştat vəzifəsinə aid olan işlər onun tərəfindən, Vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə bir ştat vəzifəsinə aid olan işlər və mühasibatlıq bir ştat vəzifəsinə aid olan işlər digər əməkdaş tərəfindən icra olunurdu. Şöbə üzrə plan praqnoz tapşırıqlar vaxtında yerinə yetirilmiş, vakant vəzifələrə görə əmək haqqı xərclərinə qənaət olunmuşdur. Lakin, cavabdeh tərəfindən Şöbənin rəisi vəzifəsi onun tərəfindən icra olunmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövür üzrə şöbə rəisi vəzifəsinə uyğun ona əmək haqqı 5 (beş) ay ödənilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 22 (iyirmi iki) ay ərzində Maliyyə baş idarəsi tərəfindən “Rəis vəzifəsinin müvəqqəti icra olunması üçün üç aydan artıq əmək haqqı ödənilə bilməz...” bildirilməklə, əmək funksiyalarının icra olunmasına görə əsasız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblər pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə (825,0/2+825,0/2*30%+825,0/2)*22ay) 20872,50 manat əlavə əmək haqqı ödənilməmişdir. Qeyd olunmuş əsaslarla bağlı o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay əsassız olaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddəalar pozularaq ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının ödənilməsini tələb etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə DVX-nin iddia tələbinə dair yazılı mülahizəsi (vəsatəti) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): DVX-nin iddia tələbinə dair yazılı vəsatəti onunla əsaslandırılmışdır ki, iddia müddəti ötürüldüyündən İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şam edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddət sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərini (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin həmin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür. İddiaçı sonuncu iş yeri olaraq Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin “Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsi”nin rəisi vəzifəsində çalışmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyini, lakin həmin vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ona vəzifə maaşı ödənilməli olduğu halda hər hansı ödənişin edilmədiyini və hesablanmadığını bildirmişdir. İddiaçı Əmək Məcəlləsinin 61-ci maddəsinə istinad edərək bildirmişdir ki, həmin maddənin ikinci hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Bununla bağlı DVX-nin xx.xx.2023-cü il tarixli **********858600 nömrəli əmri ilə İddiaçı Laçın Rayon Vergilər Şöbəsinin İqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi vəzifəsindən həmin şöbənin rəisi vəzifəsinə keçirilmişdir. Başqa sözlə, iddiaçının Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməsi onun xx.xx.2023-cü il tarixdə həmin vəzifəyə təyin olunması ilə yekunlaşmışdır. Eyni zamanda həmin tarixdə müvafiq ödənişlərin hesablanaraq ödənilməsi və bununla bağlı qanunla müəyyən edilmiş müddət də tamamlanmışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İddiaçının hazırkı tələbi pul tələbi ilə bağlıdır və həmin tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü tarixdə müraciət etmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, aylıq əmək haqqı aid olduğu ay üzrə hesablanaraq işçiyə ödənilir. İddiaçı ona ödənilən əmək haqqının məbləğindən narazı olduğu halda hər ay üzrə əmək haqqının ödənildiyi gündən yalnız bir il müddətində məhkəməyə müraciət edə bilərdi. İddiaçı Laçın rayon vergilər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi sonuncu ay 2023-cü ilin iyul ayı olmuşdur, iyul ayına görə əmək haqqı isə bir qayda olaraq avqust ayının ilk həftəsində ödənilir. Buradan aydın olur ki, iddiaçı tərəfindən rəis vəzifəsini müvəqqəti icra etdiyi sonuncu aydan belə bir ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. İddiaçının tələb hüququnun axımı ona əvəz etdiyi vəzifə üzrə ən son ödənişin edildi, gündən (yəni xx.xx.2024-cü il tarixdən) başlandığından o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbi əsassız olduğundan və prosessuai müddətlər ötürüldüyündən iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Qeyd olunanlara əsasən iddia tələinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən edən iddiaçı iddianın mahiyyət üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında tərəflərindən təqdim edilmiş iddia tələbinə dair yazılı vəsatətə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: DVX-nin “Müvəqqəti əvəzetmə haqqında”: - xx.xx.2021-ci il tarixli, **********360700 №-li əmrin surətindən müəyyən olunur ki, 14 aprel 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək; - xx.xx.2021-ci il tarixli, **********703400 №-li əmrin surətindən müəyyən olunur ki, 14 iyul 2021-ci il tariхdən 14 oktyabr 2021-ci il tariхəԁək; - xx.xx.2021-ci il tarixli, **********044700 №-li əmrin surətindən müəyyən olunur ki, 14 oktyabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********216700 №-li əmrin surətindən müəyyən olunur ki, 17 yanvar 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********478700 №-li əmrin surətindən müəyyən olunur ki, 17 aprel 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********896500 №-li əmrin surətindən müəyyən olunur ki, 18 iyul 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək; - xx.xx.2022-ci il tarixli, **********344800 №-li əmrin surətindən müəyyən olunur ki, 18 oktyabr 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixədək; - xx.xx.2023-ci il tarixli, **********146100 №-li əmrin surətindən müəyyən olunur ki, 18 yanvar 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək; - xx.xx.2023-cü il tarixli, **********558000 №-li əmrin surətindən müəyyən olunur ki, 18 aprel 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Laçın Rayon Vergilər Şöbəsinin iqtisadi təhlil və kameral vergi yoxlamaları üzrə baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri İddiaçı həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-V-78792/2024 №-li məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci hissəsinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı həmin Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Məcəllənin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Həmçinin, maddənin 4-cü hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Göründüyü kimi Məcəllə boş vəzifə üzrə əmək funksiyalarının icrasını 3 (üç) aydan çox olmayan müddətlə məhdudlaşdırır. Bu müddət bitdikdən sonra isə işəgötürən tərəfindən aşağıdakı 3 qərardan biri verilməlidir: 1. əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir; 2. iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır: 3. boş vəzifəyə yeni işçi götürülür. Əlavə olaraq boş vəzifənin əmək funksiyalarının icra edilməsi üçün hər bir halda əmək haqqının yarısından az olmayan əlavə əmək haqqı ödənilməlidir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DVX-nin xx.xx.2024-cü il tarixli, 3-21-1-1/2-V-xx-xx/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... Şöbə rəisi vəzifəsini müvəqqəti icra etdiyi bütün aylar üzrə əməkdaşa şöbə rəisi vəzifəsinin vəzifə maaşının verilib-verilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətlərinə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********593700, xx.xx.2024-cü il tarixli **********331200 nömrəli) aidiyyəti üzrə DVX-də baxılmışdır. DVX-nin “İşdən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli **********736400 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir və son haqq-hesab hesablanmışdır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarinda xidmət haqqinda” Əsasnamənin 61-ci maddəsinə əsasən vergi oroanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydada əsas vəzifələri ilə yanaşı digər vəzifələri müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər. Boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinə görə əmək haqqının ödənilməsinə münasibətdə bildirirlər ki, Əmək Məcəllənin 61-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirlər ki, işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir və boş vəzifə üzrə əmək funksiyasının icrasına görə Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində göstərilən qaydada əmək haqqının ödənilməsi 3 aylıq müddətlə məhdudlaşdırılmışdır.” TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 54. Əmək şəraitinin təmin edilməsi.

1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; ....

2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Maddə 61.

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası ...

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarinda xidmət haqqinda” Əsasnamə.

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən (bundan sonra – Əmək Məcəlləsi), Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir ...

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçən vətəndaşlar başa düşülür. ...

61. Vergi orqanlarının vəzifəli şəxsləri Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydada əsas vəzifələri ilə yanaşı digər vəzifələri müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. ... Maddə 11. Qanunçuluq prinsipi

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... Maddə24. İşin hallarının obyektiv araşdırılması

24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi Əmək Məcəlləsi boş vəzifə üzrə əmək funksiyalarının icrasını 3 (üç) aydan çox olmayan müddətlə məhdudlaşdırır. Bu müddət bitdikdən sonra isə işəgötürən tərəfindən aşağıdakı 3 qərardan biri verilməlidir:

1. əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir;

2. iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır:

3. boş vəzifəyə yeni işçi götürülür. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində göstərilən qaydada əmək haqqının ödənilməsinin 3 aylıq müddətlə məhdudlaşdırılmasına istina etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlavə olaraq boş vəzifənin əmək funksiyalarının icra edilməsi üçün hər bir halda əməkhaqqının yarısından az olmayan əlavə əmək haqqı ödənilməlidir. Əks mövqe Azərbaycan Respublikası Konstitusiyasının “”Əmək hüququ” adlanan 35-ci maddəsində nəzərdə tutulmuş hüquqların pozulmasına səbəb ola bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı). Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. Cavabdehin digər dəlilinə (Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər) gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət olunmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilk öncə hazırki tələblə xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə cavadeh inzibati orqan DVX-yə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən xx.xx.2024-cü il tarixli məktubla imtina olundğundan, iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, ona əlavə əmək haqqının yenidən hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının qanunla qorunan hüququnun pozulmasına səbəb olmuşdur. Belə olan halda iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, ona əlavə əmək haqqının yenidən 20872,50 (iyirmi min səkkiz yüz yetmiş iki manat 50 qəpik) manat məbləğində hesablanması və ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 22 ay boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, ona əlavə əmək haqqının yenidən, 20872,50 (iyirmi min səkkiz yüz yetmiş iki manat 50 qəpik) manat məbləğində hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar