Məhkəmə qərarları › İş №e-2-1(112)-2918/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2918/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2918/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X2rşı “qərarın ləğvi və sair” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı pensiya təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməsi, cavabdehin iddiaçıya 1992-ci ildə təyin edilmiş, 1996-cı ildə yenidən hesablanmış pensiyası üzrə 1999-cu ilin oktyabr ayından hazırki günə qədər olan pensiya ödənişlərinin köçürüldüyü İddiaçı pensiya ödənişi hesabının rekvizitlərinin iddiaçıya bildirilməsi, iddiaçıdan asılı olmayan səbəbdən hesab ləğv edilmişsə, hesabı onda olan müvafiq məbləğlərlə bərpa edilməsi və həmin pensiya ödənişi hesabında toplanmış vəsaitdən tam istifadə etmək hüququnun təmin edilməsi, pensiya ödənişlərinin davam etdirilməsi haqqında cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu əvəzinə həmin fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı Krayzman (Verkeyeva) Bela Aleksandrovna (bundan sonra İddiaçı) xx.xx.1959-cu il tarixində əmək fəaliyyətinə başlamış, xx.xx.1965-ci il tarixindən Bakı şəhərlərarası telefon stansiyasında telefonçu vəzifəsinə qəbul edilmiş, həmin sistemdə çalışmış, 1992-ci ilin iyun ayında ona güzəştli şərtlərlə pensiya müəyyən edilsə də, işləməkdə davam etmiş, xx.xx.1996-cı il tarixdə isə pensiya yaşının çatması ilə əlaqədar güzəştli şərtlərlə pensiya təyin olunmaqla pensiyaya buraxılmışdır. İddiaçı 1992-ci ildən 1999-cu ilin oktyabr ayına qədər pensiya almışdır. 1999-cu oktyabr ayında İddiaçı daimi yaşamaq üçün İsrailə köçmüş, İsrail dövlətinin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməmiş, nəticədə iki ölkənin vətəndaşı olmuşdur. Həmin vaxtdan hal-hazıra qədər İddiaçı Bakı şəhərində göstərilən ünvanda qeydiyyatdadır və qeydiyyat olduğu mənzildə 40 ildən çoxdur ki, kommunal xərcləri ödəyir. Xaricə köçən zaman İddiaçı pensiya hüququnu itirməsi barədə sosial müdafiə strukturlarının əməkdaşları tərəfindən ona əsassız və yanlış məlumat bildirildiyindən o daha pensiya ala bilməyəcəyi barədə səhv nəticəyə gəlmiş, bu səbəbdən də pensiyasını almaqda davam etmək, o cümlədən İsraildə poçt köçürməsi ilə almaq üçün heç bir səy göstərməmişdir. 2023-cü ildə İddiaçı pensiya hüququnu itirmədiyini öyrənərək həmin müddətdə almadığı pensiyanın verilməsi üçün nümayəndəsi X3 vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) müraciət etmişdir. Pensiyaçı İddiaçı tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində verilmiş ərizələrdən sonra, Fond tərəfindən əsassız olaraq tələb edilən bütün sənədləri təqdim etdikdən sonra, nəhayət Fond qərar qəbul etmək məcburiyyətində qalmış, məsələni tam və mahiyyəti üzrə araşdırmadan qanunsuz olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə pensiya təyin etmiş və müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün alınmamış məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəyini bildirilmişdir. Həmin qərarla razı olmayan İddiaçı pensiyanın hesablanma sənədinin təqdim edilməsi, pensiyasının nəyə görə 1999-cu ildən verilməməsi, nə üçün ona yeni pensiya təyin edilməsi barədə xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il (bu ərizə sonuncu ərizəyə əlavədir) tarixlərdə dəfələrlə müraciət etsə də, Fond tərəfindən pensiyaçının ərizələri araşdırılmamış, tələb etdiyi sənədlər təqdim edilməmiş, yalnız iki ilkin ərizəyə artıq qərar qəbul edilməsi barədə formal cavablar verilmiş, digərləri isə ümumiyyətlə cavablandırılmamışdır. Məsələnin hüquqi aspektlərinin araşdırılması zamanı Fond tərəfindən İddiaçı barəsində qəbul edilmiş inzibati qərarın qanunsuz və əsassız olmaqla ərizəçi üçün əlverişsiz olduğu müəyyən edilmiş, inzibati icraat başlanması və nəticə etibarı ilə həmin qərarın ləğv edilməsi, ərizəçi üçün qanuni əlverişli inzibati akt qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixdə Fonda müraciət edilmişdir. İddiaçı barəsində 1992-ci ildə güzəştli şərtlərlə, 1996-cı ildə yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Fond bunu bilsə də, məsələni tam araşdırmaq əvəzinə, sadəcə, ən asan, lakin qanunsuz yol seçilərək İddiaçı yenidən pensiya təyinatı aparılmışdır Cavabdeh tərəfindən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61645/2025 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası əvvəlki üç il üçün hesablanaraq, keçmiş müddət üçün ona ödənilməli olan 10514,76 manat pul vəsaiti müəyyən edilmiş, həmin məbləğ xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülərək ödəniş tamamlanmışdır. İddiaçı 1999-cu ilin oktyabr ayında daimi yaşamaq üçün İsrailə köçmüş və bundan sonra ona təyin olunmuş əmək pensiyasına görə ödənişləri almamışdır. İddiaçının pensiya ödənişinin dayandırıldığını iddia etdiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun keçmiş müddət üçün pensiyaların ödənilməsini tənzimləyən 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında onun pensiyasının yenidən hesablanması və əvvəlki üç il üçün məbləğin hesablanaraq ödənilməsi qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1940-ci ildə anadan olmuşdur. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* arayışdan görünür ki, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16288/2023 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə xx.xx.1997-ci il tarixindən pensiya təyin olunmuş, pensiyanın bərpa edilməsi səbəbindən yenidən hesablanma aparılmış, yenidən hesablanmış pensiya məbləği 360,55 manat təşkil etmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-61645/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq məbləğ 360,55 manat müəyyən edilmiş, yenidən hesablama xx.xx.2020-ci il tarixdən müəyyən olunmuşdur. Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialın məktubundan görünür ki, iddiaçıya pensiya ödənişinə dair sənədlər(pensiya hesab nömrəsi 614191, Nəsimi rayonu) Mərkəzi Filiala təhvil verilmədiyi üçün göndərilməsi mümkün olmamışdır. Həmçinin işdən görünür ki, İddiaçı pensiya işi (№614191- Nəsimi rayonu) Fondun arxivinə təhvil verilməyib. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Krayzman (Verkeeva) Bela Aleksandrovnanın adına 1999-cu ildən 2023-cü ilədək hər hansı bank hesabı açılmamış, kart sifariş verilməmiş və adıçəkilən şəxsə qeyd edilən dövr ərzində pensiya ödənişi həyata keçirilməmişdir. Beləliklə, işin sadalanan halları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.1997-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı xarici ölkəyə getdiyindən ona pensiya ödənişi həyata keçirilməmiş, 2023-cü ildə iddiaçının müraciəti əsasında yenidən pensiya ödənişi müraciətdən əvvəlki 3 illik müddət üçün verilməklə bərpa edilmişdir. İddiaçı hazırda bununla razılaşmayaraq, iddiaçıya 1992-ci ildə pensiya təyin edildiyini, həmin pensiya məbləğin hazırkı günə indeksasiya edilməli və həmin müddətdə ödənilməyən məbləğin ödənilməli olduğunu iddia edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki: “Əmək pensiyaları haqqında” Qanun Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 106. Keçmiş müddət üçün pensiyaların ödənilməsi hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir... Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, Qanunun 32.11-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının pensiya ödənişinin dayandırıldığı iddia etdiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun keçmiş müddət üçün pensiyaların ödənilməsini tənzimləyən 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Eyni zamanda hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Buna görə də hazırki iddianın düzgün həlli üçün inzibati orqanın hərəkətlərinə, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. Qeyd edilməlidir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Qanuna yeni məzmunda 32.11ci maddə əlavə edilmiş və həmin Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn teztez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün pozitiv hüquqda birbaşa tənzimlənməməsinə baxmayaraq, əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq- yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. İlk növbədə 2017-ci il 01 iyul tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliyin mahiyyəti təhlil olunmalı, daha sonra həmin dəyişikliyin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edib-etmədiyinə, eləcə də yeni tənzimləmənin geriyə şamil edilməsinin yolverilənliyinə qiymət verilməlidir. Ümumən qəbul edilməlidir ki, sosial təminat hüquq sahəsində geniş mülahizə sərbəstliyinə malik olduğu səlahiyyətlərdən çıxış etməklə dövlət mövcud qanunvericiliyi yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüququna malikdir. Əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi ilə müşayiət olunan belə retrospektiv tətbiq yalnız aidiyyəti şəxslərə hər hansı qaydada mənfi təsir göstərdiyi üçün özü-özlüyündə qazanılmış hüquqların pozuntusu kimi qəbul edilə bilməz. Pozuntu yalnız o zaman olacaqdır ki, retrospektiv tətbiqin yol verilən hədləri və şərtləri aşılmış, onlara riayət edilməmiş olsun. Yeni normativ tənzimləmələrin məqsədi və hədəfləri ilə bağlı qeyd edilməlidir ki, 2017-ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş çoxsaylı əlavə və dəyişikliklər ölkəmizdə pensiya təminatı sistemində həyata keçirilmiş köklü islahatların mühüm mərhələsi və vacib tərkib hissəsi olmuşdur. 45. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti iləbağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir. Yeni tənzimləmələr əmək pensiyaçılarının hüquqlarına hansı dərəcədə təsir etmişdir və bu təsiri minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi? İlk növbədə qeyd edilməlidir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacaqları məbləğləri üç illə məhdudlaşdırmışdır. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilməmişlər, əvvəlki üç ili almaq hüquqları saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, yeni tənzimləmələri gətirən qanunun özündə birbaşa keçid normaları nəzərdə tutulmasa da, qanunda onun qəbul edildiyi tarixdən daha sonrakı tarixdə qüvvəyə minəcəyi ilə bağlı xüsusi norma olmuşdur. Beləliklə, qanunun müzakirəsi, qəbul edilməsi, dərc edilməsi və qüvvəyə mindiyi tarixlər nəzərə alındığında faktiki olaraq yeni qaydalar dərhal həyata keçirilməmiş, müəyyən keçid dövrü gözlənildikdən sonra tətbiq edilməyə başlanılmışdır. Belə ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş, 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Kollegiya həmçinin hesab etmişdir ki, yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-213/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, inzibati orqan iddiaçıya alınmamış pensiya məbləği üzrə fərqin 1999-cü ildən deyil, müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödəməkdə haqlı olmuş, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi üçün əsas yoxdur. Həmçinin işin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçıya 1999-cu ildən 2023-cü ilədək hər hansı bank hesabı açılmamış, kart sifariş verilməmiş və adıçəkilən şəxsə qeyd edilən dövr ərzində pensiya ödənişi həyata keçirilməmişdir. Buna görə də iddia tələbinin pensiya ödənişlərinin köçürüldüyü İddiaçı pensiya ödənişi hesabının rekvizitlərinin iddiaçıya bildirilməsi, iddiaçıdan asılı olmayan səbəbdən hesab ləğv edilmişsə, hesabı onda olan müvafiq məbləğlərlə bərpa edilməsi və həmin pensiya ödənişi hesabında toplanmış vəsaitdən tam istifadə etmək hüququnun təmin edilməsi hissəsində də təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar