Məhkəmə qərarları › İş №e-2-1(112)-292/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-292/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-292/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X6 nümayəndəsi X3, üçüncü şəxs X6 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X10) “sərəncamın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı firması cavabdehlər Bakı şəhəri Səbail bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 744 saylı sərəncamının və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X6 adına aparılmış qeydiyyatın ləğv olunması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin qərardadı ilə X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

3. Məhkəmənin qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cavabdehlər sırasından çıxarılmış və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Məhkəmə qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 744 nömrəli sərəncamın etibarsız hesab edilməsi” kimi dəyişdirilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Baçşısının xx.xx.2004-cü il tarixli 632 saylı razılıq məktubu və İddiaçı firmasının müraciəti nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3,0 ha (30000 kv.m) torpaq sahəsi icarə əsasında 49 il müddətinə İddiaçı firmasının istifadəsinə verilmiş, firma ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında xx.xx.2005-ci il tarixli 0565 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.2005-ci il tarixli qəbzlə 5910604,32 AZN (1182,12 AZN) ödəniş edilmiş, xx.xx.2004cü il tarixli 11655 saylı inşaat pasportu, torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 04/174 saylı ayrıc aktı və cizgisi, xx.xx.2006-cı il tarixli 2328 saylı torpaq sahəsinin kadastr planı, kotec tipli evlərin baş planının eskizi tərtib edilmiş, layihə Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/04-322 saylı məktubu ilə razılaşdırılmışdır. Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 744 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, həmin torpaq sahəsi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 12/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixdə X6 adına qeydiyyatdan keçmiş, buna dair xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarış verilmiş və hazırda mülkiyyətindədir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X7 qeyd edilən torpaq sahəsi İddiaçı firmasının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində ayrılmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna (məktub xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir) əsasən, İddiaçı firmasının istifadəsinə verilmiş 3,0 ha (30000 kv.m) torpaq sahəsinin xx.xx.2006-cı il tarixli 2328 saylı kadastr planında göstərilən və hazırda yerində (naturada) mövcud olan döngə nöqtələrinin koordintaları ilə X6 mülkiyyətində olan 0,12 ha (1200 kv.m) sahə bütövlükdə kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Ona görə də, aşağıda qeyd edilən dəlillərə əsasən sözügedən torpaq sahəsinin X6 adına sənədləşdirilməsinə dair cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 744 saylı sərəncamı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsi ilə bağlı X6 adına aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi qoyulmalıdır. Bələdiyyənin bu torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmamışdır, çünki həmin vaxt (2005-ci ildə) torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmuşdur. Həmin torpaq sahəsi hətta bələdiyyənin mülkiyyətində olsa idi belə, onun xüsusi mülkiyyətə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Çünki Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5 və 6-cı hissəslərinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalmalayihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (bu halda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni müddəalar “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.5-ci maddələrində də təsbit edilmişdir. Bundan başqa, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən, bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxıb müvafiq qərar qəbul etdikdən sonra onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Lakin hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə müvafiq bələdiyyə qərarı qəbul edilməmiş, yalnız təkbaşına sərəncam verilmiş, həmin sərəncam müvafiq nəzarət orqanına göndərilməmiş, tərəflər arasında müqavilə bağlanmamış vəmüvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır.

6. Üçüncü şəxs X6 iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı firması qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aid edilməklə bələdiyyə mülkiyyətində olan 1200 kvadrat metr torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsi barədə Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 744 nömrəli sərəncamının ləğvindən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirmişdir. 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, yuxarıda qeyd etdiyi kimi, qüvvədə olan İnzibati-Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı Malbi firmasının hazırki iddia tələblərinin mümkünsüz sayılmasına dair qərardad qəbul edilməsi xahiş edilir.

7. İddiaçının üçüncü şəxs tərəfindən verilən ərizəyə etirazında bildirilmişdir ki, ərizədə bunun üçün irəli sürülən dəlillər iddia müddətinin ötürülməsi nəticəsinə gəlməyə və bu səbəbdən iddianın mümkün sayılmamasına əsas verə bilməz. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı "xxxx" firması mübahisələndirilən sərəncamla hüquqlarının pozulması barədə xx.xx.2023-cü il tarixdə məlumatlı olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna (məktub xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir) əsasən, İddiaçı firmasının istifadəsinə verilmiş 3,0 ha (30000 kv.m) torpaq sahəsinin xx.xx.2006-cı il tarixli 2328 saylı kadastr planında göstərilən və hazırda yerində (naturada) mövcud olan döngə nöqtələrinin koordintaları ilə X6 mülkiyyətində olan 0,12 ha (1200 kv.m) sahə bütövlükdə kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Bu məlumatı əldə etdikdən 3 gün sonra - xx.xx.2023-cü il tarixdə isə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırkı iş üzrə mübahisəyə iddia müddəti ilə bağlı ərizədə istinad olunan Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 1-ci fəslinin (Dövlət hakimiyyəti orqanlarının, idarələrin,təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslinin (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) müddəaları tətbiq oluna bilməz. Bu yalnız o halda mümkün ola bilər ki, iddiaçının xx.xx.2023-cü il tarixədək olan müddətdə mübahisələndirilən sərəncamla hüquqlarının pozulduğunu bildiyi, lakin qeyd edilən normalarla müəyyən edilən hüquqi müdafiə imkanlarından vaxtında istifadə etmədiyi müəyyən və sübut edilmiş olsun. Əksinə, işdən görünür ki, üçüncü şəxs mübahisələndirilən sərəncama əsaslanaraq sözügedən torpaq sahəsinə mülkiyyət hüququnu Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 12/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı əsasında xx.xx.2017-ci il tarixdə müvafiq çıxarış almaqla, yəni AR İPM qüvvəyə mindikdən (xx.xx.2011-ci ildən) sonra əldə etmişdir. Bu mənada, mübahisə predmeti olan sərəncamın mübahisələndirilə bilmə müddətinə AR İPM-in müvafiq müddəaları tətbiq olunmaqla iddiaçının həmin sərəncamı mübahisələndirmək imkanı aradan qalxmamışdır. 3,0 ha (30000 kv.m) torpaq sahəsi 2004cü ildə icarə əsasında İddiaçı firmasının istifadəsinə verildikdəın sonra həmin sahə iddiaçı tərəfindən hasarlanmış, üçüncü şəxs isə mübahisələndirilən sərəncamı 2005-ci ildə, torpağa mülkiyyət hüququnu isə 2017-ci ildə əldə etməsinə rəğmən, iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşən həmin torpaq sahəsində hər hansı iş görməmiş və bir dəfə də olsun sahə ilə maraqlanmamışdır ki, iddiaçı ən azı bu zaman sahənin mübahisəli olması barədə xəbər tutmuş olsun. Üçüncü şəxs bu barədə yalnız iddiaçı sahədə müvafiq tikinti işlərinə başlayandan sonra pretenziyalar irəli sürməyə başlamış və bundan sonra yuxarıda qeyd edilən vəkil sorğusuna cavab əsasında torpaq sahələrinin üstüstə düşməsi faktı iddiaçıya məlum olmuşdur. Ərizəyə əlavə kimi təqdim edilən məhkəmə qərarlarına münasibətdə isə qeyd olunmalıdır ki, analoji məsələyə dair bir-iki məhkəmə qərarının olması hələ bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşması kimi qələmə verilə bilməz, digər tərəfdən həmin qərarlarda göstərilən əsasla iddianın mümkün sayılmaması məhkəməyə müraciət hüququnun əsassız məhdudlaşdırılması kimi çıxış edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmədən üçüncü şəxsin iddianın mümkün sayılmaması xahişinin təmin edilməməsi və işə baxılmasının davam etdirilməsi xahiş edilir.

8. Üçüncü şəxs X6 iddiaya növbəti münasibəti onunla əsaslandırılmışdır ki, Orucov Tural ona məxsus torpaq sahəsinin zəbt olunmasına dair xx.xx.2020-ci il tarixində Səabil rayon Polis İdarəsinə müraciət etmiş, iş üzrə cavabdeh olan təşkilatın rəsmiləri həmin müraciət əsasında ifadə və izahatlar vermiş, topaq sahələrinə dair mübahisə onlara məlum olmuşdur. Qanunsuz zəbt etməyə mülki mübahisə kimi qiymət verildiyindən X14 rayon Məhkəməsinə İddiaçı Firmasına qarşı «torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair mülki iddia qaldırmış, iddia bütün məhkəmə instansiyalarında təmin edilmişdir. Artıq X14 rayon Pİ-nə müraciət etdikdə iddiaçı "xxxx" firması mübahisədən xəbərdar idi və ya xəbərdar olmalı idi. Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarın mətnində "xxxx" Firmasının qanuni nümayəndəsi X1 izahatından görünür ki, artıq "xxxx" Firmasına təkcə Orucov Turala aid torpaq sahəsinin deyil, digər torpaq sahələrinində kadastrla üst-üstə düşməsi onlara məlumdur. Qərarda firmanın nümayəndəsinin ifadəsi və təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı Malbi Firması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə, X5, X7 və X4 qarşı bələdiyyə qərarının ləğvi, alqı-satqının etibarsızlığı, reyestr qeydinin ləğvi və s. tələblərə dair Səbail rayon Məhkəməsinə iddia ilə müraciət etmişlər və həmin iddia ərizələrinin sürətlərini də təhqiqat orqanına təqdim etmişdir. Qeyd etdiyi hallar mübahisəsiz şəkildə Malbi firmasının xx.xx.2020-ci il tarixindən mübahisələndirdikləri sənədlərin mövcudluğundan xəbərdar olmuşlar. (Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar elektron kabinet vasitəsilə təqdim edilir) Hesab edir ki, iddiaçı 2020-ci ilin avqust ayından sonra təxminən 3 il keçməklə iddia belə bir qanunsuz iddia qaldırmasını mümkünsüz etmişdir və məhkəmədən iddianın mümkünsüzlüyünə dair qərardad çıxarılması xahiş edilir.

9. Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarında qeyd olunur: ..X2 izahatında bildirmişdir ki, o, “Malbi" firmasının hüquqlarını müdafiə edir. Səbail rayonu Salyan şossesi “Şahin bağ” yaşayış sahənin şimal-şərq hissəsində 3 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə “Malbi" firmasına ayrılmış, xx.xx.2005-ci il tarixli 0565 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı həmin torpaq sahəsini 49 il müddətinə "xxxx" firmasına icarəyə verilmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir.Vəkil3 təmsil etdiyi şəxs X8 adına olan 0.12 ha torpaq sahəsi 2020-ci ilin yanvarın 23-də alqı-satqı müqaviləsi ilə əldə edilmişdir. Tural Orucov və digər şəxslər firmanın istifadəsində olan 3 ha torpaq sahəsinə gələrək həmin torpaq sahəsini hasarı daxilində olmasına baxmayaraq torpaq sahələrinin onlara məxsus olmasını göstərirlər. Qeyd olunan torpaq sahəsi Səbail bələdiyyəsinin sərəncamı əsasında ayrılmış, həmin sərəncam əsasında mülkiyyət hüququ haqqında çıxarışlar verilməsinə baxmayaraq onlara ayrılan torpaq sahələri “Malbi" firmasının istifadəsində olan torpaq sahəsində ola bilməz. "Malbi” firmasının istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Səbail bələdiyyəsi dövlət mülkiyyəti olan torpaq sahəsi üzərində sərəncam verə bilər.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nüməyəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nüməyəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxsin nümayəndəsi iştirak etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

14. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik torpaq sahəsinin istifadəyə ayrılması Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 744 nömrəli sərəncamının etibarsız hesab edilməsini tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının nail olmaq istədiyi yekun məqsəd qərarın ləğv edilməsidir. Buna görə də hesab edilir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq Biləcəri Bələdiyyəsinin 183 saylı, 24 noyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi kimi qəbul edilməlidir.

15. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

18. Eyni zamanda, İPM-in 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

20. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

21. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

22. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

23. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

24. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

25. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

26. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

27. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

28. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu onunla əsaslandırmışdır ki, üçüncü şəxs torpaq sahəsinə mülkiyyət hüququnu Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-12/2017 saylı xx.xx.2017ci il tarixli qərarı əsasında xx.xx.2017-ci il tarixdə müvafiq çıxarış almaqla, yəni AR İPM qüvvəyə mindikdən (xx.xx.2011-ci ildən) sonra əldə etmişdir. Buna baxmayaraq, həmin vaxt orada hər hansı tikinti və ya abadlıq işləri aparılmadığı üçün iddiaçı bu barədə məlumatlı olmamışdır, yalnız torpaq sahəsində müvafiq tikinti başlayandan sonra xəbərdar olmuşdur.

29. Məhkəmə qeyd edir ki, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi uçun qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, huquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir.

30. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdirlər. Eyni zamanda Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, iddiaçı həmin cinayət işi üzrə müvafiq izahatlar vermişdir ki, bu da onun artıq həmin vaxt (xx.xx.2020) məlumatlı olmasını deməyə əsas verir.

31. Odur ki, hazırkı iş üzrə iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur.

32. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

33. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

35. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar