Məhkəmə qərarları › İş №e-2-1(112)-2942/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2942/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2942/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X7, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X5) qarşı “torpaq sahəsinə dair plan və ölçünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin yerləşdiyi 940,0 kv.metr torpaq sahəsinə dair X2 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0.06 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 avqust 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Çıxarışa əsasən onun mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 06 aprel 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin mülkiyyətçisi olan 3-cü şəxs Natavan Fətullayevanın evi qonşuluqda, qeyd olunan torpaq sahəsinin qarşısında yerləşir. Natavan Fətullayeva qeyd olunan torpaq sahəsini Səbail rayonu Badamdar bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 saylı qərarı ilə alqı-satqı yolu ilə almışdır. Lakin N.Fətullayeva həmin qərarla ona verilmiş 940,0 kv.metrdən ibarət torpaq sahəsini sonradan, təxminən 2008-ci ildə özbaşına irəli çəkərək ümumi istifadədə olan torpaq sahəsini, daha doğrusu yola aid hissəni də öz ərazisinə qatmışdır. Bu hal Badamdar bələdiyyəsinin 2006-cı ildə tərtib və təsdiq etdiyi torpaq sahəsinin cizgisində, habelə ərazinin həmin dövrdə peyk vasitəsilə çəkilişində açıq-aydın görünür. Beləliklə də, ümumi istifadədə olan və iddiaçıya məxsus ərazinin qarşısındakı torpaq sahəsinin yola aid hissəni qeyri-qanuni, özbaşına tutmuş Natavan Fətullayevanın adına rəsmiləşdirən cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmənin 12.10.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh **********98 nömrəli, 05.11.2021-ci il tarixli iddiaya etirazını məhkəməyə təqdim etmiş və iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciətinin daxil olmadığını bildirmişdir. Üçüncü şəxs X5 07.01.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, onunla iddiaçı arasında, sonuncu tərəfindən ümumi istifadədə olmuş torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirməsi səbəbindən davam edən məhkəmə prosesləri vardır. Buna görə də hazırki iddia tələbi formal xarakter daşıyır. Üçüncü şəxs həmin sahədə 2010-cu ildən yaşayış evi inşa etməklə yaşayır. Evinin qarşısında təxminən 18 metr enində, uzunluğu 100 metrdən çox olan boş torpaq sahəsi (yolun bir hissəsi) olmuşdur, hansı ki, həmin sahə daimi ümumi istifadədə olmuş, oradan üçüncü şəxsin və digər qonşuların su, qaz xətləri keçmiş, orada evinin yağış suları üçün quyu (şambo) qazılmışdır. Sənədlərdən göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi 2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Buna qədər isə 2014-ci ildə onun oğlu-Ağayev Teymurun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Əgər ümumi istifadə olmuş həmin sahə üzrə Ağayevlər və ya onlardan əvvəlki hər hansı bir şəxsin mülkiyyət hüququ var idisə, nə üçün həmin xətlərin oradan aparılmasına, şombo tikilməsinə, ərazinin abadlaşdırılmasına onlar vaxtında etiraz etmir və ya məhkəməyə müraciət etmirdilər. 2015-ci ilin fevral ayında Teymur Ağayev tərəfindən həmin sahənin təxminən 3 sot ərazisində ümumi qaz xəttinin üzərində hasarlama işləri aparılarkən ona məlum olmuşdur ki, onun faktiki istifadəsində olmuş torpaq sahəsinin təxminən 3 sotu başqa şəxsə satılıb, arada hasar çəkməklə, üçüncü şəxsin qeyd etdiyi ümumi istifadədə olmuş torpaq sahəsinin təxminən 3 sotunu ələ keçirməklə Kadastr planı tərtib etdirmiş, sonradan həmin yerə çıxarış almışdır. Üçüncü şəxs bu səbəbdən 2015-ci ilin fevral ayında Səbail Rayon Məhkəməsində X6 qarşı (hansı ki, torpaq sahəsi İddiaçıdan əvvəl onun mülkiyyətində olmuşdur) «hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt müstəqil tələb irəli sürən X12 üçüncü şəxsə qarşı «torpaq sahəsindən özbaşına çəkdiyi su və kanalzasiya xətti, həmçinin tikdiyi su anbarının onun öz hesabına sökülməklə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə məhkəmə tikinti-texniki, təkrar məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin və ekspertlərin (o, cümlədən İddiaçının hazırkı nümayəndəsinin) iştirakları ilə sahəyə, eləcə də üçüncü şəxsin torpaq sahəsinə baxış keçirilmiş, mütəxəssislərin arayışlarında, həmçinin 04.09.2015-ci il tarixli, 13556 və 25.01.2017-ci il tarixli, 1474 nömrəli ekspert rəylərində Səbail rayonu, Badamdar Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 saylı qərarı ilə alqı-satqı yolu ilə aldığı Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 940.0 kvadrat metr torpaq sahəsinin sərhədlərinin sənədlərdə qeyd edilən ölçülərə uyğun olduğu, istifadəsində olan torpaq sahəsinin ona aid çizgidə əks olunmuş sərhədlər hüdudunda yerləşdiyi, çizgidə əks olunmuş sərhədlərdən kənara çıxmadığı, əksinə Məhərrəm Miriyevin adına olan torpaq çizgisində qeyd olunan ölçülərlə Kadastr sənədində qeyd olunan torpaq sahəsinin ölçülərinin kəskin fərqləndiyi və sair pozuntular müəyyən olunmuşdur. Bütün bunlar Səbail Rayon Məhkəməsinin 20.04.2017-ci il, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli Qətnamələrində öz əksini tapmışdır. Səbail Rayon Məhkəməsinin 20.04.2017-ci il, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.08.2018-ci il tarixli qətnamələrinin, ekspertizaların keçirilməsinə dair təyin edilmiş qərarların və ekspert rəylərinin surətlərinə baxdıqda iddiaçının nümayəndəsinin hazırda eyni şəxs olduğu, onun həmin vaxt üçüncü şəxsin istifadəsində olmuş torpaq sahəsi ilə bağlı mütəxəssis arayışlarına və ekspert rəylərinə heç bir etirazının olmadığı müəyyən olunur. Bundan başqa İddiaçı 2008-ci ildən 2014-2015-ci illərə qədər orada olmadığı halda hardan bilir ki, üçüncü şəxs hansısa sahəni özbaşına irəli çəkib, ona məxsus ərazinin qarşısındakı torpaq sahəsinin yola aid hissəsinin qeyri-qanuni özbaşına tutulmaqla hüquqlarının kobud surətdə pozulduğunu göstərir. Həmin ərazinin ortofotoplan görüntülərinə baxdıqda açıq-aydın görünür ki, üçüncü şəxsin yaşadığı evin qarşısından X4 adına tərtib olunmuş 1228 saylı 0,06 ha torpaq sahəsinə baxdıqda həmin torpaq sahəsi üçüncü şəxsin evinin sol divar boyu ilə üzbəüzdür ki, burada yola hər hansı müdaxilədən söhbət gedə bilməz. Əksinə qeyd edildiyi kimi iddiaçı tərəfindən X4 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir. Bu fakt ekspert rəyi ilə də təsdiq olunur. Buna görə də Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-219/2021 saylı qərarı ilə iddia təmin edilərək qeyd olunan torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədinin ləğv edilməsi müvafiq təşkilata həvalə edilmişdir. İddiaçı bu qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1714/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Bütün bunlardan görünür ki, iddiaçı yol vermiş olduğu qanunsuzluğu, yəni ümumi istifadədə olan torpaq sahəsini ələ keçirməsini tam bildiyi halda bu qanunsuzluğu pərdələmək üçün məhkəməyə əsası olmayan iddia ilə müraciət etmişdir. Hətta o, qanunsuz ələ keçirdiyi sahədə daş hasarı sakinlərə verilən qaz xəttinin üstündə qaldırmışdır, hansı ki, iddiaçının oğlu X10 (yerin əvvəlki sahibi, sonradan torpaq atasının adına keçirilib) qarşı «qanunsuz tikilinin sökülməsi» barədə «Azəriqaz» İBnin iddiası əsasında Səbail Rayon Məhkəməsində 08 noyabr 2017-ci il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə istər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qüvvədə saxlanılmışdır. Həmçinin iddiaçı tərəf iddia ərizəsində tələbinin maddi əsasını da müəyyən etməmiş və onun hansı hüququnun pozulduğunu isə qeyd etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən həmin sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. Plan və ölçünü Komitənin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü yarımbəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsinə aiddir. Əsasnamənin 1.3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Hazırkı işdən görünür ki, iddiaçı cavabdeh qismində 1 saylı Bakı Ərazi İdarəsini göstərməklə onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin yerləşdiyi 940,0 kv.metr torpaq sahəsinə dair üçüncü şəxs X2 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi xahiş edir. İddiaçı həmin plan və ölçünü iş materiallarına əlavə etməmiş, məhkəmə tərəfindən cavabdehə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş sənədlər arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.094 ha torpaq sahəsinə dair X2 adına cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü olmamışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin 15.09.2006-cı il tarixli, 166 saylı Qərarı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 940,0 kv.m torpaq sahəsi X1, torpağın alqı-satqısına dair akt tərtib edilmiş, Badamdar Bələdiyyəsi tərəfindən N.Fətullayevaya ayrılmış torpaq sahəsinin cizgisi təsdiq edilərək üçüncü şəxsə təqdim edilmişdir. Üçüncü şəxs bu sənədləri cavabdehə təqdim etdikdən sonra cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair mülkiyyət hüququ 23.09.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 666 nömrəli reyestr kitabının 63102 nömrəli vərəqində qeydiyyata alınmış və üçüncü şəxsə yalnız RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, cavabdeh üçüncü şəxsin adına torpaq sahəsinin plan və ölçüsünü tərtib etmədiyindən həmin orqanın cavabdehliyi və plan və ölçünün ləğvindən ibarət belə bir iddianın qaldırılması qeyri-mümkündür. İşdən görünür ki, üçüncü şəxsə məxsus torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən yeganə sənəd Badamdar Bələdiyyəsi tərəfindən N.Fətullayevaya ayrılmış torpaq sahəsinin yerini göstərən cizgi olmuş, iddiaçı da iddia ərizəsində məhz həmin cizgiyə istinad edərək üçüncü şəxsin ümumi istifadədə olan torpaq sahəsini, yəni yolu zəbt etdiyini iddia etmişdir. İddiaçı həmin cizginin ləğvi ilə bağlı Badamdar Bələdiyyəsinə məhkəməyəqədər müraciət etmədiyindən İPM-in 13-cü maddəsinə əsasən yanlış iddia növünün münasibi ilə əvəz olunması da mümkün olmamışdır. Çünki İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddialara aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İddiaçının hazırda ləğv edilməsini tələb etdiyi torpaq sahəsinin plan və ölçüsü, yaxud torpaq sahəsinin cizgisi inzibati akt olmamaqla, texniki sənəddir və onun ləğv olunması mübahisələndirmə haqqında iddia növünə deyil, öhdəliyin icrası haqqında iddia növünə aiddir. Yuxarıda qeyd olunduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə isə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Çünki öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayıla və mahiyyəti üzrə baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar