Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2943/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin (111) şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri (c) yarımbəndində baş mühəndislər; -baş mexaniklər; -baş energetiklər; -direktorlar, rəislər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin 8 iyun 2021-ci il tarixli 48 nömrəli arayışında iddiaçının xx.xx.2009-cu il tarixindən bugünədək adıçəkilən şirkətin Gədəbəy kontrakt sahəsində elektrik işləri üzrə nəzarətçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 5 ay 12 gün (xx.xx.2008- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi, həmçinin ödənilməmiş pensiya məbləğinin birdəfəlik verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Gədəbəy rayonunda anadan olmuş, 1982-ci ildə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft və X1 fakültəsini “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə bitirmişdir. xx.xx.1983-cü ildə “BaşKolxozSovxozTikinti” idarəsində mühəndisenergetik vəzifəsinə təyin olunmuş, xx.xx.1984-cü il tarixdə ştat cədvəlinə əsasən vəzifəsi baş mühəndis-energetik olmuşdur. xx.xx.1985-ci ildə enerqo-mexaniki şöbəyə rəis, xx.xx.1990-cı ildə mexaniki sexin rəisi təyin edilmiş və xx.xx.1991-ci ildə həmin vəzifədən öz ərizəsinə əsasən azad olunmuşdur. Sonra xx.xx.1991-xx.xx.1992-ci illərdə Neftmaştikinti trestində mexanik işləmiş, bundan sonra xx.xx.2009-cu il tarixədək müxtəlif təşkilatlarda mühəndis-energetik, slesar-elektrik, çilingər-elektrik, elektromexanik və sair vəzifələrdə çalışmış, xx.xx.2009-cu il tarixdə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətində Gədəbəy Kontrakt sahəsinin elektrik işləri üzrə nəzarətçisi vəzifəsinə təyin olunmuşdur və hazırda da həmin vəzifəni yerinə yetirir. İddiaçının çalışdığı vəzifə siyahıda nəzərdə tutulan vəzifədir. Lakin şirkətdə baş energertik ştatı mövcud olmadığından və vəzifə bölgüsü zamanı xarici təcrübəyə istinad edildiyindən bu vəzifə üzrə öhdəliklər elektrik işləri üzrə nəzarətçiyə (supervayzer) həvalə edilmişdir. Bu baxımdan siyahıda göstərilən vəzifənin adı ilə hərfi cəhətdən üst-üstə düşmür. Amma həmin vəzifə siyahının 1.1.1-ci bəndində qeyd edilmiş baş energetik vəzifəsi ilə həm iş yerinə, həm iş şəraitinə və xüsusiyyətinə, həm də şirkətin iş sahəsinə, ağır və zərərliliyinə görə tam üst-üstə düşür, yəni eynidir. Məhz bu səbəbdən iddiaçıya iş yerindən güzəştli staj barədə arayış da verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********7 nömrəli iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixli 48 nömrəli arayışına əsasən, iddiaçı həmin şirkətin Gədəbəy kontaktı sahəsində xx.xx.2008-ci il tarixdən (əmr 38-k) xx.xx.2009-cu il tarixədək mühəndis-elektrik vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən (əmr 101-k) hal-hazıradək (xx.xx.2021) elekrtik işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Həmin arayışda qeyd olunmuşdur ki, elekrtik işləri üzrə nəzarətçi vəzifəsini icra edən şəxsin gördüyü işin xarakteri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmış baş energetik vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir. İddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin sözügedən Qərarında qeyd olunmamışdır. H.M.Hüseynov iddia etdiyi vəzifə üzrə təsnifatı düzgün qeyd etməmişdir. Cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, onun 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İşdə olan ИВ seriyalı 029571 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, xx.xx.1982-ci ildə İnstitutun “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ИТ-İ №0699291 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “BaşKolxozSovxozTikinti” idarəsinə mühəndis-energetik vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə böyük mühəndis energetik vəzifəsinə, xx.xx.1985-ci il tarixdə energetik-mexaniki şöbənin rəisi vəzifəsinə, xx.xx.1990-cı il tarixdə mexaniki sexin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1991-xx.xx.1992-ci illərdə “Neftmaştikinti” İdarəsində mexanik, xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Şahinbağ mexanikiləşdirilmiş daş karxanasında mexanik, xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə “İzmir” kiçik müəssisəsində direktor, xx.xx.1995-xx.xx.1996-cı il tarixlərdə “Santexquraşdırma” İdarəsində mühəndis energetik, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə “Azalavia” şirkətində çilingər-elektrik, xx.xx.1999xx.xx.2004-cü il tarixlərdə “Azal” şirkətində çilingər-elektrik vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2004-cü ildə “X5” BM X3 Xidməti sahəsinin yerüstü avadanlıqlara xidmət üzrə elektromexanik vəzifəsinə qəbul olunmuş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəy Kontrakt sahəsində mühəndis-elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə Şirkətin Gədəbəy kontrakt sahəsinin elektrik işləri üzrə nəzarətçi vəzifəsinə keçirilmişdir, hazırda həmin vəzifədə işləyir. İstinad olunan sənədlərdən məlum olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 42 il 3 ay 9 gün ümumi iş stajı olmuşdur. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1. Dağ-mədən işləri - 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması - 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər - b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri; c) şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri - baş mühəndislər; baş mexaniklər; baş energetiklər - direktorlar, rəislər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İnizbati icraat materiallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə etdiyi müraciətə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim etmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 48 nömrəli həmin arayışdan görünür ki, İddiaçı Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətinin Gədəbəy kontaktı sahəsində xx.xx.2008-ci il tarixdən (əmr 38-k) xx.xx.2009-cu il tarixədək mühəndis-elektrik vəzifəsində işləmişdir, xx.xx.2009-cu il tarixdən (əmr 101-k) hal-hazıradək (xx.xx.2021) elekrtik işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Göstərilən peşələr (vəzifələr) AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.Dağ-mədən işlərinin 1.1.1 bəndinin (Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtrarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər) “c” yarımbəndinin (şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri) 4-cü sətrində göstərilən “baş energetiklər” vəzifələrinə aiddir və həmin vəzifələrdə çalışan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Elekrtik işləri üzrə nəzarətçi vəzifəsini icra edən şəxsin gördüyü işin xarakteri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmış baş energetik vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir. İşdən müəyyən olunur ki, cavabdeh bu arayışı qəbul etməmiş, elektrik işləri üzrə nəzarətçi vəzifəsinin siyahıda nəzərdə tutulmamasına istinad etmişdir. Lakin bu zaman cavabdeh həmin vəzifə üzrə əmək funksiyalarının nədən ibarət olmasını ümumiyyətlə araşdırmamış, yalnız ad uyğunsuzluğuna görə iddiaçının zəruri güzəştli stajının olmaması qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin bu qərarını qanuni hesab etmir və qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Məsələ ilə bağlı işəgötürən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə tərəfindən müvafiq sorğu verilmiş, həmin sorğuya cavab olaraq təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki:
1. Əmək şəraiti zərərli olan işdə işləməsi ilə bağlı qısaldılmış iş vaxtının tətbiq edilməsi, əlavə məzuniyyətin verilməsi: İddiaçı aidiyyəti üzrə müqaviləsində də göstərildiyi kimi qısaldılmış iş saatı tətbiq edilmiş və qanuna müvafiq olaraq əlavə məzuniyyətlər və ödənişlər olunmuşdur;
2. Müəssisənin özünün fəaliyyətinin nədən ibarət olunması barədə: Azərbaycan İnterneyşnl Mayninq Kompam Limited Şirkəti, 1997-ci ildən R. V. İnvestment Qrup Services və Azərbaycan Hökuməti arasında imzalanmış Gədəbəy, Qoşa, Ordubad Qrupu, Söyüdlü, Qızılbulaq və X4 X2, İşlənməsi və X6 Haqqında (bundan sonra “HPBS”) sazişə əsasən fəaliyyət göstərən əməliyyat şirkətidir. Şirkət 15 ilə yaxındır ki Gədəbəy, Tovuz və Ordubad ərazisində qızıl yataqlarının kəşfiyyatını davam etdirir və 2009-cu ildən etibarən Gədəbəydə qızıl, gümüş və mis kimi əlvan metalların hasilatını həyata keçirir. HPBS üzrə Azərbaycan Dövlətinin hasilatdakı payı müəyyən edilmiş prosedurlara uyğun olaraq Azərbaycan Hökumətinə təhvil verilməkdədir.
3. Energetiklə baş energetik vəzifəsinin əmək funksiyasındakı fərqin nədən ibarət olması: Energetikdən fərqli olaraq baş energetik təkcə enerji sisteminin işləkliyini təmin edən cari məsələlərin həlli ilə deyil, həm də onun inkişafı, yenidən qurulması və modelləşdirilməsi perspektivlərinin planlaşdırılması ilə məşğul olur, həmçinin planladığı inkişaf modeli üzrə hər bir energetikin vəzifə bölgüsünü təyin edir və onların işlərinə nəzarət edir.
4. İddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsinin hansı əsasla energetik deyil, məhz baş energetik vəzifəsinə uyğun gəlməsi barədə: İddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsi ona görə baş energetik vəzifəsinə uyğun gəlir ki, şöbədə gündəlik iş planının tərtib edilməsi, həmin iş planı üzrə tabeçiliyində olan elektriklər və digər heyət arasında iş bölgüsünün edilməsi, tabeçiliyində olan eletrikvə digər heyətin illik məzuniyyət qrqfikinin tərtib edilməsi və sair kimi öhdəlikləri vardır. Göründüyü kimi, işəgötürən iddiaçının işlədiyi elekrtik işləri üzrə nəzarətçi vəzifəsinin hansı əsasla baş energetik vəzifəsinə uyğun gəlməsini ətraflı izah etmiş, elekrtik işləri üzrə nəzarətçinin vəzifə təlimatını təqdim etmişdir. Həmin təlimata əsasən Elektrik departamentinin bütün işçiləri bilavasitə Elekrtik işləri üzrə nəzarətçiyə tabedirlər. Təlimata əsasən Elekrtik işləri üzrə nəzarətçi elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək və sair vəzifələr daşıyır. Məhkəmə qeyd edir ki, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası”nda baş energetikin vəzifələri müəyyən edilmiş və göstərilmişdir ki baş energetik tikinti təşkilatının tikinti obyektlərinin, yardımçı və xidmət təsərrüfatlarının enerji təchizatını təmin edir. Energetika avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir. Enerji sexlərinin və təsərrüfatının, kommunikasiyaların təmiri qrafiklərinin, istehsal və istehsalat bölmələri tərəfindən elektrik enerjisinə, yanacağa, buxara, qaza, suya, sıxılmış havaya tələbatını, yanacaq və enerjinin bütün növlərinin sərfi normalarını, həmçinin avadanlıqların, materialların, enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır. Enerji ehtiyatlarının sərfi normasının aşağı salınması, enerji qurğularının daha davamlı və təhlükəsiz işinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə imkan yaradan yeni texnikanın tətbiqi üzrə tədbirlərin işlənməsini təmin edir və sair. Göründüyü kimi, elekrtik işləri üzrə nəzarətçinin vəzifə funksiyaları baş energetikin vəzifə funksiyalarına uyğun gəlməsi təkcə işəgötürənin arayışı ilə deyil, həm də bu sahədəki vəzifə təlimatlarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında inzibati orqan olan cavabdehin nümayəndəsinə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun sübut edilməsi üçün zəruri sənədlərin təqdim edilməsi, yəni elekrtik işləri üzrə nəzarətçinin icra etdiyi əmək funksiyasının baş energetikin icra etdiyi əmək funksiyasından fərqli olmasını təsdiq edən sübutların təqdim edilməsi təklif olunmuş, lakin cavabdeh bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məsələ ilə bağlı məhkəmə tərəfindən cavabdehin tabe olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq sorğu verilmiş, Nazirlik məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda göstərmişdir ki, iddiaçının işlədiyi “elektrik işləri üzrə nəzarətçi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nda nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd olunan vəzifə adı qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Qeyd olunanlara əsasən “elektrik işləri üzrə nəzarətçi” vəzifəsinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda dağmədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin (1.1.1) şaxtaların, şaxta idarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri (c) yarımbəndində qeyd olunan “baş energetik” vəzifəsinə uyğun olub-olmamasına münasibət bildirmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh və onun bilavasitə tabe olduğu inzibati orqan Elekrtik işləri üzrə nəzarətçi ilə baş energetik vəzifələri arasında əmək funksiyası baxımından hər hansı fərqin olmasını müəyyən edə bilməmişdir. Belə olan halda, həmin vəzifələrin əmək funksiyalarının eyniliyi barədə işəgötürən tərəfindən verilən məlumatın təkzibi də qeyrimümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının güzəştli stajla bağlı təqdim etdiyi arayış mötəbər sənəd olmuş, cavabdeh hər hansı bir əsas olmadan sadəcə formal olaraq ad uyğunsuzluğu baxımından həmin arayışı qəbul etməyərək iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2020-ci il tarixə 12 il 6 ay 26 gün güzəştli iş stajı vardır. İV tələb üzrə: Cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halını mübahisələndirməmiş, işdə olan iddiaçıya dair sığortaolunanın hesabı haqqında məlumatlardan isə iddiaçının pensiya kapitalının 2006-2022-ci illər üzrə cəmi 162326,38 manat olması müəyyən edilmişdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova