Məhkəmə qərarları › İş №e-2-1(112)-2947/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2947/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2947/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh Daxili İşlər Nazirliyinin oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun, əmək haqqının ödənilməsi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 31 iyul 1985-ci il tarixdən 26 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti müddəti ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, müalicə olunması ilə əlaqədar 20.04.200-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ildə bir dəfə müalicə olunmaq üçün ödənilməli olan bir aylıq əmək haqqı məbləğində pul müavinətinin, 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə gərə mükafatın İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cu il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 31 iyul 1985-ci il tarixli 676 saylı əmri ilə xidmətə qəbul edilmiş, 25 noyabr 2019-cu il tarixli Ə3706 saylı əmrlə daxili işlər orqanından təqaüdə çıxmışdır. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İ Qarabağ Müharibəsi veteranıdır. 15 fevral 1993-cü il tarixdən 25 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsində məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. İddiaçının xidmət illəri təqvim hesablanmasına görə 34 (otuz dörd) il, 03 (üç) ay, 26 (iyirmi altı) gün; imtiyazlı hesablanma ilə 41 (qırx bir) il, 03 (üç) ay, 26 (iyirmi altı) gün müəyyən edilmişdir. İddiaçı xidmət müddəti ərzində “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsində nəzərdə tutulan əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Lakin 31 iyul 1985-ci il tarixdən 2006-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. Halbuki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 13-cü bəndinə əsasən, Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. Bundan başqa, 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Lakin həmin dövrdə iddiaçı tərəfindən istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. Eyni zamanda 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iddiaçı iş vaxtından artıq vaxtda mütəmadi olaraq işə cəlb olunmuşdur və daimi 33-cü polis bölməsində növbətçi kimi işləmişdir. İddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə iddiaçı hər iki gündən bir 24 saatlık növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahət verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci (İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) maddəsinin 1-ci hissəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir. Bundan başqa, həmin məcəllənin 166-ci (Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi) maddəsinin 1-ci hissəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Bu əsasla 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iddiaçı iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqıma əlavə hesablanmamış və ona ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Lakin iddiaçıya 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək həmin müavinətlər hesablanmamışdır və verilməmişdir. Bundan başqa, İddiaçı 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə baxmayaraq, iddiaçıya mükafat ödənilməmişdir. İddiaçı qeyd edilənlərlə əlaqədar ərizə ilə 09 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin hazırki günədək iddiaçının müraciəti nazirlik tərəfindən cavablandırılmamışdır. 2020-ci ildə də iddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müraciətə xx.xx.2020-ci il tarixli 0xx/xx-53528-4220 nömrəli məktubla DİN-in Baş Kadrlar İdarəsinin Rəis müavini Rüfət Həsənov cavab vermişdir. Qeyd edilən məktubda yazılmışdır ki, “Bildiririk ki, Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və mualicə olunmaları ilə əlaqədar ildə bir dəfə aylıq əmək haqqı məbləğində muavinəti verilir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 048-380-1220 nömrəli məktubuna əsasən yuxarıda qeyd olunan qərarın qüvvəyə mindiyi 2004-cü ildən sizə məzuniyyət, 2011-ci ildən isə təqdim etdiyiniz sənədlərə əsasən xəstəlik muavinətləri ödənilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada çəzuniyyət müavinəti ödənilir. İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyinizlə əlaqədar bildiririk ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyinizi təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinizə görə sizə əlavə ödənişin verilməsi mümkün deyildir.” Cavabdehin həmin məktubda əks olunan cavabı əsassız imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh ümumi qaydalar haqqında iddiaçıya məlumat verir, lakin konkret olaraq iddiaçıya hansı tarixlərdə nə qədər müavinət, kompensasiya ödənilməsi haqqında məlumatları bildirmir. İddiaçının artıq iş saatlarında işə cəlb edilməsi onun işlədiyi dövrdə 33-cü polis bölməsində dörd növbətçi əvəzinə üç növbətçinin növbə ilə çalışması faktı təsdiq edir. Cavabdehin guya bu barədə Onda sənədlərin olmaması barədə bəhanəsi əsassızdır. Bundan başqa, mualicə məqsədilə polis işçisinə ödənilən müavinət üçün polis işçisi tərəfindən sənədlərin təqdim edilməsi öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh əsassız olaraq qeyd edir ki, guya yalnız təqdim edilən sənədlər əsasında həmin müavinəti guya ödəyib. Lakin, yenə də hansı tarixlərdə, hansı dövrlər üçün qeyd edilən müavinəti ödəməsi barədə konkret məlumatları iddiaçıya təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 76-cı maddəsinə əsasən, Daxili işlər orqanlarının əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət. Əsasnamənin 78-ci maddəsinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətinə verilir. Qeyd edilən Əsasnamənin 88-ci maddəsinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili ( iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiya alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.

3. İddiaçının ərizəsi əsasında iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi “31 iyul 1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

4. İddiaçının müraciətinə cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən bildirilmişdir ki “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların fəsdi' edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarix 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlə orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 048-380-1220 nömrə məktubuna əsasən yuxarıda qeyd olunan qərarın qüvvəyə mindiyi 2004-cü ildən ona məzuniyyət, 2011-ci ildən isə təqdim etdiyi sənədlərə əsasən xəstəlik müavinətləri ödənilmişdir. Həmçinin bildirilmişdir ki, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada məzuniyyət müavinəti ödənilir. İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyinizlə əlaqədar bildirilmişdir ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən sənədlər olmadığındaı həmin iş saatlarında işlədiyinə görə ona əlavə ödənişin verilməsi mümkün deyildir. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının verilməsi ilə bağlı bildiririlmişdir ki, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə təltif etmə Qaydaları”nda sabiq polis əməkdaşlarının bu medalla təltif olunması nəzərdə tutulmamışdır.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirərək bildirdi ki, iddiaçının işlədiyi dövrdə xidmət illəri və tutduğu vəzifəyə uyğun olaraq əmək haqları ödənilib. Sabiq polis əməkdaşı İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək "31 iyul 1985-ci il tarixdən 26 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidməti ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, müalicə olunması ilə əlaqədar xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi ildə bir dəfə müalicə olunmaq üçün ödənilməli olan bir aylıq əmək haqqı məbləğində pul müavinətinin, 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi” vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.1985-ci ildən xx.xx.2019-cu il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) xidmətdən xaric olunmuşdur. Bildirilmişdir ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində polis əməkdaşının əmək haqqının onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət və bayram günləri, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarət olması təsbit edilmişdir. Azərbaycan Respublikasının "Əmək Məcəlləsi"nin 95-ci maddəsinin 1-ci bəndinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxt və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Qeyd olunan maddənin 2-ci bəndinə əsasən isə iş vaxtının rejimi və onu müəyyən edən qaydalar iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı.qərarı) ilə təsdiq edilir. Bu baxımdan iş vaxtından əlavə saatlarda İddiaçı xidmətə cəlb edilməsi barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən digər sənədlər olmadığı üçün ona həmin iş saatlarında işlədiyinə görə əlavə ödənişin verilməsi qeyri-mümkündür. Məlumat qaydasında bildiririk ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 048-380-1220 nömrəli məktubu ilə yuxarıda qeyd olunan qərarın qüvvəyə mindiyi 2004-cü ildən İddiaçı məzuniyyət, 2011ci ildən isə təqdim etdiyi sənədlərə əsasən xəstəlik müavinətlərinin ödənildiyi bildirilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada məzuniyyət müavinəti ödənilir. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə təltif etmə Qaydalarına görə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş, xidmətinin son 3 ilində intizam cəzası almamış, xidməti vəzifələrini nümunəvi yerinə yetirən və şəxsi davranışı "Daxili işlər orqanları əməkdaşlarının davranış Kodeksi’nə uyğun olan əməkdaşlar xidmət apardığı orqan rəisinin yerli attestasiya komissiyası ilə razılaşdırılmış rəyi əsasında “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə medalı ilə təltif edilməyə təqdim olunurlar və bu məsələyə bir qayda olaraq əməkdaş daxili işlər orqanlarında xidmət etdiyi ərəfədə baxılır. Xidmət müddəti ərzində xidməti vəzifələrinin icrasına tam məsuliyyətlə yanaşmadığına, normativ sənədlərin tələblərinə riayət etmədiyinə, xidməti intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Daxili işlər orqanlarının İntizam Nizamnaməsi nin tələblərinə əsasən İddiaçı barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilmiş, xidmət apardığı orqan tərəfindən “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə’ medalı ilə təltif edilməsinə təqdim olunmamışdır. İddiaçı xidmət müddətində “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə təltif olunmadığından bu mükafata görə ona pul müavinətinin ödənilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş (təqaüdə çıxmış) sabiq əməkdaşların təltif edilməsi normativ hüquqi sənədin tələblərinə zidd olduğundan istefada olan polis mayoru İddiaçı qüsursuz xidmətə görə medalla təltif edilməsi mümkün deyildir.

6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 2.2-ci bəndinə əsasən növbətçi hissələrin gündəlik naryadının xidməti 3 növbəli və ya 4 növbəli olmaqla 24 saat müddətinə təşkil edilir. Növbədən sonra növbətçi hissənin ştatda olan əməkdaşlarına 3 növbəli rejimdə 48 saat, 4 növbəli rejimdə 72 saat istirahət verilir. 2011-2019-cu illərdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində 3 məsul növbətçi ştatı olmuşdur. Yuxarıda qeyd olunan Təlimatın tələblərinə uyğun olaraq İddiaçı özündən başqa 2 məsul növbətçi ilə birgə növbəlik əsasında – 24 saat iş, 48 saat istirahət olmaqla xidmət aparmışdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, A. Namazov Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi vəzifəsində işlədiyi müddətdə “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a uyğun olaraq ona gün ərzində yemək və istirahət üçün 6 saat fasilə verilmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun əmək haqqı almış və onun xidmət müddəti ərzində iş rejimindən narazı olması ilə əlaqədar Daxili İşlər Nazirliyinə hər hansı müraciəti daxil olmamışdır. Yuxarda qeyd olunan normanın əks olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 6-cı səhifəsinin təsdiq olunmuş surəti təqdim edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbinin məzmununa uyğun izahat verdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi İddiaçı 31 iyul 1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır.

11. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia tələbi İddiaçı 01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi hissəsində mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin İ hissəsinə əsasən, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

14. Əmək Məcəlləsindən: Maddə 95. İş vaxtının rejimi

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

15. Məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 2.2-ci bəndinə əsasən növbətçi hissələrin gündəlik naryadının xidməti 3 növbəli və ya 4 növbəli olmaqla 24 saat müddətinə təşkil edilir (3 növbəli işdə ümumilikdə - 6 saat, 4 növbəli işdə ümumilikdə 4 saat). Növbədən sonra növbətçi hissənin ştatda olan əməkdaşlarına 3 növbəli rejimdə 48 saat, 4 növbəli rejimdə 72 saat istirahət verilir. 2011-2019-cu illərdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində 3 məsul növbətçi ştatı olmuşdur. Yuxarıda qeyd olunan Təlimatın tələblərinə uyğun olaraq İddiaçı özündən başqa 2 məsul növbətçi ilə birgə növbəlik əsasında – 24 saat iş, 48 saat istirahət olmaqla xidmət aparmışdır. A. Namazov Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi vəzifəsində işlədiyi müddətdə “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a uyğun olaraq ona gün ərzində yemək və istirahət üçün 6 saat fasilə verilmişdir.

16. Məhkəmə qeyd edir ki, növbətçi hissələrin gündəlik naryadının xidmətinin xüsusiyyəti məhz növbəli rejimdə işləməkdir. Odur ki, növbətçi hissənin ştatda olan əməkdaşlarına xidmətin həmin xüsusiyyətindən irəli gələrək istirahət və fasilə verilir.

17. Odur ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi kimi xidmətinin xüsusiyyətindən irəli gələrək vəzifələrini icra etmişdir.

18. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a əsasən iş vaxtı rejimi və onu müəyyən edən qaydalar iş vaxtı müddətinə uyğundur.

19. İş vaxtından əlavə saatlarda iddiaçının xidmətə cəlb edilməsi barədə əmr və əlavə iş saatlarında işləməyəni təsdiq edən sənədlər müəyyən edilməmişdir.

20. İstənilən halda məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

21. İddiaçı qeyd edilən müddətdə iş vaxtından əlavə saatlarda işə cəlb edilməsi ilə bağlı haqqın ödənilməsi və ya ən azından qeyd edilən halın (olduğu təqdirdə) əmrlə rəsmiləşdirilməsinə dair müraciət etməsi müəyyən olunmur.

22. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi İddiaçı 01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar