Məhkəmə qərarları › İş №e-2-1(112)-2948/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2948/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2948/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, iddiаçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh iddiaçının güzəştli iş stajının yetərli olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddələrinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddələrinə uyğun olaraq 57 yaşdan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “güzəşli şərtlərlə pensiya təyin edilməsi barədə” ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, güzəştli iş stajının 12 il 6 aydan cox olduğundan güzəşli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın iddiaçıya ünvanlanmış 3-17- 1/2-K-212024/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavablandırılmışdır. Məktubda qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2015-ci il üzrə 5 ay, 2016-cı il üzrə 12 ay və 2018-ci il üzrə 1 ay (ümumilikdə 18 ay) fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığından həmin ayların sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 5 gün (xx.xx.1986- xx.xx.1986-cı il, xx.xx.2008xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2017xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya güzəştli şərtlərlə pensiyasının təyin edilməsi haqqında ərizədən imtinası qanunsuz və əsassızdır. Buna görə də onun üzərinə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi qoyulmalıdır. İddiaçının əmək kibabcasından görünür ki, o, 28.03,1983-xx.xx.2020-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-78 nömrəli xx.xx.2021 və MA-90 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışından qeyd olunur ki, İddiaçı ondan ötrü ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli, kş/142 nömrəli əmr) 3 nömrəli X1 və X4 4-cü dərəcəli elektromontyor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1986-cı il tarixdən (07.01,1986-cı il tarixli, kş/03 nömrəli əmr) 5-cl dərəcəli kabel-lehimləyicisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli, kş/155 nömrəli əmr) hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd: xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 5-ci dərəcəli kabel lehimləyici vəzifəsində zərərli iş şəraitində işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 Ns-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu Rabitə bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22/21 nömrəli xx.xx.2021-ci il tarixli arayışında qeyd olunur ki, X3 ondan ötəri ki, o həqiqətən "xxxx" ASC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi (əmr nömrəsi iq-156) və xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi tikinti sahəsinin iş ustası vəzifəsində işləyib. 09.01,2013-cü il tarixdən AR Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də “Azərkörpü" ASC-nin adı dəyişdirilərək “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Hal-hazırda cəmiyyət “X2 EVRASCON" ASC-i adı ilə fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29 bölməsinin b bəndinə əsasən güzəştli əmək stajı 11 il 9 ay 4 gün. Beləliklə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-78 nömrəli xx.xx.2021 və MA-90 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunan xx.xx.1984-cü il tarixdən 2009-cu il tarixə kimi və “Avro-Asiya inşaat Korporasiya Evrascon" Acıq Səhmdar Cəmiyyətinin 22/21 nömrəli xx.xx.2021-ci il tarixli arayışında qeyd olunan "Azərkörpü” ASC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi (əmr nömrəsi iq-156) və xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi əmək fəaliyyətini hesablayanda İddiaçı güzəştli əmək stajı 12 il 6 aydan cox təşkil edir. Sığorta ödənişlərinin ödənilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Belə ki, qeyd olunan ödənişləri iddiaçı deyil, təşkilat tərəfindən ödənilir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına mkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı il iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-cı maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda, X7 uzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xususılə zəhərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı uzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası''nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraib xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvahq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s,) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyətı orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) b bəndində tikinti və quraşdırma işləri üzrə usta, rabitə bölməsində (30) qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyici peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 5 gün (xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.2008xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2017xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. 01.01,2006-cı il tarixdən hazıradək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2015-ci il üzrə 5 ay, 2016-cı il üzrə 12 ay və 2018-ci il uzrə 1 ay (ümumilikdə 18 ay) fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 39 il 4 ay 27 gün (xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 27 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cu il, 13.09 1984-xx.xx.1988-ci il, 29.09 1988-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 6 ay təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı kifafət qədər olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə şəxsin bütün əmək fəaliyyəti nəzərə alınmışdır. İddiaçı güzəştli iş stajı isə xx.xx.2006-cı il tarixədək xx.xx.1986-xx.xx.1986-cı il arasındakı dövrlər təşkil edir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli MA-78 nömrəli və xx.xx.2024-cü il tarixli MA-90 nömrəli arxiv arayışları təqdim olunmuşdur. Həmin arayışlarda iddiaçının xx.xx.1984-cü il tarixdən X1 və X4 4-cü dərəcəli elektromantyor vəzifəsinə işə qəbul edildiyi qeyd edilsə də, həmin arayışda iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən iş vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməmişdir. Bu səbəbdən həmin dövr şəxsin güzəştli iş stajına daxil edilə bilməz. Həmçinin xx.xx.2006-cı il tarixədək digər dövlər barəsində güzəştli arayış təqdim edilməmişdir. Həmçinin vurğulamaq lazımdır ki, məhkəmə iclasında iddiaçı X. Kərimov Rusiya Federasiyasında güzəştli şərtlərlə işlədiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməyindən həmin dövr də iddiaçının güzəştli iş stajına daxil edilə bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: 088130 nömrəli Diploma əsasən iddiaçı 1985-ci ildən 1991-ci ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 4520367 nömrəli hərbi biletə əsasən iddiaçı 20 may 1979-cu il tarixdən 05 iyun 1981ci il tarixədək hərbi xidmətdə qulluq etmişdir. 8887540 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işləmişdir. X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 22/21 nömrəli arayışından görünür ki, iddiaçı, "xxxx" ASC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi (əmr nömrəsi iq-156) və xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi tikinti sahəsinin iş ustası vəzifəsində işləyib. xx.xx.2013-cü il tarixdən AR Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də "xxxx" ASC-nin adı dəyişdirilərək «X2 EVRASCON» açıq səhmdar cəmiyyəti adlandırılmışdır. Hal-hazırda cəmiyyət «X2 EVRASCON» ASC-i adı ilə fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007ci il tarixində təsdiq edilmiş qərarı ilə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29 bölməsinin b bəndinə əsasən Güzəştli əmək stajı 11 (on bir) il 9 ay 4 gün. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli MA-67 nömrəli, xx.xx.2021-ci il tarixli MA-78 nömrəli və xx.xx.2021-ci il tarixli MA-90 nömrəli Arxiv arayışlarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli, kş/142 nömrəli əmr) 3 nömrəli X1 və X4 4-cü dərəcəli elektromontyor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli, kş/03 nömrəli əmr) 5-ci dərəcəli kabel-lehimləyicisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli, kş/155 nömrəli əmr) hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd: xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 5-ci dərəcəli kabel lehimləyici vəzifəsində zərərli iş şəraitində işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu Rabitə bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-dək qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; (xx.xx.2017-dən xx.xx.2022-dək qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-dən qüvvədə olan redaksiya) 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajını xx.xx.1986-xx.xx.1986-cı il arasındakı dövrlər təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajı tamamlanmır. (ümumi iş stajına münasibət bildirilməsinə zərurət qalmamışdır) İddiaçının özünün də iddia ərizəsində güzəştli iş stajı kimi qeyd etdiyi dövrlər xx.xx.2006-cı il tarixdən sonraya təsadüf edir. Məhkəmə həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyası da iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Çünki həmin müddəalara əsasən pensiya təyin edilməsi üçün onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması; 3) bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması, yəni eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur. Lakin iddiaçı bu tələblərdən ilkini, yəni yaş tələbini ödəmir. Qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində göstərilən qayda (yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun pensiyanın təyin edilməsi) həmin Qanunun 9.1-ci maddəsinin əvvəlki redaksiyasına münasibətdə tətbiq edilə bilməz. Çünki, qanunverici orqan qeyd edilən 9.8-ci maddəni müstəsna bir hal kimi nəzərdə tutmuşdur. Əks yanaşma, yəni stajın toplandığı dövrdə qüvvədə olan yaş tələbinin əsas götürülməsi qeyd edilən 9.8ci maddənin qanunda xüsusi olaraq təsbit edilməsini əhəmiyyətsiz edir. Məhz qeyd edilən 9.8-ci maddənin təsbit edilməsi, qalan hallarda (məsələn 9.1-ci maddə üzrə) əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərin bir qisminin (stajla bağlı şərtin) ödənilməsinə istinadən pensiya təyininin qarşısını alır. 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Şəxsin pensiya hüququ əldə etməsi isə tələb olunan bütün şərtlərin ödənilməsi halında baş verir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar