Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2958/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Tikinti İnvestisiya Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinə dair istifadə hüququnun qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "xxxx" Tikinti İnvestisiya Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şimal-Şərqində yerləşən 0.82 ha torpaq sahəsinə "xxxx" Tikinti İnvestisiya Şirkətinin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şimal-Şərqində yerləşən 6870 kv.m. torpaq sahəsinə dair iddiaçı "xxxx" Tikinti İnvestisiya Şirkətinin daimi istifadə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1137 saylı xx.xx.1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı r-nu, Qaraçuxur qəsəbəsinin Şimal-Şərqində yerləşən 0.82 ha torpaq sahəsi "xxxx" Tikinti İnvestisiya Şirkətinə daimi istifadəyə verilmişdir. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh inzibati orqan xx.xx.2024-ci il tarixli məktubu ilə torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən "xxxx" Tikinti İnvestisiya Şirkətinin istifadəsində olan torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququ tanınmalı və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır.
5. Cavabdehin iddiaçının müraciətinə imtinası onunla əsaslanıdırılmışdır ki, “təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, İddiaçı Tikinti İnvestisiya Şirkəti ilə İddiaçı X1 arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Həmçinin bildiririk ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.”
6. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Tikinti İnvestisya Şirkəti ilə İddiaçı X1 arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Həmçinin müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən 0.6870 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 8200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 6870 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilir.
7. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-ci il tarixli 1137 nömrəli sərəncamından görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şimal-Şərqində yerləşən kiçik qabaritli asfaltqarışdıran zavodun tutduğu ərazinin mövcud istifadə vəziyyətində İddiaçı İstehsalatkommersiya firmasına təhkim edilməsinə dair sərəncam verilmişdir.
8. Məhkəmə sorğusu əsasında əldə edilmiş Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-2-2-1/2-40069/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, reyestrdə müəyyən edilmiş "xxxx" X1 (VÖEN **********) xx.xx.1997-ci il tarixində, "xxxx" İstehsalat-Kommersiya Firması (VÖEN **********) xx.xx.1994-cü il tarixində, İddiaçı (VÖEN **********) xx.xx.1996-cı il tarixində dövlət dövlət qeydiyyatına alınmışdır və qeyd olunan hüquqi şəxslərin hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
9. Məhkəmə sorğusu əsasında əldə edilmiş Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-2-2-1/2-49197/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İdarədə olan reyestrdə xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı (VÖEN **********) adının dəyişməsi barədə məlumat aşkar edilməmişdir.
10. Məhkəmə sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.1998-ci il tarixli texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, İddiaçınə aid torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 8200 kv.m, faktiki sahəsi isə 6.870,0 kv.m-dir (1.330,0 kv. azdır). Torpaq sahəsi dörd tərəfdən mişar daşları ilə hasarlanmışdır. Torpaq sahəsinin ayrıc aktlarının ölçüləri ilə faktiki arasında fərq mövcuddur.
12. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən xx.xx.1998-ci il tarixdə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi TBİA kiçik qabaritli asfalt qarışdırma zavodunun texniki pasportunda görünür ki, ümumi faydalı sahəsi 709,3 kv.m, əsas sahəsi 26,6 kv.m, köməkçi sahə 682,7 kv.m. təşkil edir.
13. Üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərdən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 751 nömrəli Sərəncamı ilə kiçik ölçülü asfaltqarışdıran qurğunun quraşdırılması məqsədilə, Moskva “Prometey” Kiçik müəssisəsinin “İldırım” Bakı Filialına ayrılmışdır. Odur ki, hazırkı işin nəticəsi SOCAR-ın maraqlarına toxunmadığından, işin aqibəti məhkəmənin mülahizəsinə buraxılır.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili işin nəticəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
16. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
28. Məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaqayırma sənədi ilə (Bakı şəhəri İcra Hakimiyyəti başçısının “1137” nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı) Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şimal-Şərqində yerləşən kiçik qabaritli asfaltqarışdıran zavodun tutduğu ərazi mövcud istifadə vəziyyətində İddiaçı İstehsalat-kommersiya firmasına təhkim edilməsinə dair sərəncam verilmişdir.
29. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri, yəni İddiaçı Tikinti İnvestisiya Şirkəti ilə İddiaçı X1 arasında əlaqələndirici sənəd təqdim edilməməsi halını məhkəmə əsassız hesab edir.
30. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.1998-ci il tarixli texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən bəlli olur ki, Miraj X1 İddiaçı Tikinti İnvestisiya şirkəti eyni hüquqi şəxsdir. Belə ki, xx.xx.1998-ci tarixli Dövlət Əmlakının İnventarlaşdırması İdarəsinə ünvanlanan məktubda İddiaçı Tikinti İnvestisiya şirkətinin möhürü olmasına baxmayaraq Miraj X1nın direktoru imzalamışdır.
31. Cavabdehin imtinasının digər dəlili - torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşməsidir.
32. Məhkəmə bu dəlili də əsassız hesab edir. Belə ki, Dövlət Neft Şirkətinin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərdən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 751 nömrəli Sərəncamı ilə kiçik ölçülü asfaltqarışdıran qurğunun quraşdırılması məqsədilə, Moskva “Prometey” Kiçik müəssisəsinin “İldırım” Bakı Filialına ayrılmışdır. Bu səbəbdən hazırkı işin nəticəsi SOCAR-ın maraqlarına toxunmur.
33. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 8200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 6870 kv.m təşkil etməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, faktiki istifadəsində olan 6870 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmişdir.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şimal-Şərqində yerləşən 6870 kv.m. torpaq sahəsinə dair iddiaçı "xxxx" Tikinti İnvestisiya Şirkətinin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva