Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-296/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli DVX seriyalı 000249 nömrəli akt və xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında **********0495 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus təsərrüfat obyektində (armatur istehsalı obyekti) xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plandankənar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********2249 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın çıxarılmasının hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi göstərilmişdir. Həmin maddəyə əsasən vergi orqanlarının Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda OVN keçirilir. Qeyd edilən qərarın çıxarılmasının faktiki əsası, yəni qərar çıxarılmasını zəruri edən həqiqi hallar barədə məlumat mövcud olmamışdır. OVN nəticəsində xx.xx.2023-cü il tarixli DVX seriyalı 000249 nömrəli akt tərtib edilmişdir. Aktın faktiki əsası kimi göstərilmişdir ki, satış qiyməti ilə 704392,69 manat dəyərdə mal elektron qaimə faktura təqdim edilmədən satılmışdır. Aktın hüquqi əsası kimi isə göstərilmişdir ki, Vergi Məcəlləsinin 16.1.11-6 (digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə malla bağlı elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir) və 71-1-ci (mallar göndərilən vaxt elektron qaimə faktura təqdim edilməlidir) maddələrinin tələbləri pozulmuşdur. Akt əsasında xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında **********0495 nömrəli qərar qəbul edilmişdir və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə (malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə təqvim ili ərzində 1-ci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir) əsasən iddiaçı barəsində 70439,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. OVN heç bir əsas olmadan keçirilmişdir İlk növbədə qeyd edilməlidir ki, OVN keçirilməsinin hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi göstərilsə də, həmin Məcəllənin 50.1-ci maddəsində göstərilən konkret hansı məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması göstərilməmiş, bununla da qanunvericiliyin pozuntusu əsası olmadan OVN keçirilmişdir. Bu isə ona işarə edir ki, OVN əsassız olaraq vergi orqanının şəxsi mülahizəsi əsasında səlahiyyət həddi aşılmaqla keçirilmişdir. Elektron qaimə-faktura təqdim edilmədən mal satılması barədə nəticə heç bir sübutla əsaslanmamışdır. Aktda 704392,69 manat dəyərdə mal elektron qaimə faktura təqdim edilmədən satılması qeyd edilsə də, həmin halın necə sübuta yetirildiyi, hansı sənəd əsasında (kassa mədaxil orderi, bank hesabından çıxarış, ödəniş tapşırığı və sair) qeyd edilən dəyərdə malın elektron qaimə faktura təqdim edilmədən satılması təsvir edilməmişdir. Çünki elektron qaimə faktura təqdim edilməyən mala görə nə 704392,69 manat vəsaitin iddiaçının bank hesabına və ya kassasına daxil olması halı mövcud olmamışdır. Yalnız obyektdə aşkar edilən mal kimi 704392,69 manat dəyərdə olan 682,28 ton armatur olması xx.xx.2023-cü il tarixli Seriya DVX 000149 nömrəli siyahıda göstərilmişdir. Halbuki, iddiaçının anbarında mal aşkar edilməsi elektron qaimə faktura təqdim edilmədən mal satılmasını təsdiq edən hal ola bilməz, çünki anbarda mal olması ona işarə edir ki, mal hələ satılmamışdır, dövriyyə vəsaiti olaraq gələcəkdə satış üçün nəzərdə tutulmuşdur. Satılmayan malın elektron qaimə faktura təqdim edilmədən satılan mal kimi göstərilməsi tamamilə məntiqsiz hüquqi nəticədir. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli **********179800 nömrəli məktubuna əlavə olunmuş vəsatətdə qeyd etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********2249 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr 950 ünvanında Armatur istehsalı obyektində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 704392,69 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000249 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisinin etirbanamə üzrə səlahiyyətli nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0495 nömrəli Qərarı ilə iddiaçı barəsində 70439,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə də maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisi tərəfindən malların təqdim edildiyi təsərrüfat subyektinin (obyektinin) qeydiyyat ərizəsində də həmin təsərrüfat subyekti (obyekti) anbar kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”-nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İşin hallarından göründüyü kimi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (ticarət obyekti) mövcuddur və həmin ticarət obyekti topdansatış ticarəti ilə məşğul olmaq üçün istifadə edilir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs nəzərdə tutulur. Maddədən göründüyü kimi, mallar istehlakçı tərəfindən (pərakəndə qaydada) alındıqda şəxsi tələbatı ödəmək məqsədi mövcud olur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-296/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında **********0495 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” şəklində icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Operativ vergi nəzarətinin keçirilinəsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2023-cü il tarixli, **********2298 nömrəli tələbnaməyə əsasən operativ vergi nəzarətinin aparılması üçün iddiaçıdan bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, bank, nəzarət-kassa aparatı, POS-terminal, çek və xəzinə sənədləri, alınmış və satılmış mallar barədə E-qaimə və E-fakturalar, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaiməlor üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənsdlərdəki məlumatlara dair elektron fayllar; ölkə daxilində əldə edilmiş, təqdim edilmiş və Dövlət Vergi Xidmətinin məlumat bazasında mövcud olmayan aşağıdakı məlumatların (əgər müvafıqdirsə) təsdiq edilmiş kağız surəti və ya gücləndirilmiş elektron imza ilə imzalanmış elektron nüsxəsi; Malların təhvil-qəbul aktları; şəxslərə malların alınması üçün verilmiş vəkalətnamələr; Daşınması nəzərdə tutulan malların daşıma sənədləri (yük daşıma müqaviləsi, yol vərəqələri, əmtəənəqliyyat qaimələri); 2021, 2022 və 2023-cü illərdə qüvvədə olan alqı-satqı, komissiya, dəyişdirmə və saxlama müqavilələri; Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturalar, itmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə aktlar; Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə aktlar. Vergi ödəyicisinin sahibliyində olan əmtəə-material ehtiyatlarının hazırki tələbnaməyə əlavə edilmiş formada 2021, 2022 və 2023-cü il üzrə qalığı və hərəkəti barədə məlumatlar; Nəzarət kassa aparatı vasitəsilə 2021,2022 və 2023-cü illərdə əhaliyə satılan malların hazırkı tələbnaməyə əlavə edilmiş formada təfsilatı təqdim olunması tələb olunmuşdur. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə mallann vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısına əsasən İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanda yerləşən armatur istehsalatı obyektində mövcud olan mal – armatur (682,28 ton) olmuşdur. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 000249 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən olunmuşdur ki, satış qiyməti ilə 704.392,69 manat məbləğində mal-material elektron qaimə-faktura təqdim etmədən satılmışdır. Vergi Məcəlləsinin 16.1.11-ci və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 70.439,26 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********0495 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən İddiaçı MMC 70439,27 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1- ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə işinin faktiki halları ilə bağlı qeyd edir ki, hazırkı inzibati mübahisə operativ vergi yoxlaması zamanı təsərrüfat obyektində malların fiziki mövcudluğuna baxmayaraq, daha sonra həmin malların alış sənədləri olmadan satışının həyata keçirilməsi ilə bağlı yaranmışdır. İddiaçı iddiasını onunla əsaslandırır ki, yoxlama zamanı müəyyən edilmiş mallar hal-hazırda da anbar qalığı kimi mövcuddur. Lakin cavabdeh vergi orqanı xx.xx.2023-cü il tarixində təsərrüfat obyektində aparılmış operativ vergi yoxlaması zamanı mal qalığının olduğunu müəyyən etsə də, sonrakı mərhələdə – xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktda həmin malların faktiki olaraq anbarda mövcud olmadığını və onların elektron qaimə-faktura tərtib olunmadan satışının həyata keçirildiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mövcud iş materiallarından da göründüyü kimi, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsasını təşkil edən faktiki şərtlər yetərincə sübut edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 950 ünvanında yerləşən armatur istehsalı obyektində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 704.392,69 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirilməsi faktı iş materialları ilə təsdiqlənmişdir. İddiaçı mal qalığının mövcud olduğunu iddia etsə də, həmin malların faktiki olaraq anbarında mövcudluğunu obyektiv və mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının inzibati akt qəbul edərkən hüquqi əsasları və faktiki halları düzgün qiymətləndirdiyi, eləcə də Vergi Məcəlləsinin müvafiq normalarına uyğun olaraq malın dəyərinin 10 %-i həcmində, yəni 70.439,27 manat məbləğində maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktlar əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında **********0495 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №e-2-1(112)-296/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-296/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver