Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2963/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2022-ci ildə rəsmi qaydada elektron qaimə faktura ilə 77.218,86 manat dəyərində kömür məhsullarını müxtəlif vergi ödəyicilərinə satmışdır. Həmin malların Quba, İsmayıllı və Göygöl rayonlarının kəndlərindən kənd əhalisindən hissə-hissə nağd qaydada alınmışdir. Malları təqdim edən şəxslər vergi ödəyicisi kimi qeydiyyatda olmadığından, elektron qaimə faktura əldə edə bilməmişdir. Qeyd olunan malların satışına görə iddiaçı tərəfindən bütün dövrlər üzrə sadələşdirilmiş vergi bəyənnamələri təqdim edilərək, vergilər dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh tərəfindən 5 iyul 2023-cü il tarixli kameral uyğunsuzluq məktubu göndərilərək gəlir vergi ödəyicisi olmalı olduğu bildirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 iyul 2023-cü il tarixli **********901700 saylı qərara əsasən bəyənnamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində (bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75%-i gəlir vergisindən azaddır) nəzərdə tutulan 75% güzəşt hüququ nəzərə alınmadan 16.710,85 manat gəlir vergisi hesablanılmışdır. Bundan sonra iddiaçı tərəfindən vergi orqanına təqdim olunan ilk bəyannamədə malın alınmasına dair heç bir xərc nəzərə almadığı üçün 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi ilə xərc sənədlərinin olmamasına görə Nazirlər Kabinetinin 55 nömrəli 2001-ci il 1 mart tarixli qərarı tətbiq olunmuşdur. Lakin cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 sentyabr 2023-cü il tarixli **********0546600 nömrəli qərarı ilə iddiaçının malın alınmasına dair heç bir xərcini yenidən nəzərə almamış, bütün satış məbləğini xalis gəlir kimi qiymətləndirərək gəlir vergisinə cəlb etmişdir. Təqdim olunmuş malların dəyərinin 77.218,86 manat olması işin mübahisəsiz halıdır, və cavabdeh tərəfindən də qəbul olunur. Belə ki, 2022-ci il ərzində elektron qaimə faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 36.852,59 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10.950 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2.200 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 16.000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4.274,27 manat dəyərində ağac kömürü təqdim edilmişdir. Cavabdeh tərəfindən 22 sentyabr 2023-cü il tarixli **********596800 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda bildirilmişdir ki, uçot-baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində kömür təqdim edilməsi ilə bağlı elektron qaimə fakturaları təqdim edilməmiş, 2022-ci il ərzində malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə faktura və elektron alış aktları əldə edilməmiş, idxal-ixrac əməliyyatları aparmamış, onun kömür məhsullarının saxlanılması üçün təsərrüfat subyekti (obyektinin) olmamış, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlər təqdim edilməmişdir. Bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparılmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyinə, vergi ödəyicisinin əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, qeyd olunanlara əsasən vergi orqanının bu hüquqdan istifadə etməsinin məqsədəmüvafiq hesab edilmədiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 20 sentyabr 2023-cü il tarixli **********546600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən qərarın mətnindən göründüyü kimi, vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 109.9-cu maddəsinin 2-ci hissəsinin tələbinə əhəmiyyət verilmədən, mövcud hala münasibətdə Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab edilməməsi bildirilmişdir. Vergi Məcəlləsinin 3.1-ci maddəsinə görə vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.2-ci maddəsinə görə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən vergilər hesablanarkən qanunun normasına deyil, subyektiv qənaətə üstünlük verilmişdir. Təqdim edilmiş 77.218,86 manat məbləğin tam olaraq gəlir kimi qəbul edilməsi, heç bir xərcin çəkiləməməsinin iddia olunması və 15.157,72 manat gəlir vergisi hesablanmasının heç bir iqtisadi əsası yoxdur, vergitutmanın ümumi, bərabər və ədalətli olması prinsipinə ziddir. Cavabdeh faktiki olaraq qəbul edir ki, iddiaçı satılan malların alınmasına faktiki xərc və bu kimi halda Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergiyə cəlb olunan gəlir müəyyən edilməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq göstərilən xərclərin müəyyən olunması üçün ən münasib üsul isə Məcəllənin 67.14-cü maddəsinə əsasən xərclərin şərti rentabellik norması ilə hesablanmasıdır. Cavabdeh özü qeyd olunan normanı tətbiq edərək vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim edərək 2.573,96 manat gəlir vergisi məbləğini hesablamışdır. Cavabdeh isə, həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmiş və 3 oktyabr 2023-cü il tarixli **********837600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edərək, əlavə olaraq 12.583,76 manat gəlir vergi hesablamışdır. Halbuki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa qaydada həyata keçirmək imkansızdır. Cavabdeh əgər xərcləri qəbul etmirsə, demək ki, gəliri də qəbul etməməlidir. Əgər gəlir qəbul olunursa, demək ki, onun formalaşmasında xərc iştirak edib. Çünki gəliri formalaşdıran əmtəə maldır, xidmət və ya iş deyil. Qanunverici vergi orqanına tək əlavə vergi hesablamaq səlahiyyəti verməmiş, həm də vergi ödəyicisinin xeyrinə olan halları nəzərə almaqla düzgün vergiləri hesablamaq vəzifəsi müəyyən etmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 14, 14-1, 36.2, 58.16, 67, 83.9, 109.9-cu maddələrinə, İPM-in 14.1, 70.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, Baş İdarə İddiaçı iddiasına etiraz edir. Hazırda mübahisə predmetini təşkil edən 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları» sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı sözügedən Meyarların 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı 6 fevral 2023-cü il tarixli **********351100 nömrəli qərar qəbul olunaraq ona göndərilmişdir. Həmin qərarda vergi ödəyicisi tərəfindən 4 noyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək dövr ərzində ümumilikdə 20.020,47 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “kömür” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı qeyd edilmişdir. İddiaçı öz ərizəsində satdığı kömürü Quba, İsmayıllı və Göygöl rayonlarının kənd sakinlərindən hissə-hissə topladığını və buna görə hər hansı sənəd almadığını etiraf etmişdir. Bununla əlaqədar bildirilir ki, vergi orqanı tərəfindən 2022-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 77.218.86 manat, “Hesabat dövrünün xərcləri” hissəsinin 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 1.430.25 manat qeyd edildiyi, Vergi Məcəlləsinin 102.1,30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin Məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyini nəzərə alaraq ona 15.157.72 manat gəlir vergisi məbləği hesablanmışdır. Araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əldə edilmədiyi, 2022-ci il ərzində elektron qaimə-faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 43.794,59 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10.950 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2.200 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 16.000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4.274,27 manat dəyərində kömür təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən gəlir və xərc məbləğlərinin göstərilmədiyi, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 5 iyul 2023-cü il tarixli **********523400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 16.710,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 iyul 2023-cü il tarixli **********901700 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 16.710,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 avqust 2023-cü il tarixli **********922100 nömrəli qərar qəbul olunmuşdur. Daha sonra vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 avqust 2023-cü il tarixli **********922100 nömrəli qərarla hesablanmış 16.710,85 manat vergi məbləği 1.553,13 manat azaldılaraq dəqiqləşdirilmələr aparılmış və 2022-ci ilin gəlir vergisi üçün 15.157,72 manat hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 sentyabr 2023-cü il tarixli **********546600 nömrəli qərar qəbul olunmuşdur. Son olaraq iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, 27 sentyabr 2023-cü il tarixli **********557500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və cavabdeh tərəfindən 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən qeyd olunan qərarın ləğvi ilə əlaqədar inzibati qaydada müraciət edilmiş, vergi orqanının 22 sentyabr 2023-cü il tarixli **********596800 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir. İddia ərizəsində iddiaçı tərəfindən hətta əmtəəsiz əməliyyatla bağlı məsələlərdə vergi orqanının Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tətbiq edilməli olduğu öz əksini tapmışdır. Nəzərə alsaq ki, iddiaçı məhz əmtəəsiz əməliyyatların həyata keçirilməsində şübhəli hesab edildiyindən bununla bağlı barəsində müvafiq qərar qəbul edilmişdir, bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Həmçinin iddia ərizəsində qeyd olunanın əksinə, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 37-ci maddələrinə, İPM-in 32, 35, 58.7, 68.1-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı təqdim olunmuş yazılı etirazı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. Həmin Məcəllənin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 may 2019-cu il tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş «Kameral vergi yoxlamasının aparılmasına dair Qaydalar»ın 8.1-ci bəndinə görə: - (8.1.1) Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - (8.1.2) Gəlir vergisinin bəyannaməsini verməli olan şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə cavabdeh tərəfindən kameral vergi yoxlaması üzrə aparılmış inzibati icraatda yol verilmiş pozuntuya diqqəti çəkir. Belə ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 60 iş günü müddətində keçirilməsini nəzərdə tutur, mənfəət vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin fakktiki hallarına görə iddiaçı sadələşdirilmiş verginin ödəyicisi kimi müvafiq bəyannaməni hər hesabat dövrünün, yəni rünün sonunda növnəti ayın 20-dək təqdim etmiş, lakin gəlir vergisinin ödəyicisi kimi 2022-ci il üzrə bəyannaməni 2023-cü ilin mart ayının 31-dək təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya 2023-cü ilin mart ayının 31-dən 60 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş 60 iş günü müddəti ötürülməklə (pozulmaqla) keçirmişdir. Belə ki, İşdə olan Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli qətrarında vergi orqanı tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubun hazırkı iddiaçıya 5 iyul 2023-cü il tarixdə göndərildiyi qeyd olunmuşdur. halbuki, həmin tarixdə illik gəlir vergisinin bəyannaməsinin verilməsi üçün müəyyənləşdirilmiş 1 mart 2023-cü il tarixindən 60 iş günü ötürülmüşdür. Bununla da, belə nəticə yaranır ki, 21 iyul 2022-ci il tarixli həmin qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin hazırkı iddiaçıya əlavə vergi məbləğləri hesablanan hesabat dövründə qüvvədə olmuş 67.14-cü maddəsi Məcəllədə göstərilən müvafiq hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda, mənfəət (gəlir) vergisinin həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, yəni şərti rentabellik qaydasında hesablanmasını nəzərdə tutmuşdur. İşin faktiki hallarına görə iddiaçı özü də sonradan vergiyi hesabatını (bəyannaməni) Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun vermişdir. Belə olan halda, məhkəmə cavabdeh inzbati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi 2022-ci ildə dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 67.14 və 83.9-cu maddələrinə əsaslanaraq 20% şərti rentabellik tətbiq edilməklə gəlirini və ona uyğun gəlir vergisini bəyan etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən onun riskli vergi ödəyicisi qismində qiymətləndirilməsi və ona Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı rəhbər tutularaq, Vergi Məcəlləsinin 103.1.30-cu maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edilməklə 15.157.72 manat gəlir vergisi məbləği hesablanması vergi qanunvericiliyinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Odur ki, cavabdeh inzibati orqanın kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğlərinin hesablanması barədə 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etmiş, təqdim olunmuş bəyannamə məlumatlarını diqqətə çəkmiş, lakin inzibati icraatda vergi borcu barəsində qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın və tam şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Məhkəmə həmçinin vurğulayır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-2963/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2963/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver