Məhkəmə qərarları › İş №e-2-1(112)-2976/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2976/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2976/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “ƏDV qeydiyyatına alınmanın ləğv edilməsi və sadələşdirilmiş vergi hüququndan istifadə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “bildirişin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 09 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3 nömrəli “Əlavə dəyər vergisi ödəyisinin qeydiyyat Bildirişinin” ləğv olunması, onun əlavə dəyər vergisi ödəyicilərinin siyahısından və Dövlət Reyestrindən çıxarılmağının təmin edilməsi və dövriyyəsinin ictimai iaşə fəaliyyətinin hüququ olan 8 faizlik sadələşdirilmiş sistemlə hesablanması öhdəliyinin Cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən onun mükəlləfiyyəti əsassız və sahibkarın hüququnu pozacaq şəkildə sadələşdirilmiş vergidən əlavə dəyər vergisinə dəyişdirilmişdir. İddiaçı sadələşdirilmiş vergi mükəlləfiyyəti üzrə fəaliyyət göstərən sahibkardır. Sadələşdirilmiş sistem vergi ödəyicilərinin işini asanlaşdırmaq üçün və sahibkarlığa dəstək üçün var olan bir mexanizmdir. Sadələşdirilmiş sistemlə işləyən sahibkarlar rüblük olaraq vergi hesabatları təqdim edir, dövriyyələri və hasilatlarına uyğun olaraq 2, ya da 8 faizlə vergi ödəyirlər. Yəni sadələşdirilmiş sistemdə işləyən bir sahibkar rüblük hesabatı verdikdən sonra dövriyyəsinin və hasilatının nə qədər olması barədə məlumat əldə edə bilir. Çünki fəaliyyəti dövründə hansı ayda nə qədər dövriyyə etdiyinin bir əhəmiyyəti olmur. Tərəfindən 2024-cü ilin 2-ci rübü üçün təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə **********079100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və dövriyyənin 200 min manatı ötdüyü, bununla bağlı ƏDV qeydiyyatına durmalı olduğu bildirilmişdir. Həmçinin 2024-cü ilin aprel ayında da bu məzmunda uyğunsuzluq göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə vergi orqanına müraciət edərək ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlara Vergi Məcəlləsinin 218.1.2-ci bəndindəki hüquqlarından istifadə etməyini bildirdiyi məktub göndərmişdir. Lakin vergi orqanı məktubuna baxmayaraq, xüsusi ərizə formasında və vergi orqanına əlbəəl təqdim etməli olduğunu bildirmişdir. Bu tələb nəinki Vergi Məcəlləsində, heç bir qanunvericilik aktında belə mövcud deyildir. Vergi Məcəlləsinin 218.2-ci bəndinin müddəalarına əsasən vergi ödəyicisi sahibkarlıq fəaliyyətini cari ildə sadələşdirilmiş vergi mükəlləfiyyəti ilə davam etdirmək istəyirsə aprel ayının 20-sinə qədər sadələşdirilmiş vergi bəyannaməsini verməklə öz istədiyini bildirmək hüququ vardır. İddiaçı da 2024-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini 09 aprel 2024-cü il tarixdə təqdim etmişdir. Dövriyyəsi 200 min manatı keçdiyi üçün aprel ayından etibarən vergilərini 8 faiz sadələşdirilmiş vergi sistemi ilə ödəməkdədir. Vergi orqanından daxil olan uyğunsuzluq məktubuna xx.xx.2024-cü il tarixdə təkrar 8 faiz ödəyicisi olmaq hüququ ilə bağlı cavab məktubu yazmış, ərizə formasını da hazırlayıb əlavə etmişdir. xx.xx.2024 tarixli **********778400 nömrəli məktubla iddiaçıya 8 faiz sadələşdirilmiş ödəyici ola bilməyəcəyini bildirən cavab məktubu göndərmişdir. Lakin xx.xx.2024-cü il tarixdə isə artıq xx.xx.2024-cü il tarixdən ƏDV qeydiyyatına alındığını bildirən bildiriş göndərilmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli **********322300 nömrəli və xx.xx.2024-cü il tarixli **********365700 nömrəli "Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” bildirişlər göndərilərək 10 gün ərzində ƏDV məqsədləri üçün ərizənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Əlavə dəyər vergisi məqsədləri üçün ərizə vergi ödəyicisi tərəfindən 10 gün ərzində vergi orqanına təqdim edilmədiyindən xx.xx.2024-cü il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınması vergi orqanı tərəfindən təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirinin 22 aprel 2019-cu il tarixli **********406700 №-li Əmri ilə İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması təsdiq edilmişdir. Vergi ödəyicisinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli **********720500 nömrəli ərizəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etmədiyi səbəbindən qəbul edilməmişdir. Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni, Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən təqdim edilmiş ƏDV qeydiyyatının ləğvi ərizəsi və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Beləliklə, iddiaçının uçot-baza məlumatlarına əsasən 2024-cü ilin yanvar ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan vergi ödəyicisi qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV qeydiyyatına alınmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının ƏDV məqsədləri üçün qeydiyyata alınması qanunamüvafiq qaydada həyata keçirilmişdir və ləğv edilməsi ilə bağlı əsas mövcud deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, **********3 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”ndən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən qüvvəyə minməklə Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. xx.xx.2024-cü il tarixli **********322300 nömrəli və xx.xx.2024-cü il tarixli **********365700 nömrəli "Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” bildirişlərdən görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduğundan 10 gün ərzində ƏDV məqsədləri üçün ərizənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, iddiaçı Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə fəaliyyəti 8 faizli sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirmək barədə məktubla vergi orqanına müraciət etdiyini, lakin buna baxmayaraq, vergi orqanının onu qanunsuz olaraq ƏDV qeydiyyatına aldığını bildirmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə görə isə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi Məcəlləsinin 218.2-ci maddəsində nəzərdə tutulan, vergi ödəyicisinə 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməmək imkanı və bununla bağlı məlumat təqdim edilməsi qaydası, onun 155.1-ci maddəsində tələb olunan ərizə vermək vəzifəsini aradan qaldırmır və qeyd edilən maddələr arasında hər hansı ziddiyət və uyğunsuzluq mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, hətta ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan vergi ödəyicisi də, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan imtina edə bilər. Halbuki, həmin halda ƏDV qeydiyyatı barədə ərizə verməsi Məcəllənin 155.1-ci maddəsinə əsasən tələb edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələbləri hazıkı mübahisəyə tətbiq edilməlidir. Həmin maddənin tələbinə əsasən, vergi ödəyicisi ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etmədikləri halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Beləliklə, iddiaçının uçot-baza məlumatlarına əsasən 2024-cü ilin yanvar ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan (işin mübahisəsiz halıdır) vergi ödəyicisi qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisi kimi ƏDV qeydiyyatına alınmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının ƏDV məqsədləri üçün qeydiyyata alınması qanunamüvafiq qaydada həyata keçirilmişdir və ləğv edilməsi ilə bağlı əsas mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “ƏDV qeydiyyatına alınmanın ləğv edilməsi və sadələşdirilmiş vergi hüququndan istifadə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar