Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-302/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və onun barəsində olan qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “iddiaçıya xx.xx.2022-ci il tarixli göndəriş əsasında ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdeh tərəfindən barəsində qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya əsassız olaraq əlilliyin təyinindən imtina olunur. Belə ki, forma 088 arayışında əks olunan xəstəliklər iddiaçıda mövcuddur və həmin xəstəliklər ona əlilliyin təyininə əsas verir. Cavabdeh isə iddiaçının “diaqnozun əlillik əlaməti təyin etməməsi” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi” barədə qərar qəbul etmişdir ki, həmin qərarlar əsassız olmuşdur. Qeyd olunanlara əsasən Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Əsas diaqnoz S82.3 Qamış sümüyünün dıstal şöbəsinin sınığı, Sag qamiş sümüynün distal ucunun on kənarinin (osteosintezdən sonra) və ic topuğun q\duzgun bitişmiş sinigi. Ağırlaşma M84.1 Sümük sınığının bitişməməsi [psevdoartroz], Sag incik sümüynün orta 1 \3-nin yalanci oynagi. Ağırlaşma S82.2 Qamış sümüyü cisminin [diafizinin] sınığı, SAG Qamış sümüyü cisminin sinigi Ağırlaşma M84.0 Sümük sınığının pis bitişməsi, Sümük sinigin pis bitişməsi Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Postravmatik artroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Hesab olunur ki, imtina əsaslı olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 aprel 2022-ci il tarixdə verilmiş 088 forma arayışında iddiaçıda olan xəstəliklər aşağıdaki formada müəyyən olunmuşdur: Əsas diaqnoz: S82.3 – Qamış sümüyünün distal şöbəsinin sınığı. Sağ qamiş sümüyünün distal ucunun on kənarının (osteosintezindən sonra) və ic topugun q/duzgün bitişmiş sınığı; Ağırlaşma: M84.1. Sümük sınığının bitişməməsi (psevdoartroz). Sağ incik sümüyünün orta 1/3-nin yalancı oynağı. S82.2. Qamış sümüyü cisminin (diafizinin) sınığı. SAG Qamış sümüyü cisminin sınığı. M84.0. Sümük sınığının pis bitişməsi. M19.1. Digər oynağların posstravmatik artrozu. Postravmatik artroz. R52.2. Digər daimi ağrı. Daimi ağrı sindromu. Hərəkət və yerisin pozulması. S82.5. İçəri (medial) topuğun sınığı, ic topuğun q/düzgün bitişmiş sınığı. M21.0. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya. Sağ aşiq baldır oynağının valgus deformasiyası. M62.5. Əzələrin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Ezele atrofiyası. Yanaşı xəstəliklər: İ10. Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ mrh. H52.4. Presbiopiya, OU presbiopiya xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, həmin ekspert rəyi cavabdehin iştirakı ilə tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərilmiş 088 saylı arayışda qeyd edilən “S82.3-qamış sümüyünün distal şöbəsinin sınığı, sağ qamış sümüyünün distal ucunun ön kənarının (osteosintezdən sonra) və iç topuğun qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M84.1-sümük sınığının bitişməməsi (psevdoartroz), sağ incik sümüyünün orta ‘A-nin yalançı oynağı, S82.2-qamış sümüyü cisminin (diafızinin) sınığı, SAG-qamış sümüyü cisminin sınığı, M84.0-sümük sınığının pis bitişməsi; M 19.1-digər oynaqların postravmatik artrozu, postravmatik artroz” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında təyin edilmişdir. İddiaçı düçar olduğu xəstəliklə bağlı reabilitasion müalicəyə hal-hazırda ehtiyac yoxdur, lakin xəstəlik kəskinləşdiyi vaxtda istər ambulator, istərsə də stasionar müalicəyə cəlb edilə bilər. xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı istər əyani müayinəsi, istərsə də xx.xx.2023-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş- də müayinəsi zamanı “bir aşağı ətrafın 7 sm qısa olması” aşkar edilmədi. Bu diaqnozun fərqli cəhəti qeyd edilən digər xəstəliklərə “Ağırlaşma M84.1-sümük sınığının bitişməməsi, sağ incik sümüyünün orta 1/3-nin yalançı oynağı, M84.0- sümük sınığının pis bitişməsi, sümük sınığının pis bitişməsi”nə onda hazırda da rast gəlinməsi isə diaqnozun oxşar cəhətidir. Komissiyanın 18 yanvar 2024-cü il tarixli qərarından görünür ki, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qüvvədə saxlanılsın. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında müxtəlif sayda olan göndərişlərdən görünür ki, iddiaçıda mövcud olan xəstəliklər müxfəlif kodlarda (S82.3, M84.1, İ10, S82.2, M84.0, M19.1, R52.2, S82.5, H52.4, M21, M62.5) göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olubolmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə ekspert rəyləri alınmış, ilkin rəy prosessual pozuntularla qəbul edildiyindən təkrar ekspertiza rəyi də tətqiq edilmişdir. Təkrar rəyin nəticə hissəsindən görünür ki göndərişdə olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı da göndərişlərdə olan xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərin) mövcudluğu şübhə doğurmamışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəstəliklərlə, X3 tərəfindən təsdiq edilmiş X1nda elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir. Başqa sözlə ekspert rəyində aşkara çıxan göndərişdə olan xəstəliklər iddiaçıda mövcud olsa da, iddiaçı həqiqətən də həmin xəstəlikdən əziyyət çəksə də, əlilliyin təyin edilməsi məqsədləri baxımından həmin xəstəliklərlə X3 tərəfindən təsdiq edilmiş X1nda olan hər hansı digər bir xəstəliyin heç bir fərqi mövcud deyil. Belə ki, yuxarıda göstərilən normativ hüquqi aktlarda əlilliyin təyinatına əsas verən xəstəliklərin konkret siyahısı müəyyən edilmişdir ki, nə birinci göndərişdə, nə də növbəti göndərişdə adıçəkilən xəstəliklərin hər hansı biri ilə adıçəkilən xəstəliklərin uyğunlaşdırılması mümkün deyil. Odur ki, cavabdeh iddiaçının diaqnozun əlillik əlaməti təyin etməməsi barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, məhkəmə M21 kod altında nəzərdə tutulan və iddiaçıda ağırlaşma kimi mövcud olan xəstəliyin (Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya. Sağ aşiq baldır oynağının valgus deformasiyası) əlillik təyinatına imkan veribverməməsi baxımından da araşdırma aparılmış qoyulmuş suala cavabdan da müəyyən etmişdir ki, həmin xəstəlik də əlillik təyinatı üçün kifayət etməmişdir. Belə ki, qüvvədə olan Meyarların tələblərində həmin xəstəliyin əlilliyin təyininə əsas verməsi üçün onun ağırlaşmaları müəyyən olunmalıdır ki, hazırki halda xəstəliyin ağırlaşması müəyyən olunmur. Eyni zamanda məhkəmə araşdırılması iddiaçının irəli sürdüyü dəlillər əsasında müvafiq araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş və ekspertiza tədqiqatı zamanı məlum olmuşdur ki, iddiaçının iddia etdiyinə görə onda “birinin yalançı oynağı və ya bir aşağı ətrafın 7 sm qısa olması” ilə bağlı xəstəlikdə müəyyən olunmamışdır. Göründüyü kimi iddiaçıda mövcud olan və faktiki olaraq da əziyyət çəkdiyi xəstəliklər göndərişdə öz əksini tapsa da, tibb müəssisəsi tərəfindən göndərişdə əksini tapmış xəstəliklər əlillik təyinatına əsas verən bitkin siyahısı müəyyən edilmiş hər hansı xəstəlik hesab edilmir. Hər xəstəlik də əlillik təyinatına əsas vermədiyindən, eləcə də iddiaçıda olan xəstəliklər əlillik dərəcəsinin təyinatına əsas vermədiyindən cavabdehin əlilliyin təyinatından imtinası (orqanizmin faiz dərəcəsinin 20% olması əsası ilə) qanuni və əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-302/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-302/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver