Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3023/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, texniki pasportun, torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (zəruri cəlbetmə qaydasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 3-cü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, texniki pasportun, torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (zəruri cəlbetmə qaydasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 3-cü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, texniki pasportun, torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Zəruri cəlbetmə qaydasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 3-cü şəxs qismində iş üzrə icraata cəlb edilmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi küçəsindəki 360 saylı fərdi yaşayış evinin 12400 kvadrat metr ərazisi olan torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə dövlət reyestrinə qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, texniki pasportun, torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə torpaq sahəsinin ölçüsünün 1240 kv.m. kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərarı ilə xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi prosessual hüquq varisliyi qaydasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Ə-1140-8/2024 **********40 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizəsinəbaxılmış, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2023-cü il tarixli, **********80 nömrəli məktubla cavab verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********80 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişində göstərilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi neft kəmərinin mühafizə zomasında yerləşir, texniki pasportun baş planında qeyd edilən sahə ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1067 saylı sərəncamda torpaq sahəsinin ölçüsü və xx.xx.1997-ci il tarixli, 921 saylı sərəncamda isə ünvan qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh orqanın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) arayışına əsasən guya müəyyən etmişdir ki, fərdi yaşayış evinin torpaq sahəsi 2964 saylı ləğv olunmuş neft-qaz quyusunun 6 metrlik, 2984 saylı ləğv edilmiş neft-qaz quyusunun isə 9 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. SOCAR-ın arayışında göstərilən hallar həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 038346 nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi küçəsindəki 4 otaq, 122,72 kv metr yaşayış sahəsi, 486,32 kv metr ümumi sahəsi 360 saylı fərdi yaşayış evini İddiaçı xüsusi mülkiyyətinə 253 saylı reyestr kitabında 18139 səhifə 30/16119 qeydə alma nömrəsi ilə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.3.-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi küçəsindəki 4 otaq, 122,72 kv metr yaşayış sahəsi, 486,32 kv metr ümumi sahəsi 360 saylı fərdi yaşayış evini İddiaçı xüsusi mülkiyyətinə 253 saylı reyestr kitabında 18139 səhifə 30/16119 qeydə alma nömrəsi ilə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsaslı olduğunu bildirmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi küçəsindəki 360 saylı fərdi yaşayış evinin torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə dövlət reyestrinə qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, texniki pasportun, torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********80 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilən texniki pasportun baş planında qeyd edilən sahə ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin təqdim edilən Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1067 saylı sərəncamında torpaq sahəsinin ölçüsü və xx.xx.1997-ci il tarixli, 921 saylı sərəncamda isə ünvan qeyd edilməmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2964 saylı ləğv olunmuş neft-qaz quyusunun 6 metrlik, 2984 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 9 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə ləğv edilmiş neft quyularından şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Neft kəmərinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü tarixli, 167 nömrəli qərarı ilə tənzimlənir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2025-ci il tarixli yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir (66-cı vərəqə). İş materiallarına cavabdehin müvafiq imtina qərarı əlavə edilmişdir (7-ci vərəqə). İmtina qərarı təqdim edilmiş etirazla eyni mahiyyədədir, odur ki, məzmununun məhkəmə qərarına köçürülməsi zəruri hesab edilmir (məhkəmə qərarının genişləndirilməməsi məqsədilə). İş materiallarında olan xx.xx.2005-ci il tarixli FM 038346 nömrəli Qeydiyyat vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1537 nömrəli sərəncamına əsasən müəyyən edilir ki, Badamdar qəsəbəsində 600 /altı yüz/ kv.m. torpaq sahəsinin fərdi ev tikmək üçün X2 ayrılması qərara alınmışdır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 921 nömrəli sərəncamına əsasən müəyyən edilir ki, RİHB-nin 1537 saylı 23 may 1995-ci il tarixli sərəncamı ilə X2 fərdi evin tikintisi üçün ayrılmış 600/ altı yüz/ kv.m. torpaq sahəsi /öz ərizəsinə əsasən/ İddiaçı adına sənədləşdirilmişdir (X1 ərizəsi əlavə edilmişdir). İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1067 nömrəli sərəncamına əsasən müəyyən edilir ki, Ə.İ.Cəfərovun razılıq ərizəsini nəzərə alaraq və İddiaçı xahişini qane edərək RİHB-nin xx.xx.1995-ci il tarixli 1475a nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün Ə.İ.Cəfərova ayrılmış torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir (Ə.İ.Cəfərovun ərizəsi əlavə edilmişdir). İş materiallarına mübahisə predmeti olan torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktı əlavə edilmişdir (38-ci vərəqə). Akta əsasən, sözügedən torpaq sahəsinin ümumi və faktiki sahəsi 1240 kv.m. təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ..... fərdi yaşayış evinin faktiki sahəsi 486,32 kv.m. təşkil edir. Torpaq sahəsinin isə faktiki sahəsi 1240 kv.m. təşkil edir (1-ci abzas). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Bibiheybət NQÇİ). Neft quyusunun mühafizə zolağında yerləşir (tamamilə). Eyni zamanda, ərazinin şimal tərəfdən 315 kv.m. hissəsi yüksək gərginlikli elektrok xəttinin mühafizəsindədir (həmçinin, fərdi yaşayış evinin 62 kv.m. hissəsi də yüksək gərginlikli elektrik xəttinin mühafizəsindədir). Eyni zamanda, sözügedən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə, torpaq sahəsinə dair koordinatlar və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. İş materiallarına “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topoqrafik planı əlavə edilmişdir (71-ci vərəqə). İş materiallarına Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə keçmiş Bakı şəhər ZDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə xx.xx.1962-ci il tarixli 27/919 saylı qərarının ksero surətləri əlavə edilmişdir (72- 80-ci vərəqələr). İş materiallarına mübahisə predmeti olan torpaq sahəsində yerləşən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evinin texniki pasportu əlavə edilmişdir. İş materiallarına mübahisə predmeti olan torpaq sahəsinin xx.xx.2005-ci il tarixli Yerləşmə Cizgisi əlavə edilmişdir. İş materiallarına mübahisə predmeti olan torpaq sahəsində yerləşən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evinə qeydiyyat vəsiqəsinin verilməsi barədə Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 195 nömrəli və xx.xx.2005-ci il tarixli 331 nömrəli sərəncamları əlavə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.7-ci bəndinə əsasən, yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Həmin Məcəllənin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Mülki Məcəllənin 135-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2005-ci il tarixli FM 038346 nömrəli Qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 360 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1537 nömrəli sərəncamına əsasən, Badamdar qəsəbəsində 600 /altı yüz/ kv.m. torpaq sahəsinin fərdi ev tikmək üçün X2 ayrılması qərara alınmışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 921 nömrəli sərəncamına əsasən, RİHB-nin 1537 saylı 23 may 1995-ci il tarixli sərəncamı ilə X2 fərdi evin tikintisi üçün ayrılmış 600/ altı yüz/ kv.m. torpaq sahəsi /öz ərizəsinə əsasən/ İddiaçı adına sənədləşdirilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1067 nömrəli sərəncamına əsasən, Ə.İ.Cəfərovun razılıq ərizəsini nəzərə alaraq və İddiaçı xahişini qane edərək RİHB-nin xx.xx.1995-ci il tarixli 1475a nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün Ə.İ.Cəfərova ayrılmış torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən, sözügedən torpaq sahəsinin ümumi və faktiki sahəsi 1240 kv.m. təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ..... fərdi yaşayış evinin faktiki sahəsi 486,32 kv.m. təşkil edir. Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 195 nömrəli və xx.xx.2005-ci il tarixli 331 nömrəli sərəncamlarına əsasən həmin fərdi yaşayış evi inşaat, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün İddiaçı şəxsi mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin isə faktiki sahəsi 1240 kv.m. təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Bibiheybət NQÇİ). Neft quyusunun mühafizə zolağında yerləşir. Eyni zamanda, ərazinin şimal tərəfdən 315 kv.m. hissəsi yüksək gərginlikli elektrok xəttinin mühafizəsindədir (həmçinin, fərdi yaşayış evinin 62 kv.m. hissəsi də yüksək gərginlikli elektrik xəttinin mühafizəsindədir). Eyni zamanda, sözügedən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətində olan müvafiq torpaq sahəsi RİHB-nin müvafiq sərəncamlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya qanuni əsaslarla ayrılmışdır. İnzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı etimad hüququ qanunla qorunur. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak olmaqla vahid mülkiyyət obyekti kimi çıxış edir. Mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazinin təqdim edilmiş ortofoto görüntüsünə əsasən, torpaq sahəsinin üzərində iddiaçıya məxsus olan 3 mərtəbəli fərdi yaşayış evi yerləşir, həmin evə dair mülkiyyət hüququ 2005-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, torpaq sahəsinin ətrafı digər subyektlərə məxsus fərdi yaşayış evləri ilə əhatə olunmuşdur, torpaq sahəsinin yanından geniş avtomobil yolu keçir. Deməli, müvafiq ərazi faktiki olaraq yaşayış məntəqəsidir. Fərdi yaşayış evinin yerləşdiyi ümumilikdə 1200 kv.m. torpaq sahəsi iddiaçının qanuni sahibliyindədir. İddiaçının faktiki istifadəsində 1240 kv.m. torpaq sahəsi olsa da, həmin sahənin 40 kv.m. hissəsinə dair hüquq müəyyən edici sənədlər mövcud deyildir. Həmin sahənin iddiaçının faktiki sahibliyində olmasına baxmayaraq, bu sahiblik qanuni əsaslarla həyata keçirilmir. Torpaq sahəsinin texniki pasportunun 2005-ci il tarixdə (2001-ci ilin 1 yanvar tarixindən sonrakı dövr) tərtib edilməklə iddiaçıya ayrılması nəzərə alınmaqla iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Odur ki, iddia tələbi üzrə “torpaq sahəsinə texniki pasportun verilməsi” hissəsində hüquqi maraq mövcud olmadığından müvafiq hissədə öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına hüquqi zərurət yoxdur. İddiaçının tədqim etdiyi sənədlər daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (zəruri cəlbetmə qaydasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 3-cü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, texniki pasportun, torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi küçəsindəki 360 saylı fərdi yaşayış evinin yerləşdiyi 1200 (bir min iki yüz) kvadrat metr ərazisi olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması, həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2-1(112)-3023/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3023/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver