Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3028/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X7 “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı. cavabdehin nümayəndəsi X15, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 97.8 kv.metr torpaq sahəsi və 0,03155 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətindədir. İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...tərəfinizdən təqdim edilmiş sənədlər surətdir və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 984 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi ev dövlət reyestrində mülkiyyət hüququ üzrə adına qeydiyyata alınması və ona vahid əmlaka dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə torpaq sahəsinə dair texniki pasport (hesabat) sərəncam, ona məxsus şəxsiyyət vəsiqəsi, qeydiyyatda olanların razılıq ərizələri və forma 2 arayışı qoşma edilmiş ərizəsi ilə müraciət edərək bildirmişdir ki,... yaşayış sahəsinə, özünün və ailəsinin rəsmi qeydiyyata alındığı ünvan 1 ünvanındakı fərdi ev və evin yerləşdiyi, ümumi ərazisi 550 kv.metr olan torpaq sahəsi qanuni istifadələrindədir. Belə ki, bu barədə idarənin Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib və təsdiq olunmuş, “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi barədə” sənəddə torpaq sahəsinin eskizi, orada yerləşən fərdi evin sxemi və sair göstərilmişdir. Bundan başqa sözügedən ünvandakı ərazinin (torpaq sahəsinin) onlara ayrılması barədə Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 03 sentyabr 1998-ci il tarixli Sərəncamı var. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs iddiaya yazılı münasibətini (etiraz) təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, ünvan 3 yerləşən evi o, 07 noyabr 2023-cü tarixdə X1, Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə mənim adıma xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********20-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin evin tikintisi üçün torpaq sahəsi Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1082 №-li Sərəncamı ilə ayrılmışdır. X4 və ailə üzvləri qeydiyyatdan çıxmışlar. Alqı-satqı zamanı məlum olmuşdur ki, evdə qeydiyyatda əlavə olaraq, evə heç bir aidiyyətləri olmayan, evin sahibi X2 icazəsi olmadan nəməlum əsaslarla 6 nəfər şəxs - X16, X17, X18, X11, X19, İddiaçı qanunsuz olaraq qeydiyyata düşmüşlər. Həmin şəxslərin evə heç bir aidiyyəti olmadığı müəyyən edildikdən sonra notariusda alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. O, evi aldıqdan sonra həmin şəxsləri tapmışdır. Onlar Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən İnternat məktəbinin divar qonşuluğunda ayrıca tikilmiş sənədsiz evdə yaşayırlar. Həmin sənədsiz evlə mənim evimin arasında bir dalan və 3 həyət evi vardır və onun girişi ayrıdır, onun evi ilə heç bir divar və ya həyət qonşuluğu yoxdur. O, onların evdən qeydiyyatdan çıxmalarını tələb etmişdir. Onlar ondan xahiş etmişlər ki, qeydiyyatdan çıxmaq üçün 1 ay vaxt versin, bunu isə evlərinə ünvan və çıxarış (“kupça”) alacaqları ilə əlaqələndirdilər. Həmin müddətdən xeyli keçdikdən sonra, təxminən 8 ay ərzində o, bir neçə dəfə onlardan tələb etmişdir ki, onun evindən qeydiyyatdan çıxsınlar. Lakin hər dəfə müxtəlif əsassız bəhanələr gətirərək bu günə qədər evindən qeydiyyatdan çıxmamışlar. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra o, ailəsi ilə həmin evə köçmüş, müvafiq olaraq həyat yoldaşı X5 ilə birlikdə pasport qeydiyyatına düşmüşdür. Qeyd olunan 6 nəfər kənar şəxs İddiaçı da daxil olmaqla əvvəlki mülkiyyətçinin və yeni mülkiyyətçi kimi onun qohumu və tanışım deyildirlər, onlar bu evdə heç vaxt yaşamamışlar və evə heç bir mülkiyyət hüquqları olmamışdır və indi də yoxdur. Onlar Sahil qəsəbəsində həmişə özlərinin sənədsiz tikdikləri evdə yaşamışlar və indi də orada yaşayırlar. Əvvəlki mülkiyyətçi onların ona xüsusi müülkiyyət hüququ əsasında məxsus olan evinə necə, hansı yolla qeydiyyata düşdüklərini bilmir və ona razılıq verməmişdir. Əslində cavabdehlərin ona məxsus olan evdə qeydiyyatları əsassız və qanunsuz olmaqla formal xarakter daşımış və indi də formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə də o, cavabdeh Qaradağ rayon Polis idarəsinə qarşı (üçüncü şəxslər İddiaçı, X16, X17, X18, X11 və X21 olmaqla) iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı, X8, X9, X10, X6 və X12 ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmasından imtina barədə Qaradağ rayon polis idarəsinin imtinasının etibarsız hesab edilməsi və onların ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul etmələrini xahiş etmişdir. Hazırda onun adları yuxarıda qeyd edilən şəxslərin ona məxsus evdə qeydiyyatdan çıxarılmaları barədə inzibati mübahisə məhkəmənin icraatındadır. Hazırda iddiaçının istinad etdiyi sərəncamın əsli mövcud deyil. Dövlət arxiv idarəsinə verilmiş sorğu ilə də həmin sərəncamın əslinin olmadığı müəyyən edilmişdir. ünvan 4 ünvan rekviziti mənim X3 xüsusi mülkiyyətindədir. ünvan 4 ünvan rekvizitinin təkrarlanması barədə cavabdeh orqanın arxiv və elektron bazasında da məlumat aşkar edilməmişdir. Onun mülkiyyətində olan evlə və ünvanla iddiaçının heç bir əlaqəsi yoxdur. İddiaçıya məxsus qanunsuz tikili onun evindən çox aralıda yerləşir. Onların qanunsuz tikilisi ilə onun evi arasında bir neçə ev və küçə vardır. Görünür iddiaçının arxivdə əsli olmayan “Sərəncamdan” başqa heç bir sənədi olmadığı üçün saxta sənədə istinad edərək çıxarış almaq niyyətindədir. Bütün yuxarıda qeyd olunanlardan da görünür ki, iddiaçının iddiası əsassızıdr, istinad etdiyi yeganə mötəbər sübut olan sərəncam isə şübhəlidir. Göründüyü kimi iddiaçının iddiasını təsdiq edən heç bir sübut yoxdur, bununla bağlı hər hansı sübut Məhkəməyə təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 97.8 kv.metr torpaq sahəsi və 0,03155 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətindədir. İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 984 №-li, 3 sentyabr 1998-ci il tarixli Sərəncamına əsasən, ünvan 1 ünvanındakı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən vahid əmlaka dair çıxarış verilməsini xahiş edir. Tərəflərin izahatları ilə işin mübahisələndirilməyən halıdır ki, üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evi ilə iddiaçının iddia etdiyi fərdi yaşayış evi və torpaq sahəsi ayrı-ayrı yerlərdə yerləşir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 984 №-li, 3 sentyabr 1998-ci il tarixli Sərəncamına istinad edir. İddiaçının təqdim etdiyi sərəncamın və sərəncama əlavə edilmiş səndələrin təsdiq olunmuş surətinin məhkəmə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq 1 oktyabr 2024-cü il tarixli məktubla bildirilmişdir ki, Qaradağ RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli sərəncamı 994 deyil, 984 olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 984 №-li, 03 sentyabr 1998-ci il tarixli Sərəncamdan müəyyən olunur ki, Sahil qəsəbəsi, Sahil küçəsi, ev 33, mənzil 10-da yaşayan X20 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində istifadə etdiyi bağ sahəsindən 300,0 m2 torpaq sahəsi ayrılıb verilmişdir. Göründüyü kimi, iddiaçı mötəbər hüquqmüəyyənedici sənədə malik deyildir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır.: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçı həmin Siyahıda sadalanan sənədlərdən hər hansı birini də təqdim edə bilməmişdir. İddiaçı yuxaırda sadanan hüquqmüəyyənedici sənədlərə malik olmadığından məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3028/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3028/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver