Məhkəmə qərarları › İş №e-2-1(112)-3034/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3034/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3034/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi 2591-ci məhəllədə 600 kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra-"BŞİH") başçısının xx.xx.1999-cu il tarixli 213 nömrəli "Torpaq sahəsinin alınması haqqında” sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti (bundan sonra - "NRİH”) başçısının xx.xx.1998-ci il tarixli 03/974 №-li məktubu nəzərə alınaraq Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqına (bundan sonra-"ƏVİ”) fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0.5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0.8 ha torpaq sahəsi ayrılmışdır (BŞİH başçısının Sərəncamı əlavə edilir). BŞİH başçısının xx.xx.2002-ci il tarixli № 7-2283/17 nömrəli məktubuna əsasən ƏVİ-nin İdarə Heyəti BŞİHnə müraciət edərək, Nizami və Sabunçu rayonlarının həmsərhəd ərazilərində, BŞİH başçısının xx.xx.1999-cu il tarixli, 213 nömrəli sərəncamına əsasən inşa edilmiş tikililərin sənədləşdirilməsini xahiş etmişdir. Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud fərdi yaşayış evləri m assivinin yanında və 8-ci km qəsəbəsinin baş planına əsasən çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazidə yerləşdiyi nəzərə alınaraq, qeyd olunan sərəncama əlavə olaraq ƏVİ üzvləri, veteran və müharibə əlillərinin adına rəsmiləşdirilməsinə BŞİH etiraz etməmiş və bu məsələnin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinə tapşırılmışdır (BŞİH başçısının məktubu əlavə edilir). BŞİH başçısının xx.xx.2002-ci il tarixli № 7-2283/17 nömrəli məktubuna istinad edilərək NRİH Başçısı olmuş Eldar Əzizov tərəfindən xx.xx.2002-ci il tarixli 373 nömrəli Sərəncam qəbul edilmiş və İddiaçı (bundan sonra - "İddiaçı”) və qeyrilərinə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Şərifli küçəsi 2591-ci məhəllədə 600 kv m. torpaq sahəsi (bundan sonra - "Torpaq Sahəsi”) ayrılmışdır (Sərəncamın surəti əlavə edilir). Sərəncama 373 nömrəli əlavə ilə İddiaçıya Torpaq Sahəsinin sxemi təqdim edilmişdir (Sxem və Arxiv arayışının surəti əlavə edilir). Qeyd edilənlərə əsasən, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-"DƏDKR”) publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən (bundan sonra-"Cavabdeh”) xahiş etsə də, xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Q0436-8/2023- **********69 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti başçısının səlahiyyəti xaricindədir. İmtina Məktubunun sonunda da qeyd edilmişdir ki, İmtina Məktubu daşınmaz əmlakın dövlət reyestri qeydiyyatından imtina sayılmır. İddiaçı aşağıdakı göstərilənlərə əsasən, hesab edirik ki, Cavabdeh tərəfindən Torpaq Sahəsinin plan və ölçüsünün tərtib edilməsi, habelə mülkiyyət hüququnun qeydiyyata alınm ası və dövlət reyestrindən elektron çıxarışın tərtib edilməsindən imtinası qanunsuz və əsassızdır. Odur ki, cavabdehin üzərinə 1) torpaq Sahəsinin plan və ölçüsünün tərtib edilməsi və (2) iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron çıxarışın təqdim edilməsi vəzifəsi qoyulmalıdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2001-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25cı maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri uçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi 2591-ci məhəllədə 600 kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarışın təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********69 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair təqdim edilmiş sərəncam “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 373 saylı sərəncamı xx.xx.2002-ci il tarixlidir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinin 370 kv.m hissəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq yerləşmə cizgisindəki istinad məsafələri və konfiqurasiya faktiki göstərilən sahədən tamamilə fərqlidir. Belə ki, yerləşmə cizgisində dəmiryolundan məsafə 50 metr göstərilsə də, faktiki olaraq torpaq sahəsi dəmiryolundan 6-8 metr məsafədə yerləşir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sərəncamda torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 917 kv.m təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir.

5. İddiaçı tərəfindən cavabdehin etirazına dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli mülahizə məktubunda qeyd olunmuşdur ki, cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq ayrılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti (bundan sonra - "NRİH") başçısının xx.xx.2002-ci il tarixli 373 nömrəli sərəncamı “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə uyğun deyil. Həmin maddəyə əsasən yerli icra hakimiyyəti orqanlarının xx.xx.2001-ci il tarixədək torpaqayıtma səlahiyyəti mövcud olmuşdur. Bundan başqa, qeyd edilmişdir ki, elektron çıxarışın təqdim edilməsi tələb olunan torpaq sahəsinin faktiki ölçüsü 917 m2 təşkil edir, həmin sahənin 370 m2 hissəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, yerləşmə cizgisindəki istinad məsafələri və konfiqurasiya faktiki göstərilən sahədən tamamilə fərqlidir. Belə ki, yerləşmə cizgisində dəmiryolundan məsafə 50 metr göstərilsə də, faktiki olaraq torpaq sahəsi dəmir yolundan 6-8 metr məsafədə yerləşir. Aşağıdakı səbəblərə görə iddiaçı hesab edir ki, etirazın dəlilləri rədd edilməli, iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmalıdır. İlk növbədə qeyd edir ki, iddiaçıya torpaq sahəsi (i) BŞİH başçısının xx.xx.1999-cu il tarixli 213 nömrəli sərəncam əsasında ayrılmışdır və (ii) NRİH başçısının xx.xx.2002-ci il tarixli 373 nömrəli sərəncamı BŞİH başçısının xx.xx.1999-cu il tarixli 213 nömrəli sərəncamının icrası ilə əlaqədar qəbul edilmişdir. Bu isə ona işarə edir ki, torpaq sahəsi xx.xx.2001-ci il tarixədək icra hakimiyyəti tərəfindən ayrılmışdır. Cavabdeh torpaq sahəsinin faktiki ölçüsünün 370 m2 hissəsinin dəmiryolu xəttinin mühafizə zonasında yerləşməsini və torpaq sahəsinin cizgisinin faktiki sahədən fərqli olmasını sübut etməmişdir. Bundan başqa qeyd edilir ki, cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 917 m2 olmasını, həmin sahənin 370 m2 hissəsinin dəmiryolu xəttinin mühafizə zonasında yerləşdiyini qeyd etsə də, 370 m2 hissənin hansı rəsmi təsdiq edilmiş xəritəyə (o cümlədən elektron xəritəyə) əsasən dəmiryolu xəttinin mühafizə zonasına aid olmasını sübut etməmiş, yalnız həmin halın hansısa rəsmi təsdiq edilməmiş vahid elektron kadastr baza məlumatlarına əsaslandığını qeyd etmişdir. Vahid elektron kadastr baza məlumatlarının hansı rəsmi dövlət təşkilatı tərəfindən təsdiq edilmiş hansı rəsmi xəritə məlumatlarına (koordinantlarına) əsaslandığı isə əks olunmamışdır. Halbuki, İnzibati-Prosessual Məcəllənin (bundan sonra - "İPM") 2.2.3 və 14.2-ci maddələrinin mənasına əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan (öhdəliyin icrası) iddialar üzrə faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmçinin NRİH başçısının xx.xx.2002-ci il tarixli 373 nömrəli sərəncamına əlavə olan yerləşmə cizgisindəki istinad məsafələri və konfiqurasiyanın faktiki göstərilən sahədən tamamilə fərqli olmasına münasibətdə də qeyd edilməlidir ki, Cavabdeh həmin halın hansı rəsmi təsdiq edilmiş xəritəyə əsaslanmasını sübut etməmişdir. Torpaq sahəsinin plan və ölçüsü torpağın faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə əsasən verilməlidir. Digər tərəfdən isə qeyd edilir ki, torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq olduğu halda, torpağın faktiki istifadə vəziyyətinin məkan göstəricisi əsas götürülməli və buna uyğun olaraq torpaq sahəsinin plan və ölçüsü Cavabdeh tərəfindən tərtib edilməlidir. Belə ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezidentin xx.xx.2016-cı il tarixli Fərmanının 2.3.5-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılarkən ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməlidir. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(102)-853/2017 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən də sahənin bölgüyə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddianın təmin 2 edilməməsi üçün tutarlı əsas sayılmamış və uyğunsuzluğun aradan qaldırılmasının Cavabdehin səlahiyyətlərinə aid olması müəyyən edilmişdir. (qərar əlavə edilir). İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəlləsinin (bundan sonra - "MPM") müddəaları tətbiq oluna bilər. MPM-in 367.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz mülahizələrini təqdim etmək hüququna malikdir. İddiaçı etirazda qeyd edilən dəlillər rədd edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

6. İddiaçı tərəfindən cavabdehin etirazına dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli Əlavə Mülahizə məktubunda qeyd olunmuşdur ki, cavabdehin iddiaya qarşı etirazına münasibət bildirmişdir. Cavabdehin İddiaçıya ayrılan torpaq sahəsinin 370 m2 hissəsinin dəmiryolu xəttinin mühafizə zonasında yerləşməsinə münasibət bildirilir. Belə ki, cavabdeh qeyd etmişdir ki, elektron çıxarışın təqdim edilməsi tələb olunan torpaq sahəsinin faktiki ölçüsü 917 m2 təşkil edir, həmin sahənin 370 m2 hissəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin mühafizə zonasında yerləşməsi şəxsi mülkiyyət hüququndan məhrum etmir. Bununla əlaqədar bir daha qeyd edir ki, İddiaçıya ayrılan 600 kv.m torpaq sahəsi heç bir mühafizə zonasında yerləşmir. Digər tərəfdən isə, qeyd edilməlidir ki, həmin torpaq sahəsi hətta doğurdan da mühafizə zonasında yerləşsəydi, bu İddiaçını mülkiyyətdən məhrum etməyəcəkdi və onun mülkiyyət hüququnun əldə edilməsini məhdudlaşdırmayacaqdı. Çünki Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin tətbiq təcrübəsinə dair Ali Məhkəmə tərəfindən artıq çoxsaylı hüquqi mövqelər formalaşdırılmışdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2600/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-1998/2023 nömrəli qərarlarındakı işlər üzrə torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə DƏDKR tərəfindən hüquqların dövlət qeydiyyatından imtina Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən əsassız və qanunsuz hesab edilmişdir. Odur ki iddiaçı hesab edir ki, Cavabdeh tərəfinfən torpaq sahəsinin mühafizə zonasında yerləşməsinə görə iddianın təmin edilməsindən imtina etməsi tamamilə əsassızdır və həmin dəlilin əsassızlığına dair artıq formalaşmış məhkəmə təcrübəsi vardır. Bu səbəbdən dəmir yolu mühafizə zonasının İddiaçıya ayrılan torpaq sahəsindən hansı məsafədə olmasına dair "xxxx" QSC-dən arayış əldə edilməsinin gözlənilməsinə lüzum yoxdur, həmin arayış heç bir hüquqi əhəmiyyət kəsb etmir və məhkəmənin inzibati aktına heç bir təsir göstərmir. Bu baxımdan "xxxx" QSC-nin arayışını gözləmədən məhkəmə baxışının yaxın zamana təyin edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəlləsinin (bundan sonra - "MPM") müddəaları tətbiq oluna bilər. MPM-in 367.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz mülahizələrini təqdim etmək hüququna malikdir. İddiaçı məhkəmə baxışı yaxın müddətdə təyin edilməsini, etirazda qeyd edilən dəlillər rədd edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 213 nömrəli Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 03/974 №-li məktubu nəzərə alınaraq Azərbaycan Respublikası Əfqanistan Veteranalrı Birliyinə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0,5 ha Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0,8 ha torpaq sahələri ayrılmışdır.

8. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanan xx.xx.2002-ci il tarixli məktubda qeyd edilmişdir ki, X1 İdarə Heyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nizami və Sabunçu rayonlarının həmsərhəd ərazilərində, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 213 saylı sərəncamına əsasən inşa edilmiş tikililərin sənədləşdirilməsini xahiş etmişdir. Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmş torpaq sahələrinin mövcud fərdi yaşayış evləri massivinin yanında və 8-ci km qəsəbəsinin baş planına əsasən çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazidə yerləşdiyi nəzərə alınaraq, yuxarıda qeyd olunan sərəncama əlavə olaraq X1 üzvləri, veteran və müharibə əlillərinin adına sənədləşririlməsinə Bakı Şəhər İcra Hakimiyyəti etiraz etmir və bu məsələnin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinə tapşırılır.

9. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının “Şərifli küçəsindəki 2591 -ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli, 373 nömrəli Sərəncamından çıxarışa əsasən Rayon İcra Hakimiyyətinə X1 idarə heyətinin rəhbərliyi xx.xx.2002-ci il tarixli 062 №-li məktubla müraciət edərək ƏVİ-nin üzvləri İddiaçı tərəfindən Şərifli küçəsindəki 2591-ci məhəllədə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə onların adına rəsmiləşdirilməsini xahiş etmişdir. BŞİH-nın Başçısının xx.xx.2002-cı il tarixli 7-2283/17 saylı məktubuna istinad edərək, Şərifli küçəsindəki 2591-ci məhəllədə uzun müddətdən bəri inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə hər bin 600 kv.m-dən çox olmamaqla aşağıda qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş hesab edilməsi qərara alınmışdır: 1.20. N.Tusi 22, m.32-də yaşayan İddiaçı - 600 kv.m yer №29

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən hüquq müəyyənedici sənəd üzrə Sərəncama əsasən 600 kv.m.və faktiki olaraq mənzil 917,0 kv.m təşkil edir, 317,0 kv.m. sahə artıqdır. Ərizəçinin göstərdiyi torpaq sahəsi daş hasarla sərhədlənmişdir. İki tərəfdən qonşu sahə ilə bir tərəfdən dalan yol ilə digər bir tərəfdən dəmir yolu xəttinin kənarından keçən torpaq yol ilə əhatə olunmuşdur. Torpaq sahəsi üzərində t/s-nin mailli relyefinə əsasən bir tərəfdən 2 mərtəbə digər tərəfdən 3 mərtəbəli mansardlı yaşayış evi, 1 mərtəbəli yaşayış evi və köməkçi tikililər vardır. Torpaq sahəsinin şimal tərəfindəki sərhəddindən (ən yaxın xəttinə qədər) 6,5 və 8,0 metr aralı məsafəsindən dəmir yolu xətti keçir. Ərizəçinin adına sahəsinin yerləşməsinə dair cizgi təqdim olunmamışdır. Göstərilən sahənin faktiki yerləşməsinə dair koordinatı baxılması üçün akta əlavə olunmuşdur. Nəticə olaraq faktiki sahə 917,0 kv.m. təşkil edir və bu sahənin bir hissəsi dəmir yolu xəttinin mühafizəsində yerləşir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmaması müəyyənləşdirmək mümkün deyildir.

11. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapali Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 373 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi, 2591-ci məhəllədə vətəndaş İddiaçı Vahid oğluna ayrılmış torpaq sahəsinin yerləşdiyi yerə aidiyyəti qurumları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Böyükşor-Sabunçu mənzili 10 km pk 7-də yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən sözügedən ərazidə dəmir yolunun təhkim zolağının eni 24 (iyirmi dörd) metr təşkil edir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi (Yeni qaydalarla: AZ 1002, Bakı şəhəri. Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 11) yerləşən 0.0540 kv.m torpaq sahəsi X2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

26. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 213 nömrəli Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 03/974 №-li məktubu nəzərə alınaraq Azərbaycan Respublikası Əfqanistan Veteranalrı Birliyinə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0.5 ha Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0.8 ha torpaq sahələri ayrılmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanan xx.xx.2002-ci il tarixli məktubda qeyd edilmişdir ki, X1 İdarə Heyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nizami və Sabunçu rayonlarının həmsərhəd ərazilərində, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 213 saylı sərəncamına əsasən inşa edilmiş tikililərin sənədləşdirilməsini xahiş etmişdir. Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmş torpaq sahələrinin mövcud fərdi yaşayış evləri massivinin yanında və 8-ci km qəsəbəsinin baş planına əsasən çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazidə yerləşdiyi nəzərə alınaraq, yuxarıda qeyd olunan sərəncama əlavə olaraq X1 üzvləri, veteran və müharibə əlillərinin adına sənədləşririlməsinə Bakı Şəhər İcra Hakimiyyəti etiraz etməmiş və bu məsələnin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinə tapşırılmışdır. - Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının “Şərifli küçəsindəki 2591 -ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında” xx.xx.2002ci il tarixli, 373 nömrəli Sərəncamından çıxarışa əsasən Rayon İcra Hakimiyyətinə X1 idarə heyətinin rəhbərliyi xx.xx.2002-ci il tarixli 062 №-li məktubla müraciət edərək ƏVİ-nin üzvləri İddiaçı tərəfindən Şərifli küçəsindəki 2591-ci məhəllədə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə onların adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-cı il tarixli 7-2283/17 saylı məktubuna istinad edilərək, Şərifli küçəsindəki 2591-ci məhəllədə 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır (1.20. N.Tusi 22, m.32-də yaşayan İddiaçı - 600 kv.m yer №29).

28. Cavabdeh tərəfindən imtinanın əsas dəlili olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 373 saylı sərəncamı xx.xx.2002-ci il tarixlidir və xx.xx.2001-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması addan-ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 213 nömrəli sərəncamı və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “Şərifli küçəsindəki 2591 -ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli, 373 nömrəli sərəncamı hal-hazırda ləğv edilməmişdir və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saylayır. Cavabdeh mübahisələndirilən torpaq sahəsinin xx.xx.2001-ci il tarixdən əvvəlki müddətdə, yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 213 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını, bununla bağlı “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin torpaq sahəsi xx.xx.2001-ci ilədək artıq yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış olduğundan “Torpaq islahatı haqqında” Qanuna əsasən bələdiyyə torpağı hesab edilə biməzdi. Belə ki, həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunu: Maddə 25 Keçid Müddəalar Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001 -ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələt 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirilir.

31. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin 370 kv.m hissəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir.

32. Məhkəmə qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 373 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi, 2591-ci məhəllədə vətəndaş İddiaçı Vahid oğluna ayrılmış torpaq sahəsinin yerləşdiyi yerə aidiyyəti qurumları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Böyükşor-Sabunçu mənzili 10 km pk 7-də yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən sözügedən ərazidə dəmir yolunun təhkim zolağının eni 24 (iyirmi dörd) metr təşkil edir. Torpaq sahəsinin ortofoto görüntüsünə əsasən mühafizə zolağı torpaq sahəsinin 375 kv.m. hissəsinə düşür.

33. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən. Torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanından:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

35. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində qeyd edilən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar müvafiq Fərmanın 1-ci hissəsində qeyd edilən sənədlər siyahısında nəzərdə tutulmamışdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 16-cı bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.

37. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən (Torpaq Məcəlləsinin 22-ci maddəsi və müvafiaq Qaydaların 16-cı bəndi) dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması istisna edilmir, sadəcə həmin torpaqların məqsədli istifadə təyinatını (yalnız bostan və tərəvəz becərilməsi) müəyyən edərək məhdudlaşdırır. Torpaq sahəsinin ortofoto görüntüsünə əsasən də görünür ki, mühafizə zonasında düşən hissə boş torpaq sahəsidir.

38. Odur ki, hazırki iddia tələbi üzrə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 213 nömrəli sərəncamı və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 373 nömrəli sərəncamı (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən) əsas kimi müəyyənləşdirildiyi üçün torpaq sahəsinin müəyyən hissəsinin dəmiryolu xəttinin mühafizə zonasında yerləşməsi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi üçün əsas ola bilməz.

39. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji qərarı (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)130/2023 nömrəli Qərarı) tədim edilmişdir. Müvafiq qərara əsasən hazırki iş üzrə təqdim edilən eyni hüquqmüəyyənedici sənədlər əsasında (Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 213 nömrəli sərəncamı və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “Şərifli küçəsindəki 2591 -ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında” xx.xx.2002ci il tarixli, 373 nömrəli sərəncamı) ayrılmış digər torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqların qeydiyyata alınması cavabdehə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, müvafiq məhkəmə qərarı icra olunaraq Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi (Yeni qaydalarla: AZ 1002, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 11) yerləşən 0.0540 kv.m torpaq sahəsi X2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

40. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

42. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

43. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

44. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi 2591-ci məhəllədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar