Məhkəmə qərarları › İş №e-2-1(112)-3056/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3056/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3056/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil , Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu X2 yeni qərarı ilə Bələdiyyənin istifadəsində olan torpaq sahələrindən eyni ölçüdə yeni torpaq sahəsi ilə təmin edilməsi və ya həmin torpağın hazırki bazar dəyərinin, mənəvi zərərə görə ziyanın əvəzinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, mübahisələndirilən, fərdi ev tikintisi məqsədilə ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə yerləşən eyni ölçüdə torpağın hazırki bazar dəyərinin və mənəvi zərərə görə 15000 manat məbləğində ziyanın əvəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən (Bakı şəhəri Binəqədi rayonu X2 Torpaq Daimi Komissiyasının xx.xx.2005-ci il tarixli 1508/1 nömrəli qərarı) X5 fərdi ev tikintisi məqsədilə 300 kvm torpaq sahəsi ayırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixdə 2030 nömrəli sərəncamla həmin şəxsdən razılıq ərizəsi alınaraq həmin torpaq sahəsi İddiaçı adına keçirilmişdir. (xx.xx.2006-cı il tarixli 18 saylı Protokoldan çıxarış). Lakin Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4293/2019, xx.xx.2021-ci il tarixli 2(001)- 176/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4694/2021 saylı qətnamələrindən, eləcə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1741 saylı rəyindən məlum olur ki, “X14” şirkətinin, X9, X1 və İddiaçı arasında uzun sürən məhkəmə çəkişmələrinin nəticəsi olaraq mübahisəli torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılaraq “X14” şirkətinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixdə 2030 nömrəli sərəncamla İddiaçı ayırmış olduğu torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir və bu torpaq sahəsi X14 şirkətinin istifadəsinə verilmişdir. Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən aldadılmış, buna görə şəxsi vəsaiti hesabına əldə etmiş olduğu torpaq sahəsi onun əlindən alınmış, uzun sürən məhkəmə çəkişmələrinə xeyli miqdarda pul vəsaiti xərcləmiş, vaxt itirmiş, nəticədə yenə də torpaq sahəsindən məhrum edilmişdir. Bələdiyyə tərəfindən əmlak, o cümlədən torpaq sahəsi ilə bağlı sərəncam verilməsi üçün ilk növbədə həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək göstərmişdir ki, vətəndaşlara şəxsi məqsədləri üçün torpaq sahəsinin ayrılması vətəndaşla bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsi ilə İddiaçı arasında belə bir müqavilə bağlanmadığından onun adına torpaq sahəsinin ayrılması barədə hər hansı şəkildə qərar qəbul edilməmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsini vətəndaş X3 mülkiyyətinə ayrılmış torpaq sahəsinin sövdələşmə yolu ilə almışdır. Belə ki, İddiaçı bilərək ki, özəlləşdirmədən torpaq sahəsinin özgəninkiləşdirilməsinin mümkünsüzlüyünün yolverilməzliyinə baxmayaraq belə bir sövdələşməyə razılıq verilməsi onun yarana biləcək bütün məsuliyyəti öz üzərinə götürülməsi kimi qiymətləndirilməlidir. Binəqədi qəsəbə Bələdiyyəsi satıcının və alıcının razılıq ərizələrini nəzərə alaraq 2006-cı il xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamla ikincinin adına sənədləşdirilmişdir. Keçən 18 il ərzində şikayət müddəti bitmiş, işin yeni halları olmadan yenidən iddia qaldıraraq kompensasiya istənilməsi, əsassızdır və iddia rədd edilərək təmin edilməməlidir. İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsi ilə deyil vətəndaş X10 ilə müqavilə bağlayaraq özəlləşdirilməmiş torpaq sahəsini almaqla bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Başqa bir hal isə nəzarətsiz qalmış mübahisəli torpaq sahəsini 3cü şəxs X7 zəbt etmiş və bu barədə Binəqədi rayon Məhkəməsində İddiaçı “ torpaq sahəsinin boşaldılması” barədə iddia qaldırmış iddia təmin olunmadığını görən İddiaçı Binəqədi rayon Məhkəməsinin 2(001)-176/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti vermişdir. Müsbət nəticə əldə etməyən İddiaçı kompensasiya tələbini tam əsassız hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Belə ki, işdə olan X2 xx.xx.2005-ci il tarixli 1508/1 saylı sərəncamından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 300 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 alqısatqı qaydasında mülkiyyətinə ayrılmışdır. X2 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamından görünür ki, X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X3 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsinin “X14” şirkətinə məxsus olmasını iddia edərək, bələdiyyənin ona məxsus olmayan torpaq sahəsini iddiaçıya ayırmasına və torpaq sahəsindən istifadənin mümkünsüz olmasına istinad edərək, vurulmuş zərərin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli qərardan görünür ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə deyil, sahibliyinə verilmişdir. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. İşin hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi ilə bağlı sərəncam qəbul edildikdən sonra həmin torpaq sahəsi naturada iddiaçıya təhvil verilməmiş, iddiaçı həmin torpaqdan istifadə etməmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. İşdən görünür ki, müvafiq qərar qəbul edilsə də, istifadə hüququna dair akt tərtib edilməmiş, iddiaçı torpağın dəyərini cavabdehə ödəməmiş, torpaqayırma baş verməmişdir. Həmçinin işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-176/2021 nömrəli qətnaməsindən də görünür ki, İddiaçı X4 qarşı X2 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılmasına, yarımtikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin dəyərini cavabdehə ödəməmiş, onun naturada iddia etdiyi torpaq sahəsi digər şəxslərin sahibliyində və istifadəsində olmuş, iddiaçı inzibati akt qəbul edildikdən 19 il sonra onun icra edilməməsinə görə dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmışdır. Halbuki, 2006-cı ildə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi, qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmiş, iddia müddəti kimi 1 ay vaxt vermişdi. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı ilə müqavilə bağlanılmaması, həmin torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə verilməməsi həmin vaxtdan ona məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsi 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənməyə başlamışdır. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Çünki artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, mübahisələndirmə müddətinin axımı 1 yanvar 2011-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 711/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar