Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3061/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 35353/2024 nömrəli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 sentyabr 2024-cü il tarixli, **********729400 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə əsl cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - cavabdeh) 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 33481/2024 nömrəli Qərarı ilə 7394,67 manat və 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 35353/2024 nömrəli Qərarı ilə 504,92 manat məbləğində kameral vergi hesablanmış və iddiaçının hesabından silinmişdir. Qərarda göstərilmişdir ki, vergi orqanının qərarı ilə əmtəəsiz əməliyyat aparılması faktına əsasən riskli vergi ödəyicisi hesab edilmiş şirkətdən mal aldığına görə iddiaçının 39497,94 manat məbləğində e-qaimə fakturaları 2023-cü ilin mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmamışdır. Buna görə də iddiaçının 7899,59 manat vergi borcu yaranmışdır. Lakin iddiaçı həmin malları "xxxx" MMC-dən (VÖEN: **********) 12 dekabr 2023-cü il tarixdə almış, daha sonra isə 13 dekabr 2023-cü il tarixində "xxxx" QSC-yə (VÖEN: **********) satmışdır. "xxxx" MMC isə 29 fevral 2024-cü il tarixdə vergi orqanının qərarı ilə riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı "xxxx" MMC-dən mal alarkən o, riskli vergi ödəyicisi olmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 39497,94 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********467500 nömrəli, xx.xx.2024-cü il tarixli, **********465700 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün müddət axımı gözlənilməklə kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 7899,59 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 05 avqust 2024-cü il tarixli 3-21-2- 3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2-35353/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. EBDU seriyalı 944235 nömrəli elektron qaimə-faktura üzrə əməliyyatlar riskli vergi ödəyicisi "xxxx" MMC-dən əldə edilmişdir. "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Belə ki, tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cəmi 80.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Qayçı (bərbər üçün), Daraq (bərbər üçün), Taxta yeşik 1200x800 və sair" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan obyekti, eləcə də, nəqliyyat vasitələri və işçiləri də yoxdur. Odur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 05 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 33481/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 7394,67 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilən bəyannamədə 36973,35 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 35353/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 504,92 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 39497,94 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində 66376,43 manat gələcək dövrün xərcləri göstərilməsinə baxmayaraq uçot-baza məlumatlarına əsasən təsdiqini tapmaması müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, NHZ-04-23 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icraçı "xxxx" MMC iddiaçıya müxtəlif növ malları (işləri və ya xidmətləri) təchiz edir, iddiaçı isə həmin malları (işləri və ya xidmətləri) qəbul edir və müqavilə ilə razılaşdırılmış dəyərini icraçıya ödəyir. xx.xx.2023-cü il tarixli, NHZ-04-23 saylı müqaviləyə dair Qiymətlərin razılaşdırılması protokoluna əsasən malların, işlərin və ya xidmətlərin ümumi dəyəri 39 497, 94 manat təşkil etmişdir. EBDU seriyalı, 944235 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 39 497, 94 manat pul məbləği ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi sistemindən elektron çıxarışa əsasən "xxxx" MMC cavabdehin xx.xx.2024-cü il tarixli, **********396500 nömrəli Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 05 avqust 2024-cü il tarixli,3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi xahiş edir. Həmin qərarlarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Lakin, cavabdeh mübahisələndirilən qərarların iddiaçıya vaxtında təqdim edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin qərarların iddiaçıya məxsus elektron sistemə göndərilməsi onların rəsmi təqdim edilməsi anlamına gəlmir. Belə ki, həmin qərarlar cavabdeh tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanmadığından elektron sənədlər üçün qanunla nəzərdə tutulmuş rekvizitlərə malik deyildir. Bu səbəbdən iddiaçı qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aparılmış əməliyyatlar əmtəəsiz kimi qiymətlədirilərək 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə təqdim edilmiş qaimələr üzrə məbləğlər xərc sənədi kimi nəzərə alınmayaraq kənarlaşma yaranmış, nəticədə iddiaçıya həmin məbləğlərdə əlavə əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). İddiaçı bildirir ki, o "xxxx" MMC ilə qeyd edilən əməliyyatları apardığı vaxt həmin hüquqi şəxs riskli vergi ödəyicisi olmamışlar. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan həmin əməliyyat əmtəəsiz olmuş və bu səbəbdən həmin hüquqi şəxs riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış və bununla bağlı qaimə xx.xx.2023-cü il tarixdə verilmişdir. "xxxx" MMC xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimənin verildiyi vaxt həmin vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışlar. Həmin əməliyyatların riskli olması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, "xxxx" MMC-nin göstərdiyi xidmətlərə görə müvafiq mal və materialların onun alışında müəyyən edilməməsi, həmçinin zəruri işçi qüvvəsinə malik olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin hüquqi şəxs tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyicisi arasında aparılmış əməliyyatların birmənalı olaraq riskli əməliyyat olduğunu təsdiq edən sübut kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-33481/2024 nömrəli, 05 avqust 2024cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 33481/2024 nömrəli və 05 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-35353/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3061/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3061/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver