Məhkəmə qərarları › İş №e-2-1(112)-3083/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3083/2024

04.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3083/2024 04.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçünün verilməsi” tələbinə dair inzibati mübahisələrə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İH) xx.xx.1988-ci il tarixli 11/632 nömrəli Qərarı ilə sahəsi 0,12 ha olan 4688 №-li torpaq sahəsi X1 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli 46 saylı Orderi ilə təsdiqlənərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi ona verilmişdir. Onun adı yuxarıda qeyd edilən Qərarın əlavəsində olan Ləhiş massivinin 43 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında da öz əksini tapmışdır. Həmçinin, sözügedən bağ sahəsi 1989-1993 illəri arasında onun faktiki istifadəsində olmuş və hasarlanmışdır. O, Əfqanistan müharibəsində iştirak etdikdən sonra sağlamlığında problemlər yaranmışdır. Uzun illər müalicə almış, sonra isə Rusiya Federasiyasına köçmüşdür. İddiaçı Rusiya Federasiyasından geri qayıtdıqda isə bağ sahəsinin Azər adlı (soyadını bildirməmişdir) şəxs tərəfindən zəbt edildiyini müəyyən etmişdir. Bağ sahəsini zəbt edən şəxslərə dəfələrlə şifahi müraciətlər edilməyinə baxmayaraq, həmin şəxslər tərəfindən bağ sahəsi azad edilməmiş və qanunsuz istifadəyə davam etdirilmişdir. Həmin şəxslərdən Bağ sahəsindən hansı əsasla istifadə edildiyi barədə soruşulduqda isə, hər hansı bir sənəd təqdim edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda da, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı ilə Ləhiş bağ massivində yerləşən 43 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında onun adının olduğu qeyd edilmişdir. 07 avqust 2023-cü il tarixdə cavabdehə bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və bağ sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsini təmin edilməsi barədə müraciət edilmişdir. Cavabdehin 02 oktyabr 2023-cü il tarixli məktubu ilə bağ sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə olunduğuna görə qeyd edilən müraciətin icrasından imtina edilmişdir. Halbuki, təqdim edilmiş sənədlərdən açıq-aydın görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər iddiaçının adına rəsmiləşdirilmişdir və bu səbəbdən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi cavabdehin öhdəliyidir. Bağ sahəsindən hal-hazırda qanunsuz olaraq istifadə edən şəxsin isə bağ sahəsini istifadə etmək üçün hər hansı hüquqi əsası mövcud deyil və həmin şəxs bağ sahəsinin əsassız olaraq zəbt etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxsin istifadəsində olduğu müəyyən edilmiş, bu səbəbdən çöl-ölçü işlərinin aparılması mümkün olmamışdır. Həmçinin ərizəçi tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının istinad etdiyi bağ sahəsinin onun istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bundan əlavə, iddiaçının özünün də bildirdiyi kimi, iddiaçı həmin torpaq sahəsindən artıq 36 ildir istifadə etmir. Baxmayaraq iddiaçı həmin torpaq sahəsini hasarladığını və həmin torpaq sahəsindən 1993-cü ilədək istifadə etdiyini göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu hal isə həmin torpaq sahəsinin iddiaçı tərəfindən heç bir zaman istifadə edilməməsini, həmin sahə üzərində heç bir hasarın olmamasını sübut edən bir haldır. Belə ki, qeyd edilən torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci ildə ona ayrılmış, həmin sahə ona ayrılan zaman boş sahə olmuş, heç bir hasarı və ya mərzi olmamışdır. O artıq 16 ildir ki, həmin torpaq sahəsi üzərində ev inşa etdirərək orada yaşayır. Dövlət orqanları onun həmin torpaq sahəsi üzərində inşa etdiyi evdə yaşamağı üçün zəruri olan bütün kommunal şəraiti yaratmış, həmin evə qaz və elektrik enerjisinə dair onunla müqavilə imzalanaraq ona həmin kommunal xidmətlər göstərilmiş, həmin ev onun daimi yaşayış yeri olmuşdur. O, 16 ildir ki, həmin torpaq sahəsinə görə vergi ödəyir, öz evi kimi orada yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdə olan Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı xx.xx.1988-ci il tarixli qərarından görünür ki, 43 nömrəli bağ-tikinti kooperativinin 50 nəfərdən ibarət üzvünün siyahısı təsdiq edilmiş, siyahıda İddiaçı adı 13-cü sırada qeyd olunmuşdur. 46 nömrəli, xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 4688 saylı bağ sahəsi İddiaçı oğulna ayrılmışdır. İddiaçı hazırda istinad olunan qərara və orderə əsasən ona ayrılmış Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı nümayəndə kənardan digər fiziki şəxs tərəfindən hasarlanmış, bağ evi və köməkçi tikililər inşa edilmiş sahəni göstərdi. Torpaq sahəsində mübahisə predmeti mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi 4688 saylı bağın ərazisinə uyğun gəlir. İşdə olan Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008-ci il tarixli qərarından çıxarışdan görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan X2 Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçının ona ayrıldığını iddia etdiyi torpaq sahəsi, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008ci il tarixli qərarına əsasən bağ evi və köməkçi tikililər inşa edilməklə üçüncü şəxs A.Quliyev tərəfindən istifadə edilir. Həmin qərarın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. İstinad olunan normalardan görünür ki, torpaq üzərində yeni mülkiyyət münasibətləri yaradılması məqsədilə 1996-cı ildə torpaq islahatı aparılarkən bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış o bağ sahələrinin onların əvəzsiz qaydada mülkiyyətinə verilməsi qərara alınmışdır ki, həmin torpaq sahəsi vətəndaşın istifadəsinə olsun və bui istifadə qanuni xarakter daşısın. Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsinin iddiaçıya 1988-ci ildə ayrılması, iddiaçının 1993-cü ildən etibarən, yəni təxminən 30 ildəb artıq müddət ərzində həmin bağdan istifadə etməməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda aydındır ki, 4688 saylı bağ sahəsi iddiaçıya ayrılsa da, o həmin bağdan istifadə etməmiş, torpaq islahatı aparılarkən bağ sahəsi onun istifadəsində olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan, həmin şəxs tərəfindən fərdi yaşayış evinin inşa edildiyi bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Oxşar mövqe X3 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar