Məhkəmə qərarları › İş №e-2-1(112)-3086/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3086/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3086/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayədəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və 133251.52 manat ödənilmiş artıq vəsaitin geri qaytarılması, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarların ləğv olunması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17903/2023 nömrəli və əmək pensiyasının dayandırılması haqqında 3-17-1/3-3-17904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və 133 251.52 manat artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/2- F-210761/1 saylı qərar qəbul edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 29 sentyabr 2023-cü il tarixli, 3-17-1/2,-F-226111/20 saylı qərar qəbul edilmişdir. İnzibati orqanın qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı xx.xx.1972-xx.xx.1972, xx.xx.1974- xx.xx.1984-cü il dövr ərzində “Azneft” İB-nin “Bibiheybət” (əvvəlki 26 Bakı Komissarı adına) NQÇİ-də İstehsalat avtomatlaşdırma sexində nəzarət ölçü cihazların təmiri üzrə çilingər, nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər, xx.xx.1984-xx.xx.1986-cı il dövrü ərzində neftqazçıxarma üzrə usta, xx.xx.1986-xx.xx.1989-cü il dövrü ərzində quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il dövrü ərzində “28 May” NQÇİ (“İliç Buxtası” X3 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini, xx.xx.1995-xx.xx.2011-ci il dövrü ərzində Dənizdə NQÇ İB-də mühəndis və mühəndis xidmət rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərildiyi kimi, iddiaçı 11 il 3 ay nəzarət-ölçü cihazların təmiri üzrə çilingər, nəzarət-ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər vəzifəsində işləmiş, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına uyğun olaraq mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (1100000a-18494) və (2130200а—18494), neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər (1100000а- 18559) və (2130200а— 18559), nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (2130302а—18494) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bundan başqa, 4 il 1 ay 8 gün usta vəzifəsində işləmiş, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına uyğun olaraq neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar (1100000b—23187) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bundan əlavə, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci maddəsinin “a” bəndinə əsasən mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (2130200a—18494), neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər (2130200a—18559) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Buna görə də, cavabdeh əssasız olaraq iddiaçının pensiyasını dayandırmış, 133251.52 manat artıq ödənilmiş pul tələb etmiş, habelə xx.xx.2020-ci il tarixindən (iddiaçının 68 il 5 ay yaşı olduqda) 431.64 manat məbləğində ümumi əsaslara görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndində (a) 1100000а—18494 kodu üzrə nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) avadanlıqların xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar nəzərdə tutulmuşdur, harada ki, qeyd edilən sahədə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Araşdırma zamanı, iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1974xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Azneft" İB-nin “Bibiheybət" NQÇİ-də İstehsalat avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları üzrə çilingər, xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə neft qazçıxarma üzrə usta, xx.xx.1986-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Ə.C.Əmirov” adına NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “28 May" NQÇİ-də (“lliç Buxtası” X3 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini və xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Dənizdə Neft və Qazçıxarma İB-də mühəndis və mühəndis xidməti rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi nəzarət ölçü cihazları üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri də nəzərə alınmaqla iddiaçıya son üç il üzrə ümumilikdə 133251,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Dövlət Sosial Müdafiə Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17903/2023 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. Həmçinin cavabdehin əmək pensiyasının dayandırılması haqqında 3-17-1/3-3- 17904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş 4223.74 manat məbləğində əmək pensiyası xidməti araşdırma səbəbi ilə dayandırılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş '‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndində (a) HOOOOOa—18494 kodu üzrə nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) avadanlıqların xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar nəzərdə tutulmuşdur, harada ki, qeyd edilən sahədə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Araşdırma zamanı, iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1974- xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də İstehsalat avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları üzrə çilingər, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə neft qazçıxarma üzrə usta, xx.xx.1986xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Ə.C.Əmirov” adına NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-də (“İliç Buxtası” X3 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini və xx.xx.1995- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Dənizdə Neft və Qazçıxarma İB-də mühəndis və mühəndis xidməti rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi nəzarət ölçü cihazları üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də həmin dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün iddiaçının 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri də nəzərə alınmaqla ona son üç il üzrə ümumilikdə 133251,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması təklif edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarları ilə razılaşmayaraq həmin qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetiə bilməmişdir. O da qeyd edilməlidir ki, yuxarıda istinad olunan normalardan aydın olur ki, inzibati orqan qanunsuz inzibati aktı ləğv edə bilər, lakin əgər həmin inzibati aktın qəbul edilməsinə rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə nail olunmamışsa, inzibati orqan qanunsuz inzibati aktın ləğv edilməsini şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində həmin inzibati aktı ləğv etmək hüququna malikdir. İşdən görünür ki, cavabdeh 20 ilə yaxın vaxt keçdikdən sonra iddiaçıya təyin edilmiş inzibati aktı ləğv etməklə, Qanunun 67.12-ci maddəsinin tələbini də pozmuşdur. Məhkəmə qeyd edir ki, Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İşdən görünür ki, iddiaçıya təyin olunmuş əmək pensiyasının dayandırılması onun sənədlərinin araşdırılması zamanı aşkar olunan uyğunsuzluqla bağlı olmuşdur. Lakin həmin araşdırma aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu vaxt kimi qiymətləndirilə bilməz, çünki bu araşdırma ilə yeni sübut əldə edilməmiş, əvvəllər də mövcud olmuş sənədlər yenidən qiymətləndirilmişdir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonra dəfələrlə pensiyanı yenidən hesablama barədə qərar qəbul etmiş və həmin vaxt iddiaçıya təyin edilmiş pensiya işini tədqiq etmək və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu müəyyən etmək imkanına sahib olmuş, buna baxmayaraq sənədlərdə hər hansı uyğunsuzluq aşkar etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh mübahisəli qərarı Qanunun 67.12ci maddəsində nəzərdə tutulan müddəti ötürməklə qəbul etmişdir. O da qeyd edilməlidir ki, işdə olan “Bibiheybət” NQÇİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.1975- xx.xx.1983-cü il dövrü ərzində 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsində dəniz şəraitində işləmişdir (Əsas: T-2 formalı şəxsi vərəqə). xx.xx.1974-xx.xx.1975-ci il və xx.xx.1983-xx.xx.1984-cü il dövrləri ərzində X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsində quru şəraitində işləmişdi. İddiaçı işlədiyi 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft” NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsi AR Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 saylı Qərarına əsasən müəyyən edilmiş nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin gördüyü işlər, vəzifənin adı və vəzifə təlimatı fərqlidi. SOCAR-ın strukturuna daxil olan qurumlarda əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısı”ndan çıxarışa əsasən “Bibiheybətneft” NQÇİ-də nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə əmək şəraitininə görə vəzifə (tarif) maaşına 4 % artım əmsalı ödənilir. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə qısaldılmış iş vaxtı tətbiq olunmur və əlavə məzuniyyət verilmir. İddiaçı işlədiyi 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft" NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının neftin, qazın, qaz kondesatının emalı (dəniz neftçilərdən başqa) kömürün və şistin emalı yarımbölməsinin “a” bəndində göstərilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin “Bibiheybətneft" NQÇİ-nin neft mədən ərazisində kükürdlü hidrogen olmadığı üçün, qərarda qeyd edilən peşə ilə fərqlidir. Eyni zamanda “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1972-1984- cü illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilən siyahıdakı hansı koda uyğun gəlməsi barədə məlumatın qısa müddətdə (5 iş günü) məhkəməyə təqdim edilməsi” ilə bağlı təkrar olaraq bildirilir ki, İddiaçı "26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində və İstehsalatın avtomatlaşdırılması sexində 01,02.1972-ci i tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1974cü il tarixdən xx.xx.1984-cü tarixədək işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında’’ Qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində və 33-cü “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə uyğunluq təşkil etmir. Lakin işdə olan “Azneft” İB-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Birliyin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsindən (NQÇİ) verilmiş xx.xx.2024-cü il tarixli RŞ02-09/217 nömrəli arxiv arayışında İddiaçı “26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən 01,07.1972-ci il tarixədək, İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1974-cü il tarixdən 11.01,1976-cı il tarixədək nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər, xx.xx.1976-cı il tarixdən xx.xx.1984cü il tarixədək nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsində işlədiyi qeyd olunur. İddiaçı “26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində və İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək (05 ay 01 gün), xx.xx.1974-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (10 il 09 ay 28 gün) işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsi ilə uyğunluq təşkil edir. Göründüyü kimi, səlahiyyətli müəssisə iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərar ilə təsdiq edilmiş siyahılara uyğun gəlmədiyini qəbul etsə də, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə uyğun gəlməsini qəbul etmişdir. Belə olan halda, məhkəmə iddiaçının 10 ilə yaxın dəniz şəraitində işləməsini, habelə işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsi ilə uyğunluq təşkil etməsini, yəni güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh onun əmək pensiyasını dayandırmaqda haqlı olmamışdır. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, İİQ-nin 67.3-cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2023-cü il tarixli qanunsuz əliverişsiz inzibati aktları ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə ödənilməsi cavabdeh tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17903/2023 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-17904/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar