Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3091/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və müddətsiz İİİ dərəcə əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin xx.xx.2003-cü il tarixdə “ikinci dərəcə əlillik” təyin edilmişdir (müddətli). Diaqnoz: Epilepsiya tez-tez baş verən generalizə olunmuş tutmaları ilə şəxsiyyət dəyişikliyi. Təkrar olaraq xx.xx.2004-cü il tarixdə “ikinci dərəcə əlillik” təyin edilmişdir (müddətli). Diaqnoz: Epilepsiya tez-tez baş verən generalizə olunmuş tutmaları ilə şəxsiyyət dəyişikliyi. Təkrar olaraq (müddətsiz) xx.xx.2005-ci il tarixdə “üçüncü dərəcə əlillik” təyin edilmişdir. Diaqnoz: Epilepsiya tez-tez baş verən generalizə olunmuş tutmaları ilə şəxsiyyət dəyişikliyi. İddiaçı fasiləsiz olaraq 19 il, xx.xx.2005-ci il tarixdən isə müddətsiz olaraq “üçüncü dərəcə əlillik” təyinatına görə pensiya almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya bildiriş göndərərək, qəbula dəvət etmiş və qeyd olunmuşdur ki, “xx.xx.2024-cü il tarixdə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (epikriz, tibbi rəy, TSEK arayışı və digər sənədlər) və bu məktubu gətirməyiniz xahiş olunur”. Bundan sonra iddiaçı qeyd olunan sənədləri xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. İddiaçı hər hansı şəkildə müəyinə olunmamışdır. Sadəcə göstərilən sənədləri təqdim etmişdir. Sonradan müəyyən olunmuşdur ki, iddiaçının əlilliyi tam reabilitasiya olunması səbəbindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. İddiaçı inzibati orqana xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Şikayətə cavab olaraq (04.09.24 tarixli) bildirilmişdir ki, iddiaçı təqdim olunan sənədlərin və ətraflı müayinənin nəticəsi olaraq tam reabilitasiya olunmuşdur. Halbuki, hər hansı ətraflı müayinədən söhbət gedə bilməz. İddiaçıya 2005-ci il tarixdə müddətsiz təyin olunmuş əllik qeyri-qanuni və əsassız olaraq ləğv edilmişdir. Belə ki, cavabdeh orqan əlilliyin dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməyərək Əlillik alt sistemində iddiaçının əlillik təyinatını ləğv etmişdir. İnzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik təyinatı ləğv edilsə də, bunun səbəbləri qanunvericiliyə istinad edilməklə əsaslandırılmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən məlumdur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən inzibati icraatın prinsiplərinin pozulması ilə əlilliyin etibarsızlığı barədə qərar qəbul edildiyi, yaxud əlillik təyinatının ləğv edildiyi hallarda cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur (İstinad olunur: Ali Məhkəmənin 2-1(102)-2207/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı). Bundan başqa İnzibati orqan tərəfindən müddətsiz yəni ömürlük əlil hesab olunmuş şəxsin “nəzarət qaydasında” təkrar müayinə olunması halları nəzərdə tutulmur. Müəyyən müddətə əlillik dərəcəsini almış şəxslər həmin müddət keçdikdən sonra yenidən müayinədən keçməlidirlər. Lakin iddiaçı 2009 ildə müddətsiz əlil hesab edilmişdir və belə olan halda onun “nəzarət qaydasında”, yəni faktiki məcburi qaydada müayinəsi qanunazidd bir hərəkət olmuşdur. (İstinad olunur: Ali Məhkəmənin 2- 1(102)-2379/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı). Bundan başqa iddiaçıya 2005-ci il tarixdə müddətsiz əlillik təyin edilmişdir (cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt nəticəsində). Cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada 2005-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh orqan 2005-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 2005-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (İstinad olunur: Ali Məhkəmənin 2-1(102)-121/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı). Əlavə olaraq iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatı ləğv edilmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçının əlillik təyinatı ləğv edilmişdir (İstinad olunur: Ali Məhkəmənin 2- 1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı). Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 2005-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda tam reabilitasiya səbəbi ilə əlillik təyinatını dayandırmışdır. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (iddia müddəti) cavab verməklə təqdim olunmuşdur. Belə ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim (elan) edilməsi, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin izah olunması müəyyən edilməmişdir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Tibbi-Sosial Ekspertiza və X4 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən “Epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı tərəfə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçının əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə daxil olmuş müraciətinə baxılmış və o, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 13:00-dək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qəbula dəvət olunmuşdur. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixdə təyin edilmiş müddətsiz, 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2005-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Vətəndaş ilkin əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, vətəndaşa dair əlillik məlumatları “Əlillik” altsisteminə daxil edilmiş, lakin şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Həmçinin İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: -İddiaçı dair X6 çıxarışdan görünür ki, xx.xx.2003-cü il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə” əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. -İddiaçı dair X6 çıxarışdan görünür ki, xx.xx.2004-cü il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə” əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. -İddiaçı dair X6 çıxarışdan görünür ki, xx.xx.2005-ci il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik=> 2.3.29. Epilepsiya seyrək tutmalarla” əlaqədar müddətsiz əlillik təyin edilmişdir. -İddiaçı dair X6 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək, “X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə” diaqnozu ilə qiymətləndirilmiş və “tam reabilitasiya olması” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərarqəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh inzibati orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı halda iş materiallarından görünür ki, məhkəmənin “təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq cavabdeh qurum əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar, həmçinin iddiaçının əyani müayinəsinin nəticələrinə dair sənəd əlavə edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclasında verdiyi izahatda iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul olunarkan cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmədiyini bildirmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bilavasitə iddiaçının əlilliyinin ləğv olunmasına dair mövcud olan bütün sənədlərin sübutların məhkəməyə təqdim edildiyini bildirmişdir. Həmçinin, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərar cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı onun özünə aid əsaslı şübhələrin mövcudluğunun müəyyən edilməsi nəticəsində deyil, əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə iddiaçının müraciəti nəticəsində qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında da oxşar mövqe əks etdirilmişdir. Belə ki istinad olunan Qərarın 44-cü bəndində qeyd edilmişdir ki, icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə istinad olunan qərarda müəyyən edilən hallardan çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək Tibbi-Sosial EkspertKomissiyasının iddiaçıya təyin olunmuş əlilliyin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı təyin olunmuş əlilliyin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3091/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3091/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver