Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-310/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Texniki Universiteti (bundan sonra AzTu) “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatının 59 saylı orderi əsasında X2 və İstismarı Birliyi tərəfindən Türkan qəsəbəsində ona ayrılmış 0,05 hektar bağ sahəsinin yerləşmə yeri ilə ona dair verilmiş sənədlərdəki uyğunsuzluğun aradan qaldırılmaqla bağ sahəsinin yerləşdiyi 0,05 hektar yerə uyğun olaraq hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, AzTU “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X5 adına verilmiş xx.xx.1992-ci il tarixli (05/10), 59 nömrəli order və həmin bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə əsasında iddiaçının xüsusi mülkiyyət hüquqlarının bağ sahəsinin faktiki yerləşdiyi 0,0492 hektar yerə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi (bundan sonra Birlik) Türkan ərazisindəki 29/3498 nömrəli bağın istifadəyə verilməsi haqqında 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə ilə Birliyin xx.xx.2006-cı il tarixli 14 saylı protokoluna əsasən ona Xəzər (Əzizbəyov) rayonu Türkan ərazisində 0,05 ha torpaq sahəsi olan 29/3498 nömrəli bağı istifadəyə verilmişdir. Həmin bağ sahəsinə çıxarışın verilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin cavabdeh tərəfindən ərizəsinə 15 yanvar 2021-ci il tarixli **********77 saylı məktubla imtina cavabı verilərək, məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 metr kənarda yerləşir. Ona görə də həmin bağ sahəsinə çıxarışı hazırki vaxtdadək ala bilməmişdir. Həmin məktubu aldıqdan sonra vəkil sorğusu ilə cavabdehə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh qeyd etmişdir ki, “sözügedən bağ sahəsi ilə bağlı məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən AzTu “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X5 adına xx.xx.1992-ci il tarixli (05/10), 59 nömrəli order verilmişdir. Həmin order nüsxəsinin üzərində “Türkan qəsəbəsi, 29/3498, 500.0 kv. m.” qeydi vardır. X5 vəfatından sonra ailə üzvləri və İddiaçı “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində ayrılmış 59 nömrəli bağ sahəsinin sonuncunun adına keçirilməsi ilə bağlı ərizə ilə keçmiş X2 və İstismarı Birliyinə müraciət etmişlər. Daha sonra keçmiş X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 29/3498 nömrəli (0.05 hektar) bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı ilə xx.xx.2006-cı il tarixli cı il tarixli, 38151 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ sahəsinə dair cizgi və ya yerləşmə planı arxiv qovluğunda aşkar olunmamışdır. “Təbriz” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda isə birliyin ərazi planı və ayrıc aktı mövcuddur.” Bağ sahəsinin yerləşmə yeri ilə ona dair verilmiş sənədlərdə və cavabdehdə olan məlumatlarda hər hansı uyğunsuzluq varsa, həmin hal onun iradəsindən asılı olmadığı üçün bu uyğunsuzluğun aradan qaldırılması onun səlahiyyətində deyil. Buna görə də cavabdeh orqanının əməkdaşları ilə bir neçə dəfə görüşüb çıxarışın verilməli olduğunu tələb etsə də, nəticəsi olmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 05 iyul 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2021-ci il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 m. kənarda yerləşir. Bununla bağlı iddiaçıya **********77 qeydyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 X7 tərəfindən mübahisəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüquqları vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyən olunur ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 X3 Türkan ərazisindəki 29/3498 nömrəli bağın İstifadəyə verilməsi barədə 38151 saylı xx.xx.2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Əzizbəyov rayonunun Türkan ərazisində 0,05 hektar sahəsi olan 29/3498 nömrəli bağ sahəsi istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Faiq Nağıyev və Partnyorları” vəkil bürosuna (iddiaçını təmsil edən vəkilin fəaliyyət göstərdiyi büro) ünvanlanmış xx.xx.2021ci il tarixli **********02 saylı məktubda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsi ilə bağlı arxiv qovluğunda mövcud olan sənədlərə əsasən AzTU “Təbriz" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0.05 hektar torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X5 adına xx.xx.1992-ci il tarixli (05/010), 59 nömrəli order verilmişdir. Həmin order nüsxəsinin üzərində “Türkan qəsəbəsi, 29/3498, 500.0 kv.m” qeydi vardır. X5 vəfatından sonra ailə üzvləri və İddiaçı “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində ayrılmış 59 nömrəli bağ sahəsinin sonuncunun adına keçirilməsi ilə bağlı ərizə ilə keçmiş X2 və istismarı Birliyinə müraciət etmişlər. Daha sonra keçmiş X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 29/3498 nömrəli (0.05 hektar) bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı ilə xx.xx.2006-cı il tarixli, 38151 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ sahəsinə dair cizgi və ya yerləşmə planı arxiv qovluğunda aşkar olunmamışdır. “Təbriz” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda isə birliyin ərazi planı və ayrıc aktı mövcuddur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 05046-2021 saylı məktubunda qeyd olunmuşdur ki, AzTu “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv sənədləri və vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********91 saylı məktubu ilə “Təbriz” Bağçılıq yoldaşlıq birliyinin ayrıc aktının; xx.xx.2021-ci il tarixli **********72 saylı məktubu ilə “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1992-ci il tarixli, 59 saylı orderinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi Azərbaycan Texniki Universiteti “Təbriz” bağ təsərrüfatı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 59 saylı orderin surətindən müəyyən olunur ki, AzTu üçün Əzizbəyov rayonunun Türkan qəsəbəsində ayrılmış “Təbriz” bağ yoldaşlığı təsərrüfatında X6 0,05 ha torpaq sahəsi ayrılmışdır. Sahənin nömrəsi təsdiq olunmuş lahiyəyə uyğun olaraq 59-dur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********77 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 2200 kv. metr kənarda yerləşir. DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində məhkəmənin qərardadda qeyd edilmiş suallara cavab olaraq bildirilmişdir ki, göstərilən bağ sahəsi sənəd üzrə 0,05 ha olsa da faktiki hasar daxili 0,0492 ha təşkil edir. Bağ sahəsinin üzərində tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan sahə bağçılıq-yoldaşlığın Ayrıc Aktından kənarda yerləşməklə heç bir ayrıc aktı daxilinə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5875 saylı ekspert rəyindən görünür ki, ekspert suallar üzrə belə nəticəyə nəticəyə gəlmişdir ki, DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, göstərilən bağ sahəsi sənəd üzrə 0.05 ha olsa da, faktiki hasar daxili 0.0492 ha təşkil edir. Bağ sahəsinin üzərində tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan sahə bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşməklə heç bir ayrıc aktı daxilinə düşmədiyi müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. - 9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanuni əsaslarla ona ayrılmış 500 kv. metr torpaq sahəsindən hazırda bağ sahəsinin faktiki yerləşdiyi 0,0492 hektar yerə uyğun olaraq adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsini tələb edir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hazırda faktiki istifadəsində olan 59 saylı 0,0492 hektar bağ torpaq sahəsinin digər bir şəxsin xüsusi mülkiyyətində olmaqla, faktiki istifadəsindədir və qeyd olunan bağ torpaq sahəsinin faktiki olaraq üst-üstə və digər ayrıc aktlarına düşməsi halı cavabdeh inzibati orqanın mütəxəssisləri və ekspert tərəfindən müəyyən olunmamışdır. İddiaçı qeyd olunan halı nəzərə almaqla, özünə məxsus bağ sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. AzTU “Təbriz” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən 0,05 ha torpaq sahəsi olan 59 nömrəli bağ sahəsinə dair X5 adına verilmiş xx.xx.1992-ci il tarixli (05/10), 59 nömrəli order və həmin bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 38151 saylı, 01 avqust 2006-cı il tarixli müqavilə əsasında iddiaçının xüsusi mülkiyyət hüquqlarının bağ sahəsinin faktiki yerləşdiyi 0,0492 hektar yerə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-310/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-310/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver