Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3120/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində göstərilməklə “hərbi xidmət keçməyə dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində göstərilməklə “hərbi xidmət keçməyə dair arayışın verilməsi ” tələbinə inzibati işə 14 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinə (bundan sonra mətndə SHXÇÜDX Bakı şəhəri Yasamal Rayon İdarəsi) qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası (bundan sonra mətndə MHHK) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1992-ci il tarixdən 06 fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçməsinə dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 yanvar 1992-ci ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Cahangir Kərimovun komandir olduğu Tər-Tər-Bakı “Qurtuluş” könüllülər batalyonuna yazılmışdır. Batalyonları əvvəlcə N №-li briqadanın tərkibində olan N №-li hərbi hissəyə birləşdirilmişdir. Sonradan isə N saylı hərbi hissədə siravi əsgər kimi xidmətini davam etdirmişdir. Bu batalyonun tərkibində Laçın- Kəlbəcər rayonunda döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixində Kəlbəcər-Laçın yolu “Qayğı” qəsəbəsinin yanında gedən döyüşlərdə sağ qolundan ağır yaralanmışdır və Şuşa şəhərinə gətirilmişdir, ilk yardım göstərildikdən sonra xx.xx.1992-ci ildə Bakı şəhəri hərbi hospitalına gətirilmişdir. Hospitalın travmatologiya şöbəsində cərrahi əməliyyat keçirərək və müalicə olunmuşdur. xx.xx.1992-ci ildə hospitaldan çıxmışdır. Ciddi müalicəyə ehtiyacının olması ilə bağlı olaraq hərbi hissədən N günlük ezamiyyətə buraxılmışdır. Vəziyyətinin ağırlaşması ilə bağlı yenə də hərbi hospitalda müalicələr almışdır. Sonra Hərbi Hospitalın göndərişi əsasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin xəstəxanasında yataraq müalicə almışdır. Xəsarətinin ağır olması ilə bağlı 2 qrup əlillik təyin edilmişdir və bu səbəbdən də hərbi hissəyə qayıda bilməmişdir. Bu barədə Binəqədi rayon hərbi komisarlığına məlumat vermişdir. Yaralanmağını və əlilliyini təsdiq edən bütün sənədləri qaydasında olduğu üçün 1-ci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil kimi qeydiyyatdadır və bütün imtiyazlarla və mənzillə təmin edilmişdir və hər hansı bir problemi olmamışdır. Lakin Azərbaycan Respublikası Prezidenti tərəfindən ayrılmış sığorta məbləğini almaq üçün SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsinə müraciət etməsi ilə bağlı ona bildirilmişdir ki, SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, vətəndaşın xəstəliyinə səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi üçün MHHK-ya onun döyüş əməliyyatları zamanı yaralanması barədə sənədlər və xidmət illərinin təsdiq edən arayış təqdim olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində onun xidməti barədə məlumat aşkar edilmədiyinə görə tərəflərindən sənədlərin müvafiq komissiyaya təqdim olunması mümkün deyil. Onda olan sənədləri təqdim etməsinə baxmayaraq belə bir cavab verilmişdir. Qeyd olunan imtinanı əsassız hesab edir belə ki, o üzərinə düşən bütün lazımi addımları atmışdır, sənədlərinin qeydə alınmaması onun günahı deyildir. Bununla yanaşı bu günə qədər sənədləri ilə bağlı olaraq hər hansı bir problem olmadığı halda yenidən hansısa sənədin olmaması barədə ona məhdudiyyət qoyulması onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, döyüşdə yaralanmağı ilə bağlı olaraq N günlük məzuniyyətlə bağlı və sığorta məbləğinin alınmasına dair -32095- saylı Hərbi hissənin xx.xx.1992-ci il tarixli N №li 4 ədəd arayışı, müalicə almaq üçün Müdafiə Nazirliyinin hospitalına daxil olması ilə bağlı xx.xx.1992-ci il tarixli 169/ok №li məktub, İİ qrup əlilliyi ilə bağlı Binəqədi rayon hərbi komissarlığının 21.05.93-cü il tarixli arayışı qeyd olunanları bir daha təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçücü şəxs qismində göstərilmiş MHHK-ya təqdim edilərək, cavabdehə və üçüncü şəxs qismində göstərilmiş şəxsə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh inzibati orqan SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs qismində göstərilmiş MHHK tərəfindən təqdim olunmuş 2132 №-li, xx.xx.2023-cü il tarixli yazılı münasibətdə göstərilmişdir ki, araşdırmanın nəticəsi olaraq bildirirlər ki, vətəndaş İddiaçı barəsində MN MHHK-nın arxiv bazasında heç bir sənəd və məlumat yoxdur. Müdafiə nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 209-cu maddəsinin tələblərinə uyğun olaraq İddiaçı aldığı xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək üçün onun qeydiyyatda olduğu SHXÇDX-nın Bakı şəhər Nərimanov rayon idarəsindən göndəriş, onun yaralanmasını təsdiq edən tibbi sənədlər və hərbi xidmət keçməsinə dair arayış (arayışda nə vaxtdan nə vaxta kimi hansı hərbi hissələrdə hərbi xidmət və hərbi toplanış keçdiyi, nə vaxt kimin əmri ilə Silahlı Qüvvələrdə ehtiyata buraxıldığı; əgər vətəndaş ehtiyata buraxılmayıbsa onun hərbi xidmət yeri üzrə hərbi prokurorluğun cinayət işinə xitam verilməsi və ya barəsində cinayət işi olmamasına dair məktubuna və ya amnistiya aktına əsasən qeydiyyata götürüldüyü qeyd olunmalıdır) MHHK-na göndərilməlidir. Yalnız bundan sonra onun yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi məsələsinə baxılacaqdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs qismində göstərilmiş MHHK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs qismində göstərilmiş MHHK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddiaçının xidmət illəri ilə bağlı təmsil etdiyi İdarədə məlumatın olmadığını, arxivdən verilmiş cavab məktubunda da məlumatın olmadığının bildirildiyini göstərərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Kəlbəcər rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1989-cu ildə Kirov rayon Hərbi Komissarlığı tərəfindən uçota alınmış, xx.xx.2005-ci ildə uçotdan çıxarılmış, xx.xx.2005-ci il tarixdə Yasamal rayon Hərbi Komissarlığında uçota alınmışdır (Hərbi biletin 26-cı səhifəsi). 08 oktyabr 1984-cü ildən 06 mart 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Kirov (hazrkı Binəqədi) rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 77 №-li, xx.xx.1993-cü il tarixli ararışda (surəti) qeyd olunmuşdur ki, 1966-cı ildə Bakı şəhərində doğulmuş X1 rayonu ərazisində ermənilərə qarşı döyüşlərdə ağır yaralanmışdır. Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N №-li, xx.xx.1992-ci il tarixli arayışda qeyd olunmuşdur ki, noyabr 1991-ci ildən N №li hərbi hissənin sıravi əsgəri olan İddiaçı hərbi xidmət keçmə zamanı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi əməliyyatlar nəticəsində yaralandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup (müddətsiz ) əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 4/2-8077 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-dekabr 1992-ci il, yanvardekabr 1993-cü il və yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətləri barədə və yaralanmaqları barədə məlumat aşkar olunmamışdır. 18211 №-li, N №-li, N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən barələrində xx.xx.2018-ci il tarixli 9/2-19198 №-li məktubla ünvanlarına cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 2970 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə adına tərtib olunmuş arayış ünvanınına göndərilir. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin xəstəxanasının tibbi sənədləri Müdafiə Nazirliyinin Baş X3 Tibbi Arxivinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı stasionar müayinə və müalicədə olması barədə məlumat verə bilmirlər. Məktuba əlavə olunmuş 2970 №-li, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sağ dirsək sümüyünün odlu silah sınığı. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1992-ci ilə məxsus 1 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 74-cü səhifəsində olan 723-cü sayındakı qeyd. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan SHXÇÜDX Bakı şəhəri Yasamal Rayon İdarəsinin M/2184 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmudur ki, vətəndaşın xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi üçün MHHK-ya onun döyüş əməliyyatları zamanı yaralanması barədə sənədlər və xidmət illərini təsdiq edən arayış təqdim olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində onun xidməti barədə məlumat aşkar olunmadığına görə tərəflərindən sənədlərin müvafiq qaydada komissiyaya təqdim olunması mümkün deyil. Tətbiq edilən hüquq. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar. 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə. 3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, hazırki işdə iddiaçının hüquqi marağı hərbi xidmət keçməsinə dair müvafiq arayışın əldə edilməsinə yönəlmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, vətəndaşların hərbi xidmət dövrü deyilərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları günədək olan dövr nəzərdə tutulur. Cavabdehin imtinasından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində iddiaçının xidməti barədə məlumat aşkar olunmadığına görə sonuncunun tələbinin təmin olunması mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3120/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3120/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver